Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1409/2025 22.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “ona əlilliyin dayandırıldığı vaxtdan orqanizmin funsiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(118)-4509/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona əlilliyin dayandırıldığı vaxtdan orqanizmin funsiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdeh tərəfindən qəbul edilmiş 19 avqust 2024-cü il tarixli “Əlilliyin təyin olunmaması barədə” qərarın ləğv edilməsi, ona həmin tarixdən sağlamlıq imkanlarının pozulmasının 65-80% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü il tarixində anadan olmuş, 1994-cü ildə hərbi xidmət zamanı sol baldır və sol pəncəsindən güllə yarası almışdır. Ambulator kitabçadan çıxarışdan görünür ki, diaqnoz olaraq “Sol baldırın və sol pəncənin silah yaralanması. Sol qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Baldırın ön hissəsinin ağrılı dəri çapığı. Sol pəncənin İİİ, İV və V ayaqdarağı sümüklərinin defektlə qeyri-düzgün bitişmiş sınığı. İİİ, İV və V daraq sümüklərinin sinostozu. Sol aşıq- baldır oynağının kontrakturası (bükmə 100 dərəcə, açma 80 dərəcə). Sol ayaq İİİ daraq sümüyü lateral pazvari sümük birləşməsinin ankilozu, sümüklərin osteoporozu. Sol metatarsal oynaqların posttravmatik artrozu, ağrı sindromu ilə. Obliterasiyaedən trombangiit (Byurger xəstəliyi). Hər iki aşağı ətrafın baldır arteriyaların okluziyası. Reyno sindromu. Aşağı ətrafların İİ-İİİ dərəcə xroniki işemiyası. Sol incik sinirinin neyropatiyası. Sol baldır, pəncə əzələlərinin atrofiyası. Yerişin çətinləşməsi.” qeyd edilmişdir. Əlillik vəziyyəti ilə bağlı cavabdehə ərizə ilə müraciət edilmişdir. Müraciətə cavab olaraq göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Hesab edir ki, qanunvericilik normalarına əsasən cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərarı mübahisələndirməmişdir. Həmin qərarı mübahisələndirməklə əlaqədar iddiaçının 30 gün müddətində məhkəməyə şikavət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə şikayət etmişdir. İddiaçı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(118)-4509/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya əlilliyin imtina olunması barədə bildiriş ona xx.xx.2024-cü ildə cavabdeh tərəfindən təqdim edilməsinə baxmayaraq, iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini xx.xx.2025-ci ildə məhkəmədə mübahisələndirmişdir. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və inzibati işə mahiyyəti üzrə baxılması məqsədi ilə birinci instansiyaya qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti ilə bağlı tərəflərindən cavabdehə ərizə ilə müraciət edilmişdir. Lakin sözügedən müraciətdən 35 gün keçməsinə baxmayaraq cavabdeh tərəfindən cavab məktubu göndərilməmiş və ya hər hansı prosessual hərəkət həyata keçirilməmişdir. Müraciətinə cavabı yalnız xx.xx.2025-ci il tarixli, 3-17-4/2-409/2025 nömrəli məktubla ala bilmiş, bu zaman isə müraciətinin üstündən xeyli zaman ötmüşdür. Cavab məktubunda bildirilmişdir ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı inzibati orqanın bu qərarının qanunsuz olduğu üçün üçün inzibati orqana qarşı “əlilliyin dayandırıldığı vaxtdan orqanizmin funksiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmiş və iddia tələbinin təmin olunmasını birinci instansiya məhkəməsindən xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2-1(118)-4509/2025 saylı qərardad qəbul edərək iddiaçının iddia tələbini mümkün saymamışdır. Səbəb kimi qərarı mübahisələndirmək üçün iddiaçının 30 gün ərzində məhkəməyə şikayət etmək müddətini ötürdüyü göstərilmişdir. Qeyd etmək lazımdır ki, tərəflərindən birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edilmiş, məhkəmə-tibbi ekspertizasının keçirilməsi məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə bu vəsatəti də təmin etməmişdir. Hesab edilir ki, inzibati məhkəmə icraatında baxılan iş üzrə məhkəmə faktiki halları düzgün araşdırmamış və nəticədə qanunsuz qərardad qəbul etmişdir. Belə ki, məhkəmə qərardadı qəbul edərkən mərhələlilik və proporsionallığı nəzərə almamış, inzibati orqanının qərarının hüququ uyğunluğu yoxlanılmamış və müddətin bərpası məsələsi məhkəmə tərəfindən tam araşdırılmamışdır. Bundan əlavə inzibati akt vətəndaşa rəsmi qaydada təqdim edilməmiş, ona rəsmi qaydada məktub göndərildikdən sonra məhkəməyə müraciət edilmişdir Məhkəmə iclas protokollarına baxış keçirildikdə müəyyən edilə bilər ki, bütün məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı bütün xüsusatlara iddiaçının nümayəndəsi (vəkili) tərəfindən münasibət bildirilmişdir. İddianın mümkünlüyünə qiymət verildikdən sonra ekspertiza keçirilməsi barədə qərardad qəbul edilmişdir. İş məhkəmənin icraatına qaytarıldıqdan sonra AR İPM 13-cü maddəsinə əsasən iddianın mümkünlüyünə baxılması iddiaçının nəzərinə çatdırılmadan qərardad qəbul edilmişdir. Bu isə AR İPM-in 13 və 35-ci maddələrinə ziddir. b) Cavabdeh inzibati orqan apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələbi inzibati orqanın üzərinə onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir. Hazırkı iddia hüquqi təbiəti baxımından məcburetmə haqqında iddialara aiddir. Bu növ iddialarda imperativ norma olan 30 günlük müddət şamil olunur. Təqdim edilən SMS bildirişdən görünür ki, iddiaçıya əlilliyin imtina olunması barədə bildiriş ona xx.xx.2024-cü ildə təqdim edilməsinə baxmayaraq, iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini xx.xx.2025-ci ildə məhkəmədə mübahisələndirmişdir. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. SMS bildirişin məzmununda hüquq və müdafiə vasitələri elan edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Maddə 55.3 Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona əlilliyin dayandırıldığı vaxtdan orqanizmin funsiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 2.1-ci bəndində qeyd olunur ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından göründüyü kimi iddiaçının vəkili və nümayəndəsi tərəfindən prosessual müddətin bərpasına dair 03 iyul 2025-ci il tarixli ərizə təqdim olunmuşdur. Sözügedən ərizədə qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən, yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, qəbul olunma tarixi, qeydiyyat nömrəsi və s. kimi məlumatlar əks olunmalıdır. Lakin sözügedən qərar onlara rəsmi qaydada təqdim olunmadığından həmin qərarın və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6086/2024 nömrəli qərarın rekvizitləri onlara yalnız 19 may 2025-ci il tarixində keçirilən məhkəmə iclası zamanı iddiaya dair yazılı etiraza əlavə olunmuş iş materialları ilə tanış olduqdan sonra bəlli olmuşdur. Bu səbəbdən hesab edirlər ki, tərəflərindən iddia ərizəsinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən prosessual müddətin bərpasına dair ərizəyə və ərizədə qeyd olunan dəlillərə münasibət bildirməmiş, əksinə işə mahiyyəti üzrə baxılmasına davam etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 4509/2025 nömrəli, 18 iyul 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert rəyi əldə edilmişdir. Ekspert rəyinin verilməsində cavabdehin nümayəndəsi iştirak etmiş, həmin rəy məhkəməyə daxil olduqdan sonra isə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir.
Göründüyü kimi inzibati iş məhkəmənin icraatına daxil olduqdan 10 ay sonra işin mahiyyəti üzrə araşdırılması istiqamətində zəruri sorğu verilib, ekspertiza təyin edilib daha sonra iddianın mümkün sayılmaması iddiaçının hüquqlarının əsassız olaraq pozulmasına səbəb olmuş, eləcə də uzun müddət davam edən məhkəmə araşdırmasının mahiyyətinə zidd olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yenidən birinci instansiya məhkəməsində icraat aparılarkən iddiaçı tərəfindən prosessual müddətin ötürülüb-ötürülməməsinə, ötürüldüyü halda müddətin bərpası ilə bağlı ərizəyə hüquqi qiymət verilməli, iddiaçının hüquqları qorunmalıdır. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini pozmuş və lazimı araşdırma aparmadan iddianı mümkün hesab etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməkdə haqlı olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə hazırki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi iddiaçının konstitusion məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından zəruridir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(118)-4509/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “ona əlilliyin dayandırıldığı vaxtdan orqanizmin funsiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.