Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-142/2025 20.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Novxanı kəndi ərazisində iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(118)-261/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları: İş materiallarında olan Abşeron rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli qərarından çıxarışdan görünür ki, İddiaçı Novxanı sovxozu ərazisindən 1000 kv m torpaq sahəsi bağçılıq-botançılıq məqsədi ilə verilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Aqrarsənaye kompleksi işçiləri X2 rayon Komitəsindən bağçılıq və bostançılıq üçün torpaq sahələri tələb edənlərin siyahısı tərtib edilmişdir. Həmin siyahıda İddiaçı adı vardır. Siyahı kollekiv bağçılıq şirkətinin sədri Ə.Cəfərov tərəfindən imzalanmışdır. Bağçının üzvlük kitabçası da iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Abşeron rayonu Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli 150/6 saylı qərarı ilə Abşeron rayon bağçılıq yoldaşlıq birlikləri yaradılmış, nizamnamələri qeydə alınmış və birliyə daxil olan hərbir üzvə (ailəyə) torpaq sahəsi verilmişdir. Aqrarsənaye kompleksi işçiləri həmkarlaq ittifaqı Abşeron rayon Komitəindən bağçılıq və bostançılıq üçün torpaq sahələri tələb edənlərin siyahısı tərtib edilmişdir.Həmin siyahıda İddiaçı adı vardır. Siyahı kollekiv bağçılıq şirkətinin sədri Ə.Cəfərov tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müayinə atkından görünür ki, iddiaçı torpaq sahəsinin yerini göstərə bilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müayinə atkından görünür ki, vətəndaşın çölölçmə işlərinin aparılmasına şərait yaradılmadığından işin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.10. ha torpaq sahəsinin müayinə aktı məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli müayinə aktında göstərilmişdir ki, sənəd üzrə 0.10 ha., faktiki 0.031 ha. Yol və qonsu torpaq sahələri ilə sərhəddir. Torpaq sahəsinin cənub qərb istiqamətindən keçən su kəməri ilə arasındakı məsafə 8.87 metrlə 9.9 metr, cənub-şərq istiqamətindən keçən 6 kv elektrik xətti ilə arasındakı məsafə isə 1.92 metrlə 3.55 metr arasında dəyişir. Torpaq sahəsi metal tor və metal dəmirlər ilə bərkidilmişdir, hal-hazırda kənar şəxs tərəfindən əkilərək istifadə olunur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin 24 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilməsinə şərait yaradılmadığından torpaq sahəsinin faktiki koordinatları əldə olunmamış və həmin torpaq sahəsinin 4 saylı Abşeron Ərazi idarəsinin inzibati ərazisinin hüdudları daxilində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Sonradan məhkəmə tərəfindən daxil olmuş sorğuya əsasən torpaq sahəsinə müayinə baxışı keçirilərək müayinə aktı tərtib edilmiş, lakin sözügedən torpaq sahəsi ilə bağlı elektron məlumat bazasında araşdırılma aparılmamışdır. Sonradan araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinin hüdudları daxilində yerləşir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək “Abşeron rayonu Novxanı kəndi ərazisində ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının hazırkı ərizəyə əlavə edilmədiyi müəyyən edilmiş, bundan başqa hüquq sahibinə dair məlumatlar arxiv əsaslarında mövcud olan adlı siyahıda aşkar edilməmiş, həmçinin sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasının müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmamışdır. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Novxanı kəndi ərazisində ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli 150-6 nömrəli Qərarı ilə iddiaçıya Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,10 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon Dövlət Arxiv İdarəsi tərəfindən, Aqrarsənaye kompleksi işçiləri X2 rayon Komitəsindən bağçılıq və bostançılıq üçün torpaq sahəsi tələb edənlərin siyahısında iddiaçının adının olması barədə 12 aprel 2022-ci il tarixli arxiv arayışı da verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Qeyd edək ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və adına çıxarış verilməsi ilə bağlı cavabdeh qurum olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə rəsmi şəkildə müraciət etsə də, müraciətinə bu günədək cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi; hüquq sahibinə dair məlumatların arxiv əsaslarında mövcüd olan adlı siyahıda aşkarlanmadığı; sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyqun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şəraitin yaradılmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(118)-261/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıya Aqrarsənaye kompleksi işçiləri X2 rayon Komitəsindən bağçılıq və bostançılıq tərəfindən ayrılmışdır. Həmin topraq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Koordinatları bəllidir. Məhkəmə araşdırması zamanı iddiaçının adının həmin siyahıda olması öz təsdiqini tapmışdır. Ayrıc aktının olmaması barədə cavabdehin dəlili əsassız hesab edilməlidir. Belə ki, mövcud məhkəmə praktikası da onu göstərir ki, 1990-cı illərdə ayrılan torpaq sahələrinin əksəriyyətinə aid ayrıc aktı mövcud deyildir. Bu hal vətəndaşın mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri imitna məktubu və iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı torpaq sahəsinin müəyyən edilməsi mümkün olmuş, müayinə baxışı zamanı faktiki torpaq sahəsinin ölçüsünün 0.031 ha olduğu, torpaq sahəsinin su kəmərinin mühafizə zolağında yerləşdiyi, torpaq sahəsinin bir hissəsinin 6 kvt elektrik xəttinin mühafizəsində yerləşdiyi, həmçinin torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nın: 1.Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar .... Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd olunmalıdır. Hazırki iş üzrə iddia tələbi Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən və iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin ilin baş planının və ya təsdiq edilmiş ayrıc aktının hazırkı ərizəyə əlavə edilmədiyi müəyyən edilmiş, bundan başqa hüquq sahibinə dair məlumatlar arxiv əsaslarında mövcud olan adlı siyahıda aşkar edilməmiş, həmçinin sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasının müəyyənləşdirmək üçün texniki baxışım keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli qərarı ilə bağçılıq-botançılıq məqsədi ilə iddiaçının adına 0,10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Cavabdehin apellyasiya şikahyətinin əsas dəlillərindən biri də iddiaçının istinad etdiyi torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edildiyi müəyyən edilməsi olmuşdur. Eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli müayinə atkından görünür ki, iddiaçı torpaq sahəsinin yerini göstərə bilməməsi, həmçinin xx.xx.2023-cü il tarixli müayinə atkında isə vətəndaşın çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmadığından işin icrası mümkün olmaması qeyd edilmişdir. Daha sonra cavabdeh orqanın əməkdaşları tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı xx.xx.2024-cü il tarixdə müayinə aktı tərtib edilmiş və həmin aktda göstərilmişdir ki, sənəd üzrə 0.10 ha., faktiki 0.031 ha. Yol və qonsu torpaq sahələri ilə sərhəddir. Torpaq sahəsinin cənub qərb istiqamətindən keçən su kəməri ilə arasındakı məsafə 8.87 metrlə 9.9 metr, cənub-şərq istiqamətindən keçən 6 kv elektrik xətti ilə arasındakı məsafə isə 1.92 metrlə 3.55 metr arasında dəyişir. Torpaq sahəsi metal tor və metal dəmirlər ilə bərkidilmişdir, hal-hazırda kənar şəxs tərəfindən əkilərək istifadə olunur. Sonuncu müayinə aktının tərtib edilməsinə əsas olmuş sənədlərin (torpaq sahəsinin kordinatlarının əks olunduğu sənəd və ərazinin orto-foto xəritəsindən çıxarış da daxil olmaqla) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi üçün müvafiq sorğular verilmiş, həmin sorğular əsasında əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin 24 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsinə müayinə baxışı keçirilməsinə şərait yaradılmadığından torpaq sahəsinin faktiki koordinatları əldə olunmamış və həmin torpaq sahəsinin 4 saylı Abşeron Ərazi idarəsinin inzibati ərazisinin hüdudları daxilində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Sonradan məhkəmə tərəfindən daxil olmuş sorğuya əsasən gösdərilmiş torpaq sahəsinə müayinə baxışı keçirilərək müayinə aktı tərtib edilmiş, lakin sözügedən torpaq sahəsi ilə bağlı elektron məlumat bazasında araşdırılma aparılmamışdır. Sonradan araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinin hüdudları daxilində yerləşir. İndiki halda iddiaçıya münasibətdə torpaq sahəsinin ayrılmasına dar müvafiq XDS İcraiyyə Komitəsinin qərarı mövcud olsa da, torpaq sahəsinin yerini müəyyən edən heç bir sənəd (yeruqruluşu planından çıxarış, plan-ölçü sənədi və s.) aşkar edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktlarının məzmunundan da görünür ki, ilk öncə iddia edilən torpaq sahəsinin yeri iddiaçı tərəfindən göstərilə bilməmiş, daha sonra vətəndaşın (yəni həmin torpaq sahəsini istifadə edən şəxsin) çöl-ölçmə işlərinin aparılmasına şərait yaratmamış, sonuncu müayinə atkı ilə də müəyən olunur ki, hal-hazırda kənar şəxs tərəfindən əkilərək istifadə edilir. Həmçinin iddiaçıya Novxanı sovxozu ərazisindən torpaq sahəsi ayrıldığı halda göstərilən torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, indiki halda iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlər mövcud olsa da, məhz torpaq sahəsinin yerini müəyyən edən sənədlər mövcud deyildir, iddiaçının özününü də torpaq sahəsinin yeri barədə məlumatı yoxdur, müvafiq icra hakimiyyəti tərəfindən də həmin hala dair heç bir sənəd təqdim edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası onu qeyd edir ki, faktiki olaraq naturada mövcud olmayan torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. Belə ki, əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ilk növbədə həmin əmlakın mövcudluğu müəyyən edilməlidir. Mövcud olmayan əmlaka dair hüququn dövlət qeydiyyatına alınması gələcəkdə həmin qərarın icrasını mümkünsüz olmasına gətirib çıxardır ki, bu hal isə qanunvericiliyin tələbinə ziddir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən imtina əsası kimi istinad edilmiş halların əsassız olması ilə bağlı gəldiyi qənaəti düzgün olsa da, yəni ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının hazırkı ərizəyə əlavə edilmədiyi müəyyən edilməməsi, bundan başqa hüquq sahibinə dair məlumatlar arxiv əsaslarında mövcud olan adlı siyahıda aşkar edilməməsi həmçinin sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasının müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmaması kimi hallarla bağlı işin hallarına düzgün hüquqi qiymət versə də, torpaq sahəsinin naturada mövcud olmaması, torpaq sahəsinin yerinin bəlli olmaması, nəticə etibarilə əmlakın mövcudluğunu müəyyən etmədən, həmin əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı gəldiyi qənaəti yanlış olmuşdur. Belə ki, torpaq sahəsinin mövcudluğu müəyyən edilmədən ona dair əmlak hüququnun dövlət qeydiyyatına alınması qanunvericilik normasının tələbi baxımından yolverilməzdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd olunmalıdır. Göründüyü kimi müvafiq XDS İcraiyyə Komitəsi qurumunun qərarı ilə iddiaçının adına torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin yerləşmə yerinə dair heç bir sənəd tərtib edilməmiş, hazırda da onun səlahiyyətlərini icra edən müvafiq icra hakimiyyəti tərəfindən təqdim edilməmiş, habelə arxivə təhvil verilməmişdir. Bu hal isə özlüyündə iddiaçının hüquqlarının pozulmasına və onun realizəsinə maneçilik yaradılmasına səbəb olur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, iddiaçı sözügedən torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı məsələnin həlli məqsədilə mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququna malikdir, habelə qeyd edilən məsələ öz həlini tapdıqdan sonra həmin torpaq sahəsinə dair əmlak hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq inzibati orqana müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(118)-261/2024 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Novxanı kəndi ərazisində iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-142/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-142/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver