Məhkəmə qərarları › İş №2-1(105)-146/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-146/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-146/2024 16.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X5 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(118)-876/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 02 avqsut 2022-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək Xaçmaz şəhəri, Q.B.Zakir küçəsi ünvanında yerləşən dövlət mülkiyyətində olan 70 kv.m. torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. Cavabdeh 08 sentyabr 2022-ci il tarixli, 1705 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsinin ayrılması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən torpaq sahəsinin ayrılmasına dair müvafiq rəy alındıqdan sonra torpaq sahəsinin icarəyə verilməsi məsələsinə yenidən baxıla bilər. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, Xaçmaz şəhəri, Q.B.Zakir küçəsində yerləşən dövlət fonduna aid torpaqlardan 70 kv.m. torpaq sahəsinin daimi istifadə və abadlıq məqsədi ilə onun icarəsinə verilməsi ilə bağlı icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xaçmaz şəhəri, Q.B.Zakir küçəsində yerləşən dövlət fonduna aid torpaqlardan daimi istifadə və abadlıq məqsədilə 100 kvadrat metr torpaq sahəsinin istifadəyə verilməsi və bununla əlaqədar icarə müqaviləsinin bağlanılması üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh həmin torpaq sahəsinin ona ayrılmasına dair müvafiq rəyin verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət etmişdir. Agentliyin müvafiq məktubunda göstərilmişdir ki, icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi naturada dəqiqləşdirilərkən 70 kvadrat metr olduğu müəyyən edilmiş və müvafiq yerquruluşu planı tərtib edilmiş, həmçinin, həmin torpaq sahəsinin sahibkarlığın inkişafı məqsədilə iddiaçıya verilməsinə etiraz edilməmişdir. Qeyd edir ki, hazırda faktiki istifadəsində olan torpaq sahəsinin daimi istifadə və abadlıq məqsədilə icarəyə verilməsini tələb edir. Lakin, torpaq sahəsinə dair dair icarə müqaviləsinin rəsmiləşdirilməsinə və ərazinin abadlaşdırılması ilə bağlı müraciəti cavabdeh tərəfindən cavablandırılmamışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının 70 kv.m. torpaq sahəsinin onun icarəsinə verilməsi ilə bağlı müraciətinə cavab olaraq tərəflərindən xx.xx.2022-ci il tarixli məktubla ona bildirilmişdir ki, sahibkarlıq fəaliyyəti məqsədilə icarəyə torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyi olduqdan sonra torpaq sahəsinin icarəyə verilməsi məsələsinə baxıla bilər. Belə ki, “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən tikinti məqsədləri üçün torpaq sahələri ayrılarkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi alınmalıdır. Qeyd olunanlarla əlaqədar, hesab edirlər ki, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(118)-876/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim İmran Burcayev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Lakin göründüyü kimi iddiaçı torpaq sahəsində tikinti aparmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməmiş və müvafiq rəyi əldə etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması ilə bağlı nə müqavilədə, nə də qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, habelə iddiaçı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, eləcə də cavabdehin qanunauyğun qərarlardan birini seçmək hüququnun olduğunu nəzərə alaraq iddia tələbi təmin edilə bilməz. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanın tələblərindən göründüyü kimi tikinti məqsədilə torpaq sahələri ayrılarkən müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. İddiaçı isə icarəsinə verilməsini tələb etdiyi torpaq sahəsində tikinti işləri aparmağı hədəfləmir, iddia ərizəsindən də göründüyü kimi məqsədi sahənin daimi istifadə və abadlıq məqsədilə onun istifadəsinə verilməsidir. Ona görə də, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-X3 Heyətinin 15 fevral 2023-cü il tarixli məktubunda haqlı olaraq göstərilmişdir ki, qeyd edilən məsələ ilə əlaqədar yerli icra hakimiyyəti orqanı və ya aidiyyəti bələdiyyəyə müraciət edilməsi məqsədəuyğundur. Başqa sözlə, hazırki məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin alınmasına heç bir lüzum yoxdur. Həmçinin, aidiyyəti orqanların müvafiq rəyləri ilə torpaq sahəsinin onun icarəsinə verilməsinə etiraz edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin diskresion səlahiyyətlərə malik olması əsası ilə iddianın təmin edilməməsi barədə qərarı əsaslı sayıla bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanı: ... 1.1. yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər; 1.2. yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. ... “Torpaq icarə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10. Torpaqların icarəyə verilməsinin ümumi qaydaları Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət icarəsinə və ya elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.7. diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; ... Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ... 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmədiyindən, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın qismən təmin edilməli barədə qərar qəbul edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, “Torpaq icarəsi haqqında” qanunun 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Göründüyü kimi, qanunla inzibati orqana(hazırkı halda cavabdehə) torpaq sahəsinin icarəyə verilməsi barədə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququ (diskresion səlahiyyətlər) verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Hazırkı mübahisə üzrə də, diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın(cavabdehin) fəaliyyətinin məhkəmə kollegiyası tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Bununla bağlı kollegiya qeyd edir ki, işdən görünür ki, iddiaçının müraciəti əsasında Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə xx.xx.2019-cu il tarixli, 30 nömrəli məktub ünvanlanaraq, Xaçmaz şəhəri, Q.B.Zakir küçəsində yerləşən dövlət fonduna aid torpaqlardan 100 kv.m. torpaq sahəsinin daimi istifadə və abadlıq məqsədilə iddiaçının istifadəsinə ayrılması məsələsinə baxılması və müvafiq rəy verilməsi xahiş edilmişdir. X1 Təşkili üzrə Dövlət Agentliyi müraciətə cavab olaraq xx.xx.2019-cu il tarixli **********6 saylı məktubda bildirmişdir ki, icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi naturada dəqiqləşdirilərkən sahəsinin 70 kv.m. olduğu müəyyən edilmiş və müvafiq yerquruluşu planı tərtib edilmişdir. (plan iş materiallarına əlavə edilmişdir) Eyni zamanda, məktubda qeyd edilmişdir ki, torpaq sahəsinin sahibkarlığın inkişafı məqsədilə iddiaçıya icarəyə verilməsinə Agentlik tərəfindən etiraz edilmir. Həmin ərəfədə iddiaçı ilə torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmadığından, iddiaçı yuxarıda qeyd edilən tarixdə təkrarən ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə torpaq sahəsi ayrılarkən “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanının 1.2-ci bəndinin tələbləri baxımından, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin alınmasının zəruri olduğunu bildirərək, imtina cavabı vermişdir. Kollegiya hesab edir ki, cavabdehin imtinasında qeyd edilən xüsusat əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanının yuxarıda istinad edilən 1.1 və 1.2-ci bəndinin tələblərindən görünür ki, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən torpaq sahələri yalnız tikinti məqsədləri üçün ayrılarkən həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq rəy alınmalıdır. İşdən isə görünür ki, iddiaçı torpaq sahəsinin ona tikinti məqsədilə deyil, daimi istifadə və abadlıq məqsədi ilə icarəyə verilməsi niyyətindədir. İcra Hakimiyyətinin də, yuxarıda qeyd edilən xx.xx.2019-cu il tarixli, 30 nömrəli məktubunda torpaq sahəsinin daimi istifadə və abadlıq məqsədilə iddiaçının istifadəsinə ayrılması məsələsinə baxılması və müvafiq rəy verilməsi xahiş edilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı cavabdehin imtinasında qeyd edilən mövqeyə uyğun olaraq, sözügedən torpaq sahəsinin tərəvəz məhsullarının əkib-becərilməsi məqsədi ilə onun icarəsinə verilməsi ilə əlaqədar rəyin verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etsə də, Komitə 15 fevral 2023-cü il tarixli cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanının 1.2-ci bəndinə istinad edərək tikinti məqsədləri üçün torpaq sahələri müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsinin Komitənin səlahiyyətlərinə aid olduğunu bildirərək, iddiaçıya 70 kv m torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanı və ya aidiyyəti bələdiyyəyə müraciət etməyi tövsiyə etmişdir. Torpaq sahəsinin icarəyə verilməsinə dair məsələ inzibati orqanın diskresion səlahiyyətinə aid olsa da, kollegiya hesab edir ki, hazırkı mübahisədə iddiaçının müraciəti torpaq sahəsinin daimi istifadə və abadlıq (tikinti niyyəti ilə deyil) məqsədilə icarəyə verilməsinə dair olduğundan, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəy alınmasına zərurət olmamış, cavabdehin imtinası qanunsuz olmuş, diskresion səlahiyyətlərini düzgün həyata keçirməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin tələbinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən xüsusatlarını və diskresion səlahiyyətlərin həyata keçirilməsinə dair qanunericiliyin tələblərini nəzərə almadan iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Başqa sözlə, məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olsa da, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı məsələ inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan, məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Bu qənaət İPM-in yuxarıda qeyd edilən 73.3.1-ci maddəsinin tələbindən irəli gəlir. Odur ki, kollegiya işin yuxarıda sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməli, Xaçmaz şəhəri, Q.B.Zakir küçəsi ünvanında yerləşən 70 kv.m. torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(118)-876/2023 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Xaçmaz şəhəri, Q.B.Zakir küçəsi ünvanında yerləşən 70 kv.m. torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi ilə bağlı müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar