Məhkəmə qərarları › İş №2-1(105)-15/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-15/2022

21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-15/2022 21.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 285/2021 saylı, 02 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı, ******* №-li çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 torpaq sahəsinin hal-hazırda naturada yerləşən plan-ölçü sxeminin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, RX ******* seriyalı çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan və ölçü sənədi verilmişdir. Lakin son vaxtlarda iddiaçıya məlum olmuşdur ki, plan və ölçü sənədində göstərilən koordinatlar torpaq sahəsinin naturada yerləşdiyi yerin koordinatları ilə fərqlidir. Bununla bağlı o, cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, ona məxsus torpaq sahəsinə dair plan ölçü sənədində dəyişiklik edilməsini, yəni koordinatların naturadakı vəziyyətə uyğunlaşdırılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya 13.08.2020-ci il tarixli cavab məktubu verilərək, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcud olduğu göstərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-285/2021 saylı, 02 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı məxsus olan və Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən RX ******* seriyalı çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı araşdırılarkən müəyyən olunmuşdur ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 06.07.2017-ci il tarixli, **********82 reyestr nömrəli İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və idarənin elektron baza məlumatları araşdırılmışdır. Belə ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ Abşeron rayon, Aşağı Güzdək bələdiyyəsinin 28.01.2004-cü il tarixli, 02 saylı qərarına və Aşağı Güzdək bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən koordinatlara əsasən 01.06.2017-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 09.06.2017-ci il tarixli, 4Ə-2166 reyestr nömrəli alğısatqı müqaviləsinə əsasən torpaq sahəsi İddiaçı adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsinə təkrar müayinə zamanı iddiaçı tərəfindən naturada sostərilən yer ilə sənəd üzrə koordinatlar arasında uyğunsuzluq olmadığı qeyd edilmişdir. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin plan-ölçü sənədinə cari dəyişiklik edilməsi məqsədilə 23.07.2020-ci il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə etibarnamə üzrə Nümayəndə müraciəti zamanı isə məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İşə apellyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı N1106202 №-li 06.07.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş A N 163252 № –li torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd 09.06.2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş 13.08.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcud olduğundan plan və ölçü sənədində cari dəyişiklik edilməsindən imtina edilmişdir. İşdən görünür ki, iddiaçı mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsini aldıqdan sonra cavabdeh tərəfindən verilmiş **********82 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyini bildirərək, mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, yerquruluşu- torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. Həmin maddənin 3-cü bəndinə əsasən, yerquruluşu işləri torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini nəzərdə tutur… Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilsin. İş materiallarından görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsidə yerləşən 0,10 ha torpaq sahəsi 06 iyul 2017-ci ildə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən A seriyalı, 139823 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə eyni olmadığını iddia etdiyindən, məhkəmə kollegiyası qeyd edilən halın aydınlaşdırılması məqsədilə mütəxəssis rəyi almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadə etdiyi 0,1012 ha torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və həmin torpaq sahələri arasında olan məsafə 641 metr təşkil edir. Elektron kadastr məlumat bazasında iş araşdırılarkən məlum oldu ki, iddiaçının faktiki istifadə etdiyi 0,1012 ha torpaq sahəsi başqa fiziki və hüquqi şəxslərin adına qeydiyyatdan keçməmişdir. Rəydən və rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinə dair sxemdən görünür ki, iddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsindən deyil, faktiki olaraq başqa fiziki və hüquqi şəxslərin adına qeydiyyatdan keçməyən torpaq sahəsindən istifadə edir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin koordinatlarında uyğunsuzluq olduğundan, iddiaçının faktiki olaraq istifadə etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olmadığından torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək xidmətin vəzifəsidir. Əsasnamənin 3.0.29-cu bəndində isə qeyd edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-285/2021 saylı, 02 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar