Məhkəmə qərarları › İş №2-1(105)-150/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-150/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-150/2022 13.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı regional ərazi filialına qarşı “1982-ci ilin aprel ayından 1984-cü ilin iyul ayına kimi, həmçinin, 01.02.1999-01.04.2002-ci illərdə analıq məzuniyyətində olduğu dövrü sığorta stajı saymaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2- 1(118)-1442/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1964-cü ildə Quba rayonunun Qələdüz kəndində anadan olmuş, 5 uşaq doğub 8 yaşınadək tərbiyə etmişdir.

2. Onun 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ 17.03.2021-ci il tarixdə yaranmışdır.

3. İddiçı pensiya təyin edilməsi üçün müvafiq sənədləri, o cümlədən 05.04.1982-ci tarixdən 12.07.1984-cü il tarixinədək kimi Quba rayonu N.Nərimanov adına sovxozda fəhlə işləməsi barədə arxiv arayışı və 01.08.1997-ci il tarixdən Quba rayonu Qımıl kənd orta məktəbindədə xadimə işləməsi barədə əmək kitabçasını təqdim edərək ona əmək pensiyası təyin edilməsi üçün 16.05.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir.

4. Cavabdeh 04.06.2021-ci il tarixli, **********8 saylı məktubu ilə iddiaçının tələb olunan 25 illik sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığını bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 25.06.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun 1982-ci ilin aprel ayından 1984-cü ilin iyul ayına kimi, 1997-ci ilin avqust ayından hazırda işlədiyi dövr sığorta stajı sayılmaqla yaşa görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1982-ci ilin aprel ayından əmək fəaliyyətinə başlamış, 1984-cü ilin sentyabr ayından ailə qurduğu üçün işdən çıxmışdır. 01.08.1997-ci il tarixdən Quba rayonu, Qımıl kənd orta məktəbdə işləməyə başlamış və hal-hazırda həmin məktəbdə işləyir. 1999-cu ilin mart ayında oğlu anadan olmuş, buna görə həmin ilin fevral ayından analıq məzuniyyətinə çıxmışdır. 2002-ci ilin aprel ayından uşağının 3 yaşı olduğu üçün analıq məzuniyyəti bitdiyindən yenidən iş yerinə qayıtmışdır. Beş uşağı olduğu üçün qanunvericiliyə uyğun olaraq 57 yaşından pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh ona pensiya təyin olunması üçün 25 illik sığorta stajı olmadığına görə, 1999-cu ilin fevral ayından 2002-ci ilin aprel ayına kimi analıq məzuniyyətində olduğu müddətdə əmək haqqı almadığından qeyd edilən illəri sığorta stajı kimi təyin etmək mümkün olmamışdır. Bunun səbəbi ilə maraqlandıqda ona bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən sığorta stajı 25 il olmadığına görə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin olunmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, onun 1982-ci ilin aprel ayından 1984-cü ilin iyul ayına kimi, həmçinin, 01.02.1999-01.04.2002-ci illərdə analıq məzuniyyətində olduğu dövrü sığorta stajı saymaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sosial sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci ilin 01 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 8-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən 04.06.2021-ci il tarixli məktubla iddiaçıya 25 il sosial sığorta stajı olmadığı üçün imtina verilmişdir. Belə ki, iddiaçı 05.04.1982-ci il tarixdən 1984-cü il tarixədək N.Nərimanov adına sovxozda işlədiyini iddia edir. Lakin bu fakt əmək kitabçası ilə öz təsdiqini tapmır. Bu fakt Milli Arxiv İdarəsi X4 rayon Filialı tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. Bundan başqa iddiaçı 1997-ci il tarixdən halhazıradək Qımıl kənd orta məktəbində xadimə işləyir. Lakin Quba rayon İHB Küpça kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən iddiaçının 01.02.1999- 01.04.2002-ci illər üzrə əmək haqqı almadığı qeyd edilir. Bundan əlavə iddiaçı təqdim etdiyi arayışa əsasən 19.03.1999-cu il tarixdə övladı olduğu üçün analıq məzuniyyətində olduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsində “məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər” qeyd olunmuşdur. Həmin maddənin 2-ci bəndində qeyd olunur ki, Əmək Məcəlləsinin 127ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, habelə azadlıqdan mərum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

9. Sumqayıt İnzibati Məhkəməsinin 06.10.2021-ci il tarixli, 2-1(118)-1442/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X4 Filialının 1848 saylı, 29.12.2008-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də də 1982-ci ilin aprel ayından 1984-cü ilin avqust ayına kimi Quba rayonu Nərimanov adına sovxozda işləmiş və bununla bağlı qazandığı əmək haqları müvafiq cədvəldə əks olunaraq arxivin imzası və möhürü ilə təsdiqlənmişdir.

11. İddiaçının əmək stajı ümumilikdə 25 ildən çox təşkil edir. Belə ki, onun 1997ci ildən 2020-ci il tarixə qədər işlədiyi dövrdə əmək haqqısı iş materiallarında olan cədvəllə öz təsdiqini tapmışdır. İddiaçıya 01.02.1999-01.04.2002-ci illərdə analıq məzuniyyətində olduğu dövrdə əmək haqqı hesablanmaması həmin illərin onun əmək stajına daxil edilməməsi üçün əsas hesab oluna bilməz. İddiaçı beş uşağı doğub onları səkkiz yaşına qədər tərbiyə etdiyinə görə ona pensiya hüququnun yarandığı 17.03.2021-ci il tarixdən (57 yaş) yaşa görə əmək pensiyası təyin edilməlidir.

12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. İddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılan apellyasiya şikayətində göstərilir ki, ərizəçinin 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ 17.03.2021-ci il tarixdə yaranmışdır. Ərizəçi müraciət zamanı sosial sığorta stajını təsdiq edən sənəd kimi əmək kitabçası və arxiv arayışını əlavə etmişdir. 04.06.2021-ci il tarixli **********8 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi tələb olunan 25 il sosial sığorta stajının olmadığı qeyd edilmişdir. Ərizəçinin “Nərimanov” adına sovxozda işlədiyi 1982-1984-cü illər əmək kitabçasında qeyd olunmadığı və 01.02.1999-cu ildən 01.04.2002-ci ilədək əmək haqqı alınmadığına görə sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Ərizəçinin 01.08.1997-01.02.1999-cu və 01.04.2002-01.01.2006-cı illər əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilmiş, həmçinin 01.01.2006-cı il tarixdən hüququ yaranan tarixə qədər 15 il sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində 5882,03 manat pensiya kapitalı mövcud olmuşdur. İddiaçı 05.04.1982-ci il tarixdən 1984-cü il tarixədək N.Nərimanov adına sovxozda işlədiyini iddia edir. Lakin, bu fakt əmək kitabçası ilə öz təsdiqini tapmır. Bu fakt Milli Arxiv İdarəsi X4 rayon filialı tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. Lakin, arxiv arayışına əsasən ərizəçinin işdən azad edilmə əmri möhürlə təsdiqlənməmişdir. Şikayətdə Əmək Məcəlləsinin 87-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1 ci maddəsinə istinad edilməklə göstərilir ki, 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Bundan başqa iddiaçı 1997-ci il tarixdən hal-hazıradək Qımıl kənd orta məktəbində xadimə işləyir. Lakin, Quba rayon İHB Küpça kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən iddiaçının 01.02.1999-01.04.2002-ci illər üzrə əmək haqqı almadığı qeyd edilir. Şikayətdə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci və Əmək Məcəlləsinin 132, 127-ci maddələrinə istinad edilərək göstərilir ki, iddiaçı tələb olunan 25 il sosial sığorta stajına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı apellyasiya şikayətinə qarşı etirazında iddia ərizəsində göstərdiyi dəlillərə və birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticəyə istinad edərək apellyasiya şikayətinin əsassız olduğunu, Sumqayıt İnzibati Məhkəməsində işə baxılarkən obyektiv və hərtərəfli araşdırma aparıldığını, hüququn tətbiqi və təfsirində səhvə yol verilmədiyini, heç bir maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmədiyini bildirmiş və şikayətin təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin 06.10.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

16. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 34. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

19. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 111. 1.Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Maddə 127. 1. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.

20. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 3. Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: a) mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər— Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə; Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... e)işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;

21. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

23. SSRİ Nazirlər Sovetinin 17 oktyabr 1964-cü il tarixli, 859 saylı qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinə pensiyalar təyin edilməsi və verilməsi qaydası haqqında” Əsasnamə:

51. İş stajını aşağıdakı sənədlər sübut edə bilər a) ... arxiv idarələrinin arayışları.

24. “İnzibati icraat haqqında” Qanun: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Hazırkı mübahisənin predmetini iddiaçıya 5 beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. İş materiallarına əlavə edilmiş arayışlardan, şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamələrin surətlərindən iddiaçının 5 uşağı doğub 8 yaşınadək tərbiyə etməsi və 57 yaşına çatması işin mübahisəsiz haldır, cavabdeh imtinasında və apellyasiya şikayətində bu halları mübahisələndirməmişdir.

29. Cavabdehin imtinasında iddiaçının tələb olunan 25 illik sığorta atajının olmaması ilə bağlı iki hala istinad edilir: 1. iddiaçının 05.04.1982-ci il tarixdən 12.07.1984-cü il tarixədək N.Nərimanov adına sovxozda işləməsinin əmək kitabçası ilə öz təsdiqini tapmaması. 2. iddiaçının 1997-ci il tarixdən xadimə işlədiyi Qımıl kənd orta məktəbindən 01.02.1999-01.04.2002-ci illər üzrə əmək haqqı almaması.

30. Cavabdehin imtinasındakı birinci halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən düzgün olmayaraq iddiaçının 05.04.1982-12.07.1984-cü illər üzrə əmək fəaliyyətinə dair arxiv arayışının və əmək haqqı cədvəllərindən çıxarışların olması nəzərə alınmamışdır. Halbuki, bu qərarın 21 və 22-ci bəndlərində istinad olunan normalardan da göründüyü kimi iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarında arxiv idarələri tərəfindən verilmiş arayışlar pensiya hüququ verən iş stajının müəyyən edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

31. Apellyasiya şikayətinin arxiv arayışına əsasən ərizəçinin işdən azad edilmə əmrinin möhürlə təsdiqlənməməsi barədə dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, bu hal həmin sübutun mötəbərliyinə şübhə ilə yanaşmağa əsas ola bilməz. Belə ki, iddiaçının qeyd edilən dövrlərdə işləməklə əmək haqqı alması müvafiq cədvəllərdən çıxarışlara dair digər arayışla da təsdiq olunur ki, bu da iddiaçının arxiv arayışı ilə əhatə olunan və mübahisə edilən illərdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir.

32. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, əmək stajının müəyyən edilməsi zamanı arxiv arayışları iş stajını təsdiq edən sənəd qismində qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və həmin təcrübəyə əməl edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının 05.04.1982-12.07.1984cü illər üzrə əmək fəaliyyətinin onun sosial sığorta stajına daxil etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.

33. İddiaçının təqdim etdiyi ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş sutrətindən görünür ki, o, 01.08.1997-ci il tarixdən Quba rayonu Qımıl kənd orta məktəbindədə xadimə işləyir. İş materiallarında həmçinin onun 1997-ci ilin avqust ayından 2015-ci ilin dekabr ayına (01.02.1999-01.04.2002-ci illər istisna olmaqla) və 2016-cı ilin yanvar ayından 2021-ci ilin may ayınadək həmin iş yerindən əmək haqqı almasına dair arayışlar da vardır. Apellyasiya şikayətinin iddiaçının 01.02.1999-01.04.2002-ci illər üzrə əmək haqqı almaması və bu səbəbdən də həmin illərin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin dövrdə qüvvədə olan qanunvericiliyə, o cümlədən Əmək Məcəlləsinə (19-cu bənd) uyğun olaraq 19.03.1999-cu il tarixdə anadan olmuş beşinci övladı X2 qulluq etmək üçün qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyətdə olmuşdur. Cavabdeh apellyasiya şikayətində qismən ödənişli sosial məzuniyyətdə olma müddətinin məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınmayan dövrə aid edilməsi barədə Əmək Məcəlləsinin 132-ci maddəsinə istinad etsə də, məhkəmə həmin mövqe ilə razılaşmır. Belə ki, yuxarıda istinad edilən (17-ci bənd) konstitusion normaya əsasən ailə dövlətin himayəsindədir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə olan halda, uşağına qulluq üçün sosial məzuniyyətdə olan ananın müvafiq məzuniyyət dövrünün onun pensiya hüququ verən sosial sığorta stajına daxil edilməməsi, onun öz iradəsindən asılı olmayan hallarda, xüsusilə də uşaqlara qayğı göstərməkdən ibarət konsititusion borcunu yerinə yetirərkən digər konsitusion hüququ olan sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər ki, bu da yolverilməzdir.

34. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində başqa normalarına istinad etdiyi, iddiaçının məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun nəinki işləyən ananın hətta işləməyən ananın belə körpə uşaqlara qulluq etdiyi müddətin (hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) ümumi iş stajına daxil edilməsini nəzərdə tuturdu. Belə olan halda birinci instansiya məhkəməsi həm də Əmək Məcəlləsinin 111-ci maddəsini nəzərə almaqla iddiaçının 01.02.1999-01.04.2002-ci illərdə analıq məzuniyyətində olduğu dövrlərin də onun sosial sığorta stajına daxil edilməli olmasına dair nəticəyə gəlməkdə də haqlı olmuşdur.

35. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, iddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən 20 il 5 ay (01.08.1997-01.02.1999-cu; 01.04.2002-01.01.2006-cı illər və 01.01.2006-cı il tarixdən hüququ yaranan tarixə qədər 15 il) sığorta stajı vardır (13-cü bənd). Yuxarıda qeyd edilən arxiv arayışı ilə təsdiq olunan 2 il 3 ay və uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olduğu 3 il da əlavə edildikdə iddiaçının 25 ildən artıq sığorta stajı olur ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci və 8.1-ci maddələrinə əsasən beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi 57 yaşından (01.07.2020-30.06.2021-ci il dövrləri ərzində qadınlar üçün pensiya yaşı 62 yaş olmuşdur) əmək pensiyası təyin edilməsinə əsas verir.

36. Beləliklə, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, və apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1442/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar