Məhkəmə qərarları › İş №2-1(105)-143/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-143/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-143/2024 07.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X2, X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və texniki pasportun verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(118)-1271/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 31 oktyabr 2022-ci il tarixli, **********26 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı ünvan 2 ünvanında yerləşən 71 saylı fərdi yaşayış evinə dair təqdim edilmiş 11 nömrəli orderin səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi, yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin dəmir yolu xəttinin mühafizə zolağında yerləşdiyi, torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna əlavə edilmədiyi, torpaq sahəsinin vətəndaşa “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyətinin 26 avqust 1992-ci il tarixli sərəncamı ilə ayrıldığı müəyyən olunmuşdur. Bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin Siyahısı” nda torpaq sahələrinin ayrılması barədə “Azerenerjiyenidənqurma” Səhmdar Cəmiyyətinin sərəncamları nəzərdə tutulmamışdır. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyətinin xx.xx.1992-ci il tarixli sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, ev 71 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyətinin xx.xx.1992-ci il tarixli sərəncamı ilə onun adına ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, ev 71 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və plan və ölçü sənədinin verilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının olmaması habelə, “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyətinin sənədləşmə işlərini qanunauyğun şəkildə aparmaması onun təqsiri olmamaqla, mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə təşkil etməməlidir. Belə ki, o ailə üzvləri ilə həmin evə pasport qeydiyyatına alınmaqla, orada yaşamışdır, həmin evdən başqa yaşayış sahələri yoxdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının 2.3-cü bəndinə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(118)-1271/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Leyla Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçı tərəfindən qanunvericilikdə hüququn qeydiyyatı üçün tələb olunan sənədlər təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçının mübahisəli torpaq sahəsinə və yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərinin olub-olmamasına dair müvafiq orqanlara sorğular ünvanlansa da, sorğular nəticəsində yalnız “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyətinin 6 saylı, 26 avqust 1992-ci il tarixli sərəncamının surəti əldə edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sənəd daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmadığından, iddiaçı tərəfindən hər hansı digər hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, habelə onun tərəfindən fərdi yaşayış evinə dair təqdim edilmiş order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının orderi kimi qəbul edilmədiyindən cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi onun Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, ev 71 ünvanında qeydiyyatda olduğunu nəzərə almamış, habelə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış olduğunu və bu sənədi hüquqmüəyyənedici sənəd kimi araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyəti Gürcüstan Respublikasının tabeliyində 1947-ci ildə fəaliyyətə başlamış, 1990-cı ildə isə fəaliyyətini dayandırmışdır. İddiaçı əvvəllər müəssisənin balansında olmuş 18 nömrəli yataqxanada yaşamış, 1990-cı ildə isə həmin yataqxana 40 nömrəli məktəbin balansına verilmiş, bundan sonra o, həmin yataqxanadan çıxarılmışdır. “Azərenerjiyenidənqurma” SC tərəfindən onunla birlikdə yataqxanadan 7 ailə çıxarılaraq, yaşayış evi ilə təmin edilmişdir. Ondan başqa heç kim yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməmişdir. İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdilər. TƏTBİQ EDİLƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddia ərizəsindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) Xırdalan şəhəri, 23 nömrəli M/Dəstə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evi üzərində və 2) həmin yaşayış evinin yerləşdiyi 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması. Birinci instansiya məhkəməsi həm fərdi yaşayış evi, həm də torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərin olmaması əsası ilə cavabdehin imtinasını qanuni hesab edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Həmin əsaslardan biri də, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair orderdir (Qanunun 8.0.11-ci maddəsi). Qanunun tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək yalnız iki halda verilən orderlər yaşayış sahəsi üzərində hüququn qeydə alınması üçün əsas kimi çıxış edir: yaşayış sahəsi dövlət mənzil fondundan və yaxud ictimai mənzil fondundan verilmiş olsun. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən, mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: -dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); -kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); -mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); -vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). İddiaçı tələbinin əsası kimi “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyətinin xx.xx.1992-ci il tarixli, 06 nömrəli sərəncamına və həmin sərəncama əsasən verildiyi qeyd edilən 14 aprel 2005-ci il tarixli, 11 nömrəli orderə istinad etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.1992-ci il tarixli, 06 nömrəli sərəncamına əsasən, “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 23 nömrəli M/Dəstə qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılması, layihə əsasında 3 otaqlı bir mərtəbəli mənzil tikintisinə icazə verilməsi, tikintinin həmin ərazidən keçən kommunikasiya xətləri qorunmaqla aparılması, həmçinin İddiaçıS ilə Səhmdar Cəmiyyəti arasında müqavilə bağlanılması qərara alınmışdır. Eyni zamanda, 11 saylı 14 aprel 2005-ci il tarixli orderdən görünür ki, “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyətində çilingər işləyən İddiaçı və ailə üzvlərinə 23 nömrəli M/Dəstə qəsəbəsi, ev 71 ünvanında yerləşən fərdi yaşayış evinə dair order verilmişdir. Orderin verilməsinə əsas olaraq “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyətinin 6 nömrəli sərəncamı, eləcə də, 6 nömrəli “xx.xx.20092” qeyd edilən protokol göstərilmişdir. Hər iki sənəddə, sərəncamın və orderin mətnində onun “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyəti tərəfindən verildiyi göstərilsə də, həmin sənədlər müəssisə rəhbərinin imzası və müəssisənin möhürü ilə təsdiq edilməmiş, hər iki sənədə “Enerjitexnikiyeniləşdirmə” Enerjitəmir İdarəsinin 23 saylı M-dəstə qəsəbəsinin Mənzil İstismar Sahəsinin möhürü vurulmuşdur. “Enerjitexnikiyeniləşdirmə” Enerjitəmir İdarəsinin isə “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyətinə hər hansı aidiyyəti olub-olmaması iş materialları ilə müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyəti ilə bağlı aidiyyəti orqanlara müvafiq soğrular verilsə də, məhkəmənin sorğularına cavab olaraq Abşeron rayon Dövlət Arxivi 26 aprel 2023-cü il tarixli məktubu, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi 02 may 2023-cü il tarixli məktubu ilə “Azərenerjiyenidənqurma” SC-nin arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə adıçəkilən müəssisənin ASC-nin tərkibində və tabeliyində olmadığını bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən də əlavə olaraq “Azərenerjiyenidənqurma” SC-nin dövlət qeydiyyatına alınıb-alınmaması, hazırda fəaliyyət göstərib-göstərməməsi, ləğv edildiyi təqdirdə, ləğvinin hansı qaydada həyata keçirilməsi ilə bağlı məlumat və sənədlərin əldə edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müvafiq sorğular verilsə də, həmin orqanlardan əldə edilmiş cavablardan müəssisə barəsində hər hansı məlumat əldə edilməsi mümkün olmamışdır. Eləcə də, iddiaçı məhkəmə iclasında izahatında ona ayrılmış torpaq sahəsinin X4 müvafiq qərarı ilə “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyətinə ayrıldığını bildirsə də, edilmiş sorğular nəticəsində belə bir qərarın da əldə edilməsi mümkün olmamışdır. Beləliklə, həm birinci instansiya məhkəməsi, həmçinin, apellyasiya icraatı zamanı aparılan araşdırma nəticəsində iddiaçı tərəfindən tələbinin əsası olaraq təqdim edilən sərəncamın və orderin əslinin, o cümlədən, arxiv əsaslarının əldə edilməsi, “Azərenerjiyenidənqurma” Səhmdar Cəmiyyətinə torpaq sahəsinin hansı əsaslarla ayrılmasının müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən mübahisəli yaşayış sahəsinin hazırda dövlət və yaxud ictimai mənzil fonduna aid olması da müəyyən edilməmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin nümayəndəsi izahatında mübahisəli yaşayış sahəsinin 2006-cı ilin dekabr ayınadək Binəqədi rayon İcra Hakimiyyətinin balansında olduğunu, daha sonra AR Prezidentinin müvafiq sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin balansına verildiyini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən fərdi yaşayış evinə dair ilkin hüquqmüəyyənedici sənədlərin, habelə onun balans mənsubiyyəti ilə bağlı dəfələrlə Abşeron rayon İcra Hakimiyyətinə sorğular verilsə də, məhkəmənin sorğuları cavablandırılmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin yaşayış evinə dair onun adına təsərrüfatbaşına kitabdan çıxarışı və onun ailə üzvləri ilə birlikdə 1991-ci ildən həmin yaşayış evində qeydiyyatda olmasını nəzərə almadığını bildirmişdir. Kollegiya şikayətin həmin dəlillərinə münasibətdə qeyd edir ki, ərazi üzrə 5 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsinin əməkdaşı tərəfindən təqdim edilmiş sənədlərin əslinə kollegiya tərəfindən baxış keçirilərkən müəyyən edildi ki, ümumiyyətlə istismar sahəsi tərəfindən xidmət etdiyi ərazidə yaşayan şəxslərin sahibliyində olan təsərrüfatla bağlı uçot aparılmayıb, təsərrüfatbaşına kitab tərtib edilməmişdir. İddiaçının “təsərrüfatbaşına kitabdan çıxarış” olaraq istinad etdiyi sənədin əslinə baxış zamanı isə müəyyən edildi ki, bu sənəd təsərrüfatbaşına kitabdan çıxarış deyil, təsərrüfat barədə heç bir məlumat əks edilməyib, həmin sənəddə sadəcə evdə yaşayan şəxslər barədə müvafiq məlumatlar (təvəllüd, evə pasport qeydiyyatına düşdüyü tarix və s.) göstərilmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının nə torpaq sahəsi, nə də fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısında nəzərdə tutulan əsaslar yoxdur. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(118)-1271/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar