Məhkəmə qərarları › İş №2-1(105)-1400/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1400/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1400/2025 21.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-5032/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1966-cı il təvəllüdlüdür. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin sizə dair 5 sentyabr 2024-cü il tarixli 3-14- 20/2-1270/2024 nömrəli arayışında xx.xx.2002-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində Abşeron Regional X1 havasının çirklənməsinin tədqiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən işlədiyi sahə həmin arayışda istinad olunan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərə aid deyil. Bu səbəbdən də, güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən (Əmr №032/k, xx.xx.2002) xx.xx.2018-ci il tarixədək (Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xx.xx.2018-ci il tarixli 365/Ü nömrəli əmri) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Abşeron Regional X1 havasının çirklənməsinin tədqiqi laboratoriyasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. İşlədiyi vəzifələr üzrə sosial sığorta (əmək stajı) 16 il 2 ay 16 gündür. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Milli Hidrometeorologiya Departamentinin Abşeron Regional X1 havasının çirklənməsinin tətbiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. İddiaçı Abşeron Regional X1 havasının çirklənməsinin tətbiqi laboratoriyasında işlədiyi müddətdə atmosfer aerozollarında ümumi aktivliyinin (beta) təyin edilməsində, ətraf mühitin (su, hava) radioaktiv çirklənməsinin təyin edilməsində, şüalanmanın ekspazisiya dozasının ölçülməsi, əhalinin radiasiya təhlükəsindən mühafizəsi və cihazların kalibirlənməsində laboratoriyada istifadə olunan və saxlanılan Radoaktiv, ionlaşdırıcı şüa mənbələri - nuklid tərkibli Stronsium 90-itrium 90 {Sr90+Y90}, Radoaktiv, ionlaşdırıcı şüa mənbələri - nuklid tərkibli Sezium - 137 {Cs137 } və Qamma - Beta spektrometr cihazıları ilə daim təmasda olmuşdur. Buda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 22-ci bəndinin (Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər) 22.1-ci (Müəssisələrdə elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə konstruktor təşkilatlarında və tibb müəssisələrində işlər) və 22.9-cu (Müəssisə, Təşkilatlardakı sənaye - sanitariya laboratoriyalarında, tibb müəssisələrində, dövlət sənaye atom nəzarət inspeksiyalarında və radiasiya təhlükəsizliyi xidmətlərində işlər) yarımbəndlərinin vəzifə koduna uyğundur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun 59 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-cil tarixində onun 59 yaşının tamam olması ilə əlaqədar olaraq, xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən verilmiş arayışı əlavə etməklə DOST Mərkəzində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair cavabdehə müraciət ünvanlamışdır. Müraciətinə cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-M- 51762/2025 nömrəli məktubu ilə imtina verilmişdir. İmtinaya cavabdeh tərəfindən belə əsas gətirilmişdir ki, xx.xx.2002- xx.xx.2018-ci illərdə X2 Müsəssisəsinin Atmosfer çirklənməsinin onun tədqiqi laboratoriyasında mütəxəssis yox, aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Göründüyü kimi, cavabdehin imtinasının səbəbi tamamilə əsassızdır. Belə ki, işlədiyi dövrdə ona qanunverciliyə uyğun olaraq zərərli işlə əlaqədar olaraq müavinətlər verilmiş və güzəştlər tətbiq olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı R.X5 xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1 /2-M-51762/2025 nömrəli imtina məktubuna əsasən iddiaçıya güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin iddiaçıya dair 5 sentyabr 2024-cü il tarixli, 3-14-20/2-1270/2024 nömrəli arayışında xx.xx.2002xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində Abşeron Regional X1 havasının çirklənməsinin tədqiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsində işlədiyi qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən iddiaçının işlədiyi sahə həmin arayışda istinad olunan və yuxarıda qeyd edilən işlərə aid deyildir. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Beləliklə, iddiaçının güzəştli sosial sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-5032/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 07 fevral 2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 59 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərt ödənilməlidir: 1) azı 25 il ümumi iş stajı olmalı və 2) həmin müddətin 10 ili güzəştli iş stajı hesab edilməlidir. İddiaçının xx.xx.1966-cı il təvəllüdlü olmaqla, xx.xx.2025-ci il tarixdə 59 yaşına çatması və azı 25 il ümumi iş stajını toplaması işin mübahisəsiz hallarıdır. Bu halları cavabdeh inzibati orqan da mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası iddiaçının 10 il güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. İddiaçı tərəfindən təqdim edilmiş arayışda və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Milli Hidrometeorologiya Departamentinin Abşeron Regional X1 havasının çirklənməsinin tətbiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsində çalışması və həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 22-ci bəndinin (Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər) 22.1-ci (Müəssisələrdə elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə konstruktor təşkilatlarında və tibb müəssisələrində işlər) və 22.9- cu (Müəssisə, Təşkilatlardakı sənaye - sanitariya laboratoriyalarında, tibb müəssisələrində, dövlət sənaye atom nəzarət inspeksiyalarında və radiasiya təhlükəsizliyi xidmətlərində işlər) yarımbəndlərinin vəzifə koduna uyğun olduğu təsdiq edilir. 32. Güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndi yalnız mütəxəssislərə deyil, həm də aparıcı mütəxəssislərə də şamil olunmalıdır. 33. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuş, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iş yerindən təqdim edilən arayışda Abşeron Regional X1 havasının çirklənməsinin tədqiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Radioaktiv maddələr, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər bölməsində (22) müəssisələrdə, elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübəkonstruktor təşkilatlarında və tibb müəssisələrində işlər bəndində (22.1) radiasiya və ya berilliumun zərərliliyi şəraitində təcrübə, təcrübə-istehsalat və böyüdülmüş laboratoriya qurğularında, radioaktiv xammalın təcrübə sexlərində, sənaye üsulu ilə texnoloji prosesin emalı ilə təkmilləşdirilməsində, atom enerjisi sənayesinin istifadəsində radioaktiv maddələrin, berillium və ondan hazırlanan məmulatların, radioaktiv maddələrin sənaye və təcrübə yolu ilə əldə edilməsi ilə daim məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər, radioaktiv maddələrin aktivliyi 226 radiy 10 milliküridən yüksək olan və ya radioaktiv maddələrin radioaktiv zəhərliliyinin miqdarı ona ekvivalent olan iş yerlərində avadanlığın təmiri ilə daim məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər, berillium məmulatlarının və onun birləşmələrinin istehsalı, həmçinin berilliumkeramiki metal məmulatlarının istehsalının texnoloji prosesində, o cümlədən berillium zərərliliyi şəraitində berilliumla çirklənmiş avadanlıqların təmiri ilə daim məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər vəzifələri və müəssisə, təşkilatlardakı sənaye-sanitariya laboratoriyalarında, tibb müəssisələrində, dövlət sənaye atom nəzarət inspeksiyalarında və radiasiya təhlükəsizliyi xidmətlərində işlər bəndində (22.9) radiasiya və ya berillium zəhərli şəraitdə atom reaktorlarına, atom stansiyalarına və radioaktiv maddələr və berillium istehsallarında xidmətlə daim məşğul olan fəhlələr və mütəxəssislər vəzifələri nəzərdə tutulmuşdur. Müvafiq siyahıda göstərilmiş bölmədə iş stajının güzəştli hesab olunması üçün işçinin işlədiyi sahə bilavasitə həmin arayışda istinad olunan və yuxarıda qeyd edilən işlərə aid olmalı idi. Hansı ki, iddiaçıya iş yerindən verilmiş arayışdan müəyyən olunduğu kimi, onun icra etdiyi iş Abşeron Regional X1 havasının çirklənməsinin tədqiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsi işidir. Yəni sözügedən sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan sahəyə və işlərə aid deyildir. Qanunvericiliyin məhkəmə tərəfindən bu şəkildə geniş təfsiri güzəştli şərtlərlə pensiya hüququnun hüdudlarının əsassız olaraq artırılmasına və dövlətin sosial təminat sisteminə əlavə maliyyə yükü yaranmasına gətirib çıxarır. İddiaçının işlədiyi Atmosfer havasının çirklənməsinin tədqiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsinin fəaliyyət sahəsi atmosfer havasının çirklənməsinin tədqiqi laboratoriyasında ekoloji tədqiqatların cədvəl və kalibrləmə qrafiklərinin tərtib edilməsi, alınmış nəticələrə uyğun gündəlik və aylıq məlumatların təqdim olunmasından ibarət olmuşdur ki, bu sahə də radiasiya təhlükəsizliyi, radioaktiv maddələrlə işləmə və zərərli maddələrlə əlaqəli fəaliyyət sahələrini əhatə etmir. Siyahıya daxil edilməmiş vəzifənin həmin siyahıya oxşar və ya mahiyyətcə yaxın hesab edilməsi hüquqi cəhətdən tamamilə əsassızdır. Beləliklə, məhkəmənin iddiaçının vəzifəsini mahiyyətcə oxşarlıq meyarı əsasında siyahıya uyğun hesab etməsi faktiki halların təhrif edilmiş şəkildə tətbiqi ilə nəticələnmiş və qanunvericiliyin əsassız şəkildə geniş təfsirinə səbəb olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-482/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, “məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunduğu kimi güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərin icrası məqsədləri üçün müəssisəyə daxil olan (alınan, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdılmamış, İddiaçı həqiqətən güzəştli şərtlərlə pensiya almaq hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qeyd olunan halları nəzərə almamış, iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhv yol verilmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (yeni redaksiyada) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktora nturada və klinik ordinaturada təhsil müddəti .... “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2002xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində Abşeron Regional X1 havasının çirklənməsinin tədqiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsində işlədiyini, həmin peşənin müvafiq Siyahıya aid olmadığını əsas gətirərək,iddiaçının güzəştli iş stajına aid olmadığını bildirərək, müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən iddiaçıya 2 saylı siyahı üzrə qeyd edilən yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) qanunla tələb olunan pensiya yaşının tamam olması, 2) azı 25 il ümumi iş satjı və azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1966-cü il təvəllüdlü olmaqla, pensiya yaş həddinə 59 yaş tamamında çatmışdır. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə 25 il ümumi iş stajına malik olması halını qəbul etmişdir. Həmçinin, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası və digər sənədlər əsasında iddiaçının qanunla tələb olunan 25 il ümumi iş stajına mlik olması halı öz təsdiqini tapmışdır Cavabdeh inzibati orqan iddiaçının xx.xx.2002-xx.xx.2018-ci illərdə iddiaçının aparıcı mütəxəssis peşəsində işlədiyini, müvafiq Siyahı üzrə isə güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi mütəxəssis peşəsi qeyd edildiyindən, iddiaçının güzəştli iş stajına malik olmadığını bildirir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi dövrdə iddiaçı Abşeron rayonu X1 havasının çirklənməsinin tədqiqi laboratoriyasında aparıcı mütəxəssis vəzifəsində işləmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, işəgötürən müəssisə tərəfindən iddiaçının işlədiyi peşənin müvafiq Siyahı üzrə 22-ci bəndinin 22.1 və 22.9-cu yarımbəndinə uyğun olması, habelə gördüyü işin xarakteri, əmək funskiyası və peşənin uyğunluğu barədə ətraflı arayış təqdim edilmiş, iddiaçının 16 il 2 ay 16 gün güzəştli iş stajına malik olduğu qeyd edilmişdir. İndiki halda isə cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, formal yanaşma tətbiq etmişdir. İşin müəyyən edilmiş həmin halları özlüyündə cavabdehin imtina və şikayətinin dəlillərini təkzib etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının qanunla tələb olunan güzştli iş stajına malik olmaması ilə bağlı arqumenti əsassız olmaqla, mübahisələndirdiyi dövrləri güzəştli iş stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçı barəsində güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün qanunla tələb olunan hər üç şərtin (pensiya yaş həddi, ümumi iş stajı və güzəştli iş stajı) ödənilməsi müəyyən edildiyindən, iddianın əsaslılığı öz təsdiqini tapmış, cavabdehin şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-5032/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar