Məhkəmə qərarları › İş №2-1(105)-145/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-145/2021

16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-145/2021 16.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Sumqayıt şəhər X2rşı maddi zərərin və işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-218/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Sumqayıt şəhər X2rşı iddia qaldıraraq, cavabdehin vurduğu maddi zərərə görə 17,841 manat, işgüzar nüfuza vurduğu ziyana görə isə 5000 manat, cəmi 22,841 manat pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC AR Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçməklə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. MMC-yə məxsus İsuzu Ekobus markalı ** RG *** dövlət nömrə nişanlı avtobus marşrutda olarkən cavabdeh, Yol Patrul Xidmətinin inspektoru X5 tərəfindən saxlanmaqla, sürücü X3 barəsində xx.xx.2016-cı il tarixdə protokol tərtib edilmiş və həmin tarixdə qərar qəbul edilmişdir. Həmin protokoldan narazı olan sürücü A.Rzayev məhkəməyə şikayət etmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə inspektorun qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir və qərar qanuni qüvvəsini alaraq icra olunmasından ötrü Sumqayıt şəhər DYPŞ-nə göndərilmişdir. xx xxxxxx 2017-ci il tarixdə yenə də həmin inspektor yenə də həmin maşını başqa sürücü, X4 idarə edərkən saxlamış və ona xx.xx.2017-ci il tarixli protokol tərtib etmiş və qərar qəbul etmişdir. Həmin zaman inspektor xx.xx.2016-cı il tarixli qərara əsasən borcun ödənməməsini əsas gətirərək avtomaşını cərimə meydançasına apararaq orada saxlamışdır. Sürücü inspektorun qərarından məhkəməyə şikayət etmiş və Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən inspektorun bu qərarı da ləğv edilmişdir. İnspektorun qanunsuz hərəkətləri nəticəsində MMC-yə məxsus avtomaşın qanunsuz olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi cərimə meydançasında saxlanmış, həmin müddət ərzində saxlanmaya görə MMC tərəfindən dayanacağa 102 manat ödənmişdir. Ondan əlavə, inspektorun qanunsuz qərarına əsasən təyin edilmiş cəriməni ödəməyə məcbur edilmiş və MMC 160 manat ödəmişdirlər. Bundan əlavə, avtomaşın 52 gün cərimə meydançasında qanunsuz saxlanması nəticəsində MMC-yə maddi ziyan dəymişdir. Belə ki, həmin avtomaşın hər gün MMC-yə 90 manat plan verirdi və inspektorun qanunsuz hərəkətləri nəticəsində MMC həmin avtomaşından əldə edəcəyi 4.680 manat (52x90=4.680) gəlirdən məhrum olmuşdur. Ona görə də bu maddi ziyanlar cavabdehdən alınaraq MMC-yə ödənməlidir. Əlavə olaraq, MMC-yə məxsus İsuzu Ekobus markalı ** AE *** dövlət nömrə nişanlı avtobus marşrutda olarkən xx xxxxxx 2017-ci il tarixdə sürücü xırda yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra cavabdehin inspektoru qanunsuz olaraq avtobusu marşrutdan çıxararaq cərimə meydançasına yerləşdirmişdir. Onlar müvafiq orqanlara cavabdehin qanunsuz hərəkətlərindən şikayət etdikdən sonra avtobus təhvil vermişdir. Sonradan məlum olmuşdur ki, avtobusun mühərriki sıradan çıxmışdır. Bununla əlaqədar servis tərəfindən qüsur aktı tərtib edilmiş və həmin akta əsasən mühərrikin təmir və bərpa edilməsi üçün 1713 manat xərc tələb edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomaşın qanunsuz olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi cərimə meydançasında saxlanmış, həmin müddət ərzində saxlanmaya görə MMC tərəfindən dayanacağa 28 manat ödənmişdir. Ondan əlavə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində avtomaşın 16 gün cərimə meydançasında qanunsuz saxlanması nəticəsində MMC-yə maddi ziyan dəymişdir. Belə ki, həmin avtomaşın hər gün MMC-yə 90 manat plan verirdi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində MMC həmin avtomaşından əldə edəcəyi 1.440 manat (16x90=1440) xeyirdən məhrum olmuşdur. Ona görə də bu maddi ziyanlar, cəmi olaraq 3181 manat (1713+28+1440= 3181) cavabdehdən alınaraq MMC-yə ödənməlidir. Bundan əlavə xx xxxxxxx 2017-ci il tarixdə cavabdehin inspektoru MMC-yə məxsus 50AE069 dövlət nömrə nişanlı İsuzu Ecobus markalı avtobusu cərimə meydançasına qoymuş, xx xxxxxx 2018-ci il tarixədək, yəni 86 gün cavabdehin qanunsuz hərəkətləri nəticəsində cərimə meydançasında qalmışdır. Cərimə meydançasında saxlanmaya görə MMC tərəfindən 258 manat ( 86 x 3 manat) ödənmişdir. Bundan əlavə, həmin maşın MMCyə hər gün 110 manat plan verirdi. 86 gün ərzində MMC cavabdehin qanunsuz hərəkətləri nəticəsində 9460 manat ziyan çəkmişdir. Bu qanunsuz hərəkət nəticəsində MMC-yə 9718 manat( 9460+ 258=9718) ziyan dəymişdir. Cavabdehin bu hərəkətləri MMC-nin işgüzar nüfuzuna da xələl gətirmişdir. Belə ki, bütün şəhərdə avtobus sürücüləri arasında məlumat yayılmışdır ki, inspektor MMC-yə məxsus avtobusları izləyərək qanunsuz protokol və qərarlar yazaraq sürücüləri 100 manat cərimə edir, avtomaşınları cərimə meydançasına apararaq sürücülərə pul qazanmağa imkan vermir. Bu da sürücülərin şirkətdən qaçmasına, uzaqlaşmasına, MMC-nin işgüzar nüfuzuna xələl yetirilməsinə səbəb olmuşdur. Həqiqətən də bu inspektor tərəfindən 5-6 qanunsuz protokol yazılaraq sürücülər haqsız yerə cərimələnmişlər və onların məhkəməyə müraciətləri nəticəsində qərarlar ləğv edilmişdir. Bütün bunlar həm sübut edir ki, cavabdeh inspektor MMC-yə qarşı qərəzli mövqe tutmuş, həm də onu sübut edir ki, bu hərəkətlər nəticəsində iddiaçının işgüzar nüfuzuna ziyan dəymiş və MMC buna görə maddi zərərlərə məruz qalmışdır. Ona görə də MMC cavabdehin işgüzar nüfuzuna vurduğu ziyanı 5000 manat miqdarında qiymətləndirir və bu məbləği cavabdehdən tələb edir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-218/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, həqiqətən də cavabdehin qanunsuz hərəkətləri nəticəsində MMC-yə maddi ziyan dəymiş və işgüzar nüfuzlarına ziyan vurulmuşdur. Lakin məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı hər gün üçün konkret olaraq 90 manat və 10 manat məbləğində qazancın yaranma əsaslarını və mütəmadiliyini göstərə bilməmişdir. Məhkəmə qərarında ona əsaslanmışdır ki, vergi orqanından iddiaçının müxtəlif dövrlərdə fərqli hesabatlar verməsi və müxtəlif miqdarlarda sadələşdirilmiş vergi ödədiyi məlum olmuşdur və təqdim edilən sənədlərdə iddiaçının nəqliyyat vasitələrinə görə gündəlik qazancının konkret məbləği müəyyən edilməmişdir. Məhkəmənin qərar qəbul edərkən və iddianı rədd edərkən gətirdiyi dəlillər asassızdır və nəqliyyat və sərnişindaşıma işinin hüquqi xüsusiyyətlərini bİlməməkdən irəli gəlmişdir. Onlar məhkəmədə bildirmişlər ki, hər avtobus marşrutundan asılı olaraq 90 və 110 manat gündəlik plan verirdilər. Məhkəmə isə vergi rəqəmlərinin müxtəlifliyini əsas gətirərək belə qərara gəlmişdir ki, gündəlik planın stabilliyi öz təsdiqini tapmır. Bu isə səhv nəticə olmuşdur. Belə ki, qanunvericiliyə əsasən sərnişindaşıma firmaları gəlirdən vergi vermirlər, hər avtobusa görə konkret rəqəm olan aylıq fərqlənmə nişanı alırlar və onların vergi rəqəmlərinin müxtəlifliyi gəlirlərinin dəyişkən olması ilə deyil, aylıq marşruta çıxan avtobusların sayı ilə əlaqədardır. Belə ki, hər ay marşruta çıxan avtobusların sayı (əldə olunan gəlir yox) müxtəlif olduğu üçün onlara görə ödədikləri fərqlənmə nişanlarının dəyərinin ümumi məbləği müxtəlif olmuşdur. Burdan da görünür ki, məhkəmənin vergi rəqəmlərinin müxtəlif olmasını əsas gətirib hər avtobusun gəlirinin aybaay müxtəlif olmasına əsasən avtobusun gündəlik planının müxtəlif olması qənaətinə gəlməsi əsassız və qanunsuz olmuşdur. İddianın digər hissəsi polis inspektorunun qanunsuz hərəkətləri nəticəsində avtomaşınlarının yararsız hala düşməsi və mühərrikin təmiri üçün tələb edilən xərcə aiddir. Həmin hissədə də iddianı rədd edən məhkəmə belə hesab etmişdir ki, polis inspektoru məsuliyyətdən yaxa qurtarmaq üçün avtomaşın onların MMC-də işləməyən və həmin avtomaşını idarə etmək hüququ olmayan şəxsə verməklə mühərrikin sıradan çıxmasına görə inspektor cavabdeh sayıla bilməz və həmin ziyan avtomaşını qanunsuz idarə etmiş şəxsdən tələb edə bilərlər. Məhkəmənin gəldiyi bu nəticə də qanunsuzdur. Belə ki, həmin avtomaşın həmin inspektor və şöbə tərəfindən qanunsuz olaraq cərimə meydançasında saxlanıb, onların şikayətləri nəticəsində hərəkətlərinin qanunsuz olduğunu başa düşən və məsuliyyətdən yaxa qurtarmaq istəyən polis inspektoru avtomaşını cərimə meydançasından çıxararaq onların tanımadığı kənar şəxsə verib onların qarajına göndərmişdir və bu zaman avtomaşının mühərriki sıradan çıxmışdır. Belə olan halda bu ziyana görə məsuliyyəti də qanunsuzluq etmiş inspektor daşımalıdır və onlar belə hesab edirlər ki, bu hissədə məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində MMC-nin işgüzar nüfuzuna dəymiş ziyan tələbinin də rədd edilməsi əsassız olmuşdur. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, inzibati orqanın hərəkətləri nəticəsində yalnız real ziyan tələb edilə bilər, işgüzar nüfuza vurulmuş ziyan isə tələb edilə bilməz. Məhkəmə gəldiyi bu hüquqi nəticəni hər hansı bir maddi norma ilə əsaslandırmayıb və belə olan halda məhkəmə qərarı əsassız və qanunsuz hesab edilir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda,nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşdən göründüyü kimi iddia tələbi-cavabdeh tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun və onun əsasında açılmış inzibati xəta haqqında işin əsasında dəymiş maddi və işgüzar nüfuza dəyən ziyanın tutulması ilə bağlıdır. Belə ki, iş materiallarından görünür ki: - İsuzu Ecobus markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Adil Rzayev barəsində Sumqayıt şəhər Polis İdarəsinin X13 şöbəsi tərəfindən İXP 368485 saylı xx.xx.2016-cı il tarixli inzibati qərar qəbul edilmiş, qərara əsasən, sürücü Azərbaycan Respublikası İXM-nin 346.3-cü maddəsinə əsasən 100 manat cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan A.Rzayev şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt şəhər məhkəməsinin 3(060)-1661/2016 saylı qərarı ilə X9 barəsində Sumqayıt şəhər Polis İdarəsinin X13 şöbəsinin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı Ağayev sadiq Tapdıq oğlu tərəfindən qəbul edilmiş İXP 368485 saylı xx.xx.2016-cı il tarixli inzibati qərar ləğv edilmiş, X3 barəsindəki inzibati işin icraatına xitam verilmişdir. - Sumqayıt şəhəri Pİ-nin X13 Şöbəsinin inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli İXP 901599 saylı inzibati xəta haqqında qərara əsasən, “İsuzu Ecobus” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə inzibati xəta məsuliyyətinə cəlb edilərək 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3(060)- 19/2018 saylı qərarı ilə Rafiq Fərəcovun şikayəti təmin edilərək, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP 901599 saylı xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Sumqayıt şəhəri Pİ-nin X13 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərara əsasən, “İsuzu Ecobus” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə inzibati xəta məsuliyyətinə cəlb edilərək 100 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3(060)-20/2018 saylı qərarı ilə R.Fərəcovun şikayəti təmin edilərək, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, 50AE067 dövlət qeydiyyat nişanlı, 50AE068 dövlət qeydiyyat nişanlı, 50AE069 dövlət qeydiyyat nişanlı, 50AE071 dövlət qeydiyyat nişanlı, 50AE072 dövlət qeydiyyat nişanlı, 50AE073 dövlət qeydiyyat nişanlı, 50AE075 dövlət qeydiyyat nişanlı, 50AE076 dövlət qeydiyyat nişanlı, 50AE078 dövlət qeydiyyat nişanlı, 50AE213 dövlət qeydiyyat nişanlı, 50AE214 dövlət qeydiyyat nişanlı və 50AE215 dövlət qeydiyyat nişanlı İsuzu Ecobus markalı nəqliyyat vasitələri İddiaçı MMC-yə məxsusdur. Beləliklə, iddiaçı yuxarıda qeyd edilən inzibati xəta haqqında materiallar üzrə cəmiyyətə məxsus nəqliyyat vasitələrinin qanunsuz olaraq cərimə meydançasında saxlanılması səbəbindən ona həm maddi, həmçinin işgüzar nüfüzuna ziyan vurulduğunu iddia edir və vurulmuş ziyanın cavabdehdən tutulmasını tələb edir. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 3.2.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin, ictimai və dövlət mənafelərinin pozulması hallarının vaxtında aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması məqsədilə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında qanunvericiliyin eyni cür və dürüst icrası dövlət tərəfindən qanunla nəzərdə tutulmuş qaydada təmin edilir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə:1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinə əsasən Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 3-cü abzasında göstərilənlərə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamənin 4.1.2-ci maddəsinə əsasən, Daxili İşlər Nazirliyi əməliyyat-axtarış, təhqiqat, ibtidai istintaq və kriminalistik tədqiqat fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hüquqları həyata keçirir. Göründüyü kimi, inzibati xəta haqqında işə xitam verildikdə, fiziki şəxsin təhqiqat orqanı tərəfindən vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ yaranır. Həmin növ mübahisələrə baxılması isə mülki qanunvericiliyin tələbləri əsasında həyata keçirilir. Hazırkı iş üzrə də, təqdim edilmiş sənədlərdən görünür ki, cəmiyyətə məxsus nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin məhkəmənin qərarı ilə hər üç halda inzibati xəta haqqında işə xitam verilmişdir. Barələrində inzibati xəta haqqında icraat aparılan fiziki şəxslər onlara dəymiş zərərlə bağlı məhkəməyə müraciət etməsələr də, nəqliyyat vasitələrinin mülkiyyətçisi olan İddiaçı MMC nəqliyyat vasitələrinin uzun müddət cərimə meydançasında saxlanılması ilə əlaqədar onlara vurulmuş maddi zərərin, həmçinin işgüzar nüfuza vurulmuş ziyanın tutulmasını tələb edir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı cavabdehin qanunsuz hərəkətləri nəticəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. “İnzibati məhkəmə içraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxüd, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə müəyyən edilir ki, hazırkı mübahisə xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi isə işin xüsusatlarını nəzərə almadan iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apelyasiya şikayəti isə təmin edilməməlidir. İddiaçıya vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(118)-218/2020 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar