Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-143/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair çıxarılmış Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin **********6 saylı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər X2 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi) bərpa olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-868/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, 11-xx xxxxxx 2021-ci il tarixlərdə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair çıxarılmış Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin **********6 saylı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair çıxarılmış Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin **********6 saylı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər X2 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi) bərpa olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Sumqayıt şəhər X2 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin **********6 saylı, xx.xx.2019-cu il tarixli əmri ilə, etik davranış qaydalarına əməl etmədiyinə, yəni heç bir üzrlü səbəb olmadan 3 iş günü müddətində işə gəlmədiyinə görə tutduğu vəzifədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.6-cı maddəsi ilə işdən azad edilmişdir. Qüvvədə olan qanunvericiliyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin hərəkəti qanunaziddir. İşdən çıxarılmasını qeyri-qanuni hesab edir. Əmr formal-hüquqi baxımdan qanunsuzdur. İşdən azad edilmə barədə əmrdə işdən azad edilmənin hüquqi əsası doğru göstərilməmiş, əmr lazımi qaydada həyata keçirilən icraat nəticəsində qəbul edilməmişdir. Belə ki, sözügedən əmrdə istinad olunan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 33.1.6-cı maddəsi bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad etməni nəzərdə tutur. Sözügedən 25.2.6-ci maddə isə dövlət qulluğundan azad etmə növündə intizam tənbehidir. Bu intizam tədbirinin icrası isə sözügedən Qanunun 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76.2-ci maddəsinin tələbləri pozulmaqla qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla qəbul edilmiş və Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan tərtib edilmişdir. Sözügedən əmrə əsasən etik davranış qaydalarına əməl etmədiyinə, yəni heç bir üzrlü səbəb olmadan 3 iş günü müddətində işə gəlmədiyinə görə işdən azad olunmuşdur. Əsasın belə bir redaksiyada göstərilməsindən aydın olur ki, mötərizədə göstərilmiş - heç bir üzrlü səbəb olmadan 3 iş günü müddətində işə gəlmədiyinə görə cümləsi etik davranış qaydası kimi götürülmüşdür. Lakin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun “Etik davranış qaydaları” haqqında 2-ci Fəslində sadalanan 14 etik davranış qaydası arasında işə davamiyyət qaydası ilə bağlı heç bir müddəa yoxdur. Hətta işə davamiyyət 15-ci qayda kimi müəyyən edilsə belə, bu Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas olduğu üçün işə götürən “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq işçi barəsində işdən azad etmə növündə tənbeh tədbiri seçdikdə belə Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad etməli, habelə 71.3-cü maddəyə əsasən onu Əmək Məcəlləsinə uyğun olaraq əsaslandırmalıdır. Əmrdə qeyd olunduğu kimi üzrsüz səbəbdən iş buraxmamışdır. Belə ki, səhhətində narahatçılıq səbəbindən poliklinikaya müraciət etməzdən öncə işlədiyi Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktorunun yanında olmuş, ondan xəstəliyi ilə bağlı, həmçinin qaynatasının yas mərasiminin təşkili ilə əlaqədar ödənişli, yaxud ödənişsiz məzuniyyətə çıxmaq istədiyini bildirmişdir. O, da öz növbəsində hazırda işlər çox olduğundan nazirlikdən icazə verməyəcəklərini bildirərək ona istənilən vaxtı şifahi icazə verəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə səhhəti ilə əlaqədar direktor müavininə bildirərək Sumqayıt 4 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Orada həkim-terapevt Arzu Rəcəbova tərəfindən ilkin müayinə olunduqdan sonra digər müayinələr üçün göndərişlər verilmiş, “xroniki qastritin kəskinləşməsi diaqnozu qoyuldu” müalicə resepti yazılmış və ilkin olaraq 27, 28 fevral və 1 mart tarixlərində işdən azad olunduğunu bildirmişdir. Öz növbəsində xx xxxxxx 2019-cu il tarixdə saat 08:52 radələrində bir daha direktor müavininə zəng edərək ambulator xəstəliyi səbəbindən işə gəlməyəcəyini demiş və vatsap vasitəsi ilə eyni məzmunlu yazı göndərmişdir. O, da ona bir neçə dəqiqə sonra zəng edərək, gələrkən xəstəlik vərəqi gətirməsini bildirmişdir. Bunun sübutu olaraq da Sumqayıt 4 nömrəli Şəhər Poliklinikasının 38 nömrəli xx.xx.2019cu il tarixli arayışından da aydın olduğu kimi üzrlü səbəbdən 3 gün müddətində səhhətində yaranan problemlərlə bağlı işə getməmişdir. Bu arayış tərəfindən əmr qəbul olunmamışdan öncə, yəni xx.xx.2019-cu il tarixdə rəhbərliyə şəxsən təqdim olunmuşdur. Deməli onun işə gəlməməsi üzrsüz deyil, üzrlü haldır. Bundan əlavə olaraq xx.xx.2019-cu il tarixdə yaxın qohumunun vəfatı ilə əlaqədar hüzür mərasimində iştirak etməli də olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, ona münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin və 72-ci maddəsinin “a” bəndinin əsasları mövcud deyildir. Əlavə olaraq bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin **********6 saylı əmri xx.xx.2019-cu il tarixdə qəbul edilsə də, xx.xx.2019cu il tarixədək işdə olmuş, təxminən 11:30 radələrində xidmət etdiyi otağa zəng gəlmiş, direktorun onu çağırdığını bildirmişlər. Direktorun yanına getmiş, orada ona nazirlikdən kadrlardan çağırıldığını bildirmiş və başqa heç nə deməmişdir. Nazirliyə getmiş, ona heç kim heç nə demədən əmək kitabçasını və əmrin surətini ayın 13-ə imza etdirərək ona təqdim etmişlər. Mart ayının 11 günündə işdən azad olunmasına baxmayaraq 11, 12 və 13 mart tarixlərində iş yerində olaraq vəzifələrini icra etmişdir. Bu haqda idarənin davamiyyət kitabında qeydlər mövcuddur. Bütün bu baş verənlərin səbəbi isə xx.xx.2019-cu il tarixdə Nazirlik üzrə elan olunmuş daxili müsahibədə iştirak edərək direktor vəzifəsinə uyğun bilinməsi olmuşdur. Daha sonra Nazirliyə dəvət olunmuş, ona daha aşağı təsnifat və daha aşağı vəzifə təklif olunmuş, yəni sektor müdiri. İmtahandan keçdiyi vəzifəyə təyin etmələrini xahiş etmişdir. Bununla bağlı Məşğulluq Xidmətinin kadrlar şöbəsində, Nazirliyin kadrlar şöbəsində olmuşdur. Ona yalnız sektor müdri vəzifəsi verilə biləcəklərini bildirmişlər. Nazirlə görüşmək istədiyini xahiş etmiş, DMX rəisi Fuad Musayev, nazir müavini Anar Əliyevin qəbuluna düşməklə bağlı müraciətlərinə rədd cavabı almışdır. Sonra şəxsən Nazirə müraciət etmiş, Nazir ona narahat olmaması, məsələnin həll olunacağını onun yanında tapşırıq vermişdir. Bundan sonra Nazirliyə dəvət olunmuş, daxili nəzarət şöbəsində təhdid etməyə başlamışlar. Sonunda da bu addımı ataraq qanunsuz, ədalətsiz əmr vermişlər. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(085)- 868/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim Z.Pirverdiyev) Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, iş materiallarında təqdim etdiyi qaynatasının ölüm kağızının təsdiq edilmiş surəti və məhkəmə çıxışı zamanı qarşı tərəfin əsassız iddiasını (guya ki intizamsız işçi olmağı ilə bağlı) alt-üst edəcək sübutu-yəni əmək haqqından çıxarışın təsdiq edilmiş surəti göstərilməmişdir. Çünki əmək haqqından çıxarışda işini layiqincə yerinə yetirdiyi açıq aydın görünür. İşlədiyi müddətdə demək olar ki hər ay aylıq vəzifə maaşının 50, 100, 200 faizi məbləğində pul mükafatı ilə mükafatlandırılmışdır. (qeyd etdikləri 2018-ci ilin iyul ayından aylıq vəzifə maaşının 100 faizi məbləğində mükafat almışdır). AR Dövlət Qulluğu haqqında Qanunun 30.1-ci maddəsi Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsidir. Qarşı tərəfin qeyd etdiyi kimi intizamsız işçi olsaydı 2018ci ildə təqvim ilinin sonunda xidməti fəaliyyəti aşağıdakı kimi qiymətləndirilməzdi: Peşə bilikləri-5; xidməti vəzifələrə münasibət-4; təhlil aparmaq, problem həll etmək və qərar vermək-4; yaradıcılıq və təşəbbüskarlıq-4; əmək intizamı-4; iş təcrübəsi və onu bölüşmə-4; kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibət-4. Yekun bal olaraq ona 5 ballıq qiymətləndirmə üzrə-4.2 bal verilmişdir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydalarına 1 nömrəli Əlavədə meyar üzrə verilən qiymət aşağıdakı kimi göstərilmişdir: 5-vəzifəsini gözləndiyindən yüksək səviyyədə icra edib; 4-vəzifəsini gözlənilən səviyyədə icra edib; qənaətbəxşdir, vəzifəsini əsasən icra edib, inkişafa ehtiyac var; vəzifəsini qismən icra edib və ya icra etməyib. Verilən qiymətləndirmədən və Qaydalara Əlavədən açıq aydın görünür ki, vəzifələrimi gözləndiyindən yüksək səviyyədə icra etmişdir. Qərarda Dövlət qulluqçularının AR Dövlət Qulluğu haqqında Qanunun 18, 20, 25.11-ci maddələrinə (bu maddələrin heç birində işə gəlməməyə görə tətbiq ediləcək intizam tənbehi növü öz əksini tapmamışdır) əməl etmədikdə dövlət qulluqçusuna tətbiq edilə biləcək intizam tənbehinin növləri göstərilmişdir: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3 həmin təsnifatdan olan lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6 dövlət qulluğundan azad edilməsi. Qanundan göründüyü kimi, intizam tənbehi növü olaraq xəbərdarlıq yoxdur. AR Dövlət Qulluğu haqqında Qanununun 34-cü maddəsinə əsasən yalnız Bu qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər AR əmək qanunvericiliyi ilə tənzimlənir. 25.2-ci maddədən də açıq aydın görünür ki, dövlət qulluqçularına tətbiq ediləcək intizam tənbehi növləri ilə bağlı norma mövcud olduğundan digər qanunvericiliyə istinad etməyə lüzum yoxdur və əgər intizam tənbehi verilmiş olsaydı, işçilərin mükafatlandırılması zamanı nazirin əmrində konkret olaraq əmrin üzərində intizam tənbehi olan işçilərə şamil edilməməsi ilə bağlı bəndə əsasən ona bir il ərzində mükafat verilməzdi. Digər əsas məqam ondan ibarətdir ki, işdən azad edilmə səbəbi guya üzrsüz səbəbdən 3 gün işə gəlməməkdir. (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin **********6 №-li, xx.xx.2019-cu il tarixli əmri ilə, etik davranış qaydalarına əməl etmədiyinə görə (heç bir üzrlü səbəb olmadan 3(üç) iş günü müddətində işə gəlmədiyinə) görə tutduğu vəzifədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 33.1.6-cı maddəsilə azad edilmişdir.) xx.xx.2019-cu il tarixdə səhhətilə əlaqədar direktor müavini Mübariz Behbudova bildirərək Sumqayıt 4 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Orada həkim-terapevt Arzu Rəcəbova tərəfindən ilkin müayinə olunduqdan sonra digər müayinələr üçün göndərişlər verilmiş, “xroniki qastritin kəskinləşməsi” diaqnozu qoyulmuş, müalicə resepti yazılmış və ilkin olaraq 27, 28 fevral və 1 mart tarixlərində işdən azad olunduğunu bildirmişlər. O də öz növbəsində xx xxxxxx 2019-cu il tarixdə saat 08:52 radələrində bir daha direktor müavininə 050 ***-**-** nömrəsinə 055 ***-**-** özünün nömrəsindən zəng edərək ambulator (ambulator xəstə yataq rejimində olmur eyni zamanda həkim tərəfindən ölkə ərazisini tərk etməmək şərti ilə uzaq yol çıxılmasına icazə verilmişdir) xəstəliyi səbəbindən işə gəlməyəcəyini demiş və sms və vatsap vasitəsi ilə eyni məzmunlu yazı göndərmişdir. O, da bir neçə dəqiqə sonra zəng edərək gələrkən xəstəlik vərəqi gətirməsini bildirmişdir. Bunun sübutu olaraq da Sumqayıt 4 nömrəli Şəhər Poliklinikasının 38 nömrəli xx.xx.2019-cu il tarixli arayışından da aydın olduğu kimi üzrlü səbəbdən 3 gün müddətində səhhətində yaranan problemlərlə bağlı işə getməmişdir. Bu arayış tərəfindən əmr qəbul olunmamışdan öncə, yəni xx.xx.2019-cu il tarixdə rəhbərliyə yəni Elxan Bədəlova şəxsən təqdim olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-90/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-868/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. (sədrlik edən və məruzəçi-hakim Zaur Məmmədov, hakimlər Nazim Nəsibov və Aqil Abbasovdan ibarət tərkibdə). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1122/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x xxxxxx 2020-ci il tarixli 2-1(105)-90/2020 nömrəli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Yeni apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Yeni apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan ******* saylı Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx xxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2010-cu il tarixədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində, xx xxxx 2011-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, o cümlədən xx xxxxxxx 2016cı il tarixdən xx xxxx 2019-cu il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər X2 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məşğulluq Mərkəzinin xx xxxx 2018-ci il tarixli iclasının 2 saylı protokol qərarının surətindən görünür ki, xx xxxx 2018-ci il tarixdə Sumqayıt şəhər Məşğulluq Mərkəzində iddiaçı ilə “HSE AZ" məhdud məsuliyyətli cəmiyyətinin qeyrirəsmi nümayəndəsi kimi təqdim edən vətəndaş arasında baş vermiş münaqişəyə görə iddiaçıya xəbərdarlıq elan edilmişdir. İş materiallarında olan Sumqayıt 4 nömrəli şəhər Poliklinikasının xx xxxx 2019-cu il tarixli 138 saylı arayışının surətindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə xəstəlik səbəbindən 4 saylı Sumqayıt şəhər poliklinikasına müraciət etmişdir. Ərazi üzrə sahə həkim-terapevti işdə olmadığı üçün onu həkim-terapevt Rəcəbova Arzu qəbul etmiş, obyektiv müayinə etmişdir. Xəstəyə ilkin olaraq “Xroniki qastritin kəskinləşməsi” diaqnozu qoyulmuşdur. Xəstəyə müayinə olunmaq üçün göndərişlər verilmiş, 27, 28 fevral və x xxxx 2019-cu il tarixlərində işdən azad olunacağı bildirilmiş, həmçinin, xəstəyə ölkə ərazisindən kənara çıxmamaq şərti ilə uzaq yol çıxmasına həkim tərəfindən razılıq verilmişdir. Lakin TPM vaxtı olduğu üçün, həkimin işi çox olduğundan xəstəyə qeyd edilən tarixdə ƏQOV açılmamışdır. Bu səbəbdən xəstəyə təqdim edilmiş arayışı ƏQOV əvəzi qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 4 nömrəli Poliklinikasının xx xxxxxx 2019-cu il tarixli 4 ədəd yardımçı kabinetə göndərişlərdən görünür ki, iddiaçı müxtəlif müayinələr üzrə müayinə olunması üçün laboratoriyaya və Sumqayıt şəhər 3 nömrəli Poliklinikasına göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli B seriyalı ********* saylı resept blankından görünür ki, iddiaçıya müalicə olunmaq üçün müxtəlif adda dərman yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanmış xidməti məruzənin surətindən görünür ki, Sumqayıt şəhər X2 məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi İddiaçı öz vəzifə funksiyalarını layiqincə yerinə yetirmir, əmək və icra intizamını pozur, ona edilən xəbərdarlıqlardan nəticə çıxarmır. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə işə getməmiş, Mərkəz tərəfindən onunla əlaqə saxlanıldıqda isə xəstə olduğunu və müalicə aldığını bildirmişdir. Lakin həmin tarixdə Nazir tərəfindən keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün heç kimə məlumat vermədən özbaşına Sabirabad rayonuna getmişdir. Bu onun ilk intizamsızlığı deyildir. Belə ki, xx xxxx 2018-ci il tarixdə Sumqayıt şəhər Məşğulluq Mərkəzində İddiaçı ilə özünü “HSE AZ" məhdud məsuliyyətli cəmiyyətinin qeyri-rəsmi nümayəndəsi kimi təqdim edən vətəndaş arasında münaqişə baş vermişdir. Münaqişənin araşdırılması məqsədi ilə Mərkəzin xx xxxx 2018-ci il tarixli 99 nömrəli Əmri ilə Komissiya yaradılmışdır. Komissiyanın araşdırması nəticəsində İddiaçı xəbərdarlıq elan edilmişdir. Sumqayıt şəhər X2 məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi İddiaçı barəsində ciddi tədbir görülməsinə münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin **********6 saylı xx xxxx 2019-cu il tarixli əmrinin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən etik davranış qaydalarına əməl etmədiyinə görə (heç bir üzrlü səbəb olmadan 3 (üç) iş günü müddətinə işə gəlmədiyinə görə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər X2 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla xx xxxx 2017-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixdə xitam verilmişdir. İşdən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair çıxarılmış Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin **********6 saylı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər X2 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi) bərpa olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin iddiaçının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən (heç bir üzürlü səbəb olmadan 3 (üç) iş günü müddətinə işə gəlmədiyinə görə) dövlət qulluğundan azad edilməsi barədə **********6 saylı xx xxxx 2019-cu il tarixli əmri qanuni əsaslarla qəbul edilmiş, həmin əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə sübut edilmiş, məhkəmə tədqiqatı zamanı qeyd edilən əmrin ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması müəyyən edilməmişdir. Belə ki, iddiaçı işə getmədiyi 3 iş günü müddətində xəstə olmasını və bu barədə Sumqayıt 4 nömrəli şəhər Poliklinikasının xx xxxx 2019-cu il tarixli 138 saylı arayışını xx.xx.2019-cu il tarixdə rəhbərliyə şəxsən təqdim etdiyini bildirsə də, həmin arayışın cavabdehə təqdim olunmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla xx xxxx 2017-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixdə xitam verilmişdir. Həmin normaya görə, dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər. Beləliklə, əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. “Mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası isə dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun. Məhkəmə araşdırması zamanı iddiaçının əvvəllər “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Əmrdə bilavasitə göstərilməsə də, cavabdeh iddiaya etirazın əsası kimi iddiaçıya əvvəllər – xx xxxx 2018-ci il tarixdə “xəbərdarlıq” edildiyinə istinad edir. Lakin “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsində “xəbərdarlıq” intizam tənbehi kimi nəzərdə tutulmadığından, cavabdehin istinad etdiyi “xəbərdarlıq” intizam tənbehinə xas olan hüquqi nəticələri yaratmır. Başqa sözlə, cavabdeh pozuntunun nəinki mütəmadiliyini (davamlı olaraq baş verdiyini), hətta onun təkrarlığını sübut edə bilməmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna istinad yoxdur. Bundan başqa, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 25.4-cü maddəsinə əsasən, xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı inzibati orqanın rəhbərinin dövlət qulluqçusu barədə araşdırma aparılmasına dair əmrin olması, ümumiyyətlə iddiaçı barəsində, araşdırma (xidməti yoxlama) aparılması müəyyən edilməmişdir. Əmrin faktiki əsası kimi iddiaçının “etik davranış qaydalarına əməl etmədiyi” göstərilsə də, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun məhz hansı müddəasının iddiaçı tərəfindən pozulduğu əmrdə göstərilməmişdir. Birinci instansiya məhkəməsi isə gəldiyi nəticənin hüquqi əsası kimi "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının öz vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsi, əmək və icra intizamını pozması nəticəsində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələblərini pozmuş və bu hal da iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) əsasən, dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını İPM-in 12.1 və 57.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, normanın məzmunundan göründüyü kimi həmin norma o halda tətbiq oluna bilər ki, dövlət qulluqçusu öz fəaliyyətini icra edərkən qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərin çərçivəsindən kənar davranmış olsun və öz fəaliyyətini peşəkar səviyyədə yerinə yetirməsin. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan iddiaçı barəsində intizam tənbeh tədbirlərindən biri kimi dövlət qulluğundan azad edilməsini tətbiq edərkən, onun “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz olmaqla ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasın inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının hazırkı iddiası təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-868/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçının iddia tələbi təmin edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(105)-143/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-143/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver