Məhkəmə qərarları › İş №2-1(105)-150/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-150/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-150/2025 16.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-0417 KOD30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən iddiaçının atası Salahov Mirzağa Babasi oğluna Quba rayon Qəçreş kəndi ərazisindən ayrılmış 0.30 ha torpaq sahəsinin 0.268 ha hissəsi üzərində mülkiyyət hüquqlarının mərhum Salahov Mirzağa Babasi oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1288/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli JN- 0417 KOD30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” na əsasən Quba rayon Qəçreş kəndi ərazisində yerləşən 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində lazımi mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN-0417 KOD30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” na əsasən iddiaçının atası Salahov Mirzağa Babasi oğluna Quba rayon Qəçreş kəndi ərazisindən ayrılmış 0.30 ha torpaq sahəsinin 0.268 ha hissəsi üzərində mülkiyyət hüquqlarının mərhum Salahov Mirzağa Babasi oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat komissiyasının 28 oktyabr 1999-cu il tarixli, 16 saylı qərarı ilə Salahov Mirzağa Babasi oğluna və X2 Quba rayon Qəçreş kəndi ərazisində 0.30 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmış və adlarına keçmiş DT-XK-nın Quba rayon şöbəsi tərəfindən JN-0417 KOD 30317018 saylı Torpaq mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçının atası Mirzəağa Salahov xx.xx.2011-ci ildə, anası Cəmilə Salahova isə xx.xx.2013-cü ildə vəfat etmişdir. İddiaçı mərhum valideynlərinin ölümündən sonra miras qalmış əmlaklara sahiblik edərək istifadə edir. Mərhum valideynlərindən miras qalmış torpağı öz adına rəsmiləşdirmək üçün hüquqmüəyyənləşdirici sənədləri cavabdeh təşkilata təqdim etmişdir, cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli məktubu ilə JN-0417 KOD 30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət tərkibi”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Quba rayon şöbəsi tərəfindən onlara təhvil verilmiş Dövlət Aktlarının qeydiyyat kitabında qeydiyyata alınmadığını, həmçinin elektron məktub bazasında öz əksini tapmadığını əsas göstərərək iddiaçıya çıxarışın verilməsinə imtina etmişdir, ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə edilmiş cavabdeh orqanın iddiaçıya ünvanladığı 17 may 2023cü il tarixli imtina məktubundan görünür ki, JN 0417, KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyata alınmamışdır. Bundan əlavə, JN 0417, KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın nömrəsi elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktından görünür ki, mübahisəli torpaq sahəsinin müayinəsi zamanı qonşu torpaq mülkiyyətçiləri ilə mübahisəli halın qeydə alınmamışdır. Sözügedən torpaq sahəsi halhazırda iddiaçı tərəfindən istifadə olunur. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-417 nömrəli Dövlət Aktı ilə üst-üstə düşür. DBF siyahısına əsasən 417 nömrə Salahov Mirzağa Babaş oğlu və ailə üzvlərinin adında qeyd edilmişdir. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi heç bir mülkiyyət sənədi üst-üstə düşmür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1288/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, JN-0417 KOD30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən Salahov Mirzağa Babasi oğluna Quba rayon Qəçreş kəndi ərazisindən ayrılmış 0.30 ha torpaq sahəsinin 0.268 ha hissəsi üzərində mülkiyyət hüquqlarının mərhum Salahov Mirzağa Babasi oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati iş materiallarına əlavə edilmiş JN 0417, KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”dan görünür ki, Qəçrəş kəndində yerləşən 0.30 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 16 saylı, 26 oktyabr 1999-cu il tarixli qərarı ilə mərhum Salahov Mirzağa Babasi oğlu və X2 ayrılmışdır. Sözügedən şəhadətnamənin arxiv nüsxəsinin aşkar edilməməsi və qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib, onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. Məhkəmədə işin araşdırılması zamanı, cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktında mübahisəli torpaq sahəsinin müayinəsi zamanı qonşu torpaq mülkiyyətçiləri ilə mübahisə halının qeydə alınmadığı; iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin JN 417 nömrəli Dövlət aktı ilə üst-üstə düşdüyü; iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsinin heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmədiyi qeyd edilmişdir. Məhkəmə tərəfindən işin hallarının hərtərəfli araşdırılması və torpaq sahəsinin meşə zolağına düşüb-düşməməsinin araşdırılması məqsədilə müvafiq sorğular ünvanlamış, sorğuya cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 24 may 2024-cü il tarixli məktubda 0.30 ha torpaq sahəsindən 0.032 ha hissəsinin X7na aid olduğunun müəyyən edildiyi qeyd edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan 17 avqust 2023-cü il tarixli, 2724 nömrəli məktubun məzmunundan aydın olur ki, Salahov Mirzağa Babasi oğlunun vəfatı ilə əlaqədar vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və İddiaçı mərhumun vərəsələri sırasına daxil edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, faktiki istifadə olunan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) “X7” torpaqları kimi göstərilir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. JN-0417 nömrəli (KOD ********) "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-na əsasən Quba rayon Qəçreş kəndi ərazisindən ayrılmış 0,30 ha torpaq sahəsi iddiaçının atası mərhum Salahov Mirzağa Babasi oğluna və X2 birgə mülkiyyət hüququ əsasında məxsus olduğu halda, iddia ərizəsində ancaq Salahov Mirzağa Babasi oğlunun adı göstərilmiş, lakin birinci instansiya məhkəməsi iddiaçıya düzgün hüquqi yardım etməmişdir. Qeyd olunan məsələlər məhkəmə kollegiyasının iclasında iddiaçının diqqətinə çatdırılmaqla onunla müzakirə olunmuş, məhkəmə kollegiyası tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi nəzərə alınmaqla iddiaçıya hüquqi yardım edilmişdir. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək JN-0417 nömrəli (KOD ********) "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-na əsasən iddiaçının atası Salahov Mirzağa Babasi oğluna Quba rayon Qəçreş kəndi ərazisindən ayrılmış 0,30 ha torpaq sahəsinin 0,268 ha hissəsi üzərində mülkiyyət hüquqlarının (paylı mülkiyyət hüququ əsasında X3 ilə birlikdə) mərhum Salahov Mirzağa Babasi oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının 09 yanvar 2025-ci il tarixli protokol qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Hazırki iş üzrə iddia tələbi JN-0417 KOD30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” na əsasən iddiaçının atası Salahov Mirzağa Babasi oğluna Quba rayon Qəçreş kəndi ərazisindən ayrılmış 0.30 ha torpaq sahəsinin 0.268 ha hissəsi üzərində mülkiyyət hüquqlarının mərhum Salahov Mirzağa Babasi oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. Hazırkı mübahisənin predmetini cavabdehin JN-0417 KOD30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” na əsasən iddiaçının atası Salahov Mirzağa Babasi oğluna və ailə üzvlərinə Quba rayon Qəçreş kəndi ərazisindən ayrılmış 0.30 ha torpaq sahəsinin 0.268 ha hissəsi üzərində mülkiyyət hüquqlarının mərhum Salahov Mirzağa Babasi oğluna məxsus olması haqqında arayışın verilməsindən imtinası təşkil edir. Cavabdeh aşağıdakı əsaslarla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apellyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) JN-0417 nömrəli (KOD ********) "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-nın elektron məlumat bazasında öz əksini tapmaması; 2) Faktiki istifadə olunan torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) “X7” torpaqları kimi göstərilməsi. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş JN-0417 KOD30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ndan görünür ki, Salahov Mirzağa Babasi oğlu və X2 Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli, 16 saylı qərarına əsasən Quba rayonu Qəçreş kəndi ərazisində 0,30 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin, iş materiallarından görünür ki, Salahov Mirzağa Babasi oğlu xx.xx.2011-cı il tarixdə, X3 isə xx.xx.2013-cü il tarixdə vəfat etmiş, Salahov Mirzağa Babasi oğlunun adına vərəsəlik işi açılmış, iddiaçı onun qanun üzrə vərəsəsi qismində çıxış etmişdir. Eyni zamanda X6 filialı tərəfindən Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli, 16 saylı iclas protokolu və ona əlavə edilmiş sənədlərin təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinə dair müayinə aktı təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş 3-21-3-34/2-10408/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli müayinə aktından görünür ki, mübahisəli torpaq sahəsinin müayinəsi zamanı qonşu torpaq mülkiyyətçiləri ilə mübahisəli halın qeydə alınmamışdır. Sözügedən torpaq sahəsi hal-hazırda iddiaçı tərəfindən istifadə olunur. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-417 nömrəli Dövlət Aktı ilə üst-üstə düşür. DBF siyahısına əsasən 417 nömrə Salahov Mirzağa Babaş oğlu və ailə üzvlərinin adında qeyd edilmişdir. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi heç bir mülkiyyət sənədi üst-üstə düşmür. Göründüyü kimi cavabdeh inzibati orqan özü tərəfindən tərtib edilmiş müayinə aktı ilə imtina məktubunda qeyd olunan dəlili təkzib etməsinə baxmayaraq apellyasiya şikayətində yenidən həmin dəlilə istinad etməklə iddiaçının konstitusion hüquqlarını əsassız olaraq məhdudlaşdırmışdır. Belə ki, apellyasiya şikayətində JN-0417 nömrəli (KOD ********) "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-nın elektron məlumat bazasında öz əksini tapmadığını qeyd olunsa da, sözügedən müayinə aktında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-417 nömrəli Dövlət Aktı ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Bununla da məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin 1-ci dəlili əsassızdır. Göründüyü kimi, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, ayrıldığı vaxtdan hazıradək faktiki mərhum Salahov Mirzağa Babasi oğlu və onun vərəsələrinin istifadəsindədir. Eyni zamanda, həmin torpaq sahəsinin ayrılmasına dair Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli, 16 saylı qərarı hazırda qüvvədə olmaqla, həmin qərarın ləğv edilməsi, dəyişdirilməsi, geri çağrılması halı müəyyən edilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən isə torpaq sahəsinin ayrılmasına dair sənədlər müvafiq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın 2-ci, faktiki istifadə olunan torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) “X7” torpaqları kimi göstərilməsi ilə bağlı dəlilinə münasibətdə isə aşağıdakıları qeyd edir. Belə ki, qeyd olunan halın araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən müvafiq sorğu verilmişdir. Sorğuya cavab olaraq daxil olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 24 may 2024-cü il tarixli məktubundan görünür ki, təqdim olunmuş kadastr baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində sözügedən 0,30 ha torpaq sahəsindən 0,032 ha hissəsi X7na olduğu müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin X7na aid olması barədə də cavabdeh inzibati orqanın apellyasiya şikayəti əsassız olmuşdur. Belə ki, torpaq sahəsinin çox cuzi bir hissəsi – 0,032 ha torpaq sahəsi X7 torpaqlarına aid edilmişdir. Bu isə onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin geridə qalan 0,268 ha hissəsi X7 torpaqlarına aid deyil. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlər cavabdeh inzibati orqanın imtinasının əsassız olduğunu göstərir.

Yuxarıda qeyd olunduğu kimi, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək JN-0417 nömrəli (KOD ********) "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-na əsasən iddiaçının atası Salahov Mirzağa Babasi oğluna Quba rayon Qəçreş kəndi ərazisindən ayrılmış 0,30 ha torpaq sahəsinin 0,268 ha hissəsi üzərində mülkiyyət hüquqlarının (paylı mülkiyyət hüququ əsasında X3 ilə birlikdə) mərhum Salahov Mirzağa Babasi oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının 09 yanvar 2025-ci il tarixli protokol qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyil. Kollegiya qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, JN-0417 nömrəli (KOD ********) "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-na əsasən iddiaçının atası Salahov Mirzağa Babasi oğluna Quba rayon Qəçreş kəndi ərazisindən ayrılmış 0,30 ha torpaq sahəsinin 0,268 ha hissəsi üzərində birgə mülkiyyət hüquqlarının mərhum Salahov Mirzağa Babasi oğlu və X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1288/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. JN-0417 nömrəli (KOD ********) "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-na əsasən iddiaçının atası Salahov Mirzağa Babasi oğluna (və ailə üzlərinə) Quba rayon Qəçreş kəndi ərazisindən ayrılmış 0,30 ha torpaq sahəsinin 0,268 ha hissəsi üzərində birgə mülkiyyət hüquqlarının mərhum Salahov Mirzağa Babasi oğlu və X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar