Məhkəmə qərarları › İş №2-1(105)-151/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-151/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-151/2025 13.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-91/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2-1(118)- 91/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə onun ev növbəsinə qəbul edilməsi və 6 ay müddətində kirayə haqqı ödənilmək şərtilə ev və ya torpaq sahəsi ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçının yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilə qədər keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən xx.xx.2007-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Xidmət dövrünün çox hissəsini cəbhə bölgəsində döyüşlərdə keçirmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2007-ci il tarixli 0389 nömrəli əmri ilə “hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) hərbi xidmətdən ehtiyata buraxılmış və xx.xx.2007-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsində hərbi qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı mənzil növbəsinə götürülməsi ilə bağlı ərizə ilə Sumqayıt Şəhər İcra hakimiyyətinə müraciət etmişdir. Səhhəti ilə əlaqədar xarici ölkələrdə müalicə aldığı üçün etdiyi müraciətlə maraqlana bilməmişdir. Bu yaxınlarda Sumqayıt şəhər İcra hakimiyyətinin mənzil şöbəsindən maraqlanan zaman iddiaçıya bildiriblər ki, mənzil şöbəsi bir yerdən başqa yerə köçürülən zaman sənədlərin çoxu itirilib və iddiaçının ərizəsi tapılmır. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinə “ev növbəsinə qəbul edilməsi və 6 ay müddətinə kirayə haqqı ödənilmək şərti ilə ev və ya torpaq sahəsi ilə təmin edilməsi” barədə ərizə ilə müraciət etsə də, bu günə kimi ərizəsi cavablandırılmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinə mənzil növbəsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Səhhəti ilə əlaqədar xarici ölkələrdə müalicə aldığı üçün etdiyi müraciətlə maraqlana bilməmişdir. Məhkəmədə iddia qaldırılan ərəfələrdə Sumqayıt şəhər İcra Hakimiyyətinin mənzil şöbəsindən maraqlanan zaman iddiaçıya bildiriblər ki, mənzil şöbəsi bir yerdən başqa yerə köçürülən zaman sənədlərin çoxu itirilib və iddiaçının ərizəsi orada tapılmır. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinə “ev növbəsinə qəbul edilməsi və 6 ay müddətinə kirayə haqqı ödənilmək şərti ilə ev və ya torpaq sahəsi ilə təmin edilməsi” barədə ərizə ilə müraciət etsə də, bu günə kimi ərizəsi cavablandırılmamışdır. İşin məhkəmədə baxıldığı zaman cavabdeh inzibati orqan məhkəməyə yazılı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Sumqayıt şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətlərinə ünvanlanmış cavab məktublarında ona qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etməsi tövsiyə olunmuşdur. Cavabdehin tələb etdiyi sənədlər işin məhkəmədə baxıldığı zaman cavabdeh orqanın təqdim etdiyi siyahı əsasında təqdim edilmişdir. Məhkəmə isə gəldiyi nəticəni onunla əsaslandırır ki, İddiaçı mənzil uçotuna alınması ilə əlaqədar onun tərəfindən təqdim etdiyi sənədləri hazırda baxılma ərəfəsində olduğu zaman onun iddiaçının təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, onun qeydiyyatda olduğu və yaşadığı mənzil 2022-ci ildə X2 adına özgəninkiləşdirilmişdir. Bununla yanaşı iddiaçı ünvan 2 ünvansız bağ evində kirayədə yaşayır. Məhkəmə iddiaçının göstərilən ünvanda pasport qeydiyyatında olmaqla faktiki yaşadığı qənaətinə işdə olan hansı sübuta əsasən gəldiyini göstərməmişdir. Məhkəmə həmçinin göstərir ki, iddiaçının adına müxtəlif daşınmaz əmlaklar olmasına baxmayaraq həmin daşınmaz əmlakları özkəninkiləşdirməklə mənzil şəraitini qəsdən pisləşdirmişdir. Məhkəmə əlavə olaraq göstərir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində, həm də “Ehtiyyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respubikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 147 saylı qərarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmə üçün yeganə meyar hərbi qulluqçunun yaşayış sahəsinin olmamasıdır. Beləliklə, iddiaçı məhkəmə iclasında şifahi olaraq yaşayış sahəsinin olmamasını, kirayə yaşamasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə cavabdeh orqanının imtinası qanuni olmuşdur. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, məhkəmə qərar qəbul edərkən konkret sübutlara deyil, özünün ehtimal etdiyi “gümanları” mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, iş materialllarında olan sübutlardan göründüyü kimi İddiaçı nə ehtiyyata buraxıldığı müddətdə, nədə ki, hazırkı vaxtda yaşayış sahəsi olmamışdır. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilir ki, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətləri ilə bağlı ünvanlanmış cavab məktublarında ona qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etməsi tövsiyə olunmuşdur. Lakin İddiaçı mənzil uçotuna alınması ilə əlaqədar təqdim etdiyi sənədlərə baxılarkən məlum olmuşdur ki, onun qeydiyyatda olduğu və yaşadığı mənzil 2022-ci ildə X2 adına özgəninkiləşdirilmişdir. Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsnifatı altına düşmə faktını müəyyən etmək üçün dəfələrlə şifahi və telefon vasitəsi ilə evin alqı-satqı müqaviləsinin surətinin yaxud özgəninkiləşənə qədər olan çıxarışının surətinin şöbəyə təqdim edilməsi barədə müraciət hər dəfə onun tərəfindən imtina ilə qarşılanmışdır. İddiaçı tərəfindən tələb olunan müvafiq sənəd təqdim olunmadığı üçün qaldırılan məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Apellyasiya şikayətini əsassız hesab edir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəmə kollegiyasına ərizə ilə göndərərək, işə baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Nümayəndə apellyasiya instansiyası məhkəməsində iddiaçını təmsil etmək üçün vəkil orderi mövcud deyildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Mənzil Məcəlləsinin 48.3-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Mənzil Məcəlləsinin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Mcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsi mənzil istismar hissələri vasitəsilə həyata keçirilir. İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, yaşayış sahəsi ilə təmin olunması üçün mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Cavabdeh orqan imtinanın əsası kimi İddiaçı tərəfindən adına qeydiyyatda olan evin özgəninkiləşdirilənə qədər olan çıxarışının surətinin və yaxud alqı-satqı müqaviləsinin surətinin təqdim edilmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin tələb etdiyi sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Buna baxmayaraq, cavabdehin qeyd edilən imtina dəlili əsaslı olmasa da, ümumi olaraq iddiaçının yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsi siyahısına alınmasından imtina barədə hərəkəti haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı mülkiyyətində hər hansı daşınmaz əmlakın olubolmaması araşdırılmış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 27 mart 2024-cü il tarixli məhkəmə sorğusuna cavabında aşağıdakılar qeyd edilmişdir: Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunun notariusunun xx.xx.2013-cü il tarixli 4Ə-1898 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ünvan 4 ünvanda yerləşən 37 nömrəli mənzil üzərində xx.xx.2013cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun xx.xx.2020-ci il tarixli 4Ə-1042 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Sumqayıt Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı idarəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 14958 nömrəli icarə müqaviləsinə, xx.xx.2015-ci il tarixli 7974 qeydiyyat nömrəli, A № 537004 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə, Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2015-ci il tarixli 7E- 6354 reyestr nömrəli razılıq ərizəsinə əsasən Sumqayıt şəhəri Saray bağlar massivi 4423Q ünvanda yerləşən 0,0754 ha bağ torpaq sahəsi üzərində xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun xx.xx.2021ci il tarixli 4Ə-2411 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun xx.xx.2020-ci İİ tarixli 4Ə-459 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Sumqayıt şəhəri Saray bağlar massivi B-4423B ünvanda yerləşən 0,12 ha bağ torpaq sahəsi üzərində xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun xx.xx.2022ci il tarixli 4Ə-638 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusunun xx.xx.2020-ci il tarixli 4Ə-521 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Sumqayıt şəhəri Saray bağlar massivi 4423V ünvanda yerləşən 0,18 ha bağ torpaq sahəsi üzərində xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, eskiz layihəyə və şəxsin xx.xx.2020-ci il tarixli Sumqayıt Şəhər İcra Hakimiyyətinə ünvanladığı məlumatlandırma ərizəsinə əsasən sözügedən torpaq sahəsində inşa edilmiş bağ evi üzərində xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusunun xx.xx.2022-ci il tarixli 4Ə-637 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Abşeron rayonu X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X3 adına Abşeron rayonu Saray qəsəbəsi ünvanda yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna dair texniki pasport və mülkiyyət hüququ haqqında 004296 nömrəli şəhadətnamə verilmişdir. Abşeron rayonu 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-2120 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Saray qəsəbəsi X9 küçəsi 21 A ünvanda 0,0235 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 197,44 kv.m olan qeyriyaşayış binası üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020ci il tarixli **********15-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənədlər yuxarıda qeyd edilən məktuba əlavə edilərək, birinci instansiya məhkəməsinə təqdim edilmişdir və iş materiallarına əlavə edilmişdir. İşdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, İddiaçı xx.xx.2013-cü ildə mülkiyyətinə keçmiş Sumqayıt şəhəri 1-ci məhəllə 2 nömrəli evin 3 otaqlı 37 nömrəli mənzilini xx.xx.2020-ci ildə X4 75.000 manata satmış, xx.xx.2015-ci ildə mülkiyyətinə keçmiş Sumqayıt şəhəri Saray Bağları massivində yerləşən 0,0754 ha sahəsi olan 4423Q nömrəli torpaq sahəsini xx.xx.2021-ci ildə X5 bağışlamış, xx.xx.2020-ci ildə mülkiyyətinə keçmiş Sumqayıt şəhəri Saray Bağları massivində yerləşən 0,12 ha sahəsi olan B-4423B nömrəli torpaq sahəsini xx.xx.2022-ci ildə X5 bağışlamış, xx.xx.2020-ci ildə mülkiyyətinə keçmiş Sumqayıt şəhəri Saray Bağları massivində yerləşən 0,18 ha torpaq sahəsi, ümumi sahəsi 193,3 kv.m sahəsi olan B-4423B nömrəli bağ evini xx.xx.2022-ci ildə X5 bağışlamışdır. Hazırda xx.xx.2020-ci il tarixdən Abşeron rayonu Saray qəsəbəsi X9 küçəsi 21 A ünvanda 0,0235 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 197,44 kv.m olan qeyri-yaşayış binası İddiaçı tam mülkiyyətindədir. Yəni, İddiaçı mülkiyyətində kifayət qədər yaşayış, qeyri-yaşayış və torpaq sahələri olmuşdur. İddiaçı bilərəkdən, həmin daşınmaz əmlakları bağışlamaq və alqısatqı yolu ilə digər şəxslərin adına keçirməklə, qəsdən öz mənzil şəraitini pisləşdirmiş və bundan sonra mənzil növbəsinə götürülməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində, həm də “Ehtiyyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respubikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 147 nömrəli qərarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmə üçün yeganə meyar hərbi qulluqçunun yaşayış sahəsinin olmamasıdır. İddiaçı yaşayış sahəsinin olmamasını, kirayə yaşamasını qeyd etsə də, bu halı təsdiq edən hər hansı yazılı mötəbər sübutu birinci və ya apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Əksinə işdə olan rəsmi sənədlərlə iddiaçının mülkiyyətində bir neçə yaşayış və torpaq sahələrinin olması, həmin daşınmaz əmlakları bağışlamaq və alqı-satqı yolu ilə digər şəxslərin adına keçirmişdir. Hazırda isə Abşeron rayonu Saray qəsəbəsi X9 küçəsi 21 A ünvanda 0,0235 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 197,44 kv.m olan qeyri-yaşayış binası İddiaçı tam mülkiyyətindədir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yaşayış sahəsi ilə təmin olunması üçün ev növbəsinə siyahıya alınması vəzifəsinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması üçün qanuni əsaslar mövcud deyildir. Odur ki, iddiaçının iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-91/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar