Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-151/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(118)- 910/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X1 Cavabdehnə müraciət edərək, ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi (anqar binası) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 07 yanvar 2020-ci il tarixli, **********23 saylı məktubla ərizənin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasına dair müvafiq tikintiyə və istismara icazə sənədlərinin hazırki ərizəyə əlavə edilmədiyi, müraciəti üzrə əlavə edilmiş eskiz layihəsində göstərilən tikililərin baxış keçirilmiş ərazidə faktiki olaraq mövcud olmadığı (inşa edilmədiyi) aşkar edilmişdir. Bundan başqa baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. Odur ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İmtina ilə razılaşmayan İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə (anqar binasına) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 29.04.2015-ci il tarixli və MH seriyalı ******* saylı, 17.03.2008-ci il tarixli çıxarışlara əsasən Abşeron rayonu, Hökməli Qəsəbəsində yerləşən 0.62 ha torpaq sahələri iddiaçının mülkiyyətindədir. Abşeron rayon İcra Hakimiyyətinin 31.08.2015-ci il tarixli 1248-T nömrəli məktubu ilə iddiaçının mülkiyyətində olan torpaqdan səmərəli istifadə etmək məqsədi ilə tikinti işlərinin aparılmasına etiraz etməmişdir. “xxxx” MMC tərəfindən iddiaçıya məxsus torpaq sahəsində 2 ədəd ikimərtəbəli mansard tipli, 1 ədəd ikimərtəbəli yaşayış evlərinin və 2 ədəd anqarın eskiz layihəsi çəkilmiş və Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı tərəfindən 31.08.2015-ci il tarixdə razılaşdırılmışdır. 0.12 ha torpaq sahəsində anqar binanın tikintisinə başlanılmış və tikinti işləri tam başa çatmışdır. Hazırda anqar binasından istifadə edir. 17.01.2020-ci ildə dövlət reyesterindən çıxarış almaq məqsədilə toplanmış sənədləri ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim etmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 07.02.2020-ci il tarixli **********23 saylı cavab məktubu ilə dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin iddiaçıya ünvanladığı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş əsassızdır, imtina formal xarakter daşıyır. DƏDRX 4 saylı Abşeron ərazi İdarəsinin qənaətinə görə qeyri-yaşayış binasına dair müvafiq tikintiyə və istismara icazə sənədlərinin hazırki ərizəyə əlavə edilmədiyi və eskiz layihəsində göstərilən tikilinin ərazidə faktiki mövcud olmadığı qeyd edilmişdir. İddiaçı qeyd edir ki, təsdiq edilmiş eskiz layihəsinə əsasən 0.12 ha torpaq sahəsində yalnız anqar binası tikilmişdir. İddiaçı hazırda həmin binadan istifadə edir. DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə etdiyi müraciətdə yalnız tikintisi başa çatmış anqar binasına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Eskiz layihəsində nəzərdə tutulmuş digər tikililər hələ tikilməmişdir. 4 saylı Abşeron Ərazi İdarəsinin imtina məktubunda qeyd etdiyi hallar əsassızdır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçıya məxsus Abşeron rayon, Hökməli qəsəbəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən qeyri-yaşayış binasına dair müvafiq tikintiyə və istismara icazə sənədlərinin hazırki ərizəyə əlavə edilmədiyi, müraciət üzrə əlavə edilmiş eskiz layihədə göstərilən tikililərin baxış keçirilmiş ərazidə faktiki olaraq mövcud olmadığı (inşa edilmədiyi) aşkar edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Mövcud əmlak kompleksi binası tikintisinə icazə tələb olunan tikinti obyekti hesab olunduğundan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2 və 48.3.3-cü maddələrinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir və layihəçi sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqadər qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyilsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(118)-910/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, tikintisinə müvafiq icra hakiimiyyəti orqanı tərəfindən icazə verilmiş anqar sahəsinin təyinatı kənd təsərrüfatı məhsullarının saxlanmasından ibarətdir. Həmçinin ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi imtina məktubunda tikintiyə icazə sənədinin təqdim edilmədiyi qeyd edilmişdir. Bu isə əsassızdır. Belə ki, müraciət ərizəsində tikintiyə əsas olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərancamını əlavə etmişlər. Bundan əlavə Ərazi İdarəsinin imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş eskiz layihəsində göstərilən tikililərin baxış zamanı ərazidə faktiki olaraq mövcud olmadığı (inşa edilmədiyi) aşkar edilmişdir. Həqiqətən də təsdiq edilmiş eskiz layihəsində 3 ədəd tikilinin tikintisinə icazə verilsə də, o 1 ədəd tikilinin tam başa çatdırmışdır və həmin tikiliyə mülkiyyət hüququna dair çıxarış almaq üçün müraciət etmişdir. Digər 2 tikili başa çatdıqdan sonra həmin tikililər üçün çıxarış alınmasına dair müraciət edəcəkdir. Digər 2 tikilinin olmaması mövcud tikiliyə dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas deyildir. Tərəflərin izahatları İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişi ilə şifahi məhkəmə baxışı ilə bağlı iclasına gəlmədikləri halda onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən hesab etmişdir ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Lakin cavabdeh inzibati orqana təqdim edilən sənədlər daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas təşkil etmir. Kollegiya məhkəmənin gədiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki: Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,12 ha torpaq sahəsi 29.04.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,50 ha torpaq sahəsi 17.03.2008-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan 0.62 ha torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar məlumatlandırma icraatı qaydasında Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş, Abşeron rayon İcra Hakimiyyətinin 31.08.2015-ci il tarixli 1248-T nömrəli məktubu ilə iddiaçıya mülkiyyətində olan 0.62 ha torpaq sahəsində təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikinti işlərinin aparılmasına etiraz etməmişdir. “xxxx” MMC tərəfindən iddiaçıya məxsus 0.12 ha torpaq sahəsində kənd təsərrüfatı məhsullarının saxlanılması məqsədilə anqar binasının eskiz layihəsi tərtib edilmiş və həmin layihə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı tərəfindən 31.08.2015-ci il tarixdə 1248-1 № ilə razılaşdırılmışdır. Hazırda iddiaçı təsdiq edilmiş layihəyə uyğun olaraq mülkiyyətində olan torpaq sahəsində anqar binanın tikintisini tamamladıqdan sonra anqar binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. - 79.1-ci maddəsinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: - 79.1.1-ci maddəsinə əsasən, hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; - 79.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. - 80.1-ci maddəsinə əsasən, Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3-cü maddəsinə əsasən, Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4-cü maddəsinə əsasən, Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Beləliklə, sadalanan qanunverilicik normalarının tələbinə əsasən, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.12 ha torpaq sahəsində torpağın təyinatına uyğun olaraq kənd təsərrüfatı məhsullarının saxlanılması üçün anqar binasının tikintisi məqsədilə məlumanlandırma icraatı qaydasında Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş, İcra Hakimiyyətinin razılığna və İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilmiş layihəyə əsasən, anqar binasının tikintisini həyata keçirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərini pozmaqla yanaşı, əsassız səbəblərdən iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını tam araşdırmadan maddi hüquq normalarını düzgün tətbiq etmədən iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(118)-910/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi (anqar binası) üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-151/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-151/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver