Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-15/2023 12.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdehin üzərinə Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli 3/4-27 saylı qərarına əsasən satılmış 0,06 ha torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə çıxarış və texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(118)- 206/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2004-cü il tarixli torpaqların alqı-satqısına dair akta əsasən Qusar bələdiyyəsi ilə İddiaçı arasında Qusar şəhəri, A.Xamədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin satılmasına dair tərtib edilmişdir
2. Qusar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 3/4-27 nömrəli qərarı ilə Qusar şəhəri, A.Xammədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsi İddiaçı satılmışdır.
3. İddiaçı tərəfindən Qusar bələdiyyəsinin hesabına 600.000 manat torpaq sahəsinin alqı-satqı haqqı kimi ödənilmişdir.
4. Qusar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 3/4 -27 nömrəli qərarı ilə İddiaçı satılmış 600 kv.m torpaq sahəsi barəsində DTXK-nin Qusar rayon şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir.
5. İddiaçı Qusar şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin satılması haqqında Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli 3/4-27 saylı qərarına əsasən iddiaçıya satılmış 0,06 ha torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə çıxarış və texniki pasportun hazırlanıb verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə əsasən Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli 3/4-27 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi ona satılmışdır. İddiaçı Qusar şəhər bələdiyyəsinin sədri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsinin müdirinin iştirakı ilə sözügedən qərarda qeyd edilən 0,06 ha torpaq sahəsinin alqı-satqısma dair aktı 2014-cü ilin yay ayında imzalamışdır. Həmin akt DT və XK-nin Qusar rayon şöbəsində 28 fevral 2014-cü il tarixdə 51 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçıya satılmış 0,06 ha torpaq sahəsinin Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli 3/4-27 saylı qərarına əsasən planı və ölçüsü Azərbaycan Respublikası DTXK-nin Qusar rayon şöbəsi tərəfindən tərtib edilərək X5 kitabında 28 fevral 2014-cü ildə tarixdə 01-35 nömrə ilə uçota alınmışdır. Qusar şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinin təmin edilməsindən imtina edilmişdir.
8. Cavabdehin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli **********80 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı iddiaçıya satılmış torpaq sahəsinin alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində xx.xx.2014-cü il tarixdə qeydə alındığı aşkar edilmişdir. Halbuki, 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət istifadə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Bununla bağlı iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(118)-206/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli 3/4-27 saylı qərarına əsasən İddiaçı satılmış 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə çıxarış və texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarının və iddiaçı tərəfindən ödənişin edildiyi tarixləri nəzərə alaraq hesab edir ki, sözügedən torpaq sahəsi İddiaçı həqiqətən də 2004-cü ildə satılmışdır. Lakin alqı-satqı aktının rəsmiləşdirilməsi vaxtında həyata keçirilməmiş və yalnız 2014-cü ildə qeydə alınmışdır. Torpaq sahəsinin ayrılmasına dair qərar müəyyən pozuntularla müşayiət edilsə də, bələdiyyənin istinad olunan qərarı hazırda qüvvədədir, ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Alqı-satqının vaxtında bağlanması və qeydə alınması bələdiyyənin və ləğv edilmiş DTXK-nin Qusar rayon şöbəsinin vəzifəli şəxslərinin vəzifəsi olmuşdur. Bu səbəbdən həmin əsasla iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi əsassız hesab edilməlidir.
11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti cavabdehin imtinası ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən İddiaçı adına dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
23. Belə ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərək, imtinasında göstərmişdir ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,06 ha torpaq sahəsi Qusar rayonu, Qusar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 3/4-27 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində xx.xx.2014-cü il tarixdə qeydə alındığı aşkar edilmişdir. Həmin dövrdə 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət istifadə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi.
24. Torpaq sahəsinin Qusar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 3/4-27 saylı qərarla satıldığı halda, alğı-satqı aktının xx.xx.2014-cü il tarixində qeydə alınması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin satılması ilə bağlı Qusar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 3/4-27 saylı qərar olsa da, lakin alğı-satqı aktının xx.xx.2014-cü il tarixində qeydə alınması, yəni qəbul edilmiş qərardan sonra qeydə alınması bələdiyyənin əmlak sahibi kimi iradə ifadəsini əks etdirir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq alğı-satqı aktının əvvəlcədən və ya sonradan tərtib edilməsi o zaman ciddi qanun pozuntusu hesab oluna bilərdi ki, həmin torpaq sahəsi bələdiyyənin deyil, hər hansı bir fiziki və ya hüquqi şəxsə məxsus olmuş olardı. Alğı-satqı müqaviləsi ikitərəfli əqd hesab edilir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsində nəzərdə tutulmuş maddənin (bəyənmə) tələbləri baxımından geriyə təsir qüvvəsinə malikdir.
25. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
26. Məhkəmə sorğusuna əsasən Qusar Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Azərbaycan Respublikası Qanununun 6 və 6.5-ci maddəsinin yuxarıda qeyd edilən torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyənin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Lakin, Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-cü il tarixli 3/4-27 saylı qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün şəhərin A.Xammətov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi satılarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əməl edilməmiş, Qusar Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyi alınmamışdır. Bununla belə bildirilir ki, həmin torpaq sahəsi Qusar bələdiyyəsinin yerquruluşu təsərrüfat planına, ərazilərin planlaşdırılması və tikintisi layihəsinə uyğundur. Həmin ərazidə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintisinə icazə alınmadan tikilmiş və halhazırda fəaliyyət göstərən zirzəmi və iki mərtəbədən ibarət ticarət obyekti mövcuddur.
27. Apellyasiya şikayətində cavabdeh daşınmaz əmlaka baxış keçirilmədiyinə, torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsinin məhkəmə tərəfindən müəyyən edilmədiyinə istinad etmişdir.
28. Apellyasiya dəlillərinin araşdırılması ilə əlaqədar kollegiya tərəfindən cavabdeh inzibati orqana müraciət olunaraq, torpaq sahəsinin yerində müayinə edilərək, müayinə aktının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.
29. Təqdim olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında qeyd olunmuşdur ki, torpaq sahəsi A.Xammədov küçəsi, ara küçə həyətyanı və sahibkarlıq məqsədili torpaq sahələri və obyektləri ilə həmsərhəddir. Torpaq sahəsində hal-hazırda istifadə olunan bütövlükdə torpaq sahəsində tikinti altı sahəsi 600 m2 olan yarımzirzəmili 2 mərtəbəli ticarət obyekti (hal-hazırda inşaat materialların satışı kimi fəaliyyət göstərir) inşa olunmuşdur. Torpaq sahəsi yerləşdiyi obyektin tikinti altı sahəsidir. Sahənin naturadakı ölçüləri ilə koordinatlarının sahəyə verilmiş plan və ölçüdəki ölçü və koordinatları ilə müqayisədə ölçülərdə fərq mövcud deyildir, lakin koordinatlarda isə cüzi sürüşmə mövcuddur. Sahə yaşayış məntəqələrinin torpaq sahələrinə uyğundur. Torpaqla bağlı mübahisə yoxdur. Torpaq sahəsindən 3 m aralı olmaqla 10 kv-luq elektrik xətti (sahənin 133 kv.m hissəsi qoruma zolağına düşür) və 2 m aralı olmaqla 250 mm-lik orta təzyiqli qaz xətti (35 kv.m hissəsi qoruma zolağına düşür) keçir.
30. Torpaq sahəsinin yaxınlığından elektrik və orta təzyiqli qaz xəttinin keçməsi barədə müayinə aktında göstərilən halların araşdırılması məqsədilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Şimal” RETSİ-nin X3 və “Azəriqaz” X1 X6 İdarəsinin Qusar xidmət sahəsinə sorğular verilərək mübahisə gedən torpaq sahəsindən yüksək gərginlikli elektrik xəttinin və orta təzyiqli qaz xəttinin keçib-keçməməsi, keçdiyi təqdirdə həmin xəttin hansı tarixdən quraşdırılması və kimə məxsus olması barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.
31. Məhkəmənin sorğusuna Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “Şimal” RETSİ-nin X2 XQ-03 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Qusar şəhəri A.Xammədov küçəsində yerləşən İddiaçı məxsus Qusar şəhər bələdiyyəsinin 30 mart 2004-ci il tarixli 3/4-27 saylı qərarına əsasən satılmış 0.06 ha torpaq sahəsindən 3 metr aralıdan keçən şəbəkənin balansında olan “17 saylı 10 kv-luq şəhər” hava elektrik veriliş xətti, şəhərdə Olimpiya İdman Kompleksinin inşa ediməsi ilə əlaqədar 2010-cu ildə çəkilmişdir. 2010-cu ilə kimi A.Xammədov küçəsində adı çəkilən 10 kv-luq EVX-i mövcud olmamışdır. İddiaçı məxsus torpaq sahəsinin 10 kv-luq elektrik veriliş xəttinə heç bir maneçiliyi yoxdur, torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmasına və çıxarışın verilməsinə etiraz etmirlər.
32. “Azəriqaz” X1 X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, 01-AA/09-TİŞ-215 nömrəli məktubunda qeyd olunmuşdur ki, tərəflərindən Qusar şəhəri A.Xammədov küçəsində yerləşən İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin qaz kəmərlərinin mühafizə zonasında yerləşib-yerləşməməsi məqsədilə baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan torpaq sahəsinin Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinə məxsus qaz kəmərlərinin mühafizə zonasında yerləşmədiyi aşkar olunmuşdur.
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya ayrılarkən qanunun tələbləri gözlənildiyindən cavabdeh iddiaçının hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və imtinasını əsaslandırdığı hallar qanuni əsaslarla iddiaçıya ayrılmış daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz. Odur ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(118)-206/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.