Məhkəmə qərarları › İş №2-1(105)-153/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-153/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-153/2022 07.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs "xxxx" Kiçik Müəssisəsinin vəkili və nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin özəlləşdirilərək ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1399/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı nümayəndəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək Quba şəhəri, 29-cu məhəllə ünvanında İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin 25.05.2021-ci il tairxli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq tərəflərindən təqdim edilmiş sənədlərə adıçəkilən torpaq sahəsinə dair aidiyyəti İcra Hakimiyyəti orqanının müvafiq torpaqayırma sərəncamı və ayrıc aktı əlavə olunduqdan sonra müraciətdə qeyd edilən məsələyə baxılacaqdır. Qeyd edilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07.04.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyriyaşayış binasının altında olmaqla, qanuni istifadəsində olan 138,6 kv.metr torpaq sahəsinin özəlləşdirilərək ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ əsasında (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07.04.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarış) iddiaçıya məxsusdur. Qeyri-yaşayış binasının yerləşdiyi 138,6 kv.metr torpaq sahəsi onun qanuni istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Ərizəsinə çıxarışın və texniki pasportun surətlərini əlavə edərək, 16.05.2021-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş və istifadəsində olan 138,6 kv.metr torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Ərizəsində bildirmişdir ki, ƏMDX tərəfindən müvafiq sənədlər və torpağın dəyərinin ödənilməsi barədə hesab təqdim olunan kimi torpağın dəyərinin dərhal Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülməsinə təminat verir. Lakin, ƏMDX 25.05.2021-ci il tarixli, **********91 saylı məktubla torpaq sahəsinin ona satılmasından imtina etmiş, imtinanın səbəbi kimi göstərmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq tərəfindən təqdim edilmiş sənədlərə adıçəkilən torpaq sahəsinə dair aidiyyəti icra hakimiyyəti orqanının müvafiq torpaqayırma sərəncamı və ayrıc aktı əlavə olunduqdan sonra müraciətdə qeyd edilən məsələyə baxıla bilər”. İmtina tam əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin 5-ci hissəsində öz səlhiyyətləri daxilində icra, hakimiyyəti orqanlarının qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktları, qəbul etmək hüququ müəyyən edilmişdir. “Normativ-hüquqi aktlar haqqında” Qanunun 3.3-ciı maddəsində icra hakimiyyəti orqanlarının qərarları normativ xarakterli aktlar sisteminə daxil edilmişdir. Hal-hazırda ƏMDX dövlət əmlakının özəlləşdirilməsi sahəsində icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirir və öz səlahiyyətləri daxilində onun qanuni istifadəsində olan torpağı ƏMDX ona satmalıdır. 25.05.1991-ci ildə “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” AR-nın Konstitusiya Qanunu qəbul edilmişdir. Həmin Qanunla suveren dövlət kimi Azərbaycan Respublikası özünün iqtisadi müstəqilliyini müəyyən etməklə özünün ərazisində olan bütün təsərrüfat subyektlərinin fəaliyyətinə dövlət nəzarətini və hüquqi tənzimləməni öz üzərinə götürməklə bu funksiyaları həyata keçirmək hüququnun ancaq Azərbaycan Respublikasının müvafiq orqanlarına aid olmasını elan etmişdir. Eləcə də, məlum olduğu kimi, həmin Qanunun qəbulu ilə əlaqədar Azərbaycan Respublikasında yeni iqtisadi və mülkiyyət münasibətləri yaradılmış, nəticə etibarı ilə SSRİ-dən qalma planlı iqtisadi münasibətlərdən bazar iqtisadi münasibətlərinə keçilmişdir. Planlı sovet iqtisadiyyatından bazar iqtisadi münasibətlərinə keçərkən kiçik və orta özəlləşdirilmənin aparılması dövlətin iqtisadiyyatının gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin vətəndaşların xüsusi mülkiyyəti altında olmaqla, onların qanuni istifadəsində olan torpaq sahələrinin onlara satılması nəticəsində dövlət büdcəsinə maliyyə vəsaiti daxil olur ki, əslində ƏMDX dövlət büdcəsinə gəlirlərin artırılması məqsədi ilə bu kateqoriya torpaqların onların istifadəçilərinə satılmasında maraqlı olmalı və həmin torpaq sahələrinin vətəndaşlar tərəfindən satın alınması üçün müvafiq iş aparmalıdır. Bunun əvəzində isə ƏMDX əsassız bəhanələrlə onun xüsusi mülkiyyətinin altında olmaqla, onun qanuni istifadəsində olan torpaq sahəsini ona satmaqdan imtina edir. Hüquqi cəhətdən istifadəsinə verilmiş 138,6 kv.metr torpaq sahəsinin faktiki olaraq özəlləşdirilərək, xüsusi mülkiyyətinə verilməməsi dövlətimizin apardığı sahibkarlığın inkişafına köməklik göstərilməsi siyasəti ilə ziddiyyət təşkil edir. Yuxarıda göstərilənlərdən məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin mənim qanuni istifadəmdə olan torpaq sahəsini həmin torpaq sahəsinin üzərində xüsusi mülkiyyətində olan daşınmaz əmlak olmasına baxmayaraq, ona satmaması Xidmətin vəzifəli şəxslərinin qanunusuz hərəkətsizliyi kimi qiymətləndirilməlidir. Göstərilən səbəblərdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı 16.05.2021-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin, qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədlər müraciətə əlavə edilmədiyindən Əmlak Məsələləri Dövlət Xidmətinin 25.05.2021-ci il tarixli, **********91 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab verilərək zəruri sənədlər təqdim edildikdən sonra qeyd edilən məsələyə baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi aşağıdakı sənədləri təqdim edir: - Ərizə; hüquqi şəxsin nizamnamə kapitalında 80 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Buna baxmayaraq, iddiaçı qanunvericiliklə tələb edilən yuxarıda qeyd edilən sənədləri müraciətinə əlavə etməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinin özəlləşdirilməsindən imtina edilməmiş, yalnız qanunvericiliklə müəyyən olunmuş zəruri sənədlər təqdim edildikdən sonra iddiaçının müraciətinə baxılacağı bildirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05.10.2021-ci il tarixli 2-1(118)-1339/2021 nömrəli qərarı ilə iddianın təmin edilməsi, X1 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07.04.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri-yaşayış binasının altında yerləşən 138,6 m2 torpaq sahəsinin özəlləşdirilərək, iddiaçıya satılması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunması qərara alınmışdır. Qərar onunla əsaslandılımışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsinin İddiaçı tərəfindən satın alınması üçün bütün zəruri sənədlər cavabdeh təşkilata təqdim edilmişdir. Lakin, cavabdeh təşkilat iddiaçıya məxsus olan qeyriyaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin qanuni istifadədə olmamasını bəhanə edərək, iddiaçının tələbini yerinə yetirməkdən boyun qaçırmışdır. Hesab olunur ki, qeyd olunan torpaq sahəsinin iddiaçıya əvəzsiz istifadə üçün verilməsi istisna deyil. Ona görə də cavabdeh təşkilat tərəfindən formal tələblərə əsaslanmaqla iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsinin hüquqi əsas olmadan istifadə etməsi kimi gətirdiyi arqumentləri əsaslı hesab etmək olmaz. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının məzmununa istinad edilərək göstərilir ki, qərarda iddiaçı tərəfindən torpaq sahəsinin özəlləşdirilməsi üçün zəruri olan sənədlərin Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edildiyinin, lakin Xidmət tərəfindən formal əsaslarla torpaq sahəsinin özəlləşdirilməsindən imtina edildiyinin müəyyən edilməsini qeyd edilmişdir. Bununla əlaqədar bildirilir ki, məhkəmənin qeyd etdiyi dəlil işin həqiqi hallarına uyğun deyildir və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qanunvericiliklə tələb olunan bütün zəruri sənədlərin Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməsi və Xidmət tərəfindən özəlləşdirmənin həyata keçirilməsindən formal əsaslarla imtina edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndi ilə torpaq sahəsinin özəlləşdirilməsi üçün müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməli olan sənədlərin dairəsi müəyyən edilmişdir. İddiaçı həmin qanunvericilik norması ilə müəyyən edilmiş bütün sənədləri (torpaq sahəsinin ayrılması barədə qərarı) Xidmətə təqdim edilməmiş, bu səbəbdən özəlləşdirmənin həyata keçirilməsi mümkün olmamışdır. Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinin özəlləşdirilməsindən qanunsuz olaraq imtina olunmamış, qanunvericiliklə müəyyən edilmiş bütün sənədlərin təqdim edilməsinin zəruriliyi iddiaçıya bildirilmişdir. Göründüyü kimi məhkəmə işə obyektiv və qanuni baxmamış, əsassız olaraq Xidmət tərəfindən formal əsaslarla iddiaçının müraciətinin təmin edilməsindən imtina edildiyini qeyd etmişdir. Məhkəmə qərarında iddianın təmin edilməsi üçün hər hansı digər mötəbər dəlilə əsaslanmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, Sumqayıt inzibati Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2-1(118)-1339/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. "xxxx" Kiçik Müəssisəsi MMC vəsatətlə müraciət edərək üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.04.2022-ci il tarixli qərardadı ilə "xxxx" Kiçik Müəssisəsi MMC hazırkı iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" Kiçik Müəssisəsinin vəkili və nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, hazırkı iş üzrə cavabdehin imtinasının və iddiaya etirazının əsas dəlilini iddiaçı tərəfindən özəlləşdirilərək ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etdiyi Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri-yaşayış binasının altında 138,6 m2 torpaq sahəsinin ona ayrılması barədə sənədlərin (aidiyyəti İcra Hakimiyyəti orqanının müvafiq torpaqayırma sərəncamı və ayrıc aktı) ərizəyə əlavə edilməməsi təşkil edir. İddiaçı tərəfindən torpaq sahəsinin İddiaçı tərəfindən satın alınması üçün bütün zəruri sənədlərin cavabdeh təşkilata təqdim edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsi aşağıdakı sənədləri təqdim edir: Ərizə; Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından iddiaçının cavabdeh inzibati orqana torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsini təqdim etməsi müəyyən olunmur. Lakin, birinci instansiya məhkəməsi cavabdehin müvafiq dəlili üzrə hər-hansı araşdırma aparmamış, həmin torpaq sahəsinin hüquqi statusunu, iddiaçının qanuni istifadəsində olub-olmamasını müəyyənləşdirmədən öz qərarında “...hesab olunur ki, qeyd olunan torpaq sahəsinin iddiaçıya əvəzsiz istifadə üçün verilməsi istisna deyil” kimi əsaslandırılmamış nəticəyə gəlməklə iddianı təmin etmişdir. Halbuki, iş materiallarından (səh.51-53) göürünür ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən təqdim edilmiş iddiaçının adına olan Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri yaşayış binasına dair 07.04.2011-ci il tarixli çıxarışın verilməsinə əsas olan sənədlərdən görünür ki, 17.03.2001-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə iddiaçının mərhum əri X4 "xxxx" Kiçik Müəssisəsinin daimi istifadəsində olan torpaq sahəsindən 108 kv.m torpaq sahəsini əsaslı tikinti üçün kommersiya məqsədləri üçün icarəyə götürmüşdür. Belə olan halda, birinci instansiya məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq "xxxx" Kiçik Müəssisəsini İPM-nin 28-ci maddəsinin tələbləri baxımından iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməklə, mübahisənin düzgün həlli üçün iddiaçının ona satılmasını xahiş etdiyi həmin torpaq sahsinin "xxxx" Kiçik Müəssisəsinin daimi istifadəsində olan torpaq sahəsində yerləşib-yerləşməməsini araşdırmalı və bunun nəticəsinə uyğun olaraq öz qərarını məhkəmə icraatında tədqiq olunmuş sübutlarla əsaslandırmalı olduğu halda bunu etməmiş, inzibati məhkəmədə icraat zamanı prosessual pozuntulara yol vermişdir. İşə apellyasiya qaydasında baxılarkən zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş "xxxx" Kiçik Müəssisəsi MMC-nin nümayəndəsi iddiaçının ona satılmasını xahiş etdiyi torpaq sahəsinin də daxil olduğunu iddia etdiyi 1,5 ha torpaq sahəsinin Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə müəssisəyə ayrıldığını bildirərək buna dair müvafiq sənədləri, o cümlədən X5 Hüququna dair JN:1287 nömrəli, KOD 30300001 Dövlət Aktını, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışı məhkəmə kollegiyasına təqdim etmiş, iddiaçının nümayəndəsi isə iddiaçının özəlləşdirilməsini iddia etdiyi, onun mülkiyyətində olan qeyri-yaşayış binasının altında yerləşən 138,6 m2 torpaq sahəsinin "xxxx" Kiçik Müəssisəsi MMC-nin istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən pozuntulara yol verilərək "xxxx" Kiçik Müəssisəsi MMC-nin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli olduğu halda bunun edilməməsi, cavabdehin imtinasının dəlilləri üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması, məhkəmə qərarını məhkəmə icraatında tədqiq olunmamış faktlar və sübutlarla əsaslandırılması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməli və İPM-nin 87.7, 87.7.1-ci maddələrinin tələblərinə uyğun olaraq Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə 05.10.2021-ci il tarixli qərarı ləğv edilərək iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, yuxarıda qeyd edilən pozuntular səbəbindən iş üzrə geniş həcmdə sübutların (iddiaçının özəlləşdirilməsini iddia etdiyi 138,6 m2 torpaq sahəsinə dair müvafiq sənədlərinin olub-olmaması, həmin sənədlərin cavabdehə təqdim edilib-edilməməsi, iddiaçının mərhum əri Ə.Qasımovla "xxxx" Kiçik Müəssisəsi arasında bağlanmış 17.03.2001-ci il tarixli müqavilənin hazırda qüvvədə olub-olmaması və müqavilənin müvafiq şərtləri, qeyd edilən torpaq sahəsinin Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə "xxxx" Kiçik Müəssisəsi MMC-yə ayrılmış 1,5 ha torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsi və s.) araşdırılması tələb olunur ki, bu hallar da məhz birinci instasniya məhkəməsi tərəfindən aradşrılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1399/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07.04.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri-yaşayış binasının altında olmaqla, qanuni istifadəsində olan 138,6 kv.metr torpaq sahəsinin özəlləşdirilərək ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar