Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-146/2025 13.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Mikayılova (Hüseynzadə) Firuzə Amil qızının iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2839/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2-1(118)- 2839/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı istehsalat qəzası zamanı dəymiş zərərə görə aylıq ödəncin xx.xx.2022-ci il tarixdən verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Sumqayıt Dəmir Beton-1" ASC ləğv edilməsi nəticəsində istehsalat qəzası zamanı dəymiş zərərə görə aylıq ödəncin və ya ödəncin əvəzinə aylıq müavinətin xx.xx.2022-ci il tarixdən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “istehsalat qəzası zamanı dəymiş zərərə görə aylıq ödəncin xx.xx.2022-ci il tarixdən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər "xxxx" ASC-də işləmişdir və 1988-ci ildə iş qəzası nəticəsində xəsarət alaraq əlil olmuşdur. Ödənişləri "xxxx" ASC tərəfindən 2022-ci ilin mart ayına qədər hər ay ödənilmişdir. 2022-ci ilin aprel ayından etibarən "xxxx" ASC ödəncləri ödəməkdən imtina etmiş və iddiaçıya bildirmişdir ki, "xxxx" ASC ləğv prosesinə cəlb edilmişdir. "xxxx" ASC xx.xx.2022-ci il tarixli qərarla ləğv edilmiş və ləğv etmə xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Dəfələrlə ödənişləri ilə bağlı "xxxx" ASC-yə müraciət etsə də, müəssisənin ləğv edilməsi ilə əlaqədar müavinətlərin dayandırıldığını, sənədlərinin Dövlət Sosial Müdafiə Fonduna göndərildi və ödənclərin Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcəyini bildirmişlər. İddiaçıya DSMF-ya müraciət etməsi tövsiyyə edilmişdir. Həmçinin "xxxx" ASC də bu işin həlli ilə bağlı dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondu həmin müraciətlərə imtina edərək, iddiaçıya istehsalat zamanı aldığı xəsarətə görə təyin edilmiş ödənci verməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əmək haqqı məbləğində aylıq müavinət verilir. Həmin Qaydaların 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarə etməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, xx.xx.2003-cü il tarixdən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və ödənilir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 3.11-ci və 3.12-ci bəndlərinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisə ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallarda müəyyənləşdirilə bilər. Bu baxımdan, ləğv prosesində olan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində zərər dəymiş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə zərərə görə aylıq ödəncin əvəzinə aylıq müavinətin Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarının 2-ci bəndinə əsasən bu Qaydalar: “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” çərçivəsində və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Qeyd olunanlara əsasən İddiaçı “istehsalatda baş verən bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş ziyanın ödənilməsi” barədə iddia tələbinə dair iş üzrə müvafiq ödənişin həyata keçirilməsi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətləri xaricindədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Mikayılova (Hüseynzadə) Firuzə Amil qızı apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdi, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - yəni, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan dövr üzrə istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı 1988-ci ildə işlədiyi “Sumqayıt 1 nömrəli Dəmir- Beton Məmulatları” zavodunda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80 %-ni itirmiş və ona müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi E.Həmzəyevin DSMF-nin Sumqayıt şəhər Şöbəsinə verdiyi xx.xx.2022-ci il taprixli 13/222 nömrəli arayışdan müəyyən edilir ki, "xxxx" ASC (VÖEN **********) xx.xx.2003-cü il tarixdə İqtisadiyyat Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin qərarı ilə “Sumqayıt 1 nömrəli Dəmir-Beton Məmulatları” zavodunun bazasında yaradılmışdır. "xxxx" ASC həmin tarixdən etibarən istehsal prosesində əmək xasarəti almış İddiaçı (AZE 0*******, FİN xxxxxxx) və digər 4 nəfərə xx.xx.2022-ci il tarixə kimi əmək xəsarəti müavinəti ödəmişdir. İddiaçı əmək qabiliyyətinin 80%-ni itirmişdir, 240 manat müavinət almışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-21993/2024 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş "xxxx" ASC-nin ləğv olunmasına dair xx.xx.2023-cü il tarixli **********79 nömrəli bildirişdən müəyyən edilir ki, xx.xx.2003-cü il tarixdə D-3526 nömrə ilə (VÖEN **********) dövlət qeydiyyatına alınmış "xxxx" ASC (ləğv prosesindədir) xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Sağlamlığının itirilməsi ilə əlaqədar "xxxx" ASC tərəfindən iddiaçıya 2022-ci ilin mart ayına qədər hər ay ödənclər verilmiş, xx.xx.2022-ci il tarixdən etibarən aylıq müavinətin ödənilməsi dayandırılmışdır. İddiaçı bu səbəbdən "xxxx" ASC-yə müraciət etsə də, müəssisənin ləğv edilməsi ilə əlaqədar müavinətlərin dayandırılması və həmin ödənişlərin icrasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcəyi bildirilmişdir. Bundan sonra ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin Dövlət Sosial Müdafiə Fondu iddiaçının işlədiyi müəssisənin ləğv edildiyini əsas gətirərək iddiaçıya əmək xəsarətinə görə aylıq ödənci verməkdən əsassız olaraq imtina etmişdir. Bundan sonra iddiaçı aylıq ödəncin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Həmin Qaydaların 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başa çatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra - Şöbə) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Şöbələr və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. Həmin Qaydanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başa çatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra - Şöbə) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Şöbələr və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qaydaların 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Həmin Qaydaların xx.xx.2010-cu il tarixə qədər qüvvədə olmuş 3.7-ci və 3.8- ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. Həmin Qərarla təsdiq olunmuş Qaydaların məzmunundan aydın olur ki, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin kim tərəfindən verilməsi tam şəkildə öz əksini tapmamışdır. Belə ki, hazırkı mübahisə üzrə işəgötürən müəssisə hüquqi şəxs kimi ləğv edilmiş, lakin həmin müəssisənin xəsarət almış işçilərinə ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi həllini tapmamışdır. Lakin vaxtı ilə qüvvədə olmuş Qaydaların 3.7 və 3.8-ci bəndlərində oxşar münasibətlər üzrə ödənclərin hansı üsulla ödənilməsi öz əksini tapmışdır. Qaydalar müəyyən etmişdir ki, ləğv edilmiş təqsirkar müəssisələrin hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisə ləğv olunduğuna görə, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış iddiaçıya aylıq ödəncin verilməsi cavabdeh inzibati orqan tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək, İddiaçı istehsalat qəzası zamanı dəymiş zərərə görə aylıq ödəncin verilməsi öhdəliyini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qənaətinə gələrkən haqlı olsa da, bu ödəncin xx.xx.2022-ci il tarixdən tutulması ilə bağlı düzgün nəticəyə gəlməmiş, bu hissədə səhvə yol vermişdir. Çünki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə (hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır) kimi ləğv prosesi ərzində olan dövrdə iddiaçıya aylıq ödəncin verilməsi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi E.Həmzəyev tərəfindən təmin edilməli idi. Bu səbəbdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan dövr üçün aylıq ödəncin verilməsi üçün cavabdeh DSMF məsuliyyət daşımır. Mülki Məcəllənin 60.2-ci maddəsinə əsasən ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Mülki Məcəllənin 61.3-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Mülki Məcəllənin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. Mülki Məcəllənin 61.9-cu maddəsinə əsasən kreditorlar ləğvetmə balansı təsdiq edilənə qədər öz tələblərini irəli sürə bilərlər. Mülki Məcəllənin 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarət nəticəsində dəymiş zərərə görə aylıq ödənci almaq hüququnun mədudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla, sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. İddiaçının işlədiyi müəssisə xx.xx.2023-cü il tarixdə ləğv olunduğuna görə, bu tarixdən sonrakı dövr üçün iddiaçıya istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət aldığına görə ödənilməli olan aylıq ödəncin verilməsi cavabdeh inzibati orqan tərəfindən həyata keçirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödənci verməkdən imtina bərədə hərəkətləri qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2839/2024 nömrəli qərarı qismən, yəni - İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan dövr üzrə istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-146/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-146/2025
13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver