Məhkəmə qərarları › İş №2-1(105)-144/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-144/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-144/2023 19.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin X1rşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Sosial Ödənişlərin X1rşı “ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1977/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İddiaçının yaşa görə pensiya hüququ xx.xx.2020-ci il tarixdən yaranır.

2. İddiaçıya məxsus və notarial qaydada təsdiq edilmiş surəti iş materiallarında olan xx.xx.1973-cü il tarixli və xx.xx.1978-ci il tarixli əmək kitabçalarında onun xx.xx.1972-ci il tarixdən xx.xx.2000-ci il tarixədək müxtəlif sahələrdə işləməsi barədə qeydlər vardır.

3. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

4. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinad edilmklə göstərilmişdir ki, əqdim edilmiş xx.xx.1973-cü il tarixli və xx.xx.1978-ci il tarixli əmək kitabçalarının, attestatın və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1970-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək təhsil aldığı illər və xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr) 17 il 8 ay təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. xx.xx.1978ci il tarixində tərtib edilmiş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək və xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmış, məlum olmuşdur ki, Xaçmaz Eksperimental kombinatının Mənzil İstismar şöbəsinin xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək və "xxxx" ATSC-nin xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək haqqı kitabları Xaçmaz rayon Dövlət Arxivinə təhvil verilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim ediləyəci təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq cavabdehin imtinasının əsassız hesab etməklə cavabdehin üzərinə ona əmək pensiyası hesablanıb verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə əmək pensiyası təyin olunması üçün müraciət etmiş və müvafiq sənədləri təqdim etmişdir. Fondun Sosial Ödənişlərin X7 Filialından daxil olmuş 20 aprel 2022-ci il tarixli **********2 nömrəli cavab məktubu ilə imtina edilmişdir.Aşağıda göstərilənlərə əsasən cavabdehin imtinası əsassız hesab edilməli və cavadehin üzərinə müvafiq təqüdlərin hesablanaraq ödənilməsi öhdəliyi qoyulmalıdır. Onun iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası mövcuddur və işlədiyi dövrlər əmək kitabçamda göstərilmişdir. Əmək kitabçasında qeyd olunmuş Xaçmaz Eksperimental kombinatının Mənzil istismar şöbəsinin xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək və "xxxx" ATSC-nin xx.xx.1992-ci tarixindən xx.xx.2000-ci il tarixinədək əmək haqqı kitablarının Xaçmaz rayon Dövlət Arxivinə təhvil verilibverilməməsi onun pensiya hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Vətəndaşın belə bir səlahiyyəti də yoxdur ki, iş yerindən sənədlərin o, cümlədən əmək haqqı kitablarının arxivə təhvil verilib-verilməməsini yoxlasın. İş stajını təsdiq edən əmək kitabçası mövcud olduğundan arxiv arayışına heç ehtiyac da yoxdur. İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Sosial Ödənişlərin X7 Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Cavabdehin iddiaya qarşı yazılı etirazında 04.2022-ci il tarixli məktubun məzmuuna istinad edərək qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi xx.xx.1973-cü il tarixli və xx.xx.1978-ci il tarixli əmək kitabçalarının, attestatın və hərbi biletin surətlərinə əsasən ümumi sığorta stajının müddəti 17 il 08 ay olmaqla, qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı müddətindən azdır. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Xaçmaz Eksperimental kombinatının Mənzil istismar şöbəsinin xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və "xxxx" ATSC-nin xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək haqqı kitabları Xaçmaz rayon Dövlət Arxivinə təhvil verilməyib, həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi qeyrimümkündür. Bu səbəblərdən iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Hazırda iş üzrə mübahisə predmetini iddiaçının Xaçmaz Eksperimental kombinatının Mənzil istismar şöbəsində xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və "xxxx" ATSC-də xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrlər təşkil edir. Belə ki, iş materiallarına əlavə olunmuş Fondun 1 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2022-ci il tarixli aktlarına əsasən Xaçmaz Eksperimental kombinatının Mənzil istismar şöbəsinin 01,11.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və "xxxx" ATSC- nin xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək haqqı kitabları Xaçmaz rayon Dövlət Arxivinə təhvil verilməyib. Belə olduğu halda isə iddiaçının əmək kitabçasına əsasən mübahisələndirilməyən sosial sığorta stajının müddəti 17 il 08 ay təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Beləliklə, İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1977/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 26 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Sosial Ödənişlərin X7 Filialına həvalə edilməsi qərara alınmışdır.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsəsən iddiaçının ümumi əmək stajı 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etmişdir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 64 yaş 6 ayı 2020-ci ilin aprel ayının 26-da tamam olmuş olur.

11. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdehin apellyasiya şikayətinin dəlilləri imtinanın və iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

1. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən iddiaçının pensiya yaşına - 64 yaş 6 ay çatması işin mübahisəsiz haldır.

25. Cavabdeh imtinasında bildirmişdir ki, tələbin mübahisə edilən hissəsi iddiaçının əmək kitabçasında qeyd edilən Xaçmaz Eksperimental kombinatının Mənzil istismar şöbəsində xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və "xxxx" ATSC-də xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işləyib-işləməməsidir. Cavabdeh təşkilatın bildirdiyinə görə həmin müəssisələr tərəfindən əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qeyrimümkündür.

26. Cavabdehin imtinası ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırma aparılmış, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubunda “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin X4 bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 300 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2008ci il tarixində tam özəlləşdirildiyi göstərilmişdir. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Xaçmaz Meyvə-Tərəvəz tədarükü və X5 Kombinatının bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1122 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2016-cı il tarixində tam özəlləşdirilmişdir.

27. İddiaçının müvafiq dövrlərdə işlədiyi əmək kitabçasında qeyd olunmuş müəssisənin mövcud olması və müvafiq dövrlərdə fəaliyyət göstərməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, MİHO/1.2-2-2022-7062 nömrəli məktubla da öz təsdiqini tapmışdır.

28. Qeyd olunan hallara əsasən birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası ilə onun qeyd olunan müddətlər ərzində həmin müəssisədə işləməsi öz təsdiqini tapır. Həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, əmək haqqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Başqa sözlə desək cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

30. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, cavabdeh tərəfindən mübahisələndirilməyən və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 25 ildən artıq sığorta stajı vardır ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya (kişilərin yaşa görə əmək pensiyası) təyin edilməsinə əsas verir.

31. Beləliklə, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1977/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar