Məhkəmə qərarları › İş №2-1(105)-14/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-14/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-14/2023 26.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X16 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarına əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2- 1(118)-304/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X16 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokolu ilə Abşeron rayonu, Mehdiabad kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi X4 ayrılmışdır.

2. X6 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onun oğlu, hazırkı iş üzrə İddiaçı müraciəti əsasında Abşeron rayon 2 saylı notariat ofisində vərəsəlik işi açılmışdır.

3. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin sədri və Abşeron rayon icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarışda ayrılmış 0.08 ha torpaq sahəsinin yerləşmə yeri və koordinatları göstərilmişdir.

4. İddiaçı müvafiq torpaq sahəsi üzərində atasının hüquqlarını rəsmiləşdirmək üçün cavabdeh 4 saylı Ərazi İdarəsinə müraciətlər etmişdir.

5. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina bildirişində göstərilmişdir ki, sözügedən əmlak payları və onların yerləşdiyi bələdiyyə mülkiyyətinə aid olunan 0,08 ha torpaq sahəsi üzərində müvafiq bələdiyyədən mülkiyyət hüququ rəsmiləşdirilmədən əldə edilməsi aşkar edilmişdir. X9 Komissiyasının qərarı ilə ona artıq bir dəfə ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, 4 saylı Abşeron Ərazi idarəsinin imtina bildirişinin qanunsuz və əsasız sayılması, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası uzun müddət Abşeron rayon üzüm istehsalı və emalı müəssisəsində işləmişdir. Ona görə də X1na Abşeron rayon X13 komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-l nömrəli protokolu ilə təsdiq olunaraq 386 saylı aktla əmlakdan pay ayrılmışdır. Sonra həmin akta və Abşeron rayon üzüm istehsalı və emalı müəssisəsi X16 komissiyasının 11 iyun 1999-cu il tarixli 19 N-li protokola əsasən Abşeron rayon Mehdiabad qəsəsəbəsində 0.08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışı Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri və Abşeron rayon Mehdiabad Bələdiyyəsinin sədri tərəfindən imzalanaraq möhürlə təsdiqlənərək atasına təqdim olunmuşdur. X1 vəfat etdikdən sonra iddiaçı qanuna müvafiq olaraq vərəsəlik işi açdırmış və atasının əmlaki ,o cümlədən yuxarda qeyd olunan torpaq sahəsi vərəsəlik üzrə ona keçmişdir. Həmin torpaq sahəsini adına dövlət qeydiyyatında rəsmiləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin müraciəti müsbət həll olunmamışdır. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşdirmə verərək, Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X16 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarına əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Cavabdehin etirazının dəlilləri

9. Cavabdeh etirazında imtina bildirişinin məzmununa istinad etmiş, əlavə olaraq göstərmişdir ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı ilə X6 və digərlərinə 0,95 ha torpaq sahəsi ayrılmış və sözügedən qərar əsasında Torpaqa Mülkiyyət Hüququna dair JN-1436, KOD 30800027 saylı Dövlət Aktı tərtib edilmişdir. Həmçinin, “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə uyğun olaraq hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

10. Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(118)-304/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X16 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarına əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi Cavabdehnə həvalə olunmuşdur.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə göstərilir ki, sözügedən əmlak payları və onların yerləşdiyi bələdiyyə mülkiyyətinə aid olunan 0,08 ha torpaq sahəsi üzərində iddiaçı tərəfindən müvafiq bələdiyyədən mülkiyyət hüququ rəsmiləşdirilmədən əldə etdiyi aşkar edilmişdir. X9 Komissiyasının qərarı ilə iddiaçıya artıq bir dəfə ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı ilə X6 və digərlərinə 0,95 ha torpaq sahəsi ayrılmış və sözügedən qərar əsasında Torpağa Mülkiyyət Hüququna dair JN-1436, KOD 30800027 saylı Dövlət Aktı tərtib edilmişdir. Həmin dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinin paylı mülkiyyət hüququ **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Aparılan araşdırma zamanı Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 saylı qərarı əsasında X4, İddiaçı və digər 4 nəfər ailə üzvlərinə 0,11 ha torpaq sahəsi ayrılması barədə JN-646F, KOD30800027 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edildiyi aşkar olunmuşdur. Bundan sonra həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və evə dair qeydiyyat vəsiqəsi və texniki pasport (mart 1993-cü il tarixli) tərtib edilmişdir. Həmin şəhadətnamə və qeydiyyat vəsiqəsi əsasında X3 mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

17. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun sovxozların, kolxozların, təsərrüfatlararası və digər-kənd təsərrüfatı istehsalı müəssisələrinin (bundan sonra sovxoz və kolxozların) istifadəsindəki (balansındakı) torpaqdan və əmlakdan pay almaq hüququ olan şəxslər tərəfindən təsərrüfatın (müəssisənin) hər hansı təşkilati-hüquqi formasının könüllü seçilməsinə və yaradılmasına təminat verir. Maddə 3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan , Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Maddə 4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərbaycan Respublikası X13 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X16 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Maddə 8. X16 komissiyası X16 komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s.

18. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi” Qaydaları (Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə ləğv edilmişdir.) ...Bu qaydalar "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış, sovxoz və digər kənd təsərrüfatı müəssisələrində əmlakın qiymətləndirilməsi, əmlakdan pay almaq hüququ olan şəxslərin və əmlak payının həcminin müəyyənləşdirilməsi, əmlakın təsərrüfatın üzvləri arasında bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi məsələlərini tənzimləyir. ...14. Təsərrüfatın əmlakı onun işçiləri arasında bir qayda olaraq natura şəklində bölünür. Təsərrüfatın üzvlərinə əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri işçilərə pul ifadəsində ödənilir. ...17. Qanunvericiliyə uyğun olaraq əmlak fondundan pay alan şəxslər malik olduqları əmlakın tam sahibidirlər və mövcud qanunvericiliyə uyğun olaraq ondan istifadə istiqamətlərini sərbəst seçirlər. ...18. Əmlak bölüşdürülərkən obyektlə birlikdə onun altında olan torpaq sahəsi mövcud qanunvericiliyə uyğun olaraq yeni sahibkarlara verilir.

19. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə ləğv edilmişdir.) Bu Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə və digər qanunvericilik aktlarına uyğun olaraq aşağıdakıları müəyyən edir:

1. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı (1 nömrəli əlavə) verilir. 4 iyul 2001-ci il tarixli 527 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əsasnaməyə aşağıdakı məzmunda 14-cü bənd əlavə edilmişdir.

14. Torpağa mülkiyyət və istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir.

20. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı mərhum atasının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

26. Birinci instansiya məhkəməsi cavabdehin yuxarıda qeyd edilən imtinasının əsaslarını əsassız iddianı təmin etmiş və bunu düzgün olaraq belə əsaslandırmışdır ki, Qanunun tələbləri baxımından yalnız kolxoz və sovxozdarın torpaqlarının özəlləşdirilməsi zamanı vətəndaşlar tərəfindən torpaqların alınması üçün məhdudiyyət mövcuddur. Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə X4 və onun ailə üzvlərinə ayrılmış 0.11 ha torpaq sahəsi həyatyanı torpaq sahəsi kimi ayrılmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın gətirdiyi arqument əsassızdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 2-ci arqument ilə bağlı məhkəmə qeyd etmişdir ki, ayrılmış torpaq sahəsinin bələdiyyə torpaqlarına heç bir aidiyyatı yoxdur. Belə ki, iddiaçının sahibliyində olan hər iki torpaq sahəsi bələdiyyələr təsis olana qədər iddiaçının sahibliyinə verilmiş və həmin torpaq sahələrinin üzərində hansı əsasla bələdiyyənin mülkiyyətinin rəsmiləşdirilməli olması cavabdeh təşkilat tərəfindən əsaslandırılmamışdır. Bu isə inzibati orqan tərəfindən göstərilən sonuncu arqumentin onun mülahizələrinə əsaslanmasına dəlalət edir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Sovxoz və kolxozların islahatı haqqında” Qanunla islahatın aparılması üçün Azərbaycan Respublikası X13 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, habelə rayon və X16 komissiyalarının yaradılacağını və onların islahatların aparılması ilə əlaqədar yalnız səlahiyyətləri hüdudlarında cavabdehlik daşıdıqlarını müəyyənləşdirmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı ilə Azərbaycan Respublikası X13 Komissiyası haqqında Əsasnamə, öz növbəsində isə Azərbaycan Respublikası X13 Komissiyasının 25 mart 1995-ci il tarixli 10/AA-02 saylı qərarları ilə rayon və X16 komissiyaları haqqında Əsasnamələr təsdiq edilmişdir. Əsasnamələrdə komissiyaların əsas vəzifələrinin səlahiyyətləri dairəsində islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdən ibarət olduğu bir daha təsbit edilmişdir. Kollegiya qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuş digər iş üzrə Azərbaycan Respublikası X13ı Komissiyasının iclasının 1995-ci il 25 mart tarixli 10/AA-02 nömrəli qərarı ilə təsdiq edilmiş X16ı komissiyalarının əsasnaməsi sorğu əsasında əldə edilərək hazırkı iş materialarına da əlavə olunmuşdur.

28. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış müvafiq araşdırma və sorğuya verilmiş cavab əsasında müəyyən edilmişdir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə X4 və onun ailə üzvlərinə ayrılmış 0.11 ha torpaq sahəsi həyatyanı torpaq sahəsi kimi, yəni mülkiyyətində olan Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsi 14/2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qismində ayrılmışdır. Qeyd olunan səbəbdən kollegiya cavabdeh inzibati orqanın imtinsasının və apellyasiya şikayətinin “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə istinad edilməklə iddiaçıya (iddiaçının mərhum X1na və onun ailə üzvlərinə) artıq bir dəfə ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə dəlilini hazırda iddia olunan 0.08 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal kimi əsassız hesab edir.

29. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və kollegiya tərəfindən sorğu edilərək təsdiqlənmiş arxiv nüsxəsi iş materiallarına əlavə edilmiş Abşeron üzüm istehsalı və emalı müəssisəsinin əmlak payçıları və X16 Komissiyasının birgə iclasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokolundan görünür ki, həmin iclasın gündəliyinə müəssisənin əmlakının əmlak payçıları arasında bölüşdürülməsi və əmlak bölüşdürülərkən onun altında olan torpaq sahəsinin yeni sahibkarlara verilməsi barədə məsələlər daxil edilmiş və iclasın nəticəsi olaraq müəssisənin əmlakının payçılar arasında qrup şəklində bölüşdürülüb verilməsi (1); əmlak bölüşdürülərkən ona aid torpaq sahələrinin həmin əmlakı alan yeni sahibkara verilməsi (2) qərara alınmış, 410-cu sırada X3 əmlak payının dəyəri 4328 manat müəyyən edilmiş, X16 Komissiyasının sədri və B.Behbudov tərəfindən imzalanmış əmlakdan pay haqqının verilməsi barədə 386№-li akta əsasən dəyəri 690 manat olan “fermada hasar – transformatorun sağ hissəsi” və dəyəri 3638 manat olan “fermada tövlə” – cəmi dəyəri 4328 manat olan əmlak 4328 X4 verilmişdir. Bundan əlavə iddiaçının əslini təqdim etdiyi Abşeron üzüm istehsalı və emalı müəssisəsi X16 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokolundan çıxarışa əsasən yuxarıda qeyd olunan aktda göstərilən əmlak payı və əmlaka bitişik olan 0,08 ha sahə əmlak payçısı X4 verilmişdir.

30. Məhkəmə kollegiyasının iclasında şahid qismində verdikləri ifadələrində Abşeron üzüm istehsalı və emalı müəssisəsi X16 Komissiyasının üzvləri olmuş X5 və X7 (qeyd edilən şəxslərin adları və imzaları 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokolda mövcuddur) müəssisənin əmlakından payın hər bir işçiyə X16 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokolda göstərilmiş qaydada ayrıldığını, habelə iddiaçının mərhum X14a da hasar, tövlə və 0,08 ha torpaq sahəsi ayrıldığını bildirmişlər.

31. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin məhkəməyə ünvanladığı 04 noyabr 2022-ci il tarixli, 212 saylı məktubda Abşeron üzüm istehsalı və emalı müəssisəsinin X16 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19№li protokolunun çıxarışına əsasən əmlaka bitişik olan 0,08 ha sahə əmlak payçısı X3 mülkiyyətinə verildiyi göstərilmişdir.

32. Beləliklə işin yuxarıda qeyd olunmuş hallarına və bu qərarın 14-16-cı bəndlərində istinad edilən normativ hüquqi aktların tələblərinə əsasən kollegiya bu nəticəyə gəlir ki, X4 0.08 ha torpaq sahəsi həmin torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan qanunvericlik aktlarının tələblərinə uyğun şəkildə ayrıldığından cavabdehin imtinasının, eyni zamanda apellyasiya şikayətinin müvafiq dəlilləri əsassız hesab olunmalıdır.

33. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin qeyd edilən torpaq sahəsi üzərində iddiaçının mərhum X1nun məhz mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı əsaslandırılmasını düzgün hesab edərək həmin əsaslandırma ilə razılaşır. Belə ki, cavabdeh inzibati orqanın praktikasına əsasən də məhkəmə qərarı əsasında ilk növbədə ölmüş şəxsin adına daşınmaz əmlakın dövlət reyesterində müvafiq qeydiyyat aparılaraq çıxarış hazırlanır, daha sonra isə notariat orqanlarına təqdim edilməsi üçün müvafiq hüququn ölmüş şəxsə məxsus olması barədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində göstərilmiş arayış verilir. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh inzibati orqan da apellyasiya şikayətində qeyd edilən xüsusatı mübahisələndirməmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna görə də cavabdehin şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(118)-304/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar