Məhkəmə qərarları › İş №2-1(105)-1402/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1402/2025

10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1402/2025 10.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə X2rşı “diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(118)-1811/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2019-cu il tarixdə X10 Akademiyasına qəbul olunmuş, 2023-cü ildə Avqustin Voloşin adına Karpat Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə təhsil almış və ona xx.xx.2023-cü il tarixli B23, 185503 nömrəli bakalavr diplomu verilmiş, həmin diplom Ukranya Respublikasının səlahiyyətli qurumu tərəfindən apostil olunmuşdur.

2. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli B23, 185503 nömrəli bakalavr diplomun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2024-cü il tarixli, NA00029937 nömrəli qərarı ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil aldığı ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə ümumiyyətlə olmaması müəyyən edilmişdir. Belə ki, ərizəçinin faktiki təhsil aldığı alt təhsil müəssisəsinin Gürcüstandakı filialı qanuni əsaslar olmadan fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” nın 3.10.1-ci, 4.1.1 və 4.1.4-cü yarımbəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələblərin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Yuxarıda göstərilənləri nəzərə alaraq ərizəçinin xarici ali təhsilə dair ixtisasının kvalifikasiyasının tanınmasından imtina edilmişdir.

4. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, qanuni əsaslarla fəaliyyət göstərən X8 adına Karpat Universitetinin Ujqorod İlahiyyat Akademiyası tərəfindən verilmiş B23 № 185503 nömrəli, 29 dekabr 2023-cü il tarixli diplomun tanınması öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, B23 185503 nömrəli, 29 dekabr 2023cü il tarixli diplomuna əlavənin Ukrayna dilində, İngilis dilində və Azərbaycan dilində tərcümə edilmiş nüsxələrinin notarial təsdiqli surətlərindən görünür ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada Ukrayna Respublikasında Zakarpatska rayonu, Ujqorodda yerləşən Avqustin Voloşin adına Karpat Universitetində təhsil alıb keçirilmiş bütün fənlər üzrə müsbət qiymətlər almışdır. İddiaçı B23 185503 nömrəli, 29 dekabr 2023-cü il tarixli diplomumun tanınması üçün qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edilmiş, lakin müraciətin icrasından imtina verilmişdir. Cavabdehin yazdığı belə imtina qərarı ilə razılaşmır, çünki təqdim edilən notarial təsdiqli sənədlərdən (diplom, diploma əlavə və apostil) görünür ki, iddiaçı Gürcüstanda deyil, Ukraynada təhsil alıb bakalavr dərəcəsi almışdır. Ona görə də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin iddiaçıya göndərdiyi NA00029937 nömrəli, xx.xx.2024-cü il tarixli imtina qərarı əsassız olmaqla ləğv edilməlidir.

6. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh orqan iddiaçının müraciəti üzrə aparılan inzibati icraat zamanı iddiaçının xarici ali təhsil aldığı ölkədə müddətinin aşağıdaki kimi olduğunu müəyyən etmişdir: - 16 yanvar 2019-cu tədris ili üzrə - getməyib, - 2019/2020-ci tədris ili üzrə -1-ci yarımil getməyib, İİ semestr pandemiya dövrü, - 2020/2021-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü), - 2021/2022-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü). - 2022/2023-ci tədris ili üzrə getməyib.

7. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və 05 iyul 2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir.

8. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2-1(102)-265/2020 saylı, 16 fevral 2021-ci il tarixli, 2-1(102)-251/2021 saylı qərarlarına, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, prosessual hüquqi əsası kimi İPM-in 73.3-cü maddəsinə istinad edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1811/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Könül Həbibova).

10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Onun ümumi tədris illər ərzində Ukrayna ərazisində olmamaqla müəyyən olunur ki, iddiaçı auditoriya dərslərində Azərbaycan Respublikasında nəzərdə tutulmuş əsas standartlara uyğun iştirak etməmişdir. Bu səbəbdən də, məhkəmə cavabdehin etirazının dəlili ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğu üçün iddia təmin edilməməlidir.

11. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2019-cu ildə Avqustin Voloşin adına Karpat Universitetinin hüquqşünaslıq fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuşdur. Dərslər 2019-cu ilin noyabr ayından başlayıb. Semestr imtahanları başlayan zaman artıq pandemiya olduğundan dərslər, imtahanları onlayn qaydada olmuşdur. Sonradan da Ukraynada müharibə başladı, yenə gediş-gəliş mümkün olmadı, dərslər onlayn qaydada davam etdi. 2023-cü ildə də həmin universitetin hüquqşünaslıq ixtisası üzrə Bakalavr diplomunu almışdır. Onunla eyni gündə eyni universitetə, eyni fakültəyə qəbul olmuş, eyni qiymətlərlə oxumuş və bir gün də olsun Ukraynada olmamış, təhsilini də onun kimi onlayn qaydada başa vurmuş yaxın qohumu X4 diplomunu cavabdeh orqan tanımışdır. İlk əvvəl qeyd etdiyi şəxsə də, onun kimi imtina cavabı verilmiş, sonradan inzibati orqan onun diplomunu tanımışdır. Bütün təhsil meyarları eyni olduğu halda onun diplomunun tanınmaması səbəbini bilmir. Belə hesab edir ki, cavabdeh eyni vəziyyətdə olan şəxslərə müxtəlif münasibət göstərmiş, ona qarşı qərəzli olmuşdur. Məhkəmə də işin faktiki hallarını, cəmiyyət üçün qəbul olunmuş, sübuta ehtiyacı olmayan halları görməzdən gəlməklə onun barəsində qərəzli qərar qəbul etmişdir. Pandemiyanın və ya müharibənin olması, həmin dövrdə təhsilin onlayn olması hamıya məlum olduğu halda onun təhsil aldığı dövrdə Ukraynada olmamağını əsas götürərək iddiasının rədd olunmasını əsassız hesab edir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

15. Maddə 1. Əsas anlayışlar 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd;

Maddə 27. Təhsil haqqında dövlət sənədi (-) 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri (-) 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; (-) Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-) 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: (-) 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

19. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli, 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.5-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

20. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

25. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya məxsus xx.xx.2023-cü il tarixli B23, 185503 nömrəli bakalavr diplomunun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsindən imtinası təşkil edir. Cavabdehin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının Ukraniya Respublikasında ümumiyyətlə olmaması əsası ilə ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

27. Belə ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətinin dəlillərində distantqiyabi formasında təhsil aldığını, təhsil müddəti ərzində dərslərə online qoşulduğunu, sonradan Ukranya Respublikası və Rusiya Federasiyası arasında gedən müharibələr səbəbindən gedə bilmədiyini bildirmişdir.

28. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

29. Hazırki işin xüsusi halları baxımından, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda, onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və buradan hərəkətlə Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu müəyyən olunmur. Belə ki, iddiaçı 2019-cu ildə təhsil müəsissəsinə daxil olmuş və 2023-cü il tarixdə təhsilini başa vurmuşdur. Həmin tədris illəri üzrə təhsil aldığı ölkəyə gediş-gəlişi aşaığıkı kimi omuşdur: - 16 yanvar 2019-cu tədris ili üzrə - getməyib, - 2019/2020-ci tədris ili üzrə -1-ci yarımil getməyib, İİ semestr pandemiya dövrü, - 2020/2021-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü), - 2021/2022-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü). - 2022/2023-ci tədris ili üzrə getməyib.

30. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də, iddiaçının vəziyyətinə münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.

31. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.

32. Hazırkı işdən görünür ki, iddiaçı İ, İİ, İİİ və İV tədris ili üzrə təhsil aldığı ölkəyə, ümumiyyətlə, getməmişdir. Deməli, o, İ-İV kurslarda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. İddiaçının dəlili ondan ibarətdir ki, həmin dövrlərdə tədrisdə iştirakı distant formada baş tutmuşdur. Bunun səbəbi kimi həmin illərin pandemiya və müharibə şəraiti ilə əlaqələndirilir.

33. Kollegiya, iddiaçının qeyd etdiyi konstektdə xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin, burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır.

34. Belə ki, iddiaçının təhsil ili 2018/2019-cu ildən – 2022/2023-cü illər arası olmuş və o təhsilini rəsmi olaraq 2018/2019-cu ilin təhsil ili üzrə 2019-cu ilin yanvar ayından (ikinci semenstrindən) başlamışdır. Həmin 2019-cu ilin yanvar ayından sentyabr ayına kimi isə ölkə üzrə rəsmi pandemiya elan edilməmiş və təhsil davam etdirilməsinə baxmayaraq iddiaçı dərslərində iştirak etməmişdir. Yalnız 2019/2020-ci iladə daxil olmaqla (2019sentyabrdan- ikinci tədrsi ilinin birinci semestrindən) güzəştlər tətbiq edilmişdir.

35. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir.

36. İddiaçı tərəfindən sözügedən tələbə riayət olunmamışdır. Kollegiya, həmçinin nəzərə alır ki, qeyd edilən iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır.

37. İddiaçının apellyasiya şikayətinin digər dəlili isə onunla eyni gündə eyni universitetə, eyni fakültəyə qəbul olmuş, eyni qiymətlərlə oxumuş və bir gün də olsun Ukraynada olmamış, təhsilini də onun kimi onlayn qaydada başa vurmuş yaxın qohumu X4 diplomunu cavabdeh orqan tanındığı halda onun diplomunun tanınmaması olmuşdur. İddiaçının qeyd olunan apellyasiya şikayətinin dəlili mütanasiblik prinsipi əsasında yoxlanılması üçün cavabdehə müvafiq sorğu ünvanlanmışdır.

38. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2026-cı il tarixli 3-29-61/2-73/2026 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, məhkəmə sorğusuna müvafiq olaraq aparılmış araşdırmada müəyyən olundu ki, hazırkı iş üzrə İddiaçı inzibati icraata təqdim etdiyi diplom əlavəsinə əsasən onun təhsil müddətinin başlanğıc tarixi xx.xx.2019-cu il kimi təsbit olub. Yəni, iddiaçının universitetdə təhsil aldığı ilk tədris ili 2018-2019-cu tədris ilinin ikinci yarımili olmuşdur. Bu məlumat iddiaçının agentliyə təqdim etmiş olduğu diplom əlavəsinin 6.1.2-ci yarımbəndində öz əksini tapmışdır. İddiaçı, hər hansı bir fors-major halı baş verməməsinə baxmayaraq təhsil aldığı dövrün birinci və ikinci yarımillərində ümumiyyətlə təhsil aldığı ölkənin ərazisində olmamış, pandemiya isə onun təhsil dövrünün üçüncü yarımilinə təsadüf etmişdir. Məhkəmə sorğusunda adı qeyd olunan vətəndaş X1 xx.xx.2025-ci il tarixli müraciəti əsasında xx.xx.2025-ci tarixli, B24 № 000440 nömrəli akademik tanınma haqqında şəhadətnaməni əldə etmişdir. X1 təqdim etdiyi diplom əlavəsinin 6.1.2-ci yarımbəndində qeyd olunanlara əsasən iddiaçıdan fərqli olaraq təhsilinə 2019-cu ilin yanvar ayından deyil, sentyabr ayından başlamışdır. Bu isə onu deməyə əsas verir ki X9 təhsilinə 2019-2020-ci tədris ilində başlamışdır. Nəzərə alsaq ki, həmin tədris ilində koronavirus pandemiyası baş vermiş və daha sonra Ukrayna Respublikasında müharibə şəraiti yaranmışdır, onun xarici kvalifikasiyanı əldə etdiyi ölkənin ərazisində normativ qalma müddəti ilə bağlı Agentlik tərəfindən güzəşt tətbiq olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nın 2.9-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30dan çox olmamalıdır və qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180- 240 saat nəzərdə tutulur. Bu da həftəlik maksimum 30 saatlıq yolverilən tədris yükü nəzərə alındıqda ümumilikdə il ərzində 6-8 həftəlik müddətdə faktiki olaraq cəlb olunmaqla tədrisdə iştirakı zəruri edir. Buna əlavə olaraq hər bir tələbənin qiyabi təhsilalma forması üzrə hər semestr üzrə 1 həftə ümumilikdə il ərzində 2 həftəlik imtahan sessiyalarında iştirak tələbi mövcuddur.

39. Məhkəmə kollegiyası sorğunun cavabı ilə iddiaçının qeyd olunan apellyasiya şikayətinin dəlilini nəzərə alaraq qeyd edir ki, iddiaçı ilə müqayisə edilən şəxs X4 təhsil dövrü pandemiya və sonrakı dövrdə yaranmış müharibə şəraiti ilə üst-üstə düşmüş, bu səbəbdən onun barəsində xarici dövlətin ərazisində normativ qalma müddəti ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən güzəşt tətbiq edilmişdir. İddiaçının təhsilinin ilkin mərhələsi olaraq belə fövqəladə hallarla əhatə olunmamış, o, təhsilinin ilk illərini, yəni 2018-ci ildə mövcud 1-ci smestr dərslərini hər hansı obyektiv maneə olmadan təhsil aldığı ölkənin ərazisində olmamışdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı qiymətləndirilərkən yalnız formal bərabərlik deyil, eyni zamanda faktiki halların eyniliyi də nəzərə alınmalıdır. Bu baxımdan, iddiaçı tərəfindən müqayisə predmeti kimi göstərilən hal ilə onun öz vəziyyəti arasında mühüm fərqlər mövcuddur. Belə ki, X4 təhsil aldığı dövr beynəlxalq miqyasda tanınmış fövqəladə hallar – qlobal pandemiya və sonradan yaranmış hərbi vəziyyətlə səciyyələnmişdir ki, bu hallar təhsil prosesinin ənənəvi qaydada təşkilini obyektiv olaraq mümkünsüz etmişdir.

41. Buna qarşılıq olaraq, iddiaçının təhsilinin başlanğıc mərhələsində belə halların mövcud olmaması onun xarici dövlətin ərazisində faktiki iştirak etməməsini obyektiv səbəblərlə izah etməyə imkan vermir. Bu isə inzibati orqanın fərqli yanaşmasının hüquqi baxımdan əsaslı olduğunu göstərir.

42. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, mütənasiblik prinsipi yalnız inzibati orqanın qərarının sərtliyinin deyil, həm də tətbiq olunan tədbirin konkret hallara uyğunluğunun qiymətləndirilməsini tələb edir. Cavabdeh orqan tərəfindən tətbiq olunan yanaşma iddiaçının fərdi hallarını, onun təhsil dövrünün xüsusiyyətlərini və qüvvədə olan normativ tələbləri nəzərə almaqla formalaşdırılmışdır. Bu səbəbdən, həmin qərarın qeyrimütənasib olduğu qənaətinə gəlmək üçün əsaslar mövcud deyildir.

43. Eyni zamanda, bərabərlik prinsipi inzibati hüquqda o demək deyildir ki, bütün hallarda fərqli faktiki şəraitə malik şəxslərə eyni hüquqi nəticə tətbiq edilməlidir. Əksinə, bu prinsip tələb edir ki, hüquqi cəhətdən əhəmiyyətli fərqlər nəzərə alınsın və bu fərqlər əsasında diferensial yanaşma tətbiq edilsin. Bu mənada, iddiaçının istinad etdiyi müqayisə nümunəsi hüquqi baxımdan “oxşar vəziyyət” meyarına cavab vermir.

44. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, xarici kvalifikasiyaların tanınması sahəsində tətbiq edilən qaydalar tələbənin təhsil prosesində real iştirakını, o cümlədən təhsil aldığı ölkə ilə akademik əlaqəsinin mövcudluğunu təmin etməyə yönəlmişdir. Bu tələblər təhsilin keyfiyyətinin qorunması və formal diplomların qarşısının alınması məqsədi daşıyır. İddiaçının isə təhsilinin mühüm hissəsində bu tələblərə əməl etməməsi onun diplomunun tanınmaması barədə qəbul edilmiş qərarın legitim məqsədə xidmət etdiyini göstərir.

45. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən irəli sürülmüş müqayisə arqumenti faktiki və hüquqi baxımdan əsaslı deyildir. Cavabdeh orqanın müxtəlif şəxslər üzrə fərqli qərar qəbul etməsi onların vəziyyətlərinin eyni olmaması ilə izah olunur və bu hal ayrı-seçkilik və ya bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

47. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1811/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar