Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-147/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı barəsində xx.xx.2019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmrinin 1-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsinin, malik olduğu 1-ci məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməklə, pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Rerpublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasınin Müdafiə Nazirliyinin üzərinə qoyulması, xx.xx.2020-ci il tarixli Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının müvafiq əmrinin ona 13-cü əmək haqqının ödənilməsi hissəsində ləğv edilərək, 13-cü əmək haqqının ödənilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 947/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0319 saylı, xx xxxxxx 2019-cu il tarixli əmri ilə rəhbər heyətin toplanışı zamanı keçirilmiş imtahanlarda “qeyri-kafi” qiymət almış N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı 1-ci məharət dərəcəsinin iki pillə aşağı-3-cü məharət dərəcəsinə endirilməsi əmr edilmişdir. İddiaçı hal-hazırda həmin əmrdən narazı olmaqla əmri məhkəmədə mübahisələndirir və onun hüquqi nəticələrinin aradan qaldırılmasını məhkəmədən xahiş edir. İddia onunla əsaslandırılmışdır ki, sabiq hərbi qulluqçu polkovnik-leytenant İddiaçı 1993-cü ildən xx xxxxxx 2019-cu il tarixədək Azərbaycan Ordusunda xidmət etmişdir. Son xidmət yeri N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini-bölmə rəisi vəzifəsi olmuşdur. 2019-cu ilin iyul ayında N nömrəli hərbi hissədə xidmət edərkən X2 keçirilən məharət dərəcəsində iştirak edərək 1-ci məharət dərəcəsinə layiq görülmüşdür. xx xxxxxxx 2019-cu ildə Mərkəzi Hərbi Həkim komissiyasının rəyinə əsasən “Hissi, hərəkəti pozulmalarla və davamlı ağrı sindiromu ilə müşayiət olunan, tez-tez residiv verən xroniki diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində İİ (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-31,6. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 66b, 26b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilmişdir. xx.xx.2019-cu il tarixdə tərxis olunması ilə əlaqədar N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinə təqdimat göndərilmişdir. Həmçinin, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X2 keçirilən yuxarı komandir heyətinin toplantısında iştirak etmişdir. Toplantıya cəlb olunmamışdan əvvəl hərbi hissə komandanlığına, eləcə də Hərbi Hava Qüvvələrinin rəhbər heyətinə Mərkəzi Hərbi Həkim komissiyasının rəyini göstərərək, bu barədə onlara məlumat verib, xəstəliyi ilə əlaqədar və xidmətə yararsız hesab edildiyindən, həmin toplantıda iştirak edə bilməyəcəyini bildirmişdir. Lakin buna baxmayaraq, həmin toplantıya cəlb olunmuş və toplantıda da Mərkəzi Hərbi Həkim komissiyasının rəyini rəhbər şəxslərə təqdim etmişdir. xx.xx.2019-cu il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə xəstəliklə əlaqədar ordu sıralarından tərxis olunduğundan, xx.xx.2019-cu il tarixdə 45 (qırx beş) gün müddətinə məzuniyyətə buraxılmışdır. Məzuniyyətə gec buraxılmağının səbəbi həmin müddətdə hərbi hissədə keçirilən təlimlər olmuşdur. xx.xx.2020-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra ona məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilmişdir. Bu səbəbdən də xx.xx.2020-ci il tarixli Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə 13-cü əmək haqqı 100%-dən 0%-ə edirilmişdir. Beləliklə, o, xx.xx.2019-cu il tarixdə Mərkəzi Hərbi Həkim komissiyası tərəfindən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilməsinə baxmayaraq, qanunsuz olaraq xx.xx.2019-cu ildə toplantıya cəlb olunmuşdur. Bundan əlavə, 2019-cu ilin iyul ayında 1-ci məharət dərəcəsi almasına və qanunla müəyyən edilmiş qaydada bir ildən sonra məharət dərəcəsi verilməli və ya təsdiq olunmalı olduğu halda, eləcədə xx.xx.2019-cu il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə ordu sıralarından tərxis olunmasına baxmayaraq, xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilmiş və həmçinin bu səbəbdən də xx.xx.2020-ci il tarixli Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə 13-cü əmək haqqından məhrum olunmuşdur. Azərbaycan Respublikasının “Hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi qaydaları haqqında” Əsasnamənin 28-ci maddəsinə əsasən məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlarda üzürlü səbəbdən iştirak edə bilməyən hərbi qulluqçuların mövcüd məharət dərəcələri növbəti sınaqların keçirilməsinə qədər saxlanılır, bu barədə komissiyanın aktında qeyd edilir və müvafiq komandirin (rəisin) əmrinə salınır. Həmin əsasnamənin 32-ci bəndinə əsasən sağlamlıq vəziyyətinə görə müvəqqəti olaraq fiziki hazırlıq və digər praktiki sınaqlarda iştirak edə bilməyən hərbi qulluqçuların məharət dərəcələri növbəti sınaqlara qədər saxlanılır. Əsasnamənin 33-cü bəndinə əsasən sağlamlıq vəziyyətinə görə praktiki sınaqlarda iştirak edə bilməyən hərbi qulluqçular bu barədə komissiya sədrinə mərkəzi tabelikdə olan hərbi tibb müəssisələrindən, tibbi taborlarından və ya hərbi-həkim komissiyasından müvafiq arayışlar təqdim etməlidirlər. Göründüyü kimi, o, xəstəliyi ilə bağlı arayışı müvafiq komissiyaya təqdim etsə də sınaq imtihanlarının nəticəsi olaraq guya iki fəndən qeyri-kafi qiymətləndirilərək məharət dərəcəsi iki pillə aşağı endirilərək əsasnamənin 28, 32 və 33-cü bəndinin tələbləri cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Bununla da göründüyü kimi, xx.xx.2019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri onun 1-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində qanunsuz olduğundan ləğv edilməli və onun 1-ci məharət dərəcəsi bərpa edilərək pensiyasının yenidən hesablanması cavabdehin üzərinə öhdəlik kimi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. xx.xx.2019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilməsi ilə bağlı inzibati akt və xx.xx.2020-ci il tarixli Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə 13-cü əmək haqqının 100%- dən 0%-ə endirilməsi ilə bağlı inzibati aktlarda, həmin qanunsuz inzibati aktlardan ona qarşı mümkün hüquqi müdafiə vasitələri, istifadə qaydası və müddəti barədə məlumatlar qeyd edilməmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. xx.xx.2019- cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum olduğuna görə həmin əmrin qüvvədə olduğu müddətdə onun pensiya almaq hüququ qismən məhdudlaşır. Bundan başqa, xx.xx.2020-ci il tarixli Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə isə xidməti dövründə 2019-cu il ərzində hər hansı nöqsanı olmadığı halda, inzibati və cinayət məsuliyyətinə cəlb olunmadığı halda, döyüş tapşırığının yerinə yetirilməsində daimi müsbət cəhətdən fərqləndiyi halda, digər hərbi qulluqçulara ödənən lakin ona ödənməyən 13-cü əmək haqqından məhrum edilmişdir. xx.xx.2020-ci il tarixli Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən bərabərlik prinsipi pozulmuşdur. Qeyd edilən konstitusion hüquqları pozulmaqla verilməli olan mükafatdan, yəni 13-cü əmək haqqından məhrum edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-947/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim İsmayıl Quliyev) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən ona istinad etmişdir ki, o, xx.xx.2019-cu il tarixdə yekun yoxlama zamanı məharət dərəcəsinin verilməsi üzrə 2 imtahandan-fiziki hazırlıqdan və test imtahanından qeyri-kafi qiymət almışdır. İş materiallarına cavabdeh tərəfindən əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 779/16 №-li telefonoqramdan görünür ki, 09-xx xxxxxx 2019-cu il tarixlərində Azərbaycan Ordusunun rəhbər heyəti ilə toplanış keçiriləcək və həmin toplanışa Müdafiə Nazirinin müavinləri, qoşun komandanları və onların müavinləri, Müdafiə Nazirliyinin Baş İdarə, Xidmət rəisləri və hərbi birlik, birləşmə komandirləri və onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri və onların müavinləri cəlb edilirlər. Toplanışda yalnız ştat üzrə bu vəzifələri tutan zabit iştirak edir. Lakin, o, hərbi hissə komandirinin müavini vəzifəsində xidmət edirdi və bu telefonoqrammada göstərilən vəzifələrin heç birini tutmurdu. Həmçinin, öz səhhətinə görə bu toplanışlarda iştirak edə və fiziki hazırlıq üzrə imtahana cəlb edilə bilməzdi. Belə ki, o, artıq xx.xx.2019-cu il tarixdə-imtahanlardan xeyli əvvəl Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli müvafiq qərarı ilə hərbi xidmətə yarasız hesab edilmişdir. Həmin qərarda xəstəliyin diaqnozu ağrı sindromu ilə müşayiət olunan fəqərənin İ dərəcəli spondilolistezi, L5 fəqərəaltı diskin protruziyası, hissi, hərəki pozulmalarla və davamlı ağrı sindromu ilə müşayiət olunan, tez-tez residef verən xroniki diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində ifadəsi ilə göstərilmişdir. xx.xx.2019-cu il tarixdə isə xəstəliyinə, yəni səhhəti xidmətini davam etdirməyə imkan vermədiyinə görə Müdafiə Nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. Belə olan halda, onun imtahanlara, o cümlədən fiziki hazırlıq üzrə imtahana cəlb olunmağı əsassız və qanunsuz olmuşdur. Məharət dərəcəsi Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin xx.xx.2019-cu il tarixli, 0319 №-li müvafiq əmri ilə 2 pillə aşağı endirilmişdir. Baxmayaraq ki, onun bundan 1 gün əvvəl Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli, 0977 №-li müvafiq əmri ilə xəstəliyə görə ordu sıralarından tərxis olunmuşdur. Bu səbəbdən də Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli, 0319 №-li müvafiq əmri hüquqi əhəmiyyət kəsb edə bilməzdi. Səhhətinə görə hərbi xidmətə yararsız olmağı isə məharət dərəcəsinin verilməsi üçün tələb olunan imtahanlara cəlb olunmadan ona malik olduğu 1-ci məharət dərəcəsinin saxlanılması hüququnu verirdi. Belə ki, Azərbaycan Respublikasının “Hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi qaydaları haqqında” Əsasnamənin 28-ci maddəsinə əsasən məharət dərəcəsinin verilməsi üzrə sınaqlarda üzrlü səbəbdən iştirak edə bilməyən hərbi qulluqçuların mövcüd məharət dərəcələri növbəti sınaqların keçirilməsinə qədər saxlanılır, bu barədə komissiyanın aktında qeyd edilir və müvafiq komandirin əmrinə salınır. Həmin Əsasnamənin 32-ci bəndinə əsasən sağlamlıq vəziyyətinə görə müvəqqəti olaraq fiziki hazırlıq və digər praktiki sınaqlarda iştirak edə bilməyən hərbi qulluqçuların məharət dərəcələri növbəti sınaqlara qədər saxlanılır. Əsasnamənin 33-cü bəndinə əsasən, sağlamlıq vəziyyətinə görə praktiki sınaqlarda iştirak edə bilməyən hərbi qulluqçular bu barədə komissiya sədrinə, mərkəzi tabelikdə olan hərbi tibb müəssisələrindən, tibbi taborlarından və ya hərbi-həkim komissiyasından müvafiq arayışlar təqdim etməlidirlər. Əlavə olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazın 2-ci səhifəsinin axırıncı abzasında göstərir ki, o, toplantılarda keçirilmiş imtahan və sınaqlarda iştirak etmiş və göstərilən tədbirlərdən azad olunmağı ilə bağlı xidmət etdiyi hərbi hissə komandirinə və Vİİ qrupun rəhbərinə müraciət etməyi faktı hər hansı sübutla təsdiq olunmur. O, isə cavabdehin bu mövqeyi ilə razı deyil. Belə ki, AR Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 108-ci bəndinə əsasən hər bir hərbi qulluqçu komandirlərin onun haqqında qeyri-qanuni sərəncamları və hərəkətləri, xidməti hüquqlarının və üstünlüklərinin pozulması haqqında şikayət edə bilər, 110-cu bəndinə əsasən şikayət həm şifahi, həm də yazılı surətdə edilə bilər. O, isə səhhətinə görə sınaq imtahanlarına cəlb edilməyinin qanunsuz olduğu barədə həm hərbi hissə komandirinə, həm də toplantı zamanı imtahan verdiyi Vİİ qrupun rəhbərinə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarını təqdim etməklə şifahi olaraq müraciət etmişdir. Lakin müraciətlərinə baxmayaraq məcburən toplantıya cəlb edilmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsini iddianı təmin etməmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının məharət dərəcəsini endirilməsi zamanı hər hansı qanunsuzluğa yol verilməmiş, aparılmış qiymətləndirmənin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq olaraq məharət dərəcəsi aşağı endirilmişdir Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı faktiki olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X2 keçirilən yuxarı komandir heyətinin toplantısında, habelə həmin toplantıda keçirilən imtahan və sınaqlarda iştirak etmişdir. Onun xəstəliyi ilə bağlı üzrlü səbəblərdən həmin tədbirlərdən azad olunması ilə bağlı xidmət etdiyi hərbi hissə komandirinə və ya digər səlahiyyətli şəxsə müraciət etməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 09-xx xxxxxx 2019-cu il tarixlərində keçirilmiş toplanışın ümumi qiymətləndirmə cədvəlinə əsasən İddiaçı fiziki hazırlığdan - 2, atəş hazırlığından - 5, sıra hazırlığından - 4 və test imtahandan - 2 qiymət almışdır. İddiaçı xəstəliyi ilə əlaqədar fiziki hazırlıqdan aşağı qiymət aldığını bildirsə də, bununla bağlı məsul şəxsləri qaydalara uyğun olaraq məlumatlandırmamışdır. İddiaçı müraciətin edilməsi üzrə müəyyən edilmiş qaydalara riayət etmək və rəhbər heyəti ilə toplanışdan azad olunması üçün özündən asılı olan zəruri tədbirlər görməmişdir. Toplantı zamanı keçirilmiş imtahan və sınaqlarda iştirak etmiş və onun göstərilən tədbirlərdən azad olunması ilə bağlı xidmət etdiyi hərbi hissə komandirinə və Vİİ qrupun (hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsi üzrə) rəhbərinə müraciət etməsi faktı hər hansı şifahi və yazılı sübutla təsdiq olunmur. Bundan əlavə, iddiaçının yalnız fiziki hazırlıqdan deyil, test imtahanından da qiyməti qeyri-kafi olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli 02 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.2.4-cü bəndinə əsasən yekun (inspeksiya) yoxlama zamanı məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlar keçirilən fənlərdən biri və ya bir neçəsi üzrə “qeyri-kafi”, usta məharət dərəcəli mütəxəssislər isə “kafi” qiymət aldıqda müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi iki pillə aşağı endirilir. İddiaçı da rəhbər heyətin toplanışı zamanı keçirilmiş imtahanlarda “qeyri-kafi” qiymət aldığından onun 1-ci məharət dərəcəsi iki pillə aşağı - 3-cü məharət dərəcəsinə endirilmişdir. “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) 1-ci məharət dərəcəsi 2 il müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının məharət dərəcəsini endirilməsi zamanı hər hansı qanunsuzluğa yol verilməmiş, aparılmış qiymətləndirmənin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq olaraq məharət dərəcəsi aşağı endirilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə ordu sıralarından tərxis olunduğunu, xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edildiyini göstərmişdir. Azərbaycan Respublikasının xx xxxxxxx 1997-ci il tarixli 377-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 20-ci bəndinə əsasən bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün - onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. Hazırkı işdə, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 382 nömrəli əmrinə əsasən xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığından, bu tarixə kimi tutduğu vəzifə ilə nəzərdə tutulan işlərin görülməsinə əsaslı olaraq cəlb edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-947/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-147/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-147/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver