Məhkəmə qərarları › İş №2-1(105)-149/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-149/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-149/2021 27.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “07 yanvar 2019-cu il tarixli 09 saylı əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-693/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 07 yanvar 2019-cu il tarixli 09 saylı əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 07 yanvar 2019cu il tarixli 09 saylı əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1060/2019 saylı, 22.10.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(085)-1060/2019 saylı, 22.10.2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2020-ci il tarixli, 2-1(105)-95/2020 saylı qərardadı ilə apelyasiya şikayəti təmin olunmuş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1060/2019 saylı, 22.10.2019-cu il tarixli qərardadı ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1999-2008-ci və 2014-2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində zabit kimi hərbi xidmət keçmiş və 21.01.2019-cu il tarixdə N saylı hərbi hissədə “RAS Xidmətinin rəisinin baş köməkçisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə əsasən (“xidməti uyğunsuzluğa görə”) ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmasına səbəb kimi isə 2018-ci ilin avqust ayında aparılmış yoxlama zamanı onun qan və sidik analizlərində guya narkotik maddələrinin izlərinin aşkarlanması olmuşdur. Halbuki, o, heç vaxt narkotik və ya psixotrop maddələrdən istifadə etməmiş və 2018-ci ilin dekabr ayında özü Silahlı Qvvələrin Baş Klinik Hospitalına müraciət etmiş və həmin hospitalın göndərişinə əsasən Tibbi Ekspertiza və X2, sidik və tük nümunələrindən analiz vermişdir. Müayinənin nəticələrinə görə tərtib olunmuş rəyə görə onun qan, sidik və tük nümunələrinin tərkibində etil spirti, narkotik vasitələr və güclü təsiredici maddələr aşkar edilməmişdir. Müdafiə Nazilriyi yalnız ilkin ekspress üsulu ilə götürülmüş analizin nəticələrini əsas götürərək onu ehtiyata buraxmışdır. Bununla bağlı o, bir neçə dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizələrlə müraciət edərək hərbi xidmətə bərpa olunmasını və ya məhkəməyə müraciət etmək üçün əmrdən çıxarışın ona verilməsini xahiş etmişdir. Lakin 19.04.2019-cu il tarixdə onun müraciətinə imtina cavabı verilmişdir. Cavabdehin etirazları: İddiaçı Azərbaycan Texniki Universitetini bitirmiş, 21.09.1999-10.11.2008-ci illərdə və 22.04.2014-07.01.2019-cu illərdə Azərbaycan Ordusunda zabit kimi həqiqi hərbi xidmətdə olmuş, xidmət müddəti ərzində özünü nizam-intizamlı, işgüzar və tələbkar bir zabit kimi göstərmiş, bilik səviyyəsi, xidmət etdiyi sahədə vəziyyət yaxşı olmuşdur. 15.08.2018-ci il tarixdə müxtəlif hərbi hissə komandirlərinin müraciətlərinə əsasən 33 nəfər hərbi qulluqçunun qan və sidik nümunələrində narkotik tərkibli və ya psixotrop vasitələrin olub-olmamasının təyini üçün Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində müayinələr aparılmışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin 15.08.2018-ci il tarixli 882 №-li göndərişinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzinin məhkəmə-kimya bölməsinin kimyaçı eksperti, iş təcrübəsi 2001-ci ildən olan Qalib Həsənov tərəfindən 15.08.2018-ci ildə müayinə olunmuş, ondan götürülmüş qan və sidik nümunələri tədqiq edilmişdir. 196/K№-li maddi sübutların tədqiqatı aktında göstərilir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu mayor İddiaçı götürülmüş qanda və sidikdə Tetra- hidro kannabinol adlı maddənin izləri aşkar olunmuşdur və aşkarlanan bu praparatlar Çətənə (kannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı {adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Aşkarlanan bu narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxildir. Göstərilənlərə əsasən N nömrəli hərbi hissənin komandiri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırmış, Müdafiə nazirinin 07 yanvar 2019-cu il tarixli 09 №-li əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ərizəsində göstərir ki, “onun analizlərində narkotik maddələrin aşkar olunması onun müxtəlif növ dərman preparatlarının və bəzi qida məhsullarının qəbulu nəticəsində də ola bilərdi”. Həmin hal ekspertin aktı ilə təkzib olunur. Aktda göstərilir ki, “aşkarlanan bu peraparatlar Çətənə (kannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir”. Təbii mənşəli olduğundan həmin peraparatın müxtəlif növ dərman preparatlarının və bəzi qida məhsullarının qəbulu nəticəsində yaranması mümkün deyildir. İddiaçı ərizəsində göstərir ki, “AP Müdafiə Nazirliyinin rəhbərliyi onun 2019-cu ilin yanvar ayında ehtiyata buraxılmağı barədə müvafiq əmr imzalayarkən 6 ay əvvəl-2018ci ilin avqust ayında onun analizlərində narkotik maddələrin izlərinin aşkarlanmasını əsas götürmüşdür. Bu isə onun qərəzli olaraq ehtiyata buraxılmağını dolayısı ilə təsdiqləyir”. İddiaçının həmin mülahizəsi reallığı əks etdirmir. Belə ki, iddiaçının hərbi xidmətə münasibətini xarakterizə edən təqdimatda, xidmət vərəqəsində ancaq onu müsbət xarakterizə edən hallar əks olunmuşdur. Təqdimatda iddiaçının xidmət müddəti ərzində özünü nizam- intizamlı, işgüzar və tələbkar bir zabit kimi göstərməsi, bilik səviyyəsinin, xidmət etdiyi sahədə vəziyyətin yaxşı olması göstərilmiş, xidmət vərəqəsində isə onun barəsində dəfələrlə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi qeyd olunmuşdur.Buna görə də, Müdafiə Nazirliyinin iddiaçıya qarşı hər hansı qərəzli münasibəti olmamışdır. İddiaçının hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasının əsasında ondan götürülmüş qan və sidik nümunəsində narkotik maddələrin aşkarlanması olmuşdur. Yerinə yetirdiyi xidmətin xüsusiyyətlərini, silah və sursatlara buraxılışının olmasıni, narkotik vasitələrin qəbuluna başqa şəxsləri cəlb etməsinin mümkünlüyünü və sair baş verə biləcək təhlükəli nəticələri nəzərə alaraq müvafiq mərkəzi icra hakimiyyətinin rəhbəri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə inzibati akt qəbul etdmişdir. O, narkotik vasitənin qəbuledicisi kimi hərbi xidmətdə saxlanıla bilməzdi. İddiaçının ondan götürülmüş nümunələrdə narkotik maddələrin aşkar olunması ilə xidməti münasibətlərinə xitam verilməsinin arasında 6 ay keçməsini qərəzlilik kimi göstərməsi də əsassızdır. Belə ki, iddiaçı ilə 31.08.2018 və 09.09.2018-ci il tarixlərdə söhbət aparılmışdır. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının 2076 №-li arayışından məlum olur ki, iddiaçı N saylı hərbi hissə komandirinin 08.11.2018-ci il tarixli 10561 saylı göndərişi ilə 10 dekabr 2018ci ildə Silahlı Qüvvələrin BKH cərrahiyə profilli hospitalının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin arayışda iddiaçının xəstəliyi ilə əlaqədar ambulator və stasionar müalicə alması, şikayətləri ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etməsi, Müdafiə Nazirliyi MHP-na göndərilməsi, müayinə olunaraq stasionar şəkildə şahadətləndirilməsinin məsləhət görülməsi, hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin təyin edilməsi üçün 23.11.2018-ci ildə Silahlı Qüvvələrin BKH-na göndərilməsi qeyd edilmişdir. İddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının 7343 №-li göndərişinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzinə göndərilməsi və 547/K №-li 19.12.2018-ci il tarixli aktın nəticələrinə görə onun qan və tük nümunələrinin tərkibində etil spirti, narkotik vasitələr və güclü təsiredici maddələr aşkar edilməməsi barədə dəlillərinə gəldikdə isə bildirmişdir ki, həmin tədqiqat birinci tədqiqatdan 4 ay sonra aparılmış, birinci tədqiqatda götürülmüş nümunələr tədqiq edilməmişdir. Uzun müddət keçdiyinə görə iddiaçıdan götürülmüş yeni nümunələrdə narkotik maddələr olmaya bilər. Azərbaycan Respublikası Silahlı X1 qeyd olunur ki, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə dəyişiklikliyə yol verilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-693/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçıdan götürülmüş qan və sidik nümunələrində dövriyyəsi və qəbulu qadağan edilmiş narkotik vasitələrin olması aşkar edildikdən sonra narkotik vasitələrin istifadəçisi olmağını qəti surətdə inkar edib, ondan təkrarən nümunələr götürülərək ekspertizaya göndərilməsini təkidlə və dəfələrlə xahiş etsə də, onun xahişlərinə heç bir məhəl qoyulmamışdır. Halbuki, hərbi xidmətdə olduğu müddətdə özünü son dərəcə nümunəvi hərbi qulluqçu kimi xarakterizə etmiş və dəfələrlə xidmət etdiyi hərbi hissənin komandirləri tərəfindən müxtəlif əsaslar, o cümlədən döyüş və ictimai-siyasi hazırlığın yüksəldilməsində və hərbi intizamın möhkəmlənləndirilməsində fərqləndiyinə, xədməti vəzifələrini layiqincə yerinə yetirdiyinə və sair əsaslara görə «təşəkkür»lər elan edilmiş, «fəxri fərman»la təltif edilmiş, yalnız bir dəfə məzuniyyətdə olduğu vaxt telefona cavab vermədiyinə görə ona «töhmət» elan edilmişdir ki, həmin cəza növü də məzuniyyətdən hərbi xidmətə qayıtdıqdan sonra bir ayın müddətində «xidməti vəzifələrinin icrasında müsbət tərəfdən fərqləndiyinə görə» həvəsləndirmə növündə əmrlə qüvvəsini itirmişdir. Məlum olduğu kimi 16 avqust 2018-ci il tarixli 196/K saylı rəydə iddiaçıdan 15 avqust 2018-ci il tarixdə götürülmüş qan və sidik nümunəsində Tetra - hidro kannabinol adlı narkotik effektli maddənin aşkar edilməsi təsdiq edilmiş, 19 dekabr 2018-ci il tarixli 547/K saylı rəydə isə iddiaçıdan 12 dekabr 2018-ci il tarixdə götürülmüş qan və tük nümunələrinin tərkibində isə etil spirti, narkotik vasitələr və güclü təsiredicı maddələrin aşkar edilmədiyi qeyd edilmişdir. Hər iki ekspert iddiaçıdan 2018-ci ilin dekabr ayının 12-də götürülmüş qan, sidik və tük nümunələrində narkotik maddənin izlərinin aşkar edilməməsini ondan ilk dəfə götürülmüş nümunələrdən artıq 4 aya yaxın bir müddət keçməsinə istinad edərək izah etmişlər ki, həmin müddət ərzində narkotik maddələrin izləri göstərilən şəxsdə qalmaya bilərdi. Göründüyü kimi hər iki ekspertin gəldiyi nəticə ehtimal xarakteri daşımaqla, heç bir elmi-metodik biliklərlə əsaslandırılmır. Buna görə də hesab edir ki, ekspertlərin ehtimal xarakteri daşıyan mülahizələri heç bir halda sübut növü kimi qəbul edilə bilməz. Bundan əlavə 15 avqust 2018-ci il tarixdə iddiaçı ilə yanaşı 33 (otuz üç) nəfər hərbi qulluqçulardan da qan və sidik nümunələri götürülmüş, onlardan 10 (on) nəfərində narkotik maddələr aşkar edilmişdir. Belə ki, nümunələr avqust ayının 15-də götürülmüş və bir gün sonra avqust ayının 16-də artıq rəylər tərtib edilmişdir. İddiaçıdan dekabr ayının 12-də götürülmüş nümunələrlə əlaqədar 7(yeddi) gün müddətində tədqiqat aparılmış və dekabr ayının 19-da müayinə başa çatmaqla rəy tərtib edilmişdir. Hesab edir ki, işdə olan həmin halın özü də, yəni kütləvi şəkildə ğötürülmüş qan və sidik nümunələrinə dair bir günün müddətində rəy tərtib edilməsi həmin nəticələri açıq-aydın şübhə altına qoyur. Eyni zamanda onun barəsində məsələyə şərəf məhkəməsində baxılarkən, şərəf məhkəməsində iştirak edən yeddi nəfər zabitdən 3 hərbi qulluqçu — X7, X10 və X6 İddiaçı müsbət cəhətdən xarakterizə etməklə, onun xidməti uyğunsuzluğa görə həqiqi xidmətdən ehtiyata buxarılmasına deyil, aşağı vəzifəyə keçirilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını təklif etmişlər. Lakin yeddi nəfərdən ibarət olan şərəf məhkəməsi bir nəfərin səs çoxluğu ilə İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı X3 ehtiyata buraxılmasına dair qərar qəbul etmişlər. Özünün narkotik maddə istifadəçisi olmadığını, ondan götürülmüş analizin nəticələrinin qeyri obyektiv olduğunu bildirməklə, buna görə də ondan təkrarən analiz götürülməsini xahiş etsə də, onun xahişi təmin edilməmişdir. Nəhayət, o, Ordu Sıralarından ehtiyata buraxılması ilə əlaqədar olaraq tibbi müayinədən keçərkən müdafiə Nazirliyinin Baş Klinik Hospitalı rəisinin 12 dekabr 2018-ci il tarixli 7343 nömrəli göndərişi əsasında ondan götürülmüş qan və tük nümunələrinin tərkibində etil spirti, narkotik vasitələr və güclü təsiredici maddələrin aşkar edilmədiyi müəyyən edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, sonrakı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı 18.10.1999-17.12.2008-ci və 22.04.2014- 21.01.2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində zabit kimi hərbi xidmət keçmişdir. 07 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 09 №-li əmri ilə N saylı hərbi hissənin maddi texniki təminat bölməsinin raket artileriya silahları xidməti rəisinin baş köməkçisi mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Tibb Baş İdarəsinin rəisi tərəfindən Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin baş Qərargah rəisinə ünvanlanmış raportdan görünür ki, 15.08.2018-ci il tarixdə 408, 480, N və N nömrəli hərbi hissələrin komandirlərinin müraciətlərinə əsasən ümumilikdə 33 (otuz üç) nəfər hərbi qulluqçunun qan və sidik nümunələrində narkotik tərkibli və ya psixitrop vasitələrin olub-olmamasının təyini üçün Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 müayinələr aparılmışdır. Aparılmış məhkəmə-kimyəvi müayinələr zamanı bir sıra hərbi qulluqçuların, o cümlədən iddiaçının qan və sidik nümunələrində dövriyyəsi və qəbulu qadağan olunmuş narkotik vasitələr aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 məhkəmə kimya tibb eksperti Qalib Həsənov tərəfindən imzalanmış 196/K saylı 15-16 avqust 2018-ci il tarixli maddi sübutların tədqiqatı aktından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı götürülmüş qanın kütlə spektrometriyalı qaz xromatoqrafiya və sidiyin immunoferment test metodu ilə tədqiqinə əsasən müəyyən edilmişdir ki, qanda və sidikdə Tetra-hidro kannabinol adlı maddənin izləri aşkar olunmuş, aşkarlanan bu preparatlar çətənə (kannabis) bitkisindən alınan marixuana, həşiş və həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Aşkarlanan bu narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxildir. İş materiallarından görünür ki, N nömrəli hərbi hissənin zabitlərinin şərəf məhkəməsinin iclası keçirilmiş, iclasda iddiaçının hərbi rütbəsinə yaraşmayan, hərbçi şərəfinə xələl gətirən ədəb və əxlaq normalarına uyğun olmayan hərəkət etməsi ilə bağlı məsələyə baxılmış, iddiaçı özü həmin iclasda iştirak etmiş, şərəf məhkəməsinin qərarına əsasən, mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı X3 ehtiyata buraxılması qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı ilə 31.08.2018 və 09.09.2018-ci il tarixlərdə fərdi söhbət aparılmış, söhbət zamanı iddiaçı analizin yenidən götürülməsini xahiş etmişdir. N nömrəli hərbi hissənin komandiri vəzifəsini icra edən 09 sentyabr 2018-ci il tarixdə təqdimatla Müdafiə Nazirliyinə müraciət edərək, mayor İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, işgüzar və tələbkar bir zabit kimi göstərdiyini, bilik səviyyəsinin və xidmət etdiyi sahədə mövcud olan vəziyyətin yaxşı olduğunu bildirmiş, eyni zamanda İddiaçı narkotik maddə aludəçisi olması barədə əsaslı şübhələr olduğunu, 15.08.2018-ci il tarixdə qan və sidik nümunələri Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə göndərildiyini və nümunələrin tərkibində dövriyyəsi və qəbulu qadağan olunmuş narkotik maddə aşkar olunduğunu nəzərə alaraq, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məsələsinə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 məhkəmə kimya eksperti Vəfa Qarayeva tərəfindən tərtib edilmiş 547K saylı, 12- 19.12.2018-ci il tarixli maddi sübutların tədqiqatı aktından görünür ki, Baş Klinik Hospitalın rəisi t/x polkovniki Tofiq Tağıyevin 12.12.2018-ci il tarixli 7343 saylı göndərişinə əsasən İddiaçı götürülmüş qanın Qaz və Kütlə apektrometriyalı xromatoqrafiya və tükün kütlə spektrometriyalı xromatoqrafiya metodu ilə tədqiqinə əsaslanaraq tədqiqat nəticəsində qan və tük nümunələrinin tərkibində etil spirti vasitələri və güclü təsiredici maddə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində dindirilən Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 eksperti X8 izahatında bildirmişdir ki, iddiaçının barəsində 16.08.2018-ci il tarixli akt onun tərəfindən tərtib edilmişdir. Həmin vaxt N saylı hərbi hissədən götürülmüş N nəfərin qan və sidik nümunələrində narkotik vasitələr aşkar edilmişdir. İddiaçı götürülmüş qan və sidik nümunələrindən narkotik vasitə sayılan marixuana aşkar edilmişdir. 2018-ci ilin dekabr ayında tərtib edilmiş aktla bağlı ekspert izah etdi ki, 4 aydan artıq müddət keçdiyindən əvvəl aşkar edilmiş narkotik maddənin izləri qalmaya bilərdi. Həmçinin, birinci instansiya məhkəməsində ekspert qismində dindirilən Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 eksperti X11 izahatında bildirmişdir ki, 2018-ci ilin dekabr ayında İddiaçı qan, sidik və tük nümumələri müayinə edilmiş və narkotik maddənin izləri aşkar edilməmişdir. Ekspert həmçinin izah etmişdir ki, bu nümunələrdən ən çox yaddaşa malik olan tük nümunələridir, onda da narkotik maddələrdən istifadədən 3- 4 ay sonra izlər aşkar olunmaya bilər. Narkotik maddələrin mütəmadi istifadəçisində bu izlər 4 aya qədər qala bilər, bir-iki dəfə istifadə edən şəxslərdə bu maddələrin izləri aşkar edilməyə bilər. Həmçinin, nümunə tükün dibindən götürülür, nəzərə alınmalıdır ki, saç sonuncu dəfə nə vaxt kəsilib. Belə ki, saç uzandıqca dib hissə uc hissəyə kimi gəlir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -146-cı bəndinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək, əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək, vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək, hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək, həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq, vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq hərbi qulluqçunun vəzifəsidir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Qeyd edildiyi kimi, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İstinad olunan normadan görünür ki, qanunverici məlum Əsasnamənin 156-158-ci maddələri üzrə buraxılma haqqında əmrlərin dəyişdirilməsinə bir qayda olaraq yol vermir. Təhlil olunan normaların işin hallarına tətbiqi onunla bağlıdır ki, əgər iddiaçı ehtiyata buraxılması ilə əlaqədar vəziyyətinin dəyişilməsini arzulayırsa, bu zaman çıxarılmış əmrin qanunvericiliyin pozulması ilə müşayiət olunduğunu və buraxılma ilə əlaqədar yeni halların aşkara çıxdığını sübut etməlidir. Buraxılma ilə əlaqədar yeni halların aşkara çıxması dedikdə o başa düşülməlidir ki, buraxılma haqqında əmr verildikdən sonra buraxılma ilə əlaqədar əvvəllər tərəflərə məlum olmayan həlledici məlumat, material aşkar edilmiş olsun. Bununla bağlı iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi ondan götürülmüş qan, sidik və tük nümunələrində narkotik vasitənin aşkarlanması olmuşdur. Kollegiya hesab edir ki, təkrar keçirilmiş ekspertizanın rəyi ilə müəyyən edilmiş hal buraxılma ilə əlaqədar aşkara çıxan yeni hal hesab edilə bilməz. Belə ki, ilkin tədqiqat zamanı iddiaçıdan 2018-ci ilin avqustun ayının 15-də götürülmüş qan və sidik nümunələrində narkotik vasitə aşkarlanmışdırsa, təkrar ekspertiza 12.12.2018-ci ildə, yəni ilkin tədqiqatdan 4 aya yaxın vaxt keçdikdən sonra keçirilmişdir. Göründüyü kimi, birinci tədqiqatla təkrar ekspertiza arasında uzun müddət keçmişdir. Belə olduğu təqdirdə uzun müddətin keçdiyinə görə ondan götürülmüş nümunələrdə 2018-ci ilin dekabr ayında narkotik vasitə və digər güclü təsiredici maddələr aşkar edilməyə bilərdi. Həm də nəzərdən qaçırmaq olmaz ki, təkrar ekspertiza zamanı ilkin tədqiqat zamanı götürülmüş nümunələr deyil, yeni nümunələr götürülərək rəy verilmişdir. Təkrar tədqiqatı aparan ekspert də, məhkəməyə verdiyi izahatında bu faktı təsdiq etmişdir. Kollegiya bu xüsusda bir məqama da diqqət yetirir ki, qanuna görə, yəni «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətdən hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün zəruri əsaslar olmalıdır və bu, ehtiyata buraxılmanın bu növünün seçilərək, tətbiq edilməsi inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Belə ki, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə görə, zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» “Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14-cü maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. (14.1, 14.2, 14.3) Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Bu mənada, işin hallarından görünür ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi ondan götürülmüş qan və sidik nümunələrində narkotik vasitənin aşkarlanması olmuşdur. Halbuki məlumdur ki, narkotik vasitələr mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrdir. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Nəzərə alanda ki, iddiaçı rütbəsinə (mayor) və tutmuş olduğu vəzifəsinə (raket artileriya silahları xidməti rəisinin baş köməkçisi) görə müəyyən kateqoriya hərbi qulluqçulara münasibətdə rəis hesab olunur, bütün komandirlər (rəis) isə hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə borcludurlar, ümumiyyətlə bütün hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməlidirlər, iddiaçının malik olduğu statusla, barəsində aşkara çıxması iddia edilən halın biri digəri ilə ziddiyyət təşkil etməsi məsələsinə qiymət verilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi işin hallarının tam və hərtərəfli araşdırılmasını təmin edərək, iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərini formal mülahizə kimi qəbul edərək kolegiya hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-693/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar