Məhkəmə qərarları › İş №2-1(105)-1410/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1410/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1410/2025 21.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, X12 qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, X12 qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 7089/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN-089A KOD ********.1 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon Şəhriyar kənd sakini İddiaçı1 və ailə üzvləri X12 qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 2001-ci il tarixli 04 saylı qərarı ilə 0.09 ha torpaq sahəsi verilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 tərəfindən üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi baza arxiv məlumatlarına əsasən, dövlət mülkiyyətinə aid olan zavod ərazisinə aiddir, elektron uçot xəritəsində isə kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd olunmuşdur. Bundan əlavə, torpaq sahəsinin müayinəsi zamanı torpaq sahəsindən su xəttinin keçdiyi və yaxınlığında transformatorın yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli, 3-21-3-41/2-2758/2025 saylı məktubundan görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən sözügedən torpaq sahəsinə dair tərtib olunmuş müayinə (baxış) aktında qeyd olunmuş koordinatlara əsaslanaraq, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırma aparmışdır. İddiaçının faktiki istifadəsində olan 0,1440 ha torpaq sahəsi 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Torpaq sahəsinin faktiki koordinatları cavab məktubuna əlavə olunmuş müayinə (baxış) aktında qeyd edilmişdir. Torpaq sahəsi hal hazırda İddiaçının istifadəsindədir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin qonşuluğunda (sağında,solunda) yerləşən torpaq sahələrinə yaşayış məntəqələrinin torpaqları təyinatlı çıxarışlar verilməmişdir. İddiaçıya məxsus olan JN-089A nömrəli Şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsi İddiaçının faktiki istifadəsində olan 0,1440 ha torpaq sahəsinin daxilində yerləşir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan baza arxiv məlumatlarına əsasən dövlət mülkiyyətinə aid olan zavod ərazisində yerləşən torpaqlara, elektron uçot xəritəsində kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-41/2- H-0021-8/2025 saylı imtinasının əsassız hesab olunması və həmin 0.09 ha torpaq sahəsinə mülkiyyət hüququnun reyestr qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi və birgə iddiaçı qismində çıxış etmələri barədə yazılı ərizə ilə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-41/2- H-0021-8/2025 saylı imtinasının əsassız hesab olunması, cavabdeh tərəfindən yol verilən hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan halların aradan qaldırılması və iddiaçıların torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq,qanunamüvafiq olaraq hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Həmidi-X4 rayonu, Şəhriyar qəsəbəsində yaşayır. Şamaxı rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 05 saylı qərarı ilə Şamaxı rayon Şəhriyar bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqı-satqı qaydası ilə Şamaxı rayonu, Şəhriyar qəsəbə sakini X7 oğluna tikinti və kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.10 hektar 1008 kv.m torpaq sahəsi satılmışdır. Şamaxı rayonu, Şəhriyar qəsəbə sakini X7 oğluna alqısatqı yolu ilə verilmiş (fərdi yaşayış evini tikmək üçün) torpaq sahəsinin planı Şamaxı rayon Şəhriyar bələdiyyəsi tərəfindən hazırlanmışdır. Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən Şamaxı rayon X5 xx.xx.2001-ci il tarixli, 04 saylı qərarı Həmidi-X6 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə ayrılmış 0.09 ha torpaq sahəsinin üzərində JN- 089A, kod: 41001004 saylı şəhadətnamə verilmişdir. Hazırda İddiaçı1 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin cavabdeh əsassız olaraq xahişini təmin etməkdən imtina etdi. İmtina məktubunu onunla əsaslandırmışdır ki, sözü gedən torpaq sahəsi baza arxiv məlumatına əsasən dövlət mülkiyyətinə aid olan zavod ərazisində yerləşən torpaqlara, elektron uçot xəritəsində kənd təsərrüfatlı torpaqlara aiddir. Həmçinin, topaq sahəsindən su xətti keçir və yaxınlığda transformatr mövcuddur. Torpaq sahəsi baza arxiv məlumatlarına əsasən dövlət mülkiyyətinə aiddir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-41/2-H-0021-8/2025 saylı imtinası əsassız, qanunsuz və son dərəcə ədalətsiz olmaqla ikili yanaşmadır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-41/2-H-0021-8/2025 saylı imtinası əsassız hesab olunmalı və həmin torpaq sahəsinə iddiaçıların mülkiyyət hüququnun reyestr qeydiyyatının aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı1 “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 04 saylı qərarı ilə ailəsinin ümumbirgə mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Qeydiyyat üçün təqdim olunmuş JN-089A, kod:41001004 saylı şəhadətnaməyə aid məlumatların araşdırılması zaman məlum olmuşdur ki, İddiaçı1 tərəfindən üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi baza arxiv məlumatlarına əsasən, dövlət mülkiyyətinə aid olan zavod ərazisinə aiddir, elektron uçot xəritəsində isə kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd olunmuşdur. Bundan əlavə, torpaq sahəsinin müayinəsi zamanı torpaq sahəsindən su xəttinin keçdiyi və yaxınlığında transformatorın yerləşdiyi müəyyən edilmişdir. Qeydiyyat üçün təqdim olunmuş JN-089A, kod:41001004 saylı şəhadətnaməyə aid məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığı üçün ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7089/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinə dair iddiaçılar İddiaçı1, X12 qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı5 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu- Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sənədlərin əsilləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir hal müəyyən edilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Torpaq sahəsindən su xəttinin keçməsi və yaxınlığında transformatrın yerləşməsi halı torpağa dair mülkiyyət hüququnun qeydiyyata alınmasına maneə təşkil etməməlidir. Eyni zamanda, məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli, 3-21-3-41/2-2758/2025 saylı məktubuna qoşma edilmiş ortofotodan aydın olur ki, imtinada qeyd olunan digər hallar mövcud deyildir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, ləğv edilmiş DTXK tərəfindən iddiaçının adına tərtib olunmuş JN- 089A, kod: 41001004 saylı şəhadətnamədə torpaq sahəsinin koordinatları qeyd olunmamışdır, həmin şəhadətnamə İslahatın nəticələrini əks etdirən xəritə materiallarında torpaq sahəsi dövlət mülkiyyətinə aid olan zavod ərazisi kimi qeyd olunmuş, elektron uçot xəritəsində isə kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd olunmuşdur. Bunlara baxmayaraq, məhkəmə araşdırması zamanı dövlət mülkiyyətində olan torpaq sahələrinə nəzarət edən orqan Əmlak Məsələləri Dövlət Xidməti prossesə cəlb olunmamış və baza məlumatlarında dövlət mülkiyyəti kimi qeyd olunan torpaq sahəsinin Aqrar islahat Komissiyasının qərarı ilə iddiaçıların mülkiyyətinə verilməsi nə dərəcədə qanuni olmasına aydınlıq gətirilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı və iddiaçıların nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının:

22. Su mühafizə zonalarında qadağan edilir:aviasiya vasitəsilə bitkilərin pestisidlərlə tozlandırılması, bitki ziyanvericilərinə, əstəliklərinə və alaq otlarına qarşı kimyəvi mübarizə vasitələrindən istifadə edilməsi, torpaqların gübrələnməsi üçün peyin axarlarından istifadə edilməsi, heyvandarlıq fermalarının, qəbiristanlıq və zibilxanaların yerləşdirilməsi;gübrə və pestisidləri saxlamaq üçün anbarların və pestisid aparatlarının doldurulması meydançalarının yerləşdirilməsi;neft məhsulları anbarlarının, mexaniki emalatxanaların, avtomobillərə və texnikalara texniki xidmət məntəqələrinin, çirkab sularını, habelə avtomobillərin yuyulması nəticəsində əmələ gələn çirkab sularını toplamaq üçün qurğuların tikilməsi və yerləşdirilməsi;su mühafizə zonalarının eni 100 metrdən az və su obyektlərinə bitişik ərazilərinin yamaclarının mailliyinin 3 dərəcədən artıq olduqda bağ və bağ-bostan sahələrinin salınması;su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, quraşdırma, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması;su mühafizə zonalarının ərazisində yerləşən meşələrdə aralıq istifadə üçün qırmalara və su obyektlərinin mühafizəsini təmin edən digər meşə təsərrüfatı tədbirlərinin aparılmasına yol verilir.

23. Bu Qaydaların 22-ci bəndində göstərilən məhdudiyyətlərə əlavə olaraq, sahil mühafizə zolaqlarında qadağan edilir:torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması;gübrələrdən istifadə edilməsi;mövsümü stasionar çadırcıq şəhərciklərinin salınması, dağ və dağ-bostan sahələrinin yerləşdirilməsi, habelə xüsusi tikinti üçün torpaq sahələrinin ayrılması;avtomobil və traktorların (xüsusi təyinatı avtomobillər istisna olmaqla) hərəkəti;Azərbaycan Respublikasının Su Məcəlləsi ilə nəzərdə tutulan hallar istisna olmaqla digər fəaliyyət növləri. ....

26. Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrində su mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağan qoymur.

27. Su mühafizə zonaları və sahil mühafizə zolaqlarının ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. ...... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçıların hüquqi marağı mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına nail olmaqdan ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan baza arxiv məlumatlarına əsasən sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olan zavod ərazisində düşməsi, elektron uçot xəritəsində isə kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd olunması, torpaq sahəsinin müayinəsi zamanı torpaq sahəsindən su xəttinin keçməsi və yaxınlığında transformatorın yerləşməsi halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 aprel 2001-ci il tarixli 04 saylı qərarı ilə iddiaçıların adına fərdi yaşayış evinin tikintisi üçün 0,09 ha torpaq sahəsi ayrılmış və həmin qərar əsasında JN-089A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmiş, həmin qərar və şəhadətnamənin arxiv nüsxəsi mövcud olmuşdur. Həmçinin, arxiv məlumatlarından görünür ki, həyətyanı torpaq sahələrinin xüsusi mülkiyyətə veriməsinə dair subyektlrin siyahısında iddiaçıların hər birinin adı, habelə ümumi torpaq sahəsinin ölçüsü 0,12 ha, mülkiyyətə verilən torpaq sahəsinin ölçüsü kimi 0,0911 ha qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən yerində müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müyainə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsi naturada mövcuddur, faktiki ölçüsü 0,1440 ha, sənəd üzrə 0,09 ha, 0,09 ha torpaq sahəsinin 0,1440 ha torpaq sahəsinin daxilində yerləşdiyi, torpaq sahəsi hasarın daxilində olduğu, iki tərəfdən qonşu, iki tərəfdən yol ilə sərhəd olduğu, yarımçıq tikili olduğu, arxa tərəfdən qonşu ilə sərhəddində metal boru ilə su xətti keçdiyi, transformator yerləşdiyi, başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halının olmadığı qeyd edilmiş, ortofotogörüntüsü əlavə edilmişdir. İşin müəyyən edilmiş hallarından (cavabdehin verdiyi məlumat, cavabdehin nümayəndəsinin izahatı və s. əsasında) görünür ki, sözügedən torpaq sahəsi köhnə islahat xəritə məlumatlarında dövlət mülkiyyətində olan zavod ərazisi kimi qeyd edildiyi, TEKUİS məlumatlarında isə zavod ərazisi kimi göstərilmədiyi, faktiki istifadədə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edildiyi, ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun yaşayış məntəqləri torpaq sahəsi kimi çıxarış verilmədiyini qeyd etmişdir. Kollegiya hesab edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıların adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlər onların həmin əmlak üzərində birgə mülkiyyət hüququnun yaranması üçün əsas hesab edildiyindən, habelə torpaq sahəsi naturada mövcud olmaqla, onların faktiki istifadəsində olduğundan, iddiaçıların həmin əmlak üzərində mülkiyyət hüququ yaranmışdır. Kollegiya cavabdehin istinad etdiyi aqrumentləri ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələinə əsasən torpaq sahəsində su boru xəttinin mövcudluğu mülkiyyət hüququnun xitamına və ya ötürülməsinə mane olan hal kimi çıxış etmədiyindən, habelə iddiaçıya münasibətdə həmin qanunvericiliyin qadağanedici normasının dispozitiv şərtinin mövcudluğu aşkar edilmədiyindən, həmin hal mövcud olan mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal kimi çıxış etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh imtina və şikayətin dəlili kimi həmin hala istinad etməkdə haqlı olmamışdır. Bunda əlavə, kollegiya cavabdehin digər arqumenti ilə bağlı qeyd edir ki, cavadeh özü sözügedən torpaq sahəsi islahat zamanı dövlət mülkiyyətində olan zavod ərazisi olduğunu, yeni baza xəritə məlumatlarında isə həmin uyğunsuzluğun aradan qalxdığı, faktiki istifadədə olan kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd edildiyini bildirir. Bununla bağlı kollegiya hesab edir ki, cavabdeh inzibati orqan özü yeni elektron baza uçot xəritə məlumatlarının işlənilməsi nəticəsində mövcud olan uyğunsuzluqları artıq aradan qaldırdığı halda, hazırda əvvəlki köhnə xəritə məlumatlarına (hansı ki artıq həmin məlumatlar yenilənmişdir) formal olaraq istinad etmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, sözügedən torpaq sahəsi məhz kənd ərazisində aparılmış aqrar islahat zamanı ayrılmış, həmin islahat çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrılması ehtiva edildiyindən, cavabdeh hazırda imtina əsası kimi həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması ilə bağlı da hala istinad etməkdə haqlı olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də arqumenti əsassız olmuşdur. Eyni zamanda kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan imtina və şikayətin dəlili ilə bağlıhəmin torpaq sahəsində transformatorun yerləşməsi halını qeyd etsə də, apellyasiya instansiya məhkəməsində icraat zamanı həmin halı mübahisələndirmədiyini qeyd etmişdir. Bu baxımından kollegiya hesab edir ki, həmin hissədə mübahisəli hal aradan qalxdığından (hətta həmin hal aradan qalxmadığı halda belə, qanunvericiliyin tələbinə əsasən həmin hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün mane olan hal kimi çıxış etmir) həmin hal üzrə hüquqi dəyərləndirmə aparılması zərurəti mövcud olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında sözügedən əmlak üzərində iddiaçıların birgə mülkiyyət hüququnun yaranması müəyyən edildiyindən, habelə bu hüququn qeydə alınması üçün qanunla müəyyən edilmiş imtina əsasları aşakr edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7089/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar