Məhkəmə qərarları › İş №2-1(105)-148/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-148/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-148/2022 05.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu, Məlhəm kənd ərazisində yerləşən 0,21 ha torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsi və həmin torpağa iddiaçının mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(118)-415/2021 saylı qərarından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1.Şamaxı Rayon Aqrar İslahatı Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Məlhəm kəndi ərazisində İddiaçı mülkiyyətinə 0.21 ha həyətyanı torpaq sahələri verilmişdir. Buna dair JN-468A (kod:********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir.

2. Torpaq sahəsinin İddiaçı mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət olunmuşdur.

3. Cavabdehin 22.09.2020-ci il tarixli **********2 nömrəli məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. İmtinanı onunla əsaslandırmışdır ki, “İslahat zamanı Şamaxı rayon Məlhəm kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında X2, X12 və İddiaçı adları qeyd olunmuşdur. Lakin, onların adlarına ləğv edilmiş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən tərtib olunmuş JN466A, JN-467A, JN- 468A kod ********* nömrəli şəhadətnamələrin ikinci nüsxələrinin arxiv sənədlərində və qeydiyyat kitabında qeydləri olmasına baxmayaraq, elektron baza xəritəsində öz əksini tapmamışdır. Faktiki torpaq sahələrinin yerləri sizin iştirakınızla Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən bır daha yenidən ölçülmüşdür. Naturada göstərdiyiniz torpaq sahələrinin koordinatları başqa mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşür. Həmin ərazidə yerləşən iki torpaq sahəsinin üzərində Şamaxı rayon Məlhəm bələdiyyəsinin müvafiq qərarları əsasında mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bir torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir, bir torpaq sahəsinə isə torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilmişdir. Tərəfinizdən göstərilən torpaq sahələrinin birinin üstündən yüksək gərginlikli elektrik xətti keçir. Bu səbəbdən sözügedən torpaq sahələrinin üzərində mülkiyyət hüquqlarının qeydiyyatı mümkün olmamışdır”.

4. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Məlhəm kənd ərazisində yerləşən 0,21 ha torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsini və həmin torpağa iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının adına verilən JN-468A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. Cavabdehin imtinası əsassızdır. Abşeron Rayon İcra Hakimiyyətinin başçısının Masazır kəndi üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamına əsasən mübahisə edilən torpaq sahəsi iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı öz daşınmaz əmlakı barəsində potensial mülkiyyətçiyə çevrilmişdir.

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Bildirilir ki, İddiaçı və onun iddia ərizəsində qeyd olunan digər şəxslər X3 və X10 adları islahat zamanı Şamaxı rayon Məlhəm kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında qeyd olunmuşdır. Onların adlarına ləğv edilmiş DTXK- nın Şamaxı rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-466A, JN-467A, JN-468A, kod ********* nömrəli şəhadətnamələrin ikinci nüsxələri arxiv sənədlərində mövcuddur və qeydiyyat kitabında qeydləri vardır. Lakin, həmin şəhadətnamələr elektron baza xəritəsində öz əksini tapmırlar. JN-466A, JN-467A, JN-468A, kod 41017028 nömrəli şəhadətnamələr elektron baza xəritəsində qeyd olunmadığına görə, şəhadətnamələrdə göstərilən torpaq sahələrinin koordinatlarına dair məlumatlar mövcud deyil. İddiaçı və iddia ərizəsində qeyd olunan digər şəxslər X3 və X10 nümayəndəsi X11 tərəfindən göstərilən torpaq sahələri isə elektron baza xəritəsində 0.12 ha hissədə ləğv edilmiş DTXK tərəfindən X5 adına torpaq sahəsinin planı və ölçüsü, 0.12 ha hissədə X7 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla, 0.12 ha hissədə X4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla, 0,12 ha hissədə X1 adına olan JN-570H, kod 41017028 nömrəli şəhadətnamə ilə üst-üstə düşür. İddiaçı iddia etdiyi torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə, onun ərizəsinin icrası mümkün olmamışdır.

7. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(118)-415/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov)

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbində göstərilənləri aydınlaşdırmaq məqsədilə məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq müəyyən olundu ki, İddiaçı Şamaxı rayon Aqrar islahatı Komissiyasının 04.12.1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Məlhəm kəndi ərazisindən ayrılmış 0,21 ha torpaq sahəsinə verilmiş JN468A (********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə elektron baza məlumatlarında öz əksini tapmadığından həmin torpaq sahəsini naturada müəyyən etmək mümkün olmamış və İddiaçı Şamaxı rayon Aqrar İslahatı Komissiyasının 04.12.1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Məlhəm kəndi ərazisindən ayrılmış 0.21 ha torpaq sahəsinə verilmiş JN-468A (********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddiaçının naturada iddia etdiyi və göstərdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən başqa şəxslərin mülkiyyətində və sahibliyində olan **********91 saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” və **********0192 nömrəli planölçü sənədi ilə üst-üstə düşür. Göründüyü kimi ekspert rəyininə əsasən iddiaçıya ayrılmış torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, yəni digər şəxslərin torpaq sahələrinin bir hissəsi ilə üst-üstə düşdüyündən iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi hədlərdə mümkün deyildir.

9. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqan imtina məktubunda mübahisəli torpaq sahəsinə bir neçə şəxsin çıxarışlarının olmasını qeyd etmişdir. Həmin çıxarışların ləğv edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə həmin çıxarışların hansı əsaslarla əldə olunduqlarını aydınlaşdırmamış, iddia tələbinə çıxarışların ləğv edilməsi hissəsində ümumiyyətlə qiymət verməmişdir. Cavabdeh qeyd edir ki, İddiaçı adı islahat zamanı Şamaxı rayon Məlhəm kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında qeyd olunmuşdur. Onun adına ləğv edilmiş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-468A, kod ********* nömrəli şəhadətnamənin ikinci nüsxəsi arxiv sənədlərində mövcuddur və qeydiyyat kitabında qeydləri vardır, lakin həmin şəhadətnamə elektron baza xəritəsində öz əksini tapmır. JN-468A, kod 41017028 nömrəli şəhadətnamə elektron baza xəritəsində qeyd olunmadığına görə, şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatlarına dair məlumatlar mövcud deyil. İddiaçı nümayəndəsi X11 tərəfindən göstərilən torpaq sahəsi isə elektron baza xəritəsində **********91 saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” və **********0192 nömrəli plan-ölçü sənədi ilə üst-üstə düşür. Məhkəmə ilk növbədə həmin çıxarışın və plan-ölçünün hansı əsasla əldə olunduğunu müəyyən etməlidir. Çünki, iddiaçı Şamaxı Rayon Aqrar İslahatı Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə mübahisəli torpaq sahəsini əldə etmişdir. Əgər **********91 saylı çıxarış və **********0192 nömrəli plan-ölçü həmin tarixdən sonra əldə olunubsa ləğv edilməlidir. Bundan başqa, iddaçının adına verilən torpaq sahəsi 2000-ci ilə qədər elektron bazada mövcud olmuşdur və həmin bazaya uyğun olaraq torpaq sahəsinin də koordinatları var, lakin onlara məlum olmayan səbəblərdən torpağın koordinatları elektron bazadan silinib və hazırda cavabdehin deməyinə görə mövcud deyil. Bu hal iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıra bilməz, çünki kiminsə səhlənkarlığı və ya marağı nəticəsində iddiaçının torpaq sahəsinin koordinatlarının bazada olmaması onun təqsiri deyil.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 69.3. Məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 87.7.2. İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.11.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

15. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiasında bir neçə müstəqil tələb irəli sürmüşdür: 1) Şamaxı rayonu, Məlhəm kənd ərazisində yerləşən 0,21 ha torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsi; 2) həmin torpağa iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.

16. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən yalnız ikinci iddia tələbinə dair araşdırma apararaq yekun nəticəyə gəlmiş, nə əsaslandırma, nə də nəticə hissədə birinci iddiaya qiymət verməmişdir.

17. Məhkəmə qərardadında göstərmişdir ki, iddia tələbində göstərilənləri aydınlaşdırmaq məqsədilə məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq müəyyən olundu ki, İddiaçı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04.12.1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Məlhəm kəndi ərazisindən ayrılmış 0,21 ha torpaq sahəsinə verilmiş JN468A (********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə elektron baza məlumatlarında öz əksini tapmadığından həmin torpaq sahəsini naturada müəyyən etmək mümkün olmamış və İddiaçı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04.12.1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Məlhəm kəndi ərazisindən ayrılmış 0.21 ha torpaq sahəsinə verilmiş JN-468A (********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddiaçının naturada iddia etdiyi və göstərdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən başqa şəxslərin mülkiyyətində və sahibliyində olan **********91 saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” və **********0192 nömrəli planölçü sənədi ilə üst-üstə düşür. Göründüyü kimi ekspert rəyininə əsasən iddiaçıya ayrılmış torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, yəni digər şəxslərin torpaq sahələrinin bir hissəsi ilə üst-üstə düşdüyündən iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi həddlərdə təmin etmək mümkün deyildir.

18. Halbuki, iddiaçı Şamaxı rayonu, Məlhəm kənd ərazisində yerləşən 0,21 ha torpaq sahəsinə dair verilmiş çıxarışların da ləğv edilməsini tələb etmişdir.

19. Belə olan halda, birinci instansiya məhkəməsi həmin tələbə də mahiyyəti üzrə baxmalı, mübahisələndirilən çıxarışların qanuniliyini yoxlamalı, həmin sənədlərin verilməsinə əsas olmuş sənədləri tələb edib baxış keçirməli, bu istiqamətdə araşdırma aparmalı idi.

20. Bundan başqa, iddiaçının ləğv edilməsini tələb etdiyi 0,21 ha torpaq sahəsinə dair verilmiş çıxarışlar ilə həmin torpaq sahəsi üzərində digər şəxslərin mülkiyyət hüququ qeydə alınmışdır.

21. Belə olduğu halda qəbul edilmiş və ediləcək məhkəmə qərarlarının həmin şəxslərin qanunla qorunan maraqlarına toxunması ehtimalı yaranmış olur, lakin işə baxan məhkəmə tərəfindən həmin şəxslər üçüncü şəxs qismində işə cəlb edilməmişdir.

22. İşə təkrar baxılarkən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmış şəxslərin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi təmin edilməlidir.

23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(118)-415/2021 saylı qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar