Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-140/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizlikləri) nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 104400 (yüz dörd min dörd yüz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, mənzilində məskunlaşmış məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)- 2217/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 104.400 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi və mənzilində məskunlaşmış məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası İPM-in 28.1-ci maddəsinə əsasən adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddai tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının işlədiyi müəssisə tərəfindən ona və ailəsinə verilmişdir. Mənzil onun xüsusi mülkiyyətində olsa da, o, ailəsi ilə birlikdə həmin mənzilə köçə bilməmişdir. Çünki mənzil məcburi köçkün ailəsi tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Uzun müddət bir çox dövlət orqanlarına müraciət etməsinə baxmayaraq hər dəfəsində müxtəlif vədlər və bəhanələrlə süründürməçiliyə salınmışdır. Bunun qarşılığında isə o, uzun müddətdir ki, öz şəxsi mülkiyyətindən məhrum olmuşdur. Bununla da ona maddi ziyan dəymişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(060)-3307/2017 saylı qətnaməsi ilə məcburi köçkünlərin onun mənzilindən çıxarılmasına dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası adından çıxarılmış qətnamə mövcud olduğu halda o, bu günə kimi icra olunmur. Qətnaməyə əsasən ona məxsus mənzildə məskunlaşmış məcburi köçkün ailəsi mənzildən çıxarılmalı, o isə ailəsi ilə birlikdə həmin mənzilə köçürülməli idi. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq orqanlara göndərilmişdir. Qətnamənin qəbulundan uzun müddət ötməsinə baxmayaraq qətnamə hələ də icra edilməmişdir. Bunun da nəticəsində dəyən maddi ziyanın məbləği artmışdır. Məcburi köçkünlərin yerləşdirilməsi və onların problemlərinin həll olunması üzrə dövlət siyasətini həyata keçirən orqan Qaçqınların və X5 üzrə Dövlət Komitəsidir. Buna görə də, iddia haqlı olaraq həmin orqana qarşı qaldırılmışdır.
4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı vurulmuş ziyanın ödənilməsi ilə bağlı komitəyə daxil olmuş müraciətləri komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, Qubadlı rayonundan məcburi köçkünlər X6 və həyat yoldaşı X7 ailə üzvləri ilə birgə sıx məskunlaşma obyekti olan Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 7A saylı evin 35 nömrəli mənzilində kommunal qeydiyyatda olmaqla məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir ki, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən X3 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. İddiaçı dəymiş ziyan bilavasitə Komitənin qəbul etdiyi inzibati akt və ya hərəkət (hərəkətsizliyi) nəticəsində baş verməmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmış məcburi köçkün X6 ailə üzvləri ilə birlikdə, həmin ünvanda Komitə tərəfindən yerləşdirilməmiş, Komitə ilə məcburi köçkünlər X6 və digərləri arasında hər hansı bir öhdəliyin verinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmamışdır.
5. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi 39,60 kv.m olan 3 otaqlı Sumqayıt şəhəri, 12-ci mikrorayon ev 7A mənzil 35 dövlət fonduna aid olmaqla, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 243 saylı sərəncamı ilə İddiaçı əri X1 6 nəfərdən (özü, arvadı və 4 övladı) ibarət ailə tərkibinə ayrılmışdır. Qeyd edilən mənzil 1993-cü ildən Qubadlı rayonu məcburi köçkün ailəsi tərəfindən tutulduğundan iddiaçı və ailə üzvləri göstərilən yaşayış sahəsinə köçə bilməmişdir. Məlum hadisələrlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ölkədaxili siyasətinə uyğun olaraq məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulmuşdur. Qeyd edilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsinə qarşı etiraz olunur.
6. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2217/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilməmişdir.
7. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona və ailəsinə məxsus mənzil 1993-cü ildən zəbt edilmişdir. Bu müddət ərzində dövlət orqanları onun mülkiyyətimdə olan mənzilin boşaldılması üçün heç bir addım atmamışdırlar. Baxmayaraq ki, qanuni qüvvəyə minmiş Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qətnaməsi mövcuddur. Cavabdeh və üçüncü şəxslərin qanunsuz hərəkətləri nəticəsində ona külli miqdarda maddi ziyan dəymişdir. Əgər bu müddət ərzində mənzilini kirayə versəydi və nəzərə alsaq ki, bu mənzil Sumqayıt şəhərində 12-ci mikrorayonda yerləşir və bu ərazidə üç otaqlı mənzilin aylıq kirayəsi minimum 300 manatdır, onda 1993-cü ildən bu günə kimi keçən 29 il ərzində ona 104400 manat məbləğində ziyan dəymişdir. Bundan başqa bu illər ərzində evimin zəbt edilməsi səbəbindən ailəsi ilə kirayədə qalırlar. Cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciətlər etmişdir. Amma evinin boşaldılmasına nail ola bilməmişdir. Bu isə qanunun kobud pozuntusudur. Fundamental hüquq olan və Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququ hələ də pozulur. Bu pozuntu məhz cavabdehlərin hərəkətləri nəticəsində baş verir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. İş üzrə cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi” 1.1. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası (...) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
17. Belə ki, iş materiallarında olan RX № ******* seriyalı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 (Yeni qaydalarla AZ 5011 Sumqayıt şəhəri, Çerkassi küçəsi, 559, M9, m1) İddiaçı adına qeydə alınmışdır.
18. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli 2(060)-3307/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X6 və digərlərinə qarşı yaşayış sahəsindən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmişdir.
19. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Qubadlı rayonundan məcburi köçkünlər - X6 ailə üzvləri ilə birgə sıx məskunlaşma obyekti olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 7A saylı evin 35 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin boş mənzil fondu olmadığı üçün sözügedən ailənin yeni yaşayış sahəsi ilə təmin edilməsi mümkünsüzdür. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 1992-1998-ci illərdə məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilmir. Ərazilərimiz işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman, sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir. Növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən X3 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər.
20. Sumqayıt Şəhər İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, məcburi köçkünlərin mənzil sahəsi ilə təmin olunması Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları əsasında həyata keçirilir. Həmin sənədlərdə konkret olaraq hansı ərazidə məskunlaşmış məcburi köçkünlərin yeni yaşayış sahəsi ilə təmin olunması göstərilir və köçürülmə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən mərhələli şəkildə aparılır. Eyni zamanda məlum hadisələrlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ölkədaxili siyasətinə uyğun olaraq məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, başqalarına məxsus mənzillərdə məskunlaşmış məcburi köçkün ailələri köçürüldükdən sonra qaldırılan məsələyə qanuna uyğun olaraq baxıla bilər.
21. İş materiallarından müəyyən edilir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 7A saylı evdə yerləşən 35 saylı mənzildə 1993-cü ildən məcburi köçkünlər məskunlaşmışlar. Həmin mənzilin X2 və 6 nəfərdən ibarət ailə tərkibinə təqdim edilməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1996-cı il tarixli 243 №-li sərəncam verilmişdir. Mənzil xx.xx.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən məcburi köçkünlər X6 və qeyriləri mənzildən çıxarılmalı və iddiaçı həmin mənzilə köçürülməlidir. Lakin qətnamə hazıradək icra edilməmişdir.
22. İş materiallarına əlavə edilmiş Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, yuxarıda adı çəkilən qətnamə üzrə verilmiş icra sənədinə əsasən icra tədbirləri zamanı aidiyyəti qurumlara göndərilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, X6 və onun ailə üzvləri məcburi köçkünlərin vahid elektron informasiya sistemində başqalarına məxsus mənzillərdə müvəqqəti qeyiyyatda olmaqla, onların adları məskunlaşmış məcburi köçkünlərin adlı siyahısında mövcuddur. Gələcəkdə həmin şəxslərin mənzil problemləri həll olunduqdan sonra onun tələbkar olduğu icra sənədi müsbət yönümdə həll olunacaqdır.
23. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, mövcud iddia həmin qətnamə icra edilmədiyi üçün qaldırılmışdır.
24. Göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin icrasının təmin edilməsi ilə bağlıdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nə görə Komitənin əsas vəzifələri aşağıdakılardır: 2.1.qaçqınların və məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması və sosial problemlərinin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək; 2.2.qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq dövlət proqramlarının layihəsini hazırlamaq və onların yerinə yetirilməsini təşkil etmək; 2.3.qaçqınlar və məcburi köçkünlər üçün mənzil və sosial obyektlərin təmir-tikinti işlərinin aparılmasını və tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatını təşkil etmək; 2.4. qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək; 2.5. qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyəti, ehtiyacları onların ölkədaxili miqrasiyası barədə məlumat toplamaq, təhlil etmək, ümumiləşdirmək və tövsiyələr hazırlamaq; 2.6. qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmasına şərait yaratmaq məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyrihökumət təşkilatlan ilə məqsədyönlü iş aparmaq; 2.7. qaçqın və məcburi köçkünlər üçün ayrılmış büdcə vəsaitindən səmərəli istifadəni təmin etmək; 2.8.məcburi köçkünlərin yığcam məskunlaşdıqları yerlərdə və qəsəbələrdə kommunal xidmətlərin yaxşılaşdırılmasını təmin etmək; 2.9. qanunvericiliklə müəyyən olunmuş qaydada və əsaslarla “qaçqın” və “məcburi köçkün” statusu verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək; 2.9-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək; 2.9-2. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; 2.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Komitəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 2-ci bəndinə əsasən, 2.1. Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. 2.2. Yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. 2.3. Rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. 2.4. Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə.
28. Göründüyü kimi məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən tərtib və təsdiq edilmiş siyahı və təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzilə məcburi köçkünləri cavabdeh inzibati orqan yerləşdirməmişdir.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin-iddiaçının mənzilində məskunlaşmış məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə əsaslıdır.
30. Maddi ziyanın ödənilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqanın qanunsuz qərarı və ya hərəkət (hərəkətsizliyi) nəticəsində ona ziyan vurulduğunu, ümumiyyətlə bu tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2217/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.