Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-145/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı “İddiaçı adına Xaçmaz rayonu Ərəb kəndi ərazisində 2.09 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış və texniki pasportun verilməsinin cavabdehlərin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1871/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı iddia qaldıraraq “xx.xx.1990-cı ildə Xaçmaz rayonu Ərəb kəndində anadan olmuş və 1990-2001-ci illərdə Ərəb kəndində qeydiyyatda olmuş və yaşamış İddiaçı adına Xaçmaz rayonu Ərəb kəndi ərazisində 2.09 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış və texniki pasportun verilməsinin cavabdehlərin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1990-cı ildə Xaçmaz rayonu Ərəb kəndində anadan olmuş və 1990-2001-ci illərdə Xaçmaz rayonu Ərəb kəndində yaşamışdır. 2001-ci il tarixədək həmin kənddə yaşamış və daimi pasport qeydiyyatında olmuşdur. Xaçmaz rayon Qalağan kənd inzibati ərazi dairəsinin nümayəndəliyinin Ərəb kəndi üzrə 01 saylı təsərrüfat kitabında mərhum X2 təsərrüfatının üzvü kimi qeydə alınmışdır. (Xaçmaz R.İ.H.B-nının Qalağan i.Ə.D. üzrə nümayəndəsi Xalid Nəsirov tərəfindən verilmiş arayış və 1996-2000-ci illərdə Ərəb kəndi üzrə 01 saylı təsərrüfat kitabında mərhum X2 təsərrüfatının üzvü kimi qeydə alınmasına dair 565 nömrəli Xaçmaz rayon Dövlət Arxivi arayışı). Respublikanın ərazisində 1996-cı ildən başlayaraq aqrar islahatlar aparılmışdır. Həmin vaxt iddiaçı Xaçmaz rayonu Ərəb kəndində yaşamış və onun adı Ərəb kəndində torpaqdan pay almalı olan obyektlərin siyahısına salınmamış, lakin müəyyən olunmayan səbəblərdən iddiaçının adı siyahıdan çıxarılaraq ona pay torpaq sahəsi verilməmişdir. Bununla da, iddiaçının “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə qorunan hüquqları pozulmuşdur. Həmin maddənin 2-ci bəndinə görə həmin qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər özəlləşdirilən torpaqlardan pay almaq hüquqlarına malikdir. Həmin qanun 02.08.1996-cı il tarixdə qanuni qüvvəyə minmiş, həmin vaxt iddiaçı Xaçmaz rayonu, Ərəb kəndində daimi yaşamışdır. Torpaq islahatı zamanı ona pay torpaq sahəsi verilməsi nəticəsində hüquqları pozulmuşdur. Aqrar islahatlar qurtardıqdan sonra aqrar islahat komissiyaları ləğv edilmiş və vətəndaşlara paylanmayan torpaq sahələri yerli bələdiyyələrin mülkiyyətlərinə keçmişdir. İslahat zamanı Xaçmaz rayonu, Ərəb kəndi ərazisində torpaq sahəsi almaq hüququ olan subyektlərin hər birinə 2.09 ha torpaq sahəsi verilmişdir və iddiaçıya da bu həcmdə torpaq sahəsi verilməli idi, lakin verilmədiyindən hüquqları pozulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, X1 idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. X1 idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların əraziləri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Aqrar islahat zamanı iddiaçının hüququ pozulduğundan ona çatası 2.09 ha torpaq sahəsi yerli bələdiyyə olan cavabdehin mülkiyyətinə verilmişdir. Pozulmuş hüququnun bərpası üçün cavabdeh təşkilatlara müraciət etsə də ona imtina cavabı verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1871/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İsmayıl Quliyev) Qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Ərəb kənd ərazisində torpaq islahatları həyata keçirilərkən o, həmin kənddə daimi yaşayırdı və həmin kəndlə bağlı sovxoz özəlləşdirilən torpaqlarından pay almaq hüququ olub. Onun hüquqları pozulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ona münasibətdə pozularaq pay verilməli 2,09 ha torpaq sahəsi ona yox, cavabdeh bələdiyyəyə verilmişdir. Onun mülkiyyətinə verilməli olan kənd təsərrüfatı təyinatlı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi qanunsuz olaraq cavabdeh Xaçmaz rayonu Qalağan bələdiyyəsinin mülkiyyətinə verilməklə qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı onun adına Xaçmaz rayonu Ərəb kəndi ərazisində 2.09 ha torpaq sahəsinin ayrılmasını və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. İddiaçının adına torpaq sahəsinin ayrılması haqqında qaldırılmış iddia növü İnizbati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən (inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar) məcburetmə haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, məhkəmədə məcburetmə haqqında iddia (hazırkı halda torpaq sahəsinin ayrılması barədə) qaldırmaq üçün ilk öncə həmin məsələ ilə bağlı müvafiq orqana müraciət etmək lazımdır. İşdən isə görünür ki, iddiaçı torpaq sahəsinin ayrılması barədə cavabdeh orqana-bələdiyyəyə müraciət etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etsə idi belə, hazırkı iddia yenə mümkün sayılmazdı, çünki qanunvericilikdə bələdiyyələrin aqrar islahatla əlaqəli torpaq ayrıma səlahiyyəti müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərmanı ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 Fərmanı ilə qüvvədən düşmüşdür və həmin qurumun hüquqi varisi müəyyən edilməmişdir. Qanunvericilikdə bələdiyyələrə özlərinə məxsus torpaq sahələrini başqa şəxslərin istifadəsinə, icarəsinə, mülkiyyətinə verilməsi ilə bağlı diskresion səlahiyyələr verilmiş və bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin xüsusi mexanizmi müəyyən edilmişdir. Hazırki işdə iddiaçı ona aqrar islahat zamanı ayrılmalı olan torpaq sahəsinin Cavabdeh2 tərəfindən ona ayrılmasını tələb edir ki, bələdiyyənin bununla bağlı qanunvericilikdən irəli gələn bir öhdəliyi mövcud deyildir. Qanunvericilikdən irəli gəlməyən bir öhdəliyin isə icra edilməsinə bələdiyyə məcbur edilə bilməz. İddia tələbinin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın və texniki pasportun verilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İstinad olunan qərarda qeyd edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Lakin işin hallarından iddiaçının hazırki iddia üzrə məhkəməyə müraciət etməmişdən öncə eyni tələbi əks etdirən müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. İddiaçı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin qərarda həmçinin göstərilmişdir ki, iddianın mümkünlüyü ilə bağlı məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar” Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apellyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1871/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-145/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-145/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver