Məhkəmə qərarları › İş №2-1(105)-141/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-141/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-141/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “DT və XK-si tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 28xx xxx 30320018 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-468/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının vəkili, nümayəndəsi Vəkil və vəkili X2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı DT və XK-si tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 28xx xxx 30320018 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı adına çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2005-ci il tarixində İddiaçı və Quba rayonu 2-ci Nügədi bələdiyyəsi arasında Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən 5.00 hektar torpaq sahəsinin alğı-satqısına dair müqavilə bağlanmışdır. Daha sonra, həmin torpaq sahəsinə dair İddiaçı adına xx xxx 2006-cı il tarixli JN 28xx xxx 30320018 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. İddiaçı xx xxxxxx 2019-cü il tarixində həmin torpaq sahəsinə dair çıxarışın alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin inzibati orqan əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 9.11-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış verməlidir. İddiaçı 2005-ci ildən torpaq sahəsi almış, müvafiq sənədlər əldə etmişdir. Dövlət Aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş qeydiyyat kitablarında öz əksini tapmaması iddiaçının hüquqlarını pozmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-468/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim İsmayıl Quliyev) Qərardan iddiaçının vəkili, nümayəndəsi Vəkil və vəkili X2 apelyasiya şikayəti vermişdirlər. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticəni ilk olaraq onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus JN-28xx xxx 30320018 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının arxiv nüsxəsi aşkar edilməmişdir. Həmin Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmamışdır. Məhkəmənin göstərdiyi bu arqument iddia tələbinin rədd edilməsi üçün əsas deyil və iddiaçıya verilmiş "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının etibarlığını şübhə altına sala bilməz. Belə ki, həmin sənəd qanunvericiliyə uyğun qaydada iddiaçıya səlahiyyətli orqan tərəfindən, yəni Quba rayonu 2-ci Nügədi Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarı əsasında verilmişdir. Sözügedən bələdiyyə qərarı məhkəmə qərarı ilə ləğv edilməyənə, yaxud etibarsız sayılmayana qədər, onun əsasında verilmiş hüquqi sənəd, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı şübhə altına alına bilməz. Qeyd olunan bələdiyyə qərarı cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Dövlət aktının elektron baza məlumatlarında yaxud təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeyd edilməməsinin məsuliyyəti vətəndaşın deyil, həmin qurumun üzərinə düşür. İkincisi, həmin qeydlərin olmamasını cavabdeh qeyd edir ki, onun verdiyi məlumat isə qərəzli və birtərəfli ola bilər. Birinci instansiya məhkəməsi hazırki mübahisəyə baxarkən, cavabdeh inzibati orqanın ilkin imtinasının əsaslarını nəzərə almamışdır. İddiaçının müraciətini cavabdeh orqan xx xxxxxx 2019-cu il tarixli, **********24 nömrəli cavab məktubu ilə o əsasla təmin etməmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 28xx xxx 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında uyğunsuzluq yaranmışdır. Əgər mübahisəli akt barədə müvafiq baza məlumatlarında hər hansı bir qeyd yoxdursa, cavabdeh uyğunsuzluğu nəyin əsasında müəyyən etmişdir?! Yox, əgər cavabdeh yalan məlumata istinad edərək iddiaçının müraciətinə məhəl qoymamışdırsa, hansı səbəbdən məhkəmə cavabdehin məhkəmə prosesində verdiyi imtinanın əsaslarına təkzibedilməz həqiqət statusunu vermişdir?! Bundan başqa, mübahisəli torpaq sahəsinə dair aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin möhürü, həmçinin həmin torpaq sahəsinin alğı-satqı predmeti ola bilməsi barədə sözügedən qurumun rəyi olduğu halda, həmin akt barədə qeydin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət aktlarının verilməsi kitabında olmaması qeyri-mümkündür. Birinci instansiya məhkəməsinin qərarında bildirilir ki, JN 28xx xxx 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən koordinatlara əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 torpaq sahəsinin 3.5 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 1,50 ha hissəsi isə meşə zolağı kimi göstərilmişdir. Əvvəla, sözügedən aktla tanış olduqda orada örüş və meşə zolağı kimi qeydin olmamasını müəyyən etmək olar. Sözügedən aktın tərkib hissəsi olan torpaq sahəsinin qaiməsindən görünür ki, qaimədə suvarılan, dəmyə, çoxillik əkmələr, örüş qrafaları boş göstərilmiş, iddiaçıya məxsus torpaq sahəsi "sair sahələr" qrafasının içində yer almışdır. Bundan başqa, məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 bildirmişdir ki, iddiaçıya məxsus əraziyə meşə idarəsinin topoqrafının iştirakı ilə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, həmin ərazilər meşə fonduna aid deyildir. Eyni məzmunlu cavab Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci i tarixli, 345 saylı məktubunda da öz əksini tapmışdır. Məhkəmə isə birbaşa vəzifəsi meşə fondunun qorunması olan nazirliyin rəyini nəzərə almayaraq, yalnız cavabdehin mövqeyini qərarının əsasına qoymuşdur. Birinci instansiya məhkəməsinin gətirdiyi növbəti arqument o olmuşdur ki, Quba rayonu 2-ci Nügədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarında iddiaçıya satılan 5.00 hektar torpaq sahəsinin kənd təsərrüfatına yararlı olduğu göstərilmişdir. Qərarda həmin qeyd qələmlə yazılmış və texniki bir səhv olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi satılan vaxt qüvvədə olan qanunvericiliyə əsasən, torpaq sahəsi satılmamışdan əvvəl onun alğı-satqı obyekti olubolmaması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rəy verməli idi. Birinci instansiya məhkəməsinin qərəzliliyi özünü onda büruzə vermişdir ki, məhkəmə öz qərarında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyinə münasibət bildirməmişdir. Həmin rəydə bildirilir ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi 5,0 ha olmaqla İİ Nügədi bələdiyəsinin mülkiyyətinə aiddir və alğı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kəndin perspektiv inkişaf fonduna aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Halbuki, hazırkı mərhələdə cavabdeh qurumun iddiaçıya məxsus torpaq sahəsinin alğı-satqı obyekti olub-olmamasını müəyyən etməyə səlahiyyəti olmamış, həmçinin sözügedən hal məhkəmə mübahisəsinin predmeti də olmamışdır və ola da bilməzdi. Məhkəmə, həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, çıxarışın verilməsi barədə müraciət olarkən, cavabdeh qurum çıxarış verməmişdən əvvəl daşınmaz əmlakın dövlət reyestrini apararkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamalıdır. İddiaçı çıxarışın verilməsi barədə müraciət etdikdən sonra inzibati orqan tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, guya JN 28xx xxx 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadında uyğunsuzluq vardır. Məhkəmə prosesində isə belə bir uyğunsuzluğun olmaması cavabdeh tərəfindən etiraf edilmişdir. Odur ki, hazırkı məhkəmənin predmetini mübahisəli torpaq sahəsinin alğı-satqı predmetinin olub-olmamasına çevrilməsi qanunsuz və əsassızdır. Beləliklə, iddiaçının cavabdeh quruma təqdim etdiyi sənəd qanuna müvafiq qaydada verilmiş sənəddir ki, (JN 28xx xxx 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı) həmin sənəd hazırda da nə etibarsız hesab edilməmiş, nə də ki, ləğv edilməmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili X2 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə qeyd edilən tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 9.11-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış verməlidir. Birinci instansiya məhkəməsini iddia tələbini təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Quba rayonu 2-ci Nügədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarında iddiaçıya satılan 5.00 hektar torpaq sahəsinin kənd təsərrüfatına yararlı olduğunun göstərilməsi, JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktının arxiv nüsxəsi aşkar edilməməsi, həmin Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmaması, JN-28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 1.50 ha hissəsi isə meşə zolağı kimi torpaq sahəsi olduğu müəyyən edilməsi inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan DT və XK-si tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 28xx xxx 30320018 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı adına çıxarışın verilməsindən imtina edərkən ilk öncə ona istinad etmişdir ki, JN 28xx xxx 30320018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş qeydiyyat kitablarında öz əksini tapmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya dövlət aktı Quba rayonu, İİ Nügədi bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 19 saylı qərarı əsasında verilmişdir. Həmin qərar isə hazırda qüvvədədir. Torpağa mülkiyyət hüququna dair həmin dövlət aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş qeydiyyat kitablarında öz əksini tapmaması iddiaçının təqsirindən baş verməmişdir. Dövlət aktının baza məlumatlarında və qeydiyyat kitabında əksini tapması müvafiq orqanın vəzifəsidir. Daha sonra, cavabdeh qeyd etmişdir ki, 28xx xxx 30320018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsinin elekton məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 1.5 ha hissəsinin isə meşə zolağı kimi torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Halbuki, iş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinin 345 nömrəli, xx xxxx 2020-ci il tarixli (səh. 79) məktubunda göstərilmişdir ki, İİ Nügədi kənd sakini İddiaçı aid torpaq mülkiyyəti hüququna dair dövlət aktından göstərilən döngə nöqtəsi koordinatları yoxlanılaraq müəyyən olundu ki, həmin ərazi meşə quruluşu xəritə və planşetlərində öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məktub daxil olmuşdur. Xəritələr Quba RMTM idarəsində olduğu üçün həmin idarəyə sorğu olunmuşdur. Quba RMTM-nin xx xxxx 2020-ci il tarixli, 345 saylı məktubunda Quba rayonu İkinci Nügədi kənd sakini İddiaçı aid torpaq mülkiyyəti hüququna dair Dövlət Aktında göstərilən döngə nöqtəsi koordinatları yoxlanılaraq həmin ərazinin meşə quruluşu xəritə və planşetlərində öz əksini tapmadığının müəyyən olunduğu bildirilmişdir. Əraziyə meşə idarəsinin topoqrafının iştirakı ilə baxış keçirilib. Rəyə əsasən sorğuya cavab verilib, ərazi xəritələrə əsasən meşə fonduna aid deyil. 1996-cı ildə təhvil təslim olub. Ərazi meşə təsərrüfatına bitişik olan ərazidir. Meşə yerinə bitişik sovxoz ərazisi olub. Sonra həmin ərazi bələdiyyəyə verilib. Təhvil təslim zamanı ola bilsin ki, koordinatlar bazaya yerləşdirilməsin. Göründüyü kimi, iddiaçının istifadəsində olan 5.0 ha torpaq sahəsinin 1.5 ha hissəsinin meşə zolağı kimi torpaq sahəsi olmadığı öz təsdiqini tapdığı halda, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Torpaq sahəsinin alğı-satqı predmeti olmaması barədə cavabdehin etirazının dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Quba rayonu, İİ Nügədi bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 19 saylı qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndinin bələdiyyə ehtiyat fondunun alğı-satqı predmeti olan torpaq sahəsində alğı-satqı qaydasında iddiaçıya sahibkarlıq məqsədilə 5.0 ha torpaq sahəsi satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin iddiaçıya bələdiyyə mülkiyyətindən 5.0 ha torpaq sahəsi satılması barədə təqdim edilmiş sənədlərə dair rəyindən isə görünür ki, iddiaçıya satılması nəzərdə tutulan 5.0 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və alğı-satqı predmetidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin yuxarıda adı çəkilən qərarı qüvvədə olduğundan, ləğv və etibarsız hesab edilmədiyindən və bu qərara əsasən iddiaçıya xx.xx.2006-cı il tarixdə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verildiyindən, cavabdeh qüvvədə olan həmin akta əsasən çıxarışın verilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-468/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-468/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 28xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar