Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1415/2025 22.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1921/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Şamaxı rayon Avaxıl bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 16 saylı qərarı ilə İddiaçı 2 ha torpaq sahəsi satılmışdır. JN 0246 KOD 41010058 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şamaxı rayon Avaxıl bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 16 saylı qərarı ilə İddiaçı 2 ha torpaq sahəsi satılmışdır. Qobustan Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən X3 məxsus torpaq sahəsinin 0.50 ha hissəsinin kənarına çəkilmiş metal torun cavabdehin vəsaiti hesabına sökülməsi, həmin torpaq sahəsində tikilən kottec və tikililərin sökülməsi, torpaq sahəsinin sahibiən qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixil 2(105)-1122/2022 saylı qətnaməsi ilə Qobustan rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi torpaq sahəsində tikilən kottec və tikililərin sökülməsinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, torpaq sahəsinin müayinəsi zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsinin ərazisi 1.60 ha təşkil edir. Baza xəritəsində qeyd olunan torpaq sahəsi örüş və kollu örüş kimi qeyd olunmuşdur. Bundan əlavə araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi üzərində qonşu torpaq sahəsinin mülkiyyətçisi ilə məhkəmə mübahisəsi mövcuddur. Torpaq sahəsi təyinatı üzrə ayrılmadığına və alqı-satqı predmeti olmadığına görə, habelə mübahisəli ərazidə yerləşdiyinə görə ərizənin icrası mümkün olmamışdır. Cavabdehin 04 aprel 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (TEKUİS) əsasən sözügedən torpaq sahəsi İİ keyfiyyət qrupu olmaqla bonitet balı 72-dir. Həmin torpaq sahəsi ayrıldığı vaxt və hal-hazırda kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmuşdur. DWG vahid elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsi öz əksini tapır. DBF siyahısında iddiaçının adı aşkar olundu və həmin siyahıdan çıxarış cavab məktubuna əlavə olunur. - torpaq sahəsinin ətrafında yerləşən, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələri cavab məktubuna əlavə olunmuş ortofoto görüntüsündə əks olunmuşdur və həmin torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri cavab məktubuna əlavə olunur. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin qonşu torpaq sahəsinin mülkiyyətçisi X5 ilə məhkəmə mübahisəsi mövcuddur. Bu barədə məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli, **********99 nömrəli etiraz məktubunda məlumat verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 03 oktyabr 2025-ci il tarixli məktubunda torpaq sahəsinin örüş torpaqlarına aid olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə JN-0246 saylı, 17 dekabr 2004-cü tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən alqı-satqə etdiyi əraziyə cıxarəş verilməsi üçün öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Avaxıl kəndi ərazisində 17 dekabr 2004-cü il tarixdə sahibkarlıq məqsədilə 1 ha tikinti, 1 ha isə kənd təsərrüfatı məqsədilə torpaq sahəsi almışdır. Alqı-satqı zamanı qanunvericilikdə nəzərdə tutulmuş bütün sənədlər tərtib edilmiş və müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. Tərəfindən Avaxıl bələdiyyəsinin rəsmi bank hesabına ******* manat pul ödənilmişdir. 23 avqust 2005-ci il tarixində müraciətinə əsasən Şamaxı RİH başçısının sərəncamı ilə ərazimdə turizm obyektinin tikilməsinə başlamışdır. Tikintiyə icazə verməmişdən əvvəl müvafiq komissiya monitorinq apararaq ərazidə tikinti aparılmasının məqsədə müvafiq olmasını aktla təsdiqləmiş və baş plan hazırlamışdır. Bu baş planda turizm və kənd təsərrüfati sahələri müəyyənləşdirilmişdir. Tikinti zamanı ümumi ərazini çox böyük miqdarda daş və qayadan təmizləmiş torpaq və üzvi gübrə ilə doldurmuş 300-ə yaxın meşə və meyvə ağacı əkdirmişdir. Tikinti başa çatdıqdan sonra turizm fəaliyyətilə məşqul olmaqla bərabər kiçik arıçılıq təsərrüfatı da yaratmışdır. 05 iyun 2024 tarixdə 14 saylı Şamaxı Ərazi İdarəsinə əraziyə çıxarış almaq üçün müraciət etmişdir. Cavab olaraq cavabdehin 05 iyul 2024 tarixdə 3-21-3-41/2-1374/2024 saylı məktubunu almışdır. Faktiki ərazinin 1.6 ha olduğu yazılmışdır ki, bu da sərhədləri daxilində 0.4 ha hissəni ayıraraq daş hasara aldığı üçün olduğunu düşünür. Yəqin ki iştirakı olmadan aparılan müayinədə bu hissə nəzərə alınmamışdır. Baza xəritəsində torpaq sahəsinin örüş və kollu örüş kimi qeyd olunduğunda günahının nə olduğu da müəmmalıdır. 2004-cü ildə torpaqları rəsmi sataraq ******* manat pul ödətdirən Dövlət qurumları bunu bilmirdi. Kollu örüşün alqı-satqı predmeti olduğu qanunvericilikdə nəzərdə tutulmuşdur. Dövlət aktının son səhifəsindəki sertifikatda aldığı ərazi “örüş “deyil “sair sahələr” kateqoriyasına aid edilmişdir. DT və XK - nin Şamaxı rayon şöbəsinin arayışında ərazisi “sair yararsız” kimi qiymətləndirilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Torpaq və Xəritəcəkmə komitəsinin hüquqi varisidir və əsasnaməsində onun bütün problemlərini həll etməsini üzərinə götürmüşdür. Tikintiyə sərəncam verərkən rayon İcra başçısının tabeliyində olan Baş memar akt və baş planı necə imzalamışdı. Bundan əlavə ərazisində qonşu ilə məhkəmə mübahisəsi olduğu iddia olunur ki, bu da səhv məlumatdır. xx.xx.2022 tarixli, 2(105)-1122/22 saylı qətnaməyə əsasən Sumqayıt Appelyasiya Məhkəməsində prosesi udmuşdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, torpaq sahəsinin müayinəsi zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsinin ərazisi 1.60 ha təşkil edir. Baza xəritəsində qeyd olunan torpaq sahəsi örüş və kollu örüş kimi qeyd olunmuşdur. Bundan əlavə araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi üzərində qonşu torpaq sahəsinin mülkiyyətçisi ilə məhkəmə mübahisəsi mövcuddur. Azərbaycan Respublikasının Torpaq qanunvericiliyin tələblərinə əsasən örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmeti ola bilər. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 16.3-cü maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 12.4-cü bəndində qeyd olunmuşdur ki, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı mədsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq İcra Hakimiyyəti orqanının (Nazirlər Kabineti) qərarı ilə yol verilir. Torpaq sahəsi təyinatı üzrə ayrılmadığına və alqı-satqı predmeti olmadığına görə, habelə mübahisəli ərazidə yerləşdiyinə görə ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1921/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, JN-0246 kod 41010058 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.0 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. torpaq sahəsi bələdiyyə qərarı ilə tikinti və kənd təsərrüfatı məqsədilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Şamaxı rayon Avaxıl bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 16 saylı qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. X9 filialının 13 iyun 2025-ci il tarixli məktubu ilə Şamaxı rayon Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli 16 saylı qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş sorğuya cavab məktubundan müəyyən olunur ki, elektron baza məlumatlarında JN 0246 KOD 41010058 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı barədə məlumatlar mövcuddur, DWG vahid elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsi öz əksini tapır. DBF siyahısında iddiaçının adı aşkar olunur. Baza xəritəsində qeyd olunan torpaq sahəsinin örüş və kollu örüş kimi qeyd olunmasına münasibətdə mübahisə predmeti olan torpaq sahəsinin ətrafında yerləşən, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin torpaq sahələrinə verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. Bundan əlavə cavabdehin etirazında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 1.60 ha olduğu qeyd edilsə də məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktında sənəd üzrə və faktiki 2 ha olduğu qeyd edilmişdir. Cavabdeh etirazında torpaq sahəsi ilə bağlı mübahisə halının olduğunu qeyd etsə də Qobustan rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən X3 məxsus torpaq sahəsinin 0.50 ha hissəsinin kənarına çəkilmiş metal torun cavabdehin vəsaiti hesabına sökülməsi, həmin torpaq sahəsində tikilən kottec və tikililərin sökülməsi, torpaq sahəsinin sahibinə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixil 2(105)-1122/2022 saylı qətnaməsi ilə Qobustan rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi torpaq sahəsində tikilən kottec və tikililərin sökülməsinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istisna edən hal müəyyən edilmir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, Şamaxı rayonu Avaxıl bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 16 nömrəli qərarına əsasən mülkiyyətə satılmış 2.0 ha(1.0 ha tikinti, 1.0 ha kənd təsərrüfatı məqsədilə) torpaq sahəsinin yerləşdiyi ərazi elektron baza məlumatlarına əsasən örüş, kollu örüş torpaqlarına aiddir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamış, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişdir. Bu da qərarın ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; ... Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıqsanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (xx.xx.2007-ci il tarixə qədər olan redaksiya). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mübahisə predmeti olan torpaq shaəsi üzəridnə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin faktiki ölçüsünün 1,60 ha olması və baza xəritə məlumatında örüş və kollu örüş kimi qeyd edilməsi halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübhasəli halları ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı əsasında bələdiyyənin ehtiyat fondundan kənd təsərrüfatı az yararlı torpaq sahəsində 1 ha tikinti və 1 ha kənd təsərürfatı məqsədilə iddiaçıya satılması qərara alınmış, alqı-satqı aktı tərtib edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, alqı-satqı predmeti olması, kənd təsərrüfatı kollu örüş olmaqla, satılmasının məqsədəmüvafiq olması barədə rəy verilmişdir. Bələdiyyə tərəfindən yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş, yerləşmə mövqeyinə dair sxem tərtib edilmiş, koordinatlar əks olunmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq shaəsinin satılmasına və dəyərinin ödənilməsinə dair qəbz mövcud olmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, kadastr uçot baza məlumatlarında torpaq sahəsinin təyinatı həm DVJ, həm də TEKUİS məlumatlarında (torpaq sahəsinin ayrıldığı vaxtda və hazırda) kənd təsərrüfatı təyinatlı örüş torpaqlar, yararlıq dərəcəsi ikinci keyfiyyət qrupu, bonitet balı 72 bal kimi qeyd edilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müyainə aktı tərtib edilmiş, müayinə aktının məzmununda torpaq sahəsinin faktiki ölçüsünün 2 ha olduğu, bir təfədən yol, bir tərəfdən əkin sahələri, bir tərəfdən kollu örüş sahələri ilə sərhəd olduğunu, naturada sərhədlərinin mövcud olduğu, kommunikasiya xəttlərinin mühafizə zonasında yerləşmədiyi,heç bir mübahisəli halın baş vermədiyi, əsas və xidməti tikililərin mövcud olduğu qeyd edilmiş, ərazinin ortofoto görüntüsü əlavə edilmişdir. Həmin sənədlərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin təyinatı kadastr uçot məlumatlarında (həm ayrıldığı vaxt, həm hazırda) təyinatı kənd təsərrüfatı örüş torpaq sahəsi olmuşdur. Həmçinin, torpaq sahəsinin ayrıldığı vaxt səlahiyyətli qurum qismində çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş müvafiq rəyin məzmununda da torpaq shaəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş olması qeyd edilmiş, kənd təsərrüfatı az yararlı və ya yararsız olması əks olunmamışdır. Eyni zamanda sözügedən torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin tədqiqi nəticəsində də müəyyən edilmişdir ki, həmin torpaq shaəsinin yerləşdiyi ərazidə torpaq sahələrinin keyfiyyət qurupunun İİ və İİİ olduğu, bonitet balının 49,64 olduğu əks olunmuşdur. Həmçinin, ortofoto görünütüsü, iddiaçının verdiyi izahat və cavabdehin veridyi məlumat əsasında müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqələrinin yerləşdiyi ərazi olmamaqla, əkin sahələr kimi istifadə edilir, iddiaçı isə həmin sahədə dörd ədəd kotec inşa etməklə, turizm məqsədilə istifadə etdiyini, habelə meyvə ağacları əkdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz və alqısatqı predmeti ola bilməz, yalnız icarəyə verilə bilər. Həmçinin, kollegiya onu qeyd edir ki, torpaq sahəsinin məqsədli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir:torpaq sahələrinin hüquqi statusu;torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ;torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri;torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi;torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. İndiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahəsi olması həm ilkin sənədlər, həm də kadastr məlumatları əsasında öz təsdiqini tapmışdır. Hətta torpaq sahəsinin ayrıldığı vaxtda kənd təsərrüfatına az yararlı və yararsız olması halı torpaq sahəsinin ayrıldığı vaxtda mövcud olan məlumatlar əsasında da təsdiqini tapmamışdır. Hansı ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi, alqı-satqı predmeti olması yolverilməzdir. Bundan əlavə, kollegiya qeyd edir ki, müvafiq bələdiyyə qərarı ilə sözügedən torpaq sahəsinin iddiaçıya satılması qərar alınsa da, onun dəyərinin ödənilməsinə dair hər hansı sübut aşkar edilməmişdir. Halbuki, həmin qərar sözügedən torpaq sahəsinin dəyərinin ödənilməklə, iddiaçıya satılmasını ehtiva etmişdir. Həmçinin, qeyd edilməlidir ki, torpaq sahəsinin satılması barədə qərarın qəbul edilməsi, alqı-satqı aktının tərtib edilməsi, müqavilə ilə rəsmiləşdirilməsi və torpaq sahəsinin dəyərinin ödənilməsi məhz əmlak üzərində mülkiyyət hüququnun başqa şəxsə keçirilməsi üzrə inzibati icraatın tərkib hissəsi kimi qəbul olunmalıdır. Başqa sözlə desək, alqı-satqı aktı və ya müqavilə müvafiq bələdiyyə qərarına əsaslanır, həmin qərarın icrasının və əmlakın dəyərinin ödənilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir. Bu baxımından kollegiya hesab edir ki, bu hal özlüyündə torpaq sahəsinin satılması prosedurunun tamamlanmadığını da deməyə əsas verir. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları özlüyündə iddianın əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Bundan əlavə, kollegiya iddianın əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından da yoxlanılmasını zəruri hesab edərək, qeyd edir ki, indiki halda iddiaçıya münasibətdə torpaq sahəsinin satış dəyərinin ödənilməsi, torpaq sahəsinin satılması prosedurunun tamamlanması halı müəyyən edilmədiyindən, bu hal özlüyündə iddiaçı ilə həmin şəxslərin eyni faktiki və hüquqi vəziyyətdə olan şəxs kimi dəyərləndirilməsinə imkan verməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halı, o cümlədən torpaq sahələrinin yerləşmə mövqeyini əks etdirən ortofoto görüntüsünün məzmunu (ərazinin yaşayış məntəqələrinin yerləşdiyi sahə olmamasının, kənd təsərrüfatı təyinatlı yararlı, örüş, əkin sahələr olmasının aşkar görünməsi), iddiaçının həmin torpaq sahəsindən kotec tikili inşa edilməklə, turizm məqsədilə istifadə etməsi iddiaçıya münaisbətdə bərabərlik prinsipinin tələblərinin qanuni əsaslarının mövcudluğunu müyyən etməyə imkan verməmişdir. Nəticə etibarilə kollegiya hesabedir ki, iddia tələbinin əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından da dəyərləndirilməsi mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (torpaq sahəsinin təyinatının DVJ və TEKUİS məlumatlarda örüş olması, ortofoto görüntüsünün məzmununda da yerləşdiyi shaənin kənd təsərrüfatı təyinatlı yararlı və örüş sahə olması, bərabərlik prinsipinin əsaslarının mövcud olmaması) iddianın əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri və şikayətinin dəlilləri əsaslı olmuşdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılsa da, işin hallarına bərabərlik prinsipinin tələbləri baxımından düzgün dəyərləndirmə aparılmamış, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1921/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.