Məhkəmə qərarları › İş №2-1(105)-142/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-142/2021

16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-142/2021 16.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 manat borcun və həmin borca hesablanmış faizlərin silinməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2-1(118)-793/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 01.01.2017-cı il tarixə yaranmış 57.997 manat 56 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun cavabdehin əmlakının satılması yolu ilə Quba rayon şöbəsinin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2-1(85)2319/2017 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, 9545.70 manat əsas borc və həmin borca hesablanmış 14893.63 manat maliyyə sanksiyası hissəsində iddia müddəti ötürüldüyü üçün birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 aprel 2018-ci il tarixli, 2-1(105)-28/2018 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2017- ci il tarixli qərarı dəyişdirilərək, cavabdehdən 01 yanvar 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33.558 manat 23 qəpik məbləğində borc pulun əmlakın satılması yolu ilə iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Apelyasiya instansiyası 19.05.2014-cü il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 9545.70 manat məbləğində yaranmış borcla bağlı iddiaçı tərəfindən 03 illik iddia müddətinin ötürüldüyünü, həmçinin cavabdehə tətbiq edilmiş 14893.63 manat maliyyə sanksiyası məbləğinin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin təsiri altına düşdüyünü nəzərə alaraq, 24439.33 manat borcun cavabdehdən tutulmasını məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1456/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 aprel 2018-ci il tarixli, 2-1 (105)-28/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən, “xxxx" Kiçik Müəssisəsindən 01 yanvar 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33.558 manat 23 qəpik məbləğində borc pulun tutulması qərara alınmasına baxmayaraq, 24.439 manat 33 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borc müəssisənin şəxsi hesab vərəqəsindən silinmədiyindən iddiaçı həmin borcun silinməsi üçün 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmiş, cavabdeh 04.11.2019-cu il tarixli **********609700 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. Verilən cavabla razılaşmayan İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 (iyirmi dörd min dörd yüz manat, otuz üç qəpik) manat borcun və həmin borca hesablanmış faizlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasınıi məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin cavabında qanuni qüvvəyə minmiş məhkəmə qərarı birbaşa olaraq cəmiyyətin şəxsi hesab vərəqəsindən borcun silinməsi ilə əlaqədar olmadığı üçün həmin qərar borcun silinməsi üçün əsas olmaması göstərilmişdir. Lakin hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon Şöbəsi ona qarşı 57.997 manat 56 qəpik məbləğində borc tələb etsə də, məhkəmə həmin borcun 24.439 manat 33 qəpik məbləğində hissəsini təmin etməmişdir. Təmin edilməyən hissədə borcun yenidən tələb olunması isə absurdur. Bundan başqa 3 saylı Ərazi Vergilər İdarəsi müraciətlərinə cavabda borcla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarını əsas gətirmiş, lakin məhkəmə qərarı qəbul edilən zaman yəni 06 aprel 2018- ci il tarixdə həmin qərar olmadığı üçün qərar onlara tətbiq edilə bilməz. Ona ünvanlanmış məktubda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etməsi, həmin qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilməməsi qeyd edilmişdir. Ona ünvanlanmış məktubda mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətə məhdudlaşdırılması qeyd edilmiş, Konstutusiya Məhkəməsinin sözgedən qərarına istinad olunaraq dolayısı ilə ondan məhkəmə qərarı ilə silinmiş borc tələb edilmişdir. Bununla bağlı bildirir ki, məcburi sosial sığorta haqqı üzrə borcun tutulması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1456/2018 saylı qərarı 10 oktyabr 2018-ci il tarixdə qəbul edilmiş və həmin qərar dərhal qüvvəyə minmişdir. Hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı isə ilə 24 aprel 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Yəni Konstitusiya Məhkəməsinin qərarı qəbul edilən vaxt artıq 10 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qüvvəyə minmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələblərinin şərh edilməsinə dair qərarına istinad olunaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarında tutulması göstərilməmiş borcun ondan tələb olunması Azərbaycan Respublikası Konstutisiyasına ziddir. Belə hal onun vəziyyətinin pisləşməsinə gətirib çıxarır və bununla razı deyildir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində istinad edilən məhkəmə qərarlarında İddiaçı MMC-dən 01.01.2017-ci il tarixə yaranmış məcburi dövlət sosial sğorta haqları üzrə 33558,23 manat borc pulun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması qət etmiş, 24439,33 manat borc pulun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması məqsədə müvafiq hesab edilməmişdir. Məhkəmə qərarlarında iddianın təmin edilməmiş hissəsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsinə və Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında qanununa istinad etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 24 aprel 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etmişdir (25.05.2019-cu il tarixdə “Respublika” qəzetində dərc olunaraq həmin tarixdən qüvvəyə minmişdir). Həmin qərarda əks olunmuş mövqeyə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəalarının tətbiq edilməsi istisna olunmuşdur. Başqa sözlə, mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətlə məhdudlaşmır. Həmçinin, araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsindən alınmış məlumata əsasən 01.01.2019-cu il tarixədək İddiaçı MMC-yə məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclarına Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında qanunun tətbiq edildiyi və eyni zamanda borcların bir qisminin silindiyi müəyyən olunmuşdur. Yuxarda qeyd edilən məhkəmə qərarlarında “İddiaçı" MMC-nin şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların silinməsi nəzərdə tutulmadığına görə, həmin borcların silinməsi barədə 3 saylı Ərazi Vergilər İdarəsinə icra sənədi daxil olmamışdır Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-793/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir (hakim C.Məmmədov). Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi iddiaçı kimi cavabdeh İddiaçı MMC-yə qarşı 01.01.2017-ci il tarixə yaranmış 57997,56 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə etdiyi müraciət iqdisadi məsələ ilə bağlı olmuşdur. Yəni həmin işlə bağlı məhkəmə prosesi hər-hansı bir inzibati aktın mübahisələndirilməsi barədə olmamışdır və bu səbəbdən də məhkəmənin nəticəsi olaraq, iddia məbləğinin azaldlmasına dair məhkəmə qərarında heç bir müddəanın olması mümkün deyildir. Eyni fikri Sumqayıt Apeilyasiya Məhkəməsinin 06.04.2018-ci il tarixli qərarı barədə qeyd etmək lazımdır ki, yəni həmin qərarda da iddia məbləğinin azaldılmasından yox, iddia məbləğinin 24439,33 manat hissəsinin əmlaka yönəldilməməsi öz əksini tapmışdır. Lakin, istər İddiaçı MMC, istərsə də məhkəmə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12.07.2017-ci il tarixli, 2-1(85)-2319/2017 nömrəli qərarına əks mövqedən yanaşmışlar. Nəticədə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən heç bir hüquqi əsası olmayan qərar qəbul edilmişdir. TƏRƏFLƏRİN İZAHATLAR Məhkəmə iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş fəaliyyət göstərə bilərlər. Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən, Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. - 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 19.05.2014-cü il tarixdən İddiaçı MMC-nin məcburi dövlət sosial sığorta haqqı üzrə 9545.70 manat məbləğində yaranmış borcu ilə bağlı iddiaçı tərəfindən 03 illik iddia müddəti ötürüldüyündən, eləcə də, 14893.63 manat maliyyə sanksiyası məbləği “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin təsiri altına düşdüyündən, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən həmin (9545.70 +14893.63 =24439.33) borcun cavabdehdən tutulması məqsədəmüvafiq hesab edilməmiş, başqa sözlə iddiaçının tələbi yalnız 33.558,23 manat borcun tutulması hissəsində təmin edilmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə 24439.33 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun və maliyyə sanksiyasının iddiaçıdan tələb edilməsi qanunsuz hesab edilmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, qüvvədə olan məhkəmə qərarı ilə İddiaçı MMC-dən tutulması rədd edilən məbləğin hazırkı vaxtadək iddiaçının şəxsi hesab vərəqəsində saxlanılması, həmin məbləğə faizlər hesablanması qanunsuzdur və iddiaçının hüquqlarını pozur. Cavabdeh apelyasiya şikayətində qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında şərh edilən mövqeyi mübahisələndirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarına istinad etmiş, həmçinin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında qanununa əsasən maliyyə sansksiyasının bir qisminin silindiyini bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3 maddələrinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi məsələlərə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş, qüvvəyə minmiş məhkəmə qərarında müəyyən edilmiş faktlar hazırkı prosesdə mübahisə edilə bilməz. Odur ki, kollegiya həmin dəlillərin araşdırılıb hüquqi qiymət verilməsini məqsədəuyğun hesab etmir. Beləliklə, qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə əsassız olduğu üçün qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2-1(118)-793/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar