Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-14/2025 24.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Hacıyev Vahid Məcid oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə mülkiyyət sənədlərinin hazırlanıb verilməsindən imtinasını əsassız hesab etməklə cavabdehin üzərinə ona dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 64/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları **********50-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Müqtədir qəsəbəsi, 0,6 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir. Xaçmaz Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 219/2 saylı sərəncamının surətindən görünür ki, X3 Xaçmaz rayonu, Müqtədir qəsəbəsi (hazırda İstisu qəsəbəsi) N.Mühəmmədəliyev küçəsində yaşadığı evin həyətyanı sahəsinə bitişik uzunmüddət istifadə etdiyi 330 kv m torpaq sahəsi onun daimi istifadəsinə verilməklə həmin torpaq sahəsinin 120 kv.m hissəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Xaçmaz rayon Müqtədir bələdiyyəsinin və Xaçmaz rayon İstisu bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarışlarda İqor Sokolenkoya məxsus torpaq sahəsi göstərilmişdir. Cavabdehin imtina məktubundan görünür ki, sənədlərin ekspertizası zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Xaçmaz RİHB-nın xx.xx.2007-ci il tarixli, 219/2 saylı sərəncamı ilə ayrılmışdır. Bundan əlavə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki istifadə vəziyyəti bələdiyyə tərəfindən təstiq edilmiş sxemdə əks olunan torpaq sahəsindən fərqlidir. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 219/2 saylı sərəncamı ilə iddiaçı İ.Sokolenkoya ayrılmış 330 kv.m torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə tərəfindən verilmiş sxemdə əks olunan torpaq sahəsinə uyğun deyildir. Bələdiyyə xəritəsində işarə olunmuş torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 144 m ara məsafədə yerləşir, (ortofoto sxemdə əks olunur). İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ” Xudat-Balıq ASC-ə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 istifadəsində olan 330 kv.m torpaq sahəsi, JN-948F saylı(Kod ********) “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı” əsasən "xxxx" ASC məxsus 747.11 ha torpaq sahəsinin 948İİ/3.39 ha olan cizgisi ilə üst-üstə düşür. Ərazi idarəsində JN-948F saylı (Kod ********) “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı”-nın arxiv nüsxəsi aşkar edilmədiyindən üst-üstə düşən torpaq sənəsinə dair sənədlərin surətlərinin təqdim edilməsi mümkün olmamışdır. Xaçmaz rayon İstisu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən X2 daimi istifadəsinə verilmiş 330 kv.m torpaq sahəsinin mülkiyyət sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin işçiləri tərəfindən hazırlanmışdır. Bələdiyyə tərəfindən həmin torpaq sahəsinin yerqurluşu xərintəsindən çıxarış 1999-cu il xəritəsinə əsasən verilmişdir. Yeni xəritəmiz hal-hazırda İstisu bələdiyyəsində yoxdur. Ola bilər sxemdə əmələ gəlmiş uyğunsuzluq yəni 144 metrə ara məsafə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən istifadə edilən yeni elektron xəritəsinə görə əmələ gəlmişdir. Bələdiyyə tərəfindən yerqurluşu xəritəsindən çıxarış şərti xarakter daşıyır və onun dəqiqləşdirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən aparılmalıdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, iddiaçı X3 məxsus Xaçmaz rayonu İstisu (Müqtədir) qəsəbəsində yerləşən 330 kv.m torpaq sahəsinə baxış keçirilmişdir, baxış zamanı məlum olmuşdur ki, "xxxx" ASC-yə məxsus torpaq sahəsi ilə iddiaçı X3 məxsus Xaçmaz rayonu İstisu (Müqtədir) qəsəbəsində yerləşən 330 kv.m torpaq sahəsi tam olaraq üst-üstə düşür. Xaçmaz Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-64/2023 nömrəli qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə verilmiş apellyasiya şikayəti ilə əlaqədar tərəfimizdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verilmişdir. Sözügedən idarənin məktubundan əsasən rayonun İstisu qəsəbəsində vətəndaş X3 məxsus yaşayış evinə bitişik olan 330 kv.m torpaq sahəsi DWGxəritələrində dövlət mülkiyyətində olması göstərilsə də torpaqların elektron kadastr uçotu informasiya sistemində İstisu bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyası kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, arxivdə JN-948F nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” aşkar edilmədiyindən həmin sənədin verilməsinə əsas olan sənədlər barədə ətraflı araşdırma aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində JN-948F (kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsinin olmadığından, həmin Dövlət Aktının hansı sənədlər əsasında tərtib edilməsinə dair məlumatın araşdırılması mümkün olmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, iddiaçı X3 məxsus Xaçmaz rayonu İstisu (Müqtədir) qəsəbəsində yerləşən Xaçmaz Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 219/2 saylı sərəncamına əsasən iddiaçının daimi istifadəsinə verilmiş 330 kv.m torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, "xxxx" ASC-yə məxsus torpaq sahəsi ilə iddiaçı X3 məxsus Xaçmaz rayonu İstisu (Müqtədir) qəsəbəsində yerləşən 330 kv.m torpaq sahəsi tam olaraq üst-üstə düşür. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, iddiaçı X3 məxsus Xaçmaz rayonu İstisu (Müqtədir) qəsəbəsində yerləşən Xaçmaz Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 219/2 saylı sərəncamına əsasən iddiaçının daimi istifadəsinə verilmiş 330 kv.m torpaq sahəsinə baxış keçirilmişdir. Kameral araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" ASC-yə məxsus torpaq sahəsi ilə iddiaçı X3 məxsus Xaçmaz rayonu İstisu (Müqtədir) qəsəbəsində yerləşən 330 kv.m torpaq sahəsi tam olaraq üst-üstə düşür. Həmin torpaq sahəsinin üzərində 7.0 x 8.4 metrə ölçüdə, 58.8 kv.m tikinti altı sahəsi olan iki mərtəbəli fərdi yaşayış evi mövcuddur. Kommunikasiya xətləri keçmir, müayinə zamanı mübahisə qeydə alınmayıb. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 219/2 saylı sərəncamı ilə ona Xaçmaz rayonu Müqtədir qəsəbəsi (hazırda İstisu qəsəbəsi) N.Mühəmmədəliyev küçəsində yaşadığı evin həyətyanı sahəsinə bitişik uzun müddət istifadə etdiyi, onun daimi istifadəsinə verilmiş 330 kv.m. torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə mülkiyyət sənədlərinin hazırlanıb verilməsindən imtinasını əsassız hesab etməklə cavabdehin üzərinə ona dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219/2 saylı sərəncamı ilə ona Xaçmaz rayonu, Müqtədir qəsəbəsi (hazırda İstisu qəsəbəsi) N.Məhəmmədəliyev küçəsində yaşadığı evin həyətyanı sahəsinə bitişik uzunmüddət istifadə etdiyi 330 kv m torpaq sahəsi onun daimi istifadəsinə verilməklə həmin torpaq sahəsinin 120 kv.m hissəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Qanuna müvafiq surətdə ərazinin sxemi çəkilmiş, rayonun Baş Memarı və İstisu bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmişdir. Yaşayış evinin lahiyyələndirilməsinə müvafiq olaraq qanuni əsaslarla aldığı torpaq sahəsində yeni yaşayış evi inşa etmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün nümayəndəsi vasitəsilə cavabdeh DƏDRX-nm 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ünvanlanmış xx.xx.2021-ci il tarixli **********34 saylı məktubla ərizənin icrasından imtina olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sənədlərin ekspertizası zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Xaçmaz RİHB-nın xx.xx.2007-ci il tarixli, 219/2 saylı sərəncamı əsasında ayrıldığı müəyyən edilmişdir. Halbuki, xx.xx.2001-ci il tarixdən torpaq sahələrinin ayrılması bələdiyyələrin səlahiyyətlərinə verilmişdir. Bundan əlavə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki istifadə vəziyyəti bələdiyyə tərəfindən təstiq edilmiş sxemdə əks olunan torpaq sahəsindən fərqlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-64/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisənin predmeti olan torpaq sahəsi Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli sərəncamı ilə iddiaçının daimi istifadəsinə ayrılmışdır. Sərəncamın məzmununa görə həmin torpaq sahəsi iddiaçının yaşadığı evin həyətyanı sahəsinə bitişik yerləşir və uzun müddətdir onun istifadəsindədir. Mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, həmin 330 kv.m torpaq sahəsi dövlət mülkiyyətindədir, bələdiyyə tərəfindən çəkilmiş sxemdə göstərilən torpaq sahəsi faktiki istifadədə olan torpaq sahəsindən 144 m aralıda yerləşir və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi "xxxx" ASC-yə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və idianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin əsaslandığı mütəxəssis iş üzrə cavabdehin özüdür. Məhz bu səbəbdən həmin mütəxəssis rəyinin mötəbərliliyinə əsaslı şübhələri yaranmışdır. Belə vəziyyətdə, mütəxəssis qismində cavabdehin özünün çıxış etməsi, həmin rəyin mötəbərliliyi və obyektivliyini şübhə altına almışdır. Bu səbəbdən, işin Dövlət Məhkəmə Eksperiza Mərkəzinə göndərilməsini zəruri hesab edərək məhkəməyə bu barədə müvafiq vəsatət təqdim etsə də, məhkəmə tərəfindən həmin vəsatətə münasibət bildirilməmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddia tələbləri, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219/2 nömrəli Sərəncamı ilə onun istifadəsinə verilmiş 330 kv.m. torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış sahəsinin dövlət qeydiyyatına alınması ilə əlaqədardır. Cavabdeh isə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsinə heç bir əsas olmadan etiraz edərək, sonuncuya imtina məktubu göndərmiş və həmin torpaq sahəsinin həyətyanı məqsədlər üçün (ev tikintisi üçün) nəzərdə tutulmadığını bildirmişdir. Belə vəziyyətdə, məhkəmənin qəbul edəcəyi qərarın, həmin torpaq sahəsinin göstərilən məqsədlərlə ayrılması barədə Sərəncam vermiş Xaçmaz Rayon İcra Hakimiyyətinin mənafeyinə toxunacağı nəzərə alınmamış və sonuncunun iş üzrə üçüncü şəxs qismində işə cəlb olunması barədə vəsatətimizə də heç bir münasibət bildirilməmişdir. Yuxarıda qeyd olunanlar, birinci instansiya məhkəməsinin iş üzrə heç bir araşdırma aparmadan, yalnız cavabdehin özünün mütəxəssis kimi vermiş olduğu rəy əsasında tamamilə əsassız və qanunsuz qərar qəbul etdiyini aşkar təsdiq edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219/2 saylı Sərəncamı ilə iddiaçı İqor Sokolenkonun daimi istifadəsinə verilmiş, Xaçmaz rayonu, Müqtədir qəsəbəsi (hazırda İstisu qəsəbəsi) N.Mühəmmədəliyev küçəsində iddiaçının mülkiyyətində olan evin həyətyanı sahəsinə bitişik, 330 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair İqor Sokolenkonun adına mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; ...... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsində yerləşən və mülkiyyətində olan evin həyətyanı sahəsinə bitişik, 330 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki istifadə vəziyyəti bələdiyyə tərəfindən təsiq edilmiş sxemdə əks olunan torpaq sahəsindən fərqlidir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq sərəncam əsasında iddiaçının yaşadığı evin həyətyanı sahəsinə bitişik uzun müddət istifadə etdiyi 330 kv.m. torpaq sahəsinin onun daimi istifadəsinə verilməsi və onun 120 kv.m. hissəsində tikinti işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsinin yerləşmə mövqeyinə dair müvafiq bələdiyyə tərəfindən yeruquluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. İş materiallarından görünür ki, sözügedən fərdi yaşayış evinə bitişik torpaq sahəsində yerləşən fərdi yaşayış və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə dair iddiaçının adına xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, bu barədə onun adına çıxarış verilmiş, texniki pasport tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, müvafiq sərəncam əsasında iddiaçının adına ayrılmış 330 kv.m. torpaq sahəsi dövlət mülkiyyətindədir, faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə tərəfindən verilmiş sxemdə əks olunmuş torpaq sahəsinə uyğun deyildir, 144 metr ara məsafdə yerləşir, faktiki istifadəsində olan torpaq sahəsiüçüncü şəxs "xxxx" ASC-yə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. İş materiallarında olan müvafiq bələdiyyə tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, bələdiyyə sözügedən torpaq sahəsinə dair yerquruluşu planından çıxarışı-sxemi 1999-cu il tarixli xəritə əsasında tərtib etdiyini, uyğunsuzluğun yaranma səbəbinin hazırda istifadə edilən elektron xəritə ilə bağlı əmələ gəldiyini, həmin sxem-çıxarışın şərti xarakter daşıdğını, qeyd edilən məlumatların Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən aparılmalı olduğunu qeyd etmişdir. İş materiallarından görünür ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi DWJ məlumatlarına əsasən dövlət mülkiyyəti, TEKUİS məlumatına əsasən bələdiyyə mülkiyyəti olmaqla, yaşayış məntəqələrinin kateqoriyası kimi qeyd edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin adına tərtib edilmiş JN-948 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” və onun verilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. İş materiallarından görünür ki, sözügedən fərdi yaşayış evi iddiaçının faktiki istifadəsindədir, torpaq sahəsində 7.0 x 8.4 metr ölçüdə, 58,8 kv.m tikintialtı sahəsi olan iki mərtəbəli fərdi yaşayış evi mövcuddur, kommunikasiya xəttləri keçmir, müayinə zamanı mübahisə qeydə alınmamışdır. İş materialarından görünür ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri üzərində ayrı-ayrı şəxslərin adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, o cümlədən iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi sözügedən ərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik olmuşdur. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun yaranması üçün tələb olunan şərtlər-tikilinin yerləşdiyi torpaq sahəsi üzərində əmlak hüququnun mövcud olması, tikilinin inşası ilə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya istismara qəbul aktının olmasıdır. İndiki halda iddiaçıya münasibətdə qeyd edilən sənədlərin (torpaq sahəsinin istifadəsinə verilməsinə və tikiliyə icazə verilməsinə dair sərəncam) mövcudluğu aşkar edilmişdir. Eyni zamanda işin məyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə və orada tikili inşa edilməsinə icazə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən sərəncam qəbul edilmiş, həmin sərəncam hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, dəyişdirilməsi və ya geri çağrılması halı müəyyən edilməmişdir. Nəticə etibarillə sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni sahibliyində olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, həmin vaxtdan hazıradək qeyd edilən torpaq sahəsi idiaçının faktiki istifadəsində olmaqla, orada fərdi yaşayış evi inşa edilmiş, buna dair müvafiq icra hakimiyyəti orqanının razılığı mövcud olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbi baxımından iddiaçının sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ yaranmışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan qeyd edilən torpaq sahəsinin iş üzrə üçüncü şəxs olan "xxxx" ASC-nin daimi istifadəsində olan torpaq sahəsi ilə bütövlükdə üst-üstə düşdüyünü qeyd etsə də, həmin hal iş materialları əsasında təkzib olunmuşdur. Belə ki, cavabdeh həmin torpaq sahəsi üzərində üçüncü şəxsin əmlak hüququnun mövcudluğunu qeyd etsə də, həmin hüququn yaranması əsaslarına dair heç bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmiş, habelə istinad olunan müvafiq Dövlət Aktı arxiv məlumatlarda aşkar edilməmişdir. Bundan əlavə,sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, habelə ətrafında yerləşən qonşu torpaq sahələri üzərində başqa şəxslərin adına xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alnmışdır.Qeyd edilən hallar özlüyündə həmin əmlaka dair üçüncü şəxsin əmlak hüququnun mövcudluğunu təkzib edir. Nəticə olaraq, qeyd edilməlidir ki, cavabdehin eyni işin hallarına fərqli yanaşma tətbiq etməsi halı da özlüyündə bərabərlik hüququnun təmin edilməsinə dair konstitusion prinsipin mahiyyətinə ziddir. Eyni zamanda kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının faktiki istifadəsində olan vəziyyəti ilə torpaq sahəsinin müvafiq bələdiyyə tərəfindən təsdiq edilmiş sxemi arasında uyğunsuzluq olduğunu qeyd edir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müvafiq bələdiyyə tərəfindən verilmiş məktub əsasında həmin ziddiyyətli hala aydınlıq gətirərək, uyğunsuzuğun elektron xəritələrin işlənməsi ilə bağlı əmələ gəldiyini, habelə bələdiyyə tərəfindən verilmiş sxemin şərti xarakter daşıdığını, bu halın müəyyən edilməsinin müvafiq inzibati orqanın səlahiyyətinə aid olduğunu qeyd etmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçının istifadəsinə torpaq sahəsinin ayrılmasına dair müvafiq sərəncamın özünün məzmununda ayrılan torpaq sahəsinin yeri qeyd edilməklə, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik torpaq sahəsinin istifadəsinə verilməsi halı qeyd edilmişdir. İddiaçının hazırki tələb üzrə qeyd etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi məhz ona məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik sahədə yerləşdiyi iş materialları əsasında öz təsdiqini tapmışdır. Bu baxımından kollegiya hesab edir ki, həmin hissədə də cavabdehin istinad etdiyi arqumenti əsassız olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, cavabdeh inzibati orqan dövlət mülkiyyətində olan torpaq sahələrinin ev tikintisi məqsədilə ayrılmasının qanunvericilikdə nəzərdə tutulmaması halına istinad etməklə, iddiaçıya münasibətdə bərabərlik hüququnun təmin edilməsi prinsipinin də tələblərini pozmuşdur. Belə ki, iddiaçının özünün mülkiyyətində olan bitişik torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və ona dair mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı halda, hazırki fərdi yaşayış evinə münasibətdə torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılmasının mümkün olmaması ilə bağlı hallara istinad etməsi eyni işin hallarına fərqli yanaşmanı tətbiq edilməsinə gətirib çıxardır, bu hal isə özlüyündə bərabərlik prinsipin mahiyytinə və tələbinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni sahibliyində olduğundan, tikintiyə dair icazə sənədi olduğundan, tikili inşa edilərək, uzun müddətdir iddiaçının faktiki istifadəsində olduğundan, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, cavabdehin imtina və etirazın dəlilləri əsassız olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, sözügedən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququnun yaranması əsasları qanunvericilik normasının tələbləri baxımından tam araşdırılmamış, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-64/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219/2 saylı Sərəncamı ilə iddiaçı X2 daimi istifadəsinə verilmiş və Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ünvanında iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evin yerləşdiyi həyətyanı torpaq sahəsinə bitişik ərazidə yerləşən 330 kv.m torpaq sahəsində inşa edilmiş və ölçüləri 7.0 x 8.4 metr, tikintialtı sahəsi 58,8 kv.m olan iki mərtəbəli fərdi yaşayış evi üzərində X2 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-14/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-14/2025
24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver