Məhkəmə qərarları › İş №2-1(105)-14/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-14/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-14/2022 18.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçıya 1996-2006-cı illər üçün hərbi geyim və əşya təminatı əvəzi olaraq ümumilikdə 4500 manat pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(118)-93/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı 1995-ci il tarixdən 2017- ci il tarixədək Dövlət Sərhəd Xidmətində zabit kimi xidmət etmiş, 2017-ci ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır.

2. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək 1996-2006-cı illər üçün paltar pulunun ona ödənilməsini xahiş etmiş, cavabdeh 29.12.2019-cu il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli 80 nömrəli qərarı ilə (1-6 nömrəli normalar üzrə) tənzimlənir, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydaları” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə 2005-ci ilin noyabr ayında razılaşdırılmış və həmin müddətdən sonra həyata keçirilməyə başlanmışdır və iddiaçıya 2006-cı ildən sonrakı dövrlərdə hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası ödənilmişdir. Həmçinin, iddiaçının xidmət etdiyi hərbi hissədə təminat sənədlərinin saxlama müddəti bitdiyi üçün müvafiq akt əsasında məhv edildiyini və hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının hesablanması və ödənilməsinin mümkün olmadığını bildirmişdir.

İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati iqtisadi məhkəməsinə müraciət edərək, iddiaçıya 1996- 2006-cı illər üçün hərbi geyim və əşya təminatı əvəzi olaraq ümumilik 4200 manat pul kompensasiyasının ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı sonradan ərizə ilə iddia tələbinə dəqiqləşmə verərək 1996-2006-cı illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraq ümumilikdə 4200 (dörd min iki yüz) manat pul kompensasiyasının ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X1 zabit kimi xidmət etmiş, 2017-ci ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. 1996-cı il tarixdən 2006-cı il tarixədək olan dövrdə dövlət hesabına əşya əmlakı əvəzi pul kompensasiyası ilə təmin edilməmişdir. Dövlət Sərhəd Xidmətində zabit kimi xidmət etdiyi dövrdə ayrı-ayrı vaxtlar istisna olmaqla, Silahlı Qüvvələrdən ehtiyata buraxılanadək xidmət müddətində 1996-cı il tarixdən 2006-cı il tarixədək olan dövrdə dövlət hesabına verilməli olan əşya əmlakı olan paltar və digər geyim əşyaları ilə təmin edilməmişdir. Xidmət dövründə Sərhəd Xidmətinin bir neçə hissələrinə göndərilmiş, lakin həmin illərdə ona heç bir paltar və əşya əmlakının əvəzi olan pul kompensasiyası ödənilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə 19.11.2019cu il tarixli ərizə təqdim etmişdir. Müraciətinə baxılmış, lakin inzibati orqanın qərarı ilə tələbinin icrasından imtina edilmişdir. İnzibati orqanın imtina qərarı və əsasları ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 1999-cu il tarixdən 2006-cı il tarixədək olan xidmət müddətində dövlət hesabına əşya əmlakı olan paltar əvəzi pul kompensasiyasının ödənilməsindən imtina edilməsinə dair K/1756/9/S-2591 nömrəli, 29.11.2019-cu il tarixli məktubunda iddiaçının ehtiyata buraxıldığı vaxt əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsi əsas götürülərək, həmin vaxt qüvvədə olan qanunun tələbinə müvafiq olaraq icra olunması göstərilmişdir. İnzibati orqan imtinasını Azərbaycan Respublikasın Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarım 1-6 normalarına əsaslandıraraq, Maliyyə Nazrliyi ilə razılaşdırmaqla həmin qərarın qəbul olunduğu vaxtdan sonraya şamil olunmasını qeyd etmişdir. Bu səbəbdən də 1999-2005-cı illər üçün hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi mümkün deyildir. Eyni zamanda Dövlət Sərhəd Xidməti qeyd edir ki, ehtiyata buraxılarkən son haqq-hesab olaraq hesablanmış və həmin məbləğ ödənilmişdir. İddiaçı hesab edir ki, İnzibati orqanın imtina barədə dəlilləri qanunsuz və əsassızdır. Maddi hüquq normalarının tətbiqi baxımından inzibati orqan hesab edir ki, iddiaçının 1999-cu il tarixdən 2006-cı il tarixədək olan xidmət müddətində dövlət hesabına əşya əmlakı olan hərbi pul kompensasiyasının verilməsi Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarına əsasən mümkün deyil, çünki həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hesablanmış və ödənilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan mövqe əsassızdır. Belə ki, iddiaçı qanuna əlavə və dəyişikliklər edilməsi həmin vaxtdan sonraya şamil edilməlidir. Bu səbəbdən də qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi iddiaçının hüquqlarını məhdudlaşdırmır. Belə ki, iddiaçı xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq, ona hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyası hesablanmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Çünki hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Bu səbəbdən də hesab edir ki, inzibati orqanın müraciətinə verdiyi imtinası əsassızdır. Qeyd edir ki, o, xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq, hərbi geyim və əşya əmlakı ilə ilə təmin olunmadığına görə pul əvəzi kompensasiya ödənilməli idi.

7. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, hərbi qulluqçulara hərbi geyim forması və əşya əmlakı əvəzi olaraq pul kompensasiyası hesablanaraq ödəniş edilən zamanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya ' əmlakı ilə təminat normaları” əsas götürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli, 80 nömrəli qərarının və Dövlət Sərhəd Xidməti rəisinin 04.11.2005-ci il tarixli 83 nömrəli əmri ilə təsdiq olunmuş və 3200 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmət keçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydası”nın icrası təmin edilmişdir. Qeyd olunan əmr ilə İddiaçı xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir. Yuxarıda qeyd olunan qərar qüvvəyə minənə qədər, Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqda Azərbayca Respublikası Nazirlər Kabinetinin 30 dekabr 1993-cü il tarixli 641 nömrəli qərarı ilə hərbi qulluqçuların təminat normaları forması və ödənişi qaydası tənzimlənmişdir. Qeyd olunan qərar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına şamil edilmədiyindən həmin normativ akta qeyd olunan normalar ilə DSX hərbi qulluqçularına hər hansı bir ödənişin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, sabiq hərbi qulluqçu İddiaçı Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada xidmət müddətində istifadə etmədiyi hərbi geyim forması və əşya əmlakının əvəzinə pul kompensasiyası hesablanaraq tam həcmdə ödənilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(118)-93/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov)

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1996-2006-cı illər üçün hərbi geyim və əşya təminatı ilə bağlı müvafiq sənədləri saxlanılmamışdır. Bu sənədlər mövcud olmuş olsa idi belə, iddiaçının cavabdeh təşkilatdan kompensasiya tələb etməsininin hüquqi əsası yoxdur. İddiaçı tələb edilən 4500 manat məbləğin yaranmasının əsasına aydınlıq gətirə bilməmiş və həmin məbləği özünün mülahizələri ilə qiymətləndirmişdir. Mübahisə predmeti olan hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi Dövlət Sərhəd Xidməti rəisinin“04" noyabr 2005-ci il tarixli 83 №li əmri ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq 2005-cı ilin noyabr ayından sonrakı dövrə verilməsi nəzərdə tutulub. Həmin Qaydalarda Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Dövlət Sərhəd Xidmətinin üzərinə tabeliyində olan zabit heyəti üçün nəzərdə tutulmuş və istifadə edilməyən hərbi geyim və əşya əmlakının əvəzinə pul kompensasiyasının verilməsi öhdəliyi qoyulub. Kompensasiyanın dəyəri isə həmin Qaydalara olan əlavələrdə öz əksini tapıb. Qeyd olunan Qaydalar təsdiq edilənədək Xidmətin tabeliyində olan hərbi qulluqçuların hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının verilməsi qaydası müəyyən edilməmişdir.

10. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2002-ci il tarixli 740 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradılmışdır. Yəni həmin Fərmana qədər Dövlət Sərhəd Xidməti müstəqil struktur kimi deyil Milli Təhlükəsizlik Nazirliyinin nəznində fəaliyyət göstərmişdir. Yeni yaradılmış Xidmətin Əsasnaməsi, əməkdaşlarının ştat cədvəli təsdiq edilmiş və Milli Təhlükəsizlik Nazirliyinin nəzdində olan Sərhəd Qoşunlarının bir çox əməkdaşları ilə əmək kontraktları bağlanmışdır. Nəzərə alınmalıdır ki, Dövlət Sərhəd Xidməti hər hansı müstəqil strukturun ləğv edilməsi nəticəsində deyil, başqa strukturdan ayrılmaqla yaradılmışdır. Ona görə də məhkəmə hesab edir ki, 31 iyul 2002-ci ildən əvvəlki müddətə təsadüf edilən dövrə görə Dövlət Sərhəd Xidmətinin maddi məsuliyyəti yoxdur, cavabdeh inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia tələbi təmin edilməməlidir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, o, 1995-ci ildə N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə hərbi geyim və əşya əmlakı əvəzi pul kompensasiyası ilə təmin olunmuş, 1996-cı il tarixdən 2007-ci il tarixədək olan dövrdə dövlət hesabına hərbi geyim və əşya əmlakı əvəzi pul kompensasiyası ilə təmin edilməmişdir.

13. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin 5-ci bəndinə uyğun olaraq Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər.

14. Xidmət etdiyi dövrlərdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 641 nömrəli 30 dekabr 1993-cü il tarixli qərarına əsasən 1995-ci ildə ərzaq, hərbi geyim və əşya əmlakı əvəzi pul kompensasiyası alsa da, 1996-2006-cı illər üçün hərbi geyim və əşya əmlakı əvəzi pul kompensasiyası almamışdır. Ərzaq əvəzi pul kompensasiyası isə xidmət etdiyi dövrlərdə verilib və bu gün də verilməsi davam etdirilir.

15. Birinci instansiya məhkəməsi hesab edir ki, iddiaçının 1996-cı il tarixdən 2007-ci il tarixədək olan xidmət müddətində dövlət hesabına hərbi geyim və əşya əmlakı olan hərbi geyim əvəzi pul kompensasiyasının verilməsi Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarına əsasən deyil, həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hesablanmış və ödənilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan mövqe əsassızdır. Belə ki, qanuna əlavə və dəyişikliklər edilməsi həmin vaxtdan sonraya şamil edilməlidir. Bu səbəbdən də qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi iddiaçının hüquqlarını məhdudlaşdırmır. Qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq, ona hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyası hesablanmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Çünki hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan qanunvericiliyn tələbləri nəzərə alınmalıdır. Bu səbəbdən də hesab edir ki, məhkəmənin bu iş üzrə gəldiyi nəticə əsassızdır.

16. Qeyd olunanlar həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 641 nömrəli 30 dekabr 1993-cü il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqqında qərarı ilə təsdiq olunmuşdur. Cavabdehin istinad etdiyi DSX-nin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətindən asılı olaraq hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydaları özlərinin də qeyd etdiyi kimi sonrakı dövrlərə şamil olunur. Həmin qərar isə xərcliyin indeksi və əlavə ödənişlərlə bağlı olmuşdur. Yəni, həmin vaxtadək Hərbi qulluqçuların statusu haqqında Qanun və Nazirlər Kabinetinin qərarı və digər qərarlar qüvvədə olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

20. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi).

TƏTBİQ OLUNAN HÜQUQ:

21. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 298 (Qüvvədən düşmüş). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi (-). Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (-). Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 24.02.2021-ci il tarixli qərarla və qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 1996-cı ildən 2017-ci il tarixədək X1 xidmət etmişdir və hazırda o, 1996-2006-cı illər üzrə ona ödənilməyən əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsini tələb edir.

27. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Dövlət Sərhəd Xidmətinin 15 aprel 2020-ci il tarixli, 10/349 saylı məktubuna əsasən, İddiaçı oğluna ödənilməli olan 74,70 manat hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyası hərbi hissə tərəfindən təsdiq edilmiş paylama cədvəlinə əsasən 12 dekabr 2018-ci il tarixdə ******************** nömrəli Beynəlxalq Bank hesabına köçürülmüş və iddiaçı 01.01.2006-cı il tarixədək hərbi geyim və əşya əmlakları ilə normaya uyğun tam təmin olunmuşdur.

28. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Dövlət Sərhəd Xidməti 28 dekabr 2020-ci il tarixli, 10/1197 saylı məktubu ilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli 80 nömrəli qərarına (“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı ilə təminat normaları”) əsasən həyata keçirildiyini bildirmişdir. Cavabdeh orqan bu qaydanın 6-cı bəndinə istinad edərək qeyd etmişdir ki, iddiaçı həqiqi hərbi xidmətdə olduğu dövrdə hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyası ilə tam təmin olunmuşdur.

29. Bundan başqa birinci instansiya məhkəməsinin cavabdeh orqana iddiaçıya hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası barədə məlumatı məhkəməyə təqdim etmək barədə sorğusuna Dövlət Sərhəd Xidməti 23 fevral 2021-ci il tarixli 10/154 nömrəli məktubu ilə cavab olaraq bildirmişdir ki, iddiaçının qeyd etdiyi dövrlər üzrə hərbi hissənin maliyyə təsərrüfat fəaliyyəti təftiş olunduğu üçün və sənədlərin saxlanma müddətinin bitməsi ilə əlaqədar paylama cədvəlləri məhv olunmuşdur.

30. Birinci instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, mübahisə predmeti olan hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi Dövlət Sərhəd Xidməti rəisinin 04 noyabr 2005-ci il tarixli 83 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq 2005-cı ilin noyabr ayından sonrakı dövrə verilməsi nəzərdə tutulub. Dövlət Sərhəd Xidməti hər hansı müstəqil strukturun ləğv edilməsi nəticəsində deyil, başqa strukturdan ayrılmaqla yaradılmışdır. Ona görədə birinci instansiya məhkəməsi hesab edir ki, 31 iyul 2002-ci ildən (Dövlət Sərhəd Xidməti yaradılmışdır) əvvəlki müddətə təsadüf edilən dövrə görə Dövlət Sərhəd Xidmətinin maddi məsuliyyəti yoxdur, cavabdeh inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia tələbi təmin edilməməlidir.

31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə maddi hüquq normaları düzgün tətbiq etsə də gəldiyi nəticə yanlış olmuşdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiası mümkün sayılmamalıdır.

33. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

34. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

35. Ali Məhkəmənin Plenumunun qərarının 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

36. Həmin qərarın 9-cu bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddiası məcburetmə haqqında iddiadır. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, məcburetmə haqqında iddialarda iddianın verilməsi müddətinə əməl olunması iddianın xüsusi mümkünlük şərti kimi qəbul edilmişdir.

38. Birinci instansiya məhkəməsi özü müəyyən etmişdir ki, iddiaçıya 12 dekabr 2018-ci il tarixdə hərbi geyim və əşya əmlakı əvəzinə 74,70 manat məbləğində pul vəsaiti ödənilmişdir.

39. Beləliklə, iddiaçının iddia predmeti təşkil edən tələb üzrə iddiaçıya 74,70 manat məbləğində son ödəniş 12.12.2018-ci il tarixində olmuş, iddiaçı isə hazırkı iddia tələbi ilə ilk dəfə məhkəməyə 11.09.2019-cu il tarixdə müraciət etmişdir.

40. Həmçinin məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, 1996-2006-cı illər üçün hərbi geyim və əşya əmlak əvəzi olaraq pul kompensasiyasının alınması hüququ iddiaçıda 2011-ci ilə qədər, yəni İnzibati prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən məsələlərin həlli Mülki Prosessual Məcəllənin 27 fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1(bir) ay müəyyən edilmişdir.

41. Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 24.02.2021-ci il tarixli, 2-1(118)-93/2021 nömrəli qərarı ləğv edilməli, iddiaçının hazırkı iddiası mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir (İPM-nin 35.1-ci maddəsi).

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(118)-93/2021 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar