Məhkəmə qərarları › İş №2-1(105)-14/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-14/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-14/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs X19 iştirakı ilə, İddiaçı X10 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə dair texniki pasportun və torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi tələbinə dair inzibati mübahisə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2- 1(085)-57/2019 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X20 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şamaxı şəhəri, Qədirli küçəsi-69 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülkiyyətində olan Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun və həmin evə aid torpaq sahəsinin plan və ölçü sənədinin Şamaxı rayon X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82.03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən 0,316 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin ünvanda yerləşən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən 16.02.2017-ci il tarixdə Seriya RX, ******* nömrəli,********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsinə plan və ölçü almaq üçün dəfələrlə reyestr xidmətinə müraciət edərək bütün sənədləri təqdim etməsinə baxmayaraq cavabdeh inzibati orqan iddiaçının mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünü verməkdən imtina etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2-1(085)- 57/2019 saylı qərarı ilə iddianın təmin edilməsi, iddiaçı X10 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinin plan və ölçüsünün və fərdi yaşayış evinin texniki pasportun Şamaxı rayon X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim V.Əzizova) Həmin qərardan narazı qalan cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti verərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2-1(085)-57/2019 saylı qərarının ləğv edilməsi və iş üzrə iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ella Nuriyeva və Rövşən Qasımov tərəfindən mübahisələndirilən torpaq sahəsi ünvan 3 ünvanda yerləşir. X20 03 avqust 1996-cı ildə Qobustan rayon DNK-da təsdiq olunmuş 4-e-23 nömrəli alqısatqı müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən iki mənzilli bir mərtəbəli kommunal evdə yerləşən X22 məxsus olan bir otaqlı mənzili almışdır. Həmin mənzilin üzərində Nuriyeva (Mayılova) Ella Maşalla qızının mülkiyyət hüququ keçmiş Şamaxı Rayonlararası Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 23.12.1997ci il tarixdə qeydiyyata alınmış və 03/783 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X28 iştirakçısı olduğu üçün Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 11 noyabr 1990-cı il tarixli 22 nömrəli iclas protokoluna əsasən həmin kommunal mənzilin yerləşdiyi evin həyətyanı sahəsindən 0.0316 ha torpaq sahəsi X22 təhkim edilmişdir. Torpaq sahəsi X6i istifadəsində olduğu üçün və əmlak notarial qaydada satıldığına görə, həmin 0.0316 ha torpaq sahəsi 16 fevral 2017-ci il tarixdə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona yalnız RX seriyalı 10227396 nömrəli reyestrdən çıxarış verilmişdir. Torpaq sahəsi mübahisəli olduğu üçün Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilməmişdir. Bu səbəbdən E.Nuriyeva hazırkı iddianı qaldırmışdır. Üçüncü şəxs R.X2 adına verilmiş “reyestrdən çıxarışın ləğv edilməsi” tələbi ilə Şamaxı rayon Məhkəməsində iddia qaldırdığına görə, Ərazi İdarəsinin vəsatətinə əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan məhkəmə prosesi dayandırılmışdır. Şamaxı rayon məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(074)- 1423/2018 nömrəli qətnaməsi ilə Rövşən Qasımovun iddia tələbi təmin edilməmişdir. Bundan narazı qalan R.Qasımov apellyasiya şikayəti vermişdir. Qeyd olunan iş üzrə R.Qasımov tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin olunmamışdır. Məhkəmə prosesləri başa çatdığına görə X10 iddiası ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan məhkəmə prosesi davam etdirilmiş və onun iddiası təmin edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-57/2019 saylı qərarı ilə Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmasına baxmayaraq, ünvan 5 ünvanda yerləşən 0.0316 torpaq sahəsinə Ella Nuriyevanın adına torpaq sahəsinin planı və ölçüsü sənədinin işlənməsi mümkün deyil. Ella Nuriyevanın istifadəsində olan torpaq sahəsi 203 m2 təşkil edir, yerdə qalan hissə R.Qasımov tərəfindən şiferlə hasarlanmışdır. Həmin ərazidə dəfələrlə İcra tədbirlərinin keçirilməsinə baxmayaraq, torpaq sahəsinin boşaldılması mümkün olmamışdır. Torpaq sahəsi 316 m2 ölçüdə Ella Nuriyevanın adına işlənəcəyi təqdirdə, R.Qasımova məxsus mənzilin giriş qapısı və pəncərələrin biri Ella Nuriyevaya məxsus hissədə qalır. Belə olan halda Rövşən Qasımovun evinə giriş-çıxış mümkünsüz olur. X20 fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X12 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsini də iddia etmişdir. Nəzərə almaq lazımdır ki, X20 03 avqust 1996-cı ildə Qobustan rayon DNK-da təsdiq olunmuş 4-e-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən iki mənzilli bir mərtəbəli kommunal evində yerləşən X22 məxsus olan bir otaqlı mənzili almışdır. Həmin əmlak fərdi yaşayış evi deyil. Ərazi İdarəsinin arxivində saxlanılan mənzilin texniki pasportunda torpaq sahəsi qeyd olunmur. “Daşınmaz Əmlakın dövlət reyestrinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası qanununda fərdi yaşayış evləri və mənzillər daşınmaz əmlak olaraq ayrı-ayrı bölmələr kimi fərdiləşdirilmişdir. Fərdi yaşayış evləri həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi qeydiyyata alınır, mənzillərin yerləşdiyi yaşayış binalar ümumi istifadədə olan torpaq sahələrində yerləşir. Bu səbəbdən torpaq sahələrini mənzillə birlikdə mülkiyyətçilərin adlarına qeydiyyata alınması mümkün deyil. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında uzun müddətdir ki, çoxsaylı məhkəmə mübahisələri mövcuddur. Belə ki, iddiaçı X20 ona qarşı “Şamaxı rayon XDS İK-nin 18 sentyabr 1990-cı il tarixli, 243 saylı qərarının ona 0.03 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair hissəsinin həmin qərar əsasında adına DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 0.031 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən JN-012 A kod 41001004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və digər hər hansı hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə, “Şamaxı rayon XDS İK-nin 11 noyabr 1990-cı il tarixli 22 saylı iclas protokolunun qərarı ilə X17 təhkim edilmiş 0,0316 ha torpaq sahəsinə iddiaçı X10 mülkiyyət hüququnun tanınmasına, cavabdeh R.Ə.Qasımovanın həmin torpaq sahəsindən çıxarılmasına dair” iddiası Şamaxı rayon Məhkəməsinin 13 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədən iddiaçı X20 tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qətnaməsi ilə Şamaxı rayon Məhkəməsinin 13 sentyabr 2011-ci il tarixli qətnaməsi Şamaxı rayon XDC İK-nin 18 sentyabr 1990-cı il tarixli, 243 saylı qərarının torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər hüquqmüəyyənedici sənədlərin ləğv olunması tələbi, habelə R.Qasımovun torpaq sahəsindən çıxarılması tələbi hissəsində ləğv olunmuş, bu hissədə iddia təmin edilmiş, “Şamaxı rayon XDS İK-nin 18 sentyabr 1990-cı il tarixli, 243 saylı qərarı R.Qasımova torpaq sahəsinin ayrılmasına dair hissədə, JN-012A kod 41001004 saylı R.Qasımovun adına verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamə, habelə cavabdehlə Şamaxı şəhər mənzil təsərrüfatı təmir-istismar müəssisəsi arasında bağlanmış 19.10.1990-cı il tarixli müqavilənin ləğv olunması, R.Qasımovun mübahisə predmeti olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamədən tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 mart 2015-ci il tarixli, 2(105)-66/2012 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qətnaməsinə izah verilməsi barədə Şamaxı rayon İcra Qrupunun icra məmuru Hafiz Ədilovun ərizəsi qismən təmin olunaraq, qətnamə iddiaçının mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində onun iddiaçının evinə bitişik olan iddiaçının istifadə hüququna malik olduğu torpaq sahəsindən çıxarılması kimi izah olunmuşdur. Lakin Azərbaycan Respublikası ƏMDK-nin sədr müavini Rafiq Cəlilov 19 yanvar 2017-ci ildə məktubla Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, X19 hansı torpaq sahəsindən çıxarılması, X10 isə hansı torpaq sahəsi (təsdiq olunmuş cizgi ilə birlikdə) üzərində hüquqlarının qeydiyyata alınmasının mümkünlüyünə münasibət bildirilməsi xahiş edilmişdir. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(105)- 66/2012 saylı Qərardadı ilə ərizəni təmin etməmişdir. Göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsinə dair onun qeyd olunan istifadə hüququna malik olduğu torpaq sahəsinin faktiki mövcudluğu, koordinatları, yerləşmə nöqtələri və ərazisinin torpaq ayırma sənədinin hər hansı hüquqmüəyyənedici sənəd olmadığından bu günədək icrası mümkün olmamışdır. İddiaçı X10 adına 16.02.2017-ci il tarixdə reyestrdə qeydiyyatdan keçmiş ******* nömrəli çıxarışla ünvan 10-da yerləşən mənzili ilə yanaşı 0.0316 ha torpaq sahəsi də cavabdeh tərəfindən səhv olaraq ilkin torpaqayırma hüquqmüəyyənedici sənədi olmadan hüquqi qeydiyyatdan keçmişdir. Faktiki olaraq çıxarışla ünvan 10-da yerləşən mənzil ilə yanaşı 0.0316 ha torpaq sahəsinin mülkiyyətçisi kimi göstərilən torpaq sahəsinin faktiki mövcudluğu, koordinatları, yerləşmə nöqtələri və ərazisi müəyyən deyil və ümumiyyətlə 0.0316 ha torpaq sahəsinin X13 ayrılması və onun faktiki sahibliyində və istifadəsində olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. Yuxarıda göstərilən hallar mövcud olmadığı halda Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2-1(085)-57/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. İnzibati mübahisə məhkəmədə müzakirə olunarkən və araşdırılarkən iddiaçı tərəfindən ona məxsus torpaq sahəsinin yerləşmə yerini və nöqtələrini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməklə yanaşı, həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasını da təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə bir sübutu məhkəməyə təqdim edə bilmədiyi halda, məhkəmənin hansı əsasla iddianın təmin edilməli olmalı qənaətinə gəlməsi qərarda göstərilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, məhz iddiaçı tərəfindən ona məxsus torpaq sahəsinin yerləşmə yerini və nöqtələrini təsdiq edən sübutları təqdim edə bilməməsi, həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən sübutları təqdim edə bilməməsi səbəbindən Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qətnaməsinin icrası bu günədək mümkün olmamışdır. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə sübutlar saxtalaşdırılmış şəkildə təqdim edilmişdir ki, məhz məhkəmə bu hallara münasibət bildirməmiş, əksinə iddiaçı həmin saxtalaşdırılmış texniki pasportunu qəbul edərək iş materiallarına əlavə etmişdir. Hansı ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən həmin idarədə saxlanılan və məhkəməyə təqdim olunmuş iddiaçıya məxsus mənzilin texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş və üzərində sonradan əlyazma ilə əlavələr edilmiş texniki pasportda bir-birini inkar edən ziddiyyətlər mövcuddur. Hansı ki, bu ziddiyyətli hallarla iddiaçı məhkəməyə guya torpaq sahəsinin də texniki pasportda öz əksini tapdığını məhkəməyə inandırmağa çalışmışdır. İddiaçının məqsədi onun mənzilinə giriş hissədə yerləşən və ümumi binaya giriş hissəni öz mülkiyyəti kimi qəbul etməklə onun mülkiyyətində olan mənzilinə giriş çıxışını məhdudlaşdırmaqdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək izahatında bildirdi ki, Şamaxı rayonunun dövlət qurumları tərəfindən verilmiş rəsmi sənədlərdə ünvan 6 ünvanda yerləşən evlərin həyətyanı torpaq sahəsi ilə birlikdə (uzunluğu 30 metr, eni isə 16 metr olmaqla) ümumi sahəsi 480 kv.metr təşkil edir. Bu göstərici rəsmi orqanlar tərəfindən dəfələrlə aparılmış ölçü işləri nəticəsində, verilmiş rəsmi sənədlərdə öz əksini tapmışdır. Bu rəsmi sənədlərdən bir daha görünür ki, (uzunluğu 30 metr, eni 16 metr) ümumi sahəsi 480 kv.metr olan torpaq sahəsindən 40,5 kv.metr Qasımov Rövşənə, 356 kv.metr torpaq sahəsi isə iddiaçıya məxsusdur. Bunların hamısını müqayisə etdikdə Qafarov Elçin tərəfindən işlənmiş, iddiaçıya məxsus olan torpaq sahəsini koordinatları tamamilə Sumqayıt Apelyasiya Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixdə qanuni qüvvəyə minmiş qətnamə və 24 may 2013-cü il, 10 mart 2015-ci il tarixli qərardadlarına tamamilə uyğundur. Bu həyətyanı torpaq sahəsinin ölçüsünün dəyişməsi qeyri-mümkündür. Çünki 4 tərəf qonşu ilə əhatə olunmuşdur. Torpağın ümumi sahəsi bəllidir: 480 kv.m. Qasımov Rövşənə və Q.Smirnova 1990-cı ildə verilmiş texniki pasporta əsasən cavabdeh R.Qasımovun evinin faktiki sahəsi 56 kv.metr, Smirnovun isə evinin faktiki sahəsi 60 kv.metrdir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82.03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə iddia tələbi mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı X10 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinin plan və ölçüsünün Şamaxı rayon X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, bu hissədə iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. İş materiallarından görünür ki, Şamaxı rayon XDS İK-nin 11 noyabr 1990-cı il tarixli 22 saylı iclas protokolunun qərarı ilə X15 yaşadığı Qədirli küçəsindəki 69 saylı kommunal evin 1 nömrəli mənzili əvəzsiz olaraq ona verilmiş, eyni zamanda həmin qərarla kommunal mənzilin 0.0316 ha həyətyanı torpaq sahəsi G.Smirnova təhkim edilmişdir. 03 avqust 1996-cı ildə Qobustan rayon DNK-da təsdiq olunmuş 4-e-23 nömrəli alqısatqı müqaviləsinə əsasən X14 məxsus mənzili X1. Şamaxı rayonlararası X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 39.1 kv m yaşayış sahəsi 14.5 kv m ibarət olan 69 saylı yaşayış evi alqı-satqı müqaviləsinə əsasən, 23.02.1997-ci il tarixdə X9 adına qeydə alınmışdır. İşdən həmçinin görünür ki, Şamaxı rayon XDS İK-nin 18.09.1990-cı il tarixli 19 saylı qərarı ilə ünvan 10 ünvanda yerləşən (iddiaçının qonşuluğunda) kommunal ev X19 mülkiyyətinə, həmin evin 0.031 ha həyətyanı sahəsi isə istifadəsinə verilməsi qeyd edilmişdir. Həmin qərar əsasında üçüncü şəxsin adına DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, X3 Rövşən Əli oğluna qarşı Şamaxı rayon məhkəməsində iddia qaldıraraq, Şamaxı rayon XDS İK-nin 18.09.1990-cı il tarixli qərarının, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər hüquqmüəyyənedici sənədlərin ləğv olunması, Şamaxı rayon XDS İK-nin 11 noyabr 1990-cı il tarixli 22 saylı protokol qərarı ilə X18 təhkim edilmiş 0.0316 ha həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 13.09.2011-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilsə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-66/2012 saylı, 10 aprel 2012-ci il tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin 13.09.2011-ci il tarixli qətnaməsi “Şamaxı rayon XDS İK-nin 18.09.1990-cı il tarixli qərarının, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər hüquqmüəyyənedici sənədlərin ləğv olunması, habelə R.Qasımovun torpaq sahəsindən çıxarılması” hissəsində ləğv olunmuş, bu hissədə iddia təmin edilmiş, 1)Şamaxı rayon XDS İK-nin 18.09.1990-cı il tarixli qərarı R.Qasımova torpaq sahəsi ayrılmasına dair hissədə, 2)JN-012A kodlu, 41001004 saylı R.Qasımovun adına verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamə, 3)habelə cavabdehlə Şamaxı şəhər mənzil təsərrüfatı təmir istismar müəssisəsi arasında bağlanmış 19.10.1990-cı il tarixli müqavilə ləğv olunmuş, 4)R.Qasımovun mübahisə predmeti olan torpaq sahəsindən çıxarılması qət edilmiş, apelyasiya şikayəti qismən təmin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyasının 16.10.2012-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-66/2012 saylı, 10 aprel 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 07 noyabr 2012-ci il tarixdə icra sənədi yazılaraq icraya yönəldilsə də, hazırkı vaxtadək R.Qasımovun mübahisə predmeti olan torpaq sahəsindən çıxarılması hissəsində məhkəmə qərarı icra edilməmişdir. Bununla bağlı icra məmuru iki dəfə qətnaməyə izah istəmişdir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 24 may 2013-cü il tarixli qərardadına əsasən Şamaxı rayon İcra Qrupunun icra məmuru Mehman Beybutov və iş üzrə cavabdeh (borclu) R.Ə.Qasımov tərəfindən qətnaməyə izahla bağlı verilmiş ərizələr təmin olunmamışdır. 2015-ci ildə təkrarən icra məmuru izahla bağlı məhkəmə müraciət etmiş, bu dəfə Sumqayıt Apelyasiya Məhkəməsinin 10 mart 2015-ci il tarixli 2(105)-66/2012 saylı qərardadına əsasən, Şamaxı rayon İcra Qrupunun icra məmuru Hafiz Ədilovun ərizəsi qismən təmin olunaraq, qətnamə cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində iddiaçının evinə bitişik olan, iddiaçının istifadə hüqüquna malik olduğu torpaq sahəsindən çıxarılması kimi izah olunmuşdur. İcra sənədinə izah verilsə də, hazırkı günə kimi icra sənədi üçüncü şəxsin torpaq sahəsindən çıxarılması hissəsində icra edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Şamaxı rayon İcra Şöbəsinin məktubuna əsasən, 14 saylı Şamaxı Layihə Tədqiqat Mərkəzi tərəfindən 17.10.2016-cı il tarixdə mütəxəssis rəyi verilmişdir. Rəydən görünür ki, ünvan 11 ünvanında mübahisəli torpaq sahəsində aparılmış ölçü nəticəsində iddiaçıya məxsus 353.56 m2 torpaq sahəsindən istifadəsində 250 kv m(tikinti altı sahə daxil olmaqla) torpaq sahəsi vardır, 103.56 kv m torpaq sahəsi zəbt edilərək cavabdeh tərəfindən istifadə edilir. Mütəxəssis rəyinə zəbt edilmiş torpaq sahəsinin koordinatları da əlavə edilmişdir. Həmin idarənin 25.10.2016-cı il tarixli arayışında isə qeyd edilir ki, 103.56 kv m boşaldılacaq torpaq sahəsinin koordinatları və sxemi təqdim edilmədiyindən mübahisəli torpaq sahəsi naturada müəyyən edilməmişdir. Beləliklə, icra zamanı iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin (103.56 kv m) cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilsə də, boşaldılacaq torpaq sahəsinin koordinatlarının müəyyən edilmədiyi əsas götürülərək torpaq sahəsindən çıxarılma hissəsində icra sənədi hazırkı vaxtadək icra edilməmişdir. İşdən həmçinin görünür ki, X4 Ella Maşalla qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda istifadəsində olan torpaq sahəsindən uzun illər və hazırda istifadə etdiyi yolun evinə piyada və avtomobil keçidi yolu təyin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 10 sentyabr 2014-cü il tarixli, 2(074)-615/2014 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-405/2015 saylı 08 may 2015-ci il tarixli qətnaməsi ilə Şamaxı rayon Məhkəməsinin 10 sentyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia təmin edilməmişdir. Daha sonra X27 cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə və X13 qarşı iddia qaldıraraq, X13 Şamaxı şəhəri, Qədirli küçəsi, 69 ünvanında yerləşən 0,0316 ha torpaq sahəsinə dair 16 fevral 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(074)-1423/2018 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1137/2019 saylı 06 mart 2019-cu il tarixli qətnaməsinə əsasən, apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(074)-1423/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.08.2019-cu il tarixli qərarına əsasən, Sumqayıt Apelyasiya Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanlmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2015-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir: “Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Hazırkı halda yuxarıda sadalanan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə E.Nuriyevanın mübahisəli torpaq sahəsində yerləşən evi Genadiy Smirnovdan satın almaqla həmin torpaqdan qanuni əsaslarla istifadə hüququ əldə etməsi, R.Qasımovun mübahisə predmeti olan torpaq sahəsinə hüququnun olmaması, həmçinin 316 kv m torpaq sahəsinə dair iddiaçıya qanuni əsaslarla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi müəyyən edilmişdir. Odur ki, qeyd edilən halların hazırkı prosesdə mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. Hazırda iddiaçı qanuni əsaslarla mülkiyyətində olan 316 kv m torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsini tələb edir. Cavabdeh ilkin olaraq verilən cavablarda çıxarışın ləğvinə dair məhkəmə mübahisəsinin olduğuna istinad edərək imtina cavabı versə də, məhkəmə mübahisəsi bitdikdən sonra da birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verməklə plan-ölçünün tərtib edilməsinin mümkün olmadığını bildirmişdir. Belə ki, cavabdeh apelyasiya şikayətində iki əsasa istinad etmişdir: 1) İddiaçının istifadəsində olan torpaq sahəsi 203 m2 təşkil edir, yerdə qalan hissə R.Qasımov tərəfindən şiferlə hasarlanmışdır. Həmin ərazidə dəfələrlə İcra tədbirlərinin keçirilməsinə baxmayaraq, torpaq sahəsinin boşaldılması mümkün olmamışdır. Torpaq sahəsi 316 m2 ölçüdə iddiaçının adına işlənəcəyi təqdirdə, R.Qasımova məxsus mənzilin giriş qapısı və pəncərələrin biri Ella Nuriyevaya məxsus hissədə qalır. Belə olan halda Rövşən Qasımovun evinə giriş-çıxış mümkünsüz olur. 2) İddia tələbində plan-ölçü sənədinin Şamaxı rayon X12 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi tələb edilmişdir. Halbuki, həmin əmlak fərdi yaşayış evi deyil. Ərazi İdarəsinin arxivində saxlanılan mənzilin texniki pasportunda torpaq sahəsi qeyd olunmamışdır. Eyni zamanda üçüncü şəxs də apelyasiya şikayətində iki hala istinadən qərarı mübahisələndirmişdir: 1) Mübahisəsi gedən torpaq sahəsinin faktiki mövcudluğu, koordinatları, yerləşmə nöqtələri və ərazisi müəyyən deyil, 0.0316 ha torpaq sahəsinin X13 ayrılması və onun faktiki sahibliyində və istifadəsində olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. 2) İddiaçının məhkəməyə təqdim etdiyi texniki pasportun göstəriciləri ilə cavabdehdə saxlanılan və məhkəməyə təqdim olunmuş texniki pasportun göstəricilərində torpaq sahəsi ilə bağlı bir-birini inkar edən ziddiyyətlər mövcuddur. Cavabdehin apelyasiya şikayətinin birinci dəlilini əsassız hesab edərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 4-cü maddəsinə əsasən, torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. - 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 04.08.1999-cu il tarixli 176 saylı Fərmanın 2.2-ci bəndinə əsasən, ........ həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir; Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.11, 3.0.23, 3.0.24, 3.0.29 və 3.0.31-ci bəndlərinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən, Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanında yerləşən 0.0316 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən, aparılmış qeydiyyatın qanuniliyi müəyyən edildiyindən, həmin torpaq sahəsinə dair çıxarışda qeyd edilmiş ölçü (316 kv m) nəzərə alınmaqla torpaq sahəsinin planının və ölçüsünün tərtib edilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir. Şikayətdə qeyd edilən hallar (iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 203 m2 təşkil etməsi, yerdə qalan hissə R.Qasımov tərəfindən şiferlə hasarlanması, icra tədbirlərinin keçirilməsinə baxmayaraq, torpaq sahəsinin boşaldılmasının mümkün olmaması, 316 m2 ölçüdə torpaq sahəsi iddiaçının adına işlənəcəyi təqdirdə, R.Qasımova məxsus mənzilin giriş qapısı və pəncərələrin biri Ella Nuriyevaya məxsus hissədə qalması, üçüncü şəxsin evinə giriş-çıxışın mümkünsüz olmaması) ilə bağlı isə kollegiya qeyd edir ki, əvvəla yuxarıda sadalanan hallar iddiaçı ilə üçüncü şəxs arasında mülki mübahisədən irəli gələn hallardı, qeyd edilən hallara qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş, R.Qasımovun zəbt etdiyi iddiaçıya məxsus olan torpaq sahəsindən çıxarılması qət edilmiş, eyni zamanda iddiaçının adına verilmiş çıxarışın ləğvinə və mübahisəli torpaq sahəsindən piyada və avtomobil keçid yolunun təyin edilməsinə dair iddia tələbləri əsassız olduğundan rədd edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, qeyd edilən xüsusatlar, o cümlədən R.Qasımovun torpaq sahəsindən çıxarılması hissəsində məhkəmə qərarının icra edilməməsi inzibati orqana, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsindən imtina etməyə əsas ola bilməzdi. Kollegiya hesab edir ki, nə qədər ki, 316 kv m torpaq sahəsi iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, iddiaçının mülkiyyətində olan, eyni zamanda üçüncü şəxsin zəbt etdiyi torpaq sahəsi də daxil olmaqla 316 kv m torpaq sahəsinə dair iddiaçının adına plan-ölçü sənədinin verilməsi birbaşa cavabdeh inzibati orqanın vəzifəsidir. Cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətinin ikinci dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, iddiaçı ilkin tələbində mülkiyyətində olan torpaq sahəsinə dair planölçü sənədinin tərtib edilməsini tələb etsə də, sonradan iddia tələbinin həcmini artıraraq mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədinin Şamaxı rayon X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82.03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsini xahiş etmişdir. İddiaçı, tələbinin əsası olaraq məhkəmə təqdim etdiyi, 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli, səh 82.03/783 saylı qeydiyyat nömrəli “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun kserosurətindən görünür ki, torpaq sahəsinin şərhi qrafasında sənəd üzrə 316, faktiki 370.3, tikili altında 59.9 kv m torpaq sahəsinin olduğu qeyd edilmiş, həmçinin pasportda torpaq sahəsinin planı təsvir edilmişdir. İddiaçı həmz həmin plana əsasən, mülkiyyətində olan torpağa plan-ölçü sənədinin verilməsini tələb etmişdir. İlk növbədə kollegiya qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi məhkəməyə sözügedən texniki pasportun əslini və yaxud lazımi qaydada təsdiq edilmiş surətini deyil, sadə kserosurətini təqdim edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. (maddə 88, 89.1, 89.3, 89.4) Digər tərəfdən cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş həmin texniki pasportun arxivdə saxlanılan nüsxəsindən görünür ki, texniki pasportda yalnız tikilinin planı təsvir edilmiş, torpaq sahəsinin şərhi qrafasında heç nə yazılmamış, torpaq sahəsinin planı bölməsində heç bir qeydiyyat aparılmamışdır. Qeyd edilən ziddiyyətlərin mövcudluğu, həmçinin iddiaçının tələbində istinad etdiyi və məhkəməyə təqdim etdiyi texniki pasportun sadə kserosurət olduğu nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin plan və ölçü sənədinin Şamaxı rayon X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82.03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi hissəsində iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz. Bu hissədə həm cavabdeh, həm də üçüncü şəxsin apelyasiya şikayətinin dəlilləri ilə kollegiya razılaşır. Üçüncü şəxsin apelyasiya şikayətinin növbəti dəlili isə ondan ibarətdir ki, 0.0316 ha torpaq sahəsinin X13 ayrılması və onun faktiki sahibliyində və istifadəsində olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. Qeyd edilən dəlili əsassız sayaraq kollegiya qeyd edir ki, üçüncü şəxs göstərilən əsasla torpaq sahəsinə dair iddiaçıya verilmiş çıxarışı məhkəmə qaydasına mübahisələndirmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə onun tələbinin əsassız olduğu, 316 kv m torpaq sahəsinə verilmiş çıxarışın qanuni olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarı dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, işin sadalanan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82.03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2-1(085)- 57/2019 saylı qərarı qismən - Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Bu hissədə iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. X10 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. Torpaq sahəsinin planı və ölçüsü sənədinin Şamaxı rayon X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanması hissəsində iddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar