Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-140/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeydin dövlət reyestrində qeydiyyatının bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə faktının qeydə alınması ilə bağlı “ləğvetmə prosesinin” hüquqi şəxslərin dövlət reyestrində qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 781/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X3 haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-692/2019 saylı qərardadından görünür ki, “Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatasına İddiaçı ASCnin səhmlərinin dövriyyədən çıxarılaraq ləğv edilməsinin qadağan edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə İddiaçı ASC-nin hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasının qadağan edilməsinə dair Quba Rayon Məhkəməsinin 2(027)-692 saylı, 11 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış 13 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, cəmiyyətin ləğvetmə prosesinin bərpa edilməsi ilə bağlı müraciət edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 21 sentyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinn 59.6-cı maddəsinin tələblərinə əsasən ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır, həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə faktının qeydə alınması ilə bağlı “ləğvetmə prosesinin” hüquqi şəxslərin dövlət reyestrində qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində “Xalq qəzeti’”ndə “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Cəmiyyət adlandırılacaq) icra orqanı tərəfindən səhmdarların növbəti ümumi yığıncağının keçirilməsi barədə elan dərc edilmiş və bütün səhmdarlara ümumi yığıncağın keçirilməsi yeri, vaxtı və gündəlikdəki məsələlər barədə bildiriş göndərilmişdir. Bundan sonra isə xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikaısnın Mülki Məcəlləsinin 59.2-1-ci maddəsinə uyğun olaraq hüquqi şəxsin bütün kreditorlarının tələblərinin 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanət “Xalq qəzeti”ndə dərc etdirilmişdir. 15 avqust 2018-ci il tarixində Cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmiş və ümumi yığıncaqda Cəmiyyətin ləğv edilməsi qərarı alınmış, Ləğvetmə komissiyası seçilmişdir. Ləğvetmə komissiyası da Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri əsasında ləğv prosesini başlatmış və Azərbaycan Respublikasının müvafiq qurumu (cavabdeh) tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə Cəmiyyətin ləğv prosesində olduğu qeydə alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Ləğvetmə komissiyası ləğv prosesini davam etdirmiş, kreditor və debitorlar müəyyən olunmuş, borclar ödənilmiş, Cəmiyyətin bütün əmlakı satışa çıxardılmış və satılmış əmlak əsasında yekun balans və bölünmə balansı səhmdarların ümumi yığıncağı tərəfindən 28 may 2019-cu il tarixində təsdiq edilmiş və səhmdarlara çatacaq payın ödənilməsi üçün onlara bildirişlər göndərilmişdir. Bundan sonra isə Ləğvetmə komissiyası Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq maliyyə bazarlarına nəzarət orqanına yazılı müraciət edərək Cəmiyyətin səhmlərinin dövriyyədən çıxarılmasını xahiş etmişdir. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən xeyli sual ünvanlanmış və bu sualların cavablandırılması tələbi qoyulmuşdur. Ləğvetmə komissiyası tərəfindən bu tələb də yerinə yetirildikdən sonra maliyyə bazarlarına nəzarət orqanı tərəfindən yazılı məlumat verilmişdir ki, Cəmiyyət ilə səhmdar arasında məhkəmə mübahisəsi olması və məhkəmə prosesinin davam etməsi səbəbindən səhmlərin dövriyyədən çıxarılması prosesi həyata keçirilə bilməz. Maliyyə bazarlarına nəzarət orqanının qeyd etdiyi məhkəmə prosesi birinci instansiya məhkəməsində yekunlaşdırıldıqdan sonra Ləğvetmə komissiyası yenidən maliyyə bazarlarına nəzarət orqanına müraciət etmişdir. Lakin qurumdan alınan yazılı cavab nəticəsində müəyyən olunmuşdur ki, eyni səhmdar məhkəmə prosesini davam etdirdiyi üçün qanunvericiliklə Cəmiyyətə tanınan hüquq həyata keçirilə bilməz. Cəmiyyətə qarşı qeyd olunan bütün məhkəmə prosesləri bitdikdən sonra yenidən maliyyə bazarlarına nəzarət orqanına yazılı müraciət edilmiş və maliyyə bazarlarına nəzarət orqanından alınan yazılı cavabda ləğvetmə prosesinin vaxtının bitdiyi və bu səbəbdən səhmlərin dövriyyədən çıxarılması məsələsi qurum tərəfindən yenidən qanunvericlik əsasında müraciət edildikdən sonra baxılacaqdır. Səhmlərin dövriyyədən çıxardılması ilə AR Milli Bankına müraciət edilsə də, cavabında bildirilmişdir ki, cəmiyyətin ləğv prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bu səbəblə də Milli Bank imtina vermişdir. Bundan sonra cavabdehə müraciət edilsə də, cavabdeh qurum əsassız imtina vermişdir. Belə ki, cavabdeh orqan xx.xx.2022-ci il tarixli, **********773800 saylı imtina məktubunda bildirilmişdir ki, “AR Mülki Məcəlləsinin 59.6-cı maddəsinə əsasən ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlanma səbəbi olur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edilmə prosedurları qanunvericiliklə müəyyən edilmiş 1 il müddətində başa çatmadığından cəmiyyətin ləğv prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarılmışdır. Bununla əlaqədar olaraq tərəfinizdən hüquqi şəxsin ləğvetmə prosedurlarına yenidən başlanması üçün 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilməlidir. "Maliyyə bazarlarına nəzarət orqanına Cəmiyyətin Ləğvetmə komissiyası tərəfindən edilən müraciətlərdə qurum tərəfindən cavab verilərkən heç zaman ləğv etmə müddətinin keçməsi səbəbi qeyd edilməmişdir. Bundan əlavə Azərbacyan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxsə qarşı səhmdarlardan hər hansı biri və ya bir neçəsi tərəfindən iddia qaldırılması qurum tərəfindən üzərinə düşən öhdəlikləri yerinə yetirməməyə səbəb deyildir. Belə ki, cəmiyyət qanunvericilik əsasında yenidən ləğvetmə prossesini başlatmış olsa belə səhmdarlardan hər hansı biri və ya bir neçəsi tərəfindən Cəmiyyətə qarşı iddia qaldırılmış olanda maliyyə bazarlarına nəzarət orqanı bu prossesi əsassız və səbəbsiz olaraq dayandıracaqmı? Bunu bilən və bazarda aktiv fəaliyyət göstərmək istəyən diller səhmdarların əlindən ölkəmizdə heç bir hüquqi şəxs qanunvericilik əsasında ona tanınan ləğv prossesini tamamlaya bilməz. Məhkəmə prossesləri ən azı 7-8 ay davam edir. Ləğv etmə prosesi qanunvericilik əsasında bəzi müddətlərin gözlənilməsi səbəbindən ən azı 5-6 ay çəkir. Belə olan halda qanunvericliyə uyğun olaraq 1 (bir) illik müddətində ləğv etmə prosesini bitirmək heç cür mümkün deyildir. Belə olan halda da qanunvericliklə hüquqi şəxsə tanınan ləğv etmə prosesləri maliyyə bazarlarına nəzarət orqanının keyfı hərəkətləri nəticəsində bitirilə bilməz. Bundan əlavə belə bir təəssürat yaranır ki, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həmin diller səhmdarlara müəyyən şəraitlər yaradılır. Maliyyə bazarlarına nəzarət orqanına Ləğvetmə komissiyası tərəfindən dəfələrlə yazılı müraciətlər olunmuş, lakin qurum tərəfindən hər dəfə verilən cavabda məhkəmə prosesinin olması səbəbindən səhmlərin dövriyyədən çıxardılmasnın mümkün olmayacağı, məhkəmə prosesi bitdikdən sonra Cəmiyyət tərəfindən yenidən müraciət edilməli olduğu bildirilmişdir. Cəmiyyətin Ləğvetmə komissiyası tərəfindən edilən bütün müraciətlərə verilən yazılı cavabda maliyyə bazarlarına nəzarət orqanı ləğvetmə prosesi üçün nəzərdə tutulan müddətin keçməsi səbəbindən səhmlərin dövriyyədən çıxarılmasının mümkün olmayacağı və yenidən ləğv etmə prosesinin başlanılmalı olduğu qeyd edilməmişdir. Məhkəmə prosesi bitdikdən sonra isə qurum tərəfindən “ləğv etmə müddətinin bitməsi” səbəbindən səhmlərin dövriyyədən çıxarılmasının mümkünsüzlüyü kimi verilən cavab isə hesab edirlər ki, açıq aydın qanunvericiliklə hüquqi şəxsə tanınan ləğv prosesi hüququnun həyata keçirilməsinə maneçilikdən başqa bir şey deyildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “məhkəməyə müraciət etməzdən əvvəl İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv prosesində olması müddətinin artırılması barədə bir neçə müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən baxılmış və iddiaçıya qanunvericiliyin müvafiq müddəaları izah olunmuşdur. İddiaçı ASC-nin “ləğv prosesində” olması barədə qeyd 5 sentyabr 2018-ci ildə reyestrə daxil edilmiş, ləğvetmə prosesi hazırki dövrədək yekunlaşmamış və beləliklə də ləğvetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddət başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.6-cı maddəsinə əsasən ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. Cəmiyyət “ləğv prosesində” olmasına baxmayaraq 2019-cu ilin fevralında bank hesablarının açılması ilə bağlı müraciət etmiş və iki bank hesabı açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Odur ki, ləğvetmə ilə bağlı qanunvericlikdə nəzərdə tutulmuş bir illik müddət başa çatdığından, həmçinin debitor və kreditor borclarının olub-olmamasının müəyyən edilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə prosesi yenidən başlanılmalıdır. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-692/2019 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvi ilə bağlı hərəkətlərə səhmdarlar arasında məhkəmə mübahisəsi həll edilənədək qadağa qoyulmuşdur. Qeyd edilmiş qərardad Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-692 nömrəli qərardadı ilə ləğv edilmişdir. Qeyd edilənlərdən əlavə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müraciətlərinə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş cavablar da bir illik müddətin keçməsi səbəbindən və səhmdarlar arasında məhkəmə mübahisəsinin olması səbəbindən ləğvin mümkün olmaması birmənalı olaraq qeyd edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv prosesinin başa çatması ilə bağlı ancaq xx.xx.2022-ci il tarixdən sonra müraciət edə bilərdi və indiyə qədər müraciət olunmamışdır. Eyni zamanda, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edilmə prosedurları qanunvericiliklə müəyyən edilmiş 1 il müddətində başa çatdırılmadığından cəmiyyətin ləğv prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bununla əlaqədar olaraq tərəfinizdən hüquqi şəxsin ləğvetmə prosedurlarına yenidən başlanılması üçün 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və icbari tibbi sğorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Pzezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-781/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Leyla Mirzəyeva) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə ləğvetmə prosesinin ümumi müddəti 1 il müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv prosesi olması barədə məlumat 05 sentyabr 2018-ci il tarixdə dövlət reyestrində daxil edilmişdir. Qanunvericiliyə əsasən iddiaçının ləğvetmə prosesinin ümumi müddəti 05 sentyabr 2019-cu ildə bitmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-692/2022 saylı qərardadından görünür ki, “Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatasına İddiaçı ASC-nin səhmlərinin dövriyyədən çıxarılaraq ləğv edilməsinin qadağan edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə İddiaçı ASC-nin hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasının qadağan edilməsinə dair Quba Rayon Məhkəməsinin 2(027)-692/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardad ilə müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin 2(027)-692/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qərardadı ilə “Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatasına İddiaçı ASC-nin səhmlərinin dövriyyədən çıxarılaraq ləğv edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə İddiaçı ASC-nin hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması cavabdeh orqana qadağan edilmişdir. İddiaçı isə ləğv etmə prosesində olan hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldıqdan sonra cavabdeh orqana müraciət edərək ləğvetmə prosesinin bərpa edilməsini xahiş etmişdir. Qanunvericilikdə mübahisə ilə bağlı birbaşa müddət nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərkən qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Qanunvericilikdə “hüquqi şəxsin ləğv prosesinin bərpa edilməsi” ilə bağlı hər hansı norma və ya hal nəzərdə tutulmamışdır. Qeyd olunanlardan görünüdüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməməsində haqlı olmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Hüquqi şəxs onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq ləğv edilə bilər”. “Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır”. Məhkəmə qərarında MM-in 59.6-cımaddəsinə istinadən ləğv etmə prosesinin ümumi müddətinin ötürülməsinə əsaslanaraq iddiaçının tələbini təmin etməmişdir. İşin mahiyyətinə və ləğvetmə prosesinin gedişatına lazımınca diqqət yetirsək qeyd edilən qanun normasının məhkəmə tərəfindən düzgün tədbiq edilmədiyini deyə bilərik. İlk öncə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tam qanunun tələblərinə müvafiq şəkildə ləğvetmə prosesinə başlamış və həmin prosesin qanuni gedişatına uyğun olaraq ləğvetməni faktiki olaraq başa çatdırmışdır. Belə ki, 15 avqust 2018-ci il tarixində Cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmiş və ümumi yığıncaqda Cəmiyyətin ləğv edilməsi qərara alınmış, ləğvetmə komissiyası seçilmişdir. Ləğvetmə komissiyası da Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri əsasında ləğv prosesini başlatmış və Azərbaycan Respublikasının müvafiq qurumu (cavabdeh) tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə Cəmiyyətin ləğv prosesində olduğu qeydə alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Ləğvetmə komissiyası ləğv prosesini davam etdirmiş, kreditor və debitorlar müəyyən olunmuş, borclar ödənilmiş, cəmiyyətin bütün əmlakı satışa çıxardılmış və satılmış əmlak əsasında yekun balans və bölünmə balansı səhmdarların ümumi yığıncağı tərəfindən 28 may 2019-cu il tarixində təsdiq edilmiş və səhmdarlara çatacaq payın ödənilməsi üçün onlara bildirişlər göndərilmişdir. Daha sonra qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına onların paylarına mütənasib olaraq təqdim edilmişdir. Bundan sonra paylarına uyğun olaraq əmlaklarını almış səhmdarların 97 %-i hüquqi şəxsdən ayrılmışdır. Nəticə etibarilə kreditorlarının tələbini ödəmiş, qalan əmlakı isə səhmdarları arasında qanuni şəkildə tam olaraq bölüşdürmüş hüquqi şəxsin heç bir ləğvetmə balansı və qalıq əmlakı qalmamışdır. Buna əsasən səhmdarlarının 97%-i olmayan hüquqi şəxs üçün cavabdehin tələbinə uyğun olaraq yenidən ləğv etmə prosesinin başlanması, bu barədə iclas belə keçirilməsi qeyri-mümkündür. Bir halda ki, hüquqi şəxsin ləğvetmə balansı, qalıq əmlakı, üstəlik səhmdarları belə yoxdur, bu zaman onun ləğvetmə prosesinin yenidən başlanmasının tələb edilməsi nə dərəcədə məntiqəuyğundur? Həmçinin 97% faiz səhmdarın iştirakının mümkün olmadığı ümumi yığıncağın keçirilməsi və qərar qəbul edilməsi belə hüquqi cəhətdən etibarsızdır. Bütün bu qeyd edilənlər ona əsas verir ki, İddiaçı ASC bir hüquqi şəxs kimi faktiki olaraq artıq ləğv edilmiş və onunla bağlı hüquqi münasibətlərə son verilmişdir. Burada mühüm bir nüans vurğulanmalıdır ki, bu da aidiyyatı vergi orqanının hüquqi şəxsin ləğvetmə faktını qeydiyyata alması ilə əlaqədardır. Belə ki, hüquqi şəxsin ləğv edilməsi mahiyyət etibarilə həmin vergi orqanının bu faktı təsdiq edib-etməməsindən asılı deyildir. Çünki həmin vergi orqanı faktiki olaraq ləğvedilmiş bir hüquqi şəxsin ləğv edilməsi faktını qeydiyyata almaqla sadəcə reyestrdə bu barədə məlumat dəyişikliyinin edilməsi üzrə səlahiyyətlidir. Vergi orqanının arzu olunan hərəkəti hüquq yaratmır və ya hüquq xitam etmir, əksinə yalnız məlumat dəyişikliyi edir. “Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər”. “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır”. Məhkəmənin iddianı rədd edərkən əsaslandığı digər bir məsələ Cəmiyyətlə səhmdarlar arasında məhkəmə mübahisəsinin olmasıdır. Hüquqi şəxsin ləğv edilməsinə qadağa qoyulması ilə əlaqədar müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardadın qəbuluna səbəb olmuş həmin iddia məhkəmə tərəfindən əsassız hesab olunaraq rədd edilmişdir ki, bununla da həmin müvəqqəti təminat tədbirinin də əsassız olaraq qəbul edilməsi öz təsdiqini tapır. Üstəlik aydın məsələdir ki, belə əsassız iddialar ləğv etmə prosesinin hər dəfə lüzumsuz bir şəkildə uzadılmasına səbəb ola bilər ki, bu zaman da hüquqi şəxslərin ləğvetmə prosesinin qanunun tələblərinə müvafiq olaraq bir il ərzində başa çatması qeyri-mümkün olacaqdır. Bəs o zaman faktiki olaraq fəaliyyətini artıq davam etdirə bilməyən hüquqi şəxs bu qeyri-müəyyən müddət ərzində necə və hansı şərtlər altında fəaliyyətini sürdürməlidir? Aydın məsələdir ki, bu hər bir halda mümkünsüzdür, çünki hüquqi şəxs o zaman ləğv etmə qərarı alır ki, artıq o hüquqi münasibətləri davam etdirmək imkanından məhrumdur və ləğv edilməsi də bir zərurətdir. Buna görədir ki, məhkəmədə qaldırılmış əsassız iddialar səbəbilə hüquqi şəxsin ləğv edilməsinin qadağan edilməsi onun faktiki olaraq ləğvinə mane ola bilməz, eləcə də qanunvericiliyə əsasən hüquqi şəxsə qarşı səhmdarlardan hər hansı biri və ya bir neçəsi tərəfindən iddia qaldırılması qurum tərəfindən üzərinə düşən öhdəlikləri yerinə yetirməməyə səbəb deyildir. Bundan əlavə cavabdehin tələbi üzrə cəmiyyət yenidən ləğvetmə prossesini başlatmış olsa belə səhmdarlardan hər hansı biri tərəfindən cəmiyyətə qarşı yeni bir iddia qaldırıldıqda maliyyə bazarlarına nəzarət orqanı bu dəfə də ləğvetmə prosesini əsassız və səbəbsiz olaraq dayandıracaqdır. Bu isə o deməkdir ki, bunu bilən və bazarda aktiv fəaliyyət göstərmək istəyən diller səhmdarların əlindən ölkəmizdə heç bir hüquqi şəxs qanunvericilik əsasında ona tanınan ləğv prosesini tamamlaya bilməz. Üstəlik nəzərə alsaq ki, məhkəmə prosesləri ən azı 7-8 ay davam edir və ləğvetmə prosesi qanunvericilik əsasında bəzi müddətlərin gözlənilməsi səbəbindən ən azı 5-6 ay çəkir, belə olan halda qanunvericiliyə uyğun olaraq 1 (bir) il müddətində ləğv etmə prosesini bitirmək heç cür mümkün deyildir. Buna əsasən ləğvetmə prosesinin bir ildən artıq davam etməsi heç bir halda sözügedən hüquqi şəxsin hərəkətləri ilə əlaqəli olmayıb tamamilə bu prosesin uzadılmasına əngəl yaratmaq niyyətində olan səhmdarların əsassız iddialarının nəticəsidir. Buna görə də hüquqi şəxsin ləğvetmə prosesini tamamilə qanuni şəkildə sona çatdırması, bir hüquqi şəxs kimi artıq əmlaka və səhmdarlara sahib olmaması, bu səbəbdən də yenidən ləğvetmə prosesinə başlamasının mümkünsüz olması nəzərə alınaraq ləğvetmənin dövlət qeydiyyatına alınması sözsüz həyata keçirilməlidir. Eləcə də ləğvetmə prosesinin bir tərəfdən məhkəmə qaydasında əsassız olaraq uzadılması, digər tərəfdən isə müddətin keçməsi əsas gətirilərək vergi orqanının ləğvetməni qeydiyyata almaqdan imtina etməsi hüquqi şəxsi süründürməçiliyə salmaqdan başqa bir şey deyildir. Bütün bunlara əsasən iddiaçının pozulmuş hüquqlarının müdafiəsini təmin etməyərək məhkəmə onun ləğvetməyə dair hüquqlarının qanunsuz və əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Bununla da iddiaçının yuxarıda qeyd edilən konstitusion hüquqları məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Bundan başqa Mülki Məcəllənin 43.1-ci maddəsinə görə “hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır”. İndiki halda mülkiyyətində artıq heç bir əmlakı və müstəqil balansı olmayan, bütün kreditorları qarşısında öhdəliklərini tamamən icra etmiş, eləcə də səhmdarlarının 97 %-i ayrılmış İddiaçı ASC-nin artıq bir hüquqi şəxs kimi mövcudiyyətindən belə söhbət gedə bilməz, nəinki cavabdehin tələbi üzrə ləğvetmə prosesinə yenidən başlanılmasından. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Maddə 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; ..... Maddə 59.6. Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. Maddə 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. ..... “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 12.8. Dövlət reyestri aşağıdakılardan ibarətdir: 12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi, ləğv edilməsi barədə məlumatlar; ..... Maddə 14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir:.... 14.1.9. qurumun ləğvetmə prosesində olması barədə məlumat; ..... Maddə 16.1. Hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Maddə 16.1-2. Təqdim edilmiş sənədlər bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir. Maddə 16.2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir: 16.2.1. ləğvetmə balansı; 16.2.2. qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənəd; 16.2.3. hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində "ləğv prosesindədir" yazılmış möhür; 16.2.3-1. fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış; 16.2.4. səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı; 16.2.5. hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, bu Qanunun 16.1-1.1-ci, 16.1-1.3-cü, 16.2.3-сü və 16.2.4-cü maddələrində nəzərdə tutulan sənədlərlə birlikdə təhvil aktı və ya bölünmə balansı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi hüquqi şəxsin ləğv edilməsinə dair dövlət reyestrində aparılmış qeydinin bərpa edilməsi ilə bağlıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən hüquqi şəxsin ləğv edilməsi ilə bağlı qeydin dövlət reyestrinə daxil olduğu vaxtdan (xx.xx.2018-ci il) qanunla tələb olunan bir illik müddət ərzində ləğvetmə prosesi başa çatdırılmadığından (xx.xx.2019-cu il tarixdə müddət bitib), bu barədə reyestrdə aparılmış qeyd qeydiyyatdan çıxarılaraq, iddiaçıya ləğvetmə prosesinin yenidən başlanılması bildirilmişdir. İddiaçı isə ləğvetmə prosesinin birillik müddət ərzində başa çatmamasının səbəbinin təsisçilər (səhmdarlar) arasında məhkəmə mübahisələrinin baş verməsi, iddiaçının təqsiri ilə əlaqədar olmaması halına istinad edərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, 15 avqust 2018-ci il tarixli ümumi yığıncağın protokoluna əsasən Cəmiyyətin ləğv edilməsi qərara alınmış, Ləğvetmə Komissiyası seçilmiş, ləğvetmə prosesi barədə məlumat xx.xx.2018-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən dövlət reyestrinə daxil edilmişdir. Daha sonra Cəmiyyətin səhmdarları arasında bir neçə məhkəmə mübahisəsi baş vermişdir. Maliyyə Bazarlarına nəzarət orqanı tərəfindən qeyd edilən məhkəmə mübahisələrinin baş verməsinə istinad edilərək, cəmiyyətə məxsus olan səhmlərin dövriyyədən çıxarılması prosesinin həyata keçirilməsinin mümkün olmaması bildirilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Cəmiyyətin (iddiaçı) səhmdarları arasında məhz ləğvetmə prosesi ilə bağlı olaraq (ümumi yığıncağı protokolunun etibarsız hesab edilməsi, yazılı sənədlərin təqdim edilməsi, Ləğvetmə Komissiyasının qərarının etibasrız hesab edilməsi, ləğvetmə prosesinin dayandırılması və s.) 2019-2021-ci illərdə məhkəmə mübahisələri olmuş, həmin mübahisələrə aid məhkəmə qərarları mövcud olmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, həmin qərarlardan apellyasiya və kassasiya şikayəti verildiyindən, məhkəmə prosesləri uzun müddət davam etmişdir. Hansı ki, məhz həmin məhkəmə mübahisələri ləğvetmə prosesinin yekunlaşdırılması üçün qanunla tələb olunan sənədlərin də əldə edilməsinə mane olmuşdur. Bu hallar isə özlüyündə iddiaçı tərəfindən ləğvetmə prosesinin yekunlaşdırılmasına birbaşa təsir etmiş, bu səbəbdən də ləğvetmə prosesinin başa çatdırılması mümkün olmamışdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, mülki qanunvericiliyin normasında ləğvetmə prosesinin ümumi müddətinin hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmaması, həmin müddətin keçməsi halının ləğvetmə prosesinin yenidən başlamasına səbəb olması qeyd edilir. Bundan əlavə, yuxarıda istinad olunan mülki qanunvericilik normasının məzmununa əsasən hüquqi şəxsin ləğvi prosesi məhz bu barədə qərar qəbul edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi ilə ləğvetmə prosesi başlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəni həll edərkən məhz sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin məqsədi nəzərə alınmalıdır. Belə ki, qanunvericilikdə hüquqi şəxsin ləğvetmə prosesinin başlanması anı qeyd edilməklə, ləğvetmə prosesinin ümumi müddətinin bir ildən çox olmaması halı, habelə həmin müddətin keçməsinin məhz ləğvetmə prosesinin yenidən başlanmasına səbəb olması qeyd edilmişdir. Göründüyü kimi, qeyd edilən normada, o cümlədən hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilikdə hüquqi şəxsin ləğvetmə prosesinin bir il müddətində başa çatmaması halının onun ləğvi barədə qeydin dövlət qeydiyyatından çıxarılmasına səbəb olması və bu səbəbdən yenidən ləğvi barədə qeydin dövlət reyestrində qeydiyyatdan keçirilməsinə dair hər hansı şərt və buna dair imperativ norma ehtiva olunmamışdır. Bundan əlavə, qanunvericilikdə həmin qeydin qeydiyyatdan çıxarılması və yenidən aparılması əsaslarına dair heç bir göstəriş mövcud olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, həmin halın yalnız ləğvetmə prosesinin yenidən başlanmasına səbəb olması kimi qeyd edilmişdir ki, qeyd edilən normanın məzmununa əsasən ləğvetmə prosesi məhz hüquqi şəxsin ləğvi barədə qərar qəbul edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi ilə başlayır. Eyni zamanda qeyd edilməlidir ki, həmin qeydiyyat məhz hüquqi şəxsin ləğvetmə prosesində olması halını müəyyən etməklə, dövlət reyestrinə də məhz ləğvetmə prosesində olması barədə məlumatlar daxil edilir. İndiki halda hüquqi şəxs tərəfindən onun ləğvi barədə qərar qəbul edilmiş, ləğvetmə komissiyası təyin edilmiş, həmin qərarlar hazırda da qüvvədədir. Hüquqi şəxsin “ləğvetmə prosesi” statusunda olması davam edir, bu halı istisna edən hər hansı yeni hal baş verməmişdir. Belə olduğu halda, cavabdeh inzibati orqanın həmin hala istinad etməklə, hüquqi şəxsin ləğvi barədə qeydin qeydiyyatının reyestrdən çıxararaq, həmin qeydiyyatının yenidən aparılmasını tələb etməsi formal əsaslara söykənməklə, heç bir qanuni əsası mövcud olmamışdır. Bu hal isə özlüyündə iddiaçının hüquqlarının məhdudlaşıdırılmasına səbəb olmaqla yanaşı, mütənasiblik, qənaət, qanunçuluq prinsipilərinin tələbləri ilə uzlaşmır. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, indiki halda hüquqi şəxsin ləğvetmə prosesinin başlanmasını şərtləndirən amillər və qanunla bu məqsəd üçün tələb olunan şərtlər (ləğvetmə barədə qərar qəbul edilməsi, ləğvetmə komissiyasının yaradılması) mövcud olmuşdur. Bundan əlavə, işin müəyyən edilmiş hallarından görünür ki, ləğvetmə prosesinin başa çatdırılmaması səbəbləri iddiaçının təqsirli davranışının nəticəsi kimi ortaya çıxmamışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bundan əlavə qeyd edilməlidir ki, işin müəyyən edilmiş həmin halları mövcud olduğu halda, bir illik müddətdə ləğvetmə prosesinin başa çatdırılmaması halına istinad etməklə, ləğv barədə qeydin qeydiyyatdan çıxarılması halı həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqanın imtinası formal xarakter daşımaqla, qanunvericiliyin norma və prinsiplərinin tələblərinə, mahiyyətinə və məqsədinə zidd olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd edir ki, etirazın əsası kimi istinad edilən hallar ləğvetmə prosesi çərçivəsində də aydınlaşdırılması mümkün olmaqla, müvafiq qeydin qeydiyyatdan çıxarılmasına əsas olan hal kimi çıxış etməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəmısi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, işin müəyyən edilmiş halları tam şəkildə araşdırılmamış, ahbelə həmin hallar qanunvericilik normasının və prinsiplərinin tələbləri baxımından əlaqəli şəkildə təhlil edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-781/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə prosesində olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-140/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-140/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver