Məhkəmə qərarları › İş №2-1(105)-146/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-146/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-146/2021 20.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə,Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı2 vəkili və nümayəndəsi X10, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2- 1(118)-513/2020 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31-də yerləşən yaşayış sahəsi 53.13 kv.metrdən ibarət olan 4 otaqlı 26 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişlər. Cavabdehin 06 dekabr 2019-cu il tarixli məktubu ilə iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası zamanı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının 14 mart 2019-cu il tarixli, 59 nömrəli sərəncamının olduğu, həmin sərəncamın isə Sumqayıt Şəhər Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(060)-6437/2018 nömrəli qətnaməsi əsasında verdiyi aşkar edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6437/2018 nömrəli qətnaməsi ilə mənzilə dair istifadə hüquqları tanınmışdır. Bundan başqa, mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması barədə iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1335/2019 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İmtina ilə razılaşmayan iddiaçılar 25 dekabr 2019-cu il tarixdə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsində iddia qaldıraraq, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31-də yerləşən yaşayış sahəsi 53.13 kv.metrdən ibarət olan 4 otaqlı 26 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ barədə çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, 1994-cü ildən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadırlar. Sumqayıt şəhər Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(060)-6437/2018 saylı qətnaməsi ilə onların cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “mənzilə istifadə hüququ tanınmaqla mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbi”nə dair iddiaları təmin olunaraq, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 31 saylı evin 26 saylı mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə dair onlarla kirayə müqaviləsinin bağlanması vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə olunması qət edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 14.03.2019-cu il tarixli, 59 nömrəli sərəncamı ilə yaşayış sahəsi 53.13 kv.metrdən ibarət olan 4 otaqlı ünvan 1-ya dair İddiaçı2 və İddiaçı1 ilə hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır. 14.03.2019-cu il tarixində iddiaçı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı istehsalat Birliyi arasında ünvan 1-ya dair “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə Müqaviləsi” bağlanmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu rəhbər tutaraq, mənzilin özəlləşdirilməsi və mülkiyyət hüququna dair çıxarışın verilməsinə dair 25.11.2019cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmişlər. Lakin cavabdeh tərəfindən müraciətlərinə imtina verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə yazılı etirazı iddiaçılara ünvanlanan imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2-1(118)-513/2020 saylı qərarı ilə iddia rədd edilmişdir.(hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Apelyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi iddiaçıların mübahisəli mənzilə dair mülkiyyət hüququnu yox, istifadə hüququnu müəyyən edən sənədi cavabdeh inzibati orqana təqdim etdiklərinə görə, başqa sözlə iddiaçıların mənzilə mülkiyyət hüquqları deyil, istifadə hüquqları olduğuna görə iddiaçıların həmin mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddialarını rədd etmişdir. Bu nəticəyə gələrkən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 14.03.2019-cu il tarixli, 59 nömrəli sərəncamı və iddiaçılarla Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyi arasında bağlanmış “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi” iddiaçıların mənzilə mülkiyyət hüququnu deyil, istifadə hüququnu müəyyən edir. Məhkəmənin gəldiyi bu nəticə ilə dövlət mənzil fonduna aid olan on minlərlə mənzillərin ayrı-ayrı şəxslər tərəfindən hazırki vaxta kimi özəlləşdirilməsinin qanuniliyi ciddi şübhə altına düşür. Belə ki, hazırki vaxta kimi ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilmiş mənzillər, hazırki işdə iddiaçılarda olduğu kimi istisnasız olaraq əvvəllər həmin şəxslərin və ya onların ailə üzvlərinin icarəsinə verilmişdir. Lakin iddiaçıların mübahisəli mənzilə hüquqlarının yarandığı zaman qüvvədə olmuş, həmçinin dövlət mənzil fondunun özəlləşdirilməsinə dair hal-hazırda da qüvvədə olan qanunvericilik aktlarının tələbləri nəzərə alındıqda müəyyən olunur ki, hazırki vaxta kimi ayrı-ayrı vətəndaşlar tərəfindən icarələrində olan mənzillərin özəlləşdirilməsi, həmçinin iddiaçıların icarələrində olan mənzili özəlləşdirmək barədə tələbləri qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçıların mübahisəli mənzilə hüquqları 1994-cü ildən yaranmışdır və onlar hazırki vaxtadək həmin mənzildə qeydiyyatdadırlar. Bu xüsusat qanuni qüvvəsini almış Sumqayıt şəhər Məhkəməsinin 09.06.2018-ci il tarixli, 2(060)-6437/2018 saylı qətnaməsi ilə də müəyyən edilmişdir. Belə ki, həmin qətnamə ilə iddiaçıların cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “mənzilə istifadə hüququ tanınmaqla mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbi”nə dair iddiaları təmin edilərkən hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri əsas götürülmüş və mübahisəyə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilmişdir. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 14.03.2019-cu il tarixli, 59 nömrəli sərəncamı ilə də iddiaçılarla ünvan 1-ya dair kirayə müqaviləsinin hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq bağlanması qərara alınmışdır. Qeyd olunan əsaslarla (qətnamə və sərəncam əsasında) iddiaçılarla Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyi arasında hal-hazırda qüvvədə olan mənzil qanunvericiliyində nəzərdə tutulmuş və mənzil verilmiş şəxslərin həmin mənzilə yalnız istifadə hüquqlarının olduğunu müəyyən edən “sosial kirayə müqaviləsi" deyil, 2009-cu il oktyabrın 1-nə kimi qüvvədə olmuş mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə Müqaviləsi” bağlanmışdır. Qeyd olunan əsaslar və sənədlər isə birmənalı olaraq iddiaçılara mübahisəli mənzili özəlləşdirmək hüququ verir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, 2009-cu il oktyabrın 1-nə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə görə yerli xalq deputatları sovetlərinin ixtiyarında olan (sonradan hüquqi varislik qaydasında yerli icra hakimiyyətlərinin) dövlət və ictimai mənzil fondu evlərində vətəndaşlara verilən yaşayış sahələri onlarla bağlanmış kirayə müqavilələri əsasında həmin şəxslərə və onların ailə üzvlərinə müddətsiz istifadə hüququ ilə verilirdi. Dövlət mənzil fondu evlərində olan yaşayış sahələri heç bir halda vətəndaşlara mülkiyyət hüququ ilə deyil, müddətsiz istifadə hüququ ilə verilmişdir və sonradan qəbul edilmiş qanunvericilik aktları ilə həmin mənzillərin kirayəçilərin və ya onların ailə üzvlərinin əvəzsiz olaraq mülkiyyətlərinə verilməsinə (özəlləşdirilməsinə) əsas, həmin mənzillərin müddətsiz istifadə hüququ ilə vətəndaşlara verilməsi olmuşdur. İşin yuxanda göstərilən hallarını nəzərə alaraq belə hesab edirlər ki, iddia tələbinin qanuni əsasını 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi təşkil edir. Mübahisəli mənzil dövlət mənzil fonduna aid mənzil olmuş, iddiaçıların həmin mənzilə hüquqları 1994-cü ildən yaranmışdır, mənzilə dair kirayə müqaviləsi Sumqayıt şəhər Məhkəməsinin 09.06.2018- ci il tarixli, 2(060)-6437/2018 saylı qətnaməsi və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 14.03.2019-cu il tarixli, 59 nömrəli sərəncamına əsasən bağlanmış, mübahisəli mənzil iddiaçıların adma rəsmiləşdirilərkən hər-hansı bir şəxsin hüquqları, azadlıqları və qanuni mənafelərinin pozulma halları olmamışdır. İşin faktiki hallarına və hüquq müəyyənedici sənədlərə əsasən müəyyən olunur ki, iddiaçıların mübahisəli mənzilə dair mülkiyyət hüquqları “gözlənilən” olmuşdur və buna görə cavabdehin mübahisəli mənzilin mülkiyyət hüququ ilə iddiaçıların adına qeydiyyata alınmasından imtinası və həmin imtinanı əsaslı hesab edən birinci instansiya məhkəməsinin qərarı qeyri-qanuni və əsassızdır. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 vəkili və nümayəndəsi X13 apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini və tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2-1(118)-513/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasında işin halları araşdırılarkən müəyyən edildi ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 09.03.1994-cü il tarixli, 223 saylı sərəncamına əsasən, Sumqayıt şəhəri, 9-cu mkr, 31 saylı evin 26 saylı mənzili 5 nəfər ailə üzvü ilə X2 ayrılmış, bu barədə 16.03.1994-cü il tarixdə order verilmiş, eyni zamanda mənzil Çingiz Seidmalıyevin adına özəlləşdirilmişdir. Qeyd edilən mənzildə 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün ailəsi məskunlaşdığından, Ç.Seidmalıyev İcra Hakimiyyətinə müraciət edərək Sumqayıt şəhəri, 9-cu mkr, 31 saylı evin 26 saylı mənzilindən imtina etmiş, əvəzində başqa yaşayış sahəsinin verilməsini xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 08 iyun 2004-cü il tarixli, 201 saylı sərəncamına əsasən, erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” AR Prezidentinin 22.08.2001-ci il tarixli Fərmanı rəhbər tutularaq, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 09.03.1994-cü il tarixli 223 saylı əmri əsasında X1 adına 9-cu mkr., ev 31, mənzil 26 ünvanında 4 otaqlı yaşayış sahəsinə 16.03.1994-cü ildə verilmiş 24/246 saylı order və orderlə bağlı özəlləşmə ləğv edilmiş, 9-cu mikrorayon, ev 31 mənzil 26 xüsusi mülkiyyət fondundan çıxarılaraq dövlət mənzil fonduna qaytarılmış, eyni zamanda yaşayış sahəsi 53,13 kv.m olan 4 otaqlı 47-ci məhəllə, ev 10, mənzil 14 X1 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilməsi və adına order yazılması qərara alınmışdır: 1.X3-özü 2.X11-həyat yoldaşı 3.İddiaçı1-oğlu (hazırkı işdə iddiaçı)

4. X6-oğlu

5. İddiaçı2-oğlu (hazırkı işdə iddiaçı) iş materiallarından görünür ki, qeyd edilən sərəncama əsasən, 5 nəfərdən ibarət ailə tərkibi ilə X2 Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən 23 iyul 2004-cü il tarixli, 16/2b saylı order verilmişdir. Orderdə iddiaçılarda da ailə üzvü kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, 10 saylı evin 14 saylı mənzili ünvanda yerləşən mənzil hazırda xüsusi mülkiyyət hüququ əsasında X4 məxsusdur. İş materiallarından görünür ki, İddiaçı2 və İddiaçı1 Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, atalarının adına verilmiş order və özəlləşmə ləğv edilməsinə baxmayaraq, 1994-cü ildən hazırkı vaxtadək Sumqayıt şəhəri, 9-cu mkr, 31 saylı evin 26 saylı mənzilində pasport qeydiyyatında olduqlarını, mənzilin onların istifadəsində olduğunu bildirərək, həmin mənzilə istifadə hüququnun tanınması və mənzilə dair mənzil kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə aəbul edilməsini xahiş etmişlər. Sumqayıt şəhər məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(060)-6437/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamə 10.08.2018-ci ildə qanuni qüvvəsini almışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 14 mart 2019-cu il tarixli, 59 saylı sərəncamı ilə məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə yaşayış sahəsi 53,13 kv.metrdən ibarət olan 4 otaqlı Sumqayıt şəhəri. 9-cu mkr., 31 saylı evin 26 saylı mənzilinə dair İddiaçı2 və İddiaçı1 ilə hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır. Həmin sərəncama əsasən, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə iddiaçılar arasında Dövlət Mənzil fondu yaşayış sahəsinin 14 mart 2019-cu il tarixli kirayə müqaviləsi bağlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə isə iddiaçılar ilə MKTB arasında sosial kirayə müqaviləsi 14 mart 2019cu il tarixdə, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra bağlanmışdır. Bu tarixdə bağlanmış sosial kirayə müqaviləsi isə yuxarıda adı çəkilən qanunda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilməmişdir. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İddiaçılar apelyasiya şikayətində mənzilə hüquqlarının 1994-cü ildən yarandığını bildirsələr də, kollegiya qeyd edir ki, yuxarıda sadalanan sənədlərdən göründüyü kimi, hazırda mübahisəsi gedən mənzilə dair 1994-cü il tarixdə iddiaçıların atası Çingiz Seidmalıyevin adına order verilsə də, sonradan həmin mənzildə məcburi köçkün ailəsi məskunlaşdığından Ç.Seidmalıyev mənzildən imtina etmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 08 iyun 2004-cü il tarixli, 201 saylı sərəncamına əsasən, 9-cu mkr., ev 31, mənzil 26 ünvanında 4 otaqlı yaşayış sahəsinə 16.03.1994-cü ildə Ç.Seidmalıyevin adına verilmiş 24/246 saylı order və orderlə bağlı özəlləşmə ləğv edilmiş, mənzil dövlət fonduna qaytarılmış, əvəzində isə sonuncuya 5 nəfərdən ibarət ailə tərkibi ilə eyni ölçüdə Sumqayıt şəhəri, 47-ci məhəllə, 10 saylı evin 14 saylı mənzili verilmiş və həmin mənzilə dair orderdə ailə üzvü olaraq hazırkı iş üzrə iddiaçıların da adı qeyd edilmişdir. İşin qeyd edilən xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, mübahisəsi gedən mənzilə dair 08.06.2004-cü il tarixli sərəncama əsasən, mərhum Çingiz Seidmalıyevin adına verilmiş order ləğv edildiyi gündən Çingiz Seidmalıyevlə birgə onun ailə üzvlərinin də, o cümlədən hazırkı iş üzrə iddiaçıların mübahisəli mənzilə istifadə hüquqları itirilmişdir. iddiaçıların mənzildən istifadə hüquqların qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, 2018-ci ildə tanınmışdır. Bu səbəbdən də, kollegiya hesab edir ki, iddiaçılar Mənzil Məcəlləsi qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər hesab edilmirlər. Beləliklə cavabdeh inzibati orqanın iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparması üçün hüquqi əsası olmamışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini). Onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq, bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatından imtina edilir. Cavabdeh inzibati orqan da əsaslı olaraq, iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıların apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2-1(118)-513/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar