Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-143/2022 19.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2- 1(118)-1221/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmişdir. Cavabdeh isə ərizənin icrasından imtina edərək, 01.05.2021-ci il tarixli, **********39 saylı imtina məktubunda qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı torpaq sahəsi üzərində mübahisə mövcuddur. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş torpaq sahəsi digər şəxs tərəfindən istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Verilmiş imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və 1.24 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09 1998ci il tarixli 03 saylı qərarı ilə 1.24 ha torpaq sahəsi 3 üç nəfər olmaqla iddiaçının ailəsinin mülkiyyətinə verilmişdir. 2003-cü ildən iddiaçılar torpaq sahəsindən kənd təsərrüfatı mallarının istehsalı məqsədilə istifadə etmişdirlər. Cavabdeh imtinasında müayinə zamanı torpaq sahəsi üzərində mübahisə olmasına istinad etmişdir. Halbuki, daşınmaz əmlakın dövlət reyestri haqqında qanunda belə bir imtina əsası nəzərdə tutulmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2-1(118)-1221/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 saylı Fərmanına əsasən,Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradıldığından, hazırkı iş üzrə cavabdeh, prosessual hüquqi varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ailə üzvləri ilə birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1997-ci ildən təyinatı üzrə istifadə etmişlər. 21.04.2021-ci il tarixli cavabdan məlum olur ki, onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən başqa şəxs tərəfindən qanunsuz istifadə etməsi səbəbindən guya ölçmə işləri aparmaq mümkün olmadığından çıxarışın hazırlanmasından imtina olunmuşdur. Əslində isə mütəxəssis ilə birgə ölçmə işləri aparılmış, texniki pasport işlənib və çıxarışın hazırlanması üçün iş Quba rayon şöbəsindən cavabdeh Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Lakin sonradan onların mülkiyyətində olan bağ sahəsindəki əmlakı - 2008ci ildə müvəqqəti başqa yerə yaşamağa getdiklərindən istifadə olunaraq meyvə ağaclarını çıxarıb özü üçün yeni qələmlər əkən Vladimirovka kənd sakinləri - X3 və ailə üzvləri Ərazi İdarəsinə gedərək qanunsuz, zəbt etdiyi torpaq sahəsinin bir hissəsindən istifadə etdikləri üçün cavabdeh orqanın vəzifəli şəxsləri ilə razılaşaraq çıxarışın hazırlanmasından imtina olunmuşdur. Məhkəmə isə imtinada qeyd edilən sözlərə əsasən yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Məhkəmə əsaslandırma hissəsində cavabdeh orqanın etirazına uyğun guya “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş torpaq sahəsi digər şəxs tərəfindən istifadə edildiyindən müayinə işlərinin aparılmasının mümkün olmaması və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmaması səbəbi ilə iddia rədd edilmişdir. Məhkəmə imtinada sadalanan halları qərarına qeyd edərək, işdə olan dövlət qeydiyyatı üçün imtinaya səbəb kimi göstərilən sənədləri tələb etməmiş, yalnız sözlə ifadə olunan etiraza əsasən qərar qəbul etmişdir. Qərardan məlum olur ki, onlara məxsus torpaq sahəsi müayinə işləri aparılması mümkün olmaması səbəbi ilə imtina əsaslı hesab edilmişdir. Əslində isə cavabdeh orqanın Quba Şöbəsinin mütəxəssisi tərəfindən onların iştirakı ilə torpaq sahəsinin yerində müayinəsi aparılmış və plan və ölçüsü götürülmüşdür. Lakin sonradan cavabdeh orqan torpaq sahəsini zəbt edən həmin Babayev Eldar və qohumlarının sifarişi ilə çıxarışın hazırlanmasından imtina etmişdir. Məhkəmə isə bir iclas keçirdikdən sonra heç bir araşdırma aparmadan, həmin mütəxəssisi dəvət etmədən bilə-bilə qanunsuz qərar qəbul etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin hallarından görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.24 ha torpaq sahəsinə İddiaçı və onun ailə üzvləri X2, X4 və X1 adına 29 dekabr 2003cü il tarixdə JN0064 kod 30311028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmişdir. Cavabdeh isə 01.05.2021-ci il tarixli, **********39 saylı imtina məktubunda qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı torpaq sahəsi üzərində mübahisə mövcuddur. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş torpaq sahəsi digər şəxs tərəfindən istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Məhkəmə iddia tələbinin rədd edilməsi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsi ilə bağlı mübahisə vardır, həmin torpaq sahəsindən faktiki olaraq başqa şəxs istifadə edir, iddiaçı torpaq sahəsinə faktiki sahiblik edə bilmir. Qeyd edilən hallar torpaq sahəsinə mülkiyyət sənədinin verilməsindən inzibati orqanın imtinası üçün əsas təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Cavabdeh imtina məktubunda sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı torpaq sahəsi üzərində mübahisənin mövcud olduğunu, həmçinin torpaq sahəsinin faktiki olaraq başqa şəxsin istifadəsində olması ilə bağlı qeyd etsə də, məhkəmə bununla bağlı ümumiyyətlə araşdırma aparmamış, daşınmaz əmlakın müayinə işlərinin aparılması məqsədilə "xxxx" MMC-yə xidməti tapşırıq verərək mütəxəssis rəyinin alınmasını təmin etməmiş, iddiaçıya məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini araşdırmamış, zərurət yarandığı halda üçüncü şəxslərin məhkəmə icraatına cəlb edilməsi məsələsini müzakirə etməmişdir. Qeyd olunan hallar araşdırılmadan isə iddiaya qiymət vermək və iş üzrə yekun nəticəyə gəlmək mümkün deyil. Lakin işə baxan məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmadan cavabdehin imtinasını haqlı saymışdır. Halbuki İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin kobud şəkildə pozulduğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2-1(118)-1221/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-143/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-143/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver