Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-154/2021 25.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Şabran rayonu, Uzunboyad kəndində yerləşən 3,06 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-631/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət edərək, Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 3.06 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmişdir. Cavabdeh 27 dekabr 2019-cu il tarixli, **********42 saylı bildirişlə iddiaçıya imtina cavabı verərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş JN-106 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsinin cizgiləri 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Bundan əlavə, həmin dövlət aktının arxiv nüsxəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Göstərilən səbəbdən torpaq sahəsinin sərhədlərini və yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 3.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona JN-106 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir və həmin akt itdiyindən o, bununla bağlı olaraq “Respublika” qəzetində elan vermişdir. Polis idarəsinə də müraciət edib arayış almışdır. Bundan sonra da Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 3,06 hektar torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, onun sənədinin arxivdə saxlanılmaması imtinaya əsas ola bilməz. Onun torpaq sahəsindən qonşuluqda olanların hər birinin torpaq sahələrinin sərhədləri müəyyən olunmuşdur. Cavabdeh iddiaya dair etirazını 27 dekabr 2019-cu il tarixli imtina məktubu ilə eyni əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-631/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş JN-106 saylı Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmış, lakin Dövlət Aktında göstərilən torpaq sahəsinin cizgiləri Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Göstərilən səbəbdən torpaq sahəsinin sərhədlərini və yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. Göstərilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən İddiaçı ərizəsinin icrasından 27.12.2019-cu il tarixli **********42 saylı məktubla əsaslı olaraq imtina olunmuşdur. Qeyd olunduğu kimi mübahisələndirilən JN-106 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Bununla da həmin torpaq sahəsinin yerləşdiyi ərazi məlum deyildir və qeyri-müəyyəndir. Tərəflərin izahatları İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, Dəvəçi rayonunda keçirilmiş aqrar islahat zamanı ona Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 04 saylı qərarına əsasən, 3.09 ha torpaq sahəsi ayrılmış və bunun əsasında JN-106 saylı Dövlət Aktı verilmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati işin araşdırılması zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 11 sentyabr 2020-ci ildə Şabran rayonunu,Uzunboyad kəndində yerləşən 3,06 ha torpaq sahəsinə dair verilmiş JN106 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının qüvvədə olub-olmaması barədə məlumat tələb edilmiş və məlumata əsasən bildirilmişdir ki, İddiaçı adına Şabran rayonunun, Uzunboyad kəndində yerləşən 3,06 ha torpaq sahəsinə verilmiş JN-106 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv edilməsi haqqında heç bir məlumat aşkar edilməmişdir. Bundan başqa DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı 27.12.2019-cu il tarixli **********42 saylı məktubunda və Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış 20.02.2020-ci il tarixli etirazda JN-106 saylı dövlət aktının dövlət aktı kitablarında qeydə alınması öz təsdiqini tapmışdır. Qeyd olunanlar bir daha ona dəlalət edir ki, Şabran rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı Şabran rayonunun Uzunboyad kəndinin ərazisində 3,06 ha torpaq sahəsi ayrılmışdır. Nəzərə alınmalıdır ki, qeyd olunan dövlət aktının nüsxəsi ləğv edilmiş Dövlət və Xəritəçəkmə Komitəsində saxlanırdı və həmin qurum ləğv edildikdən sonra təhvil verilmiş sənədlərin arasında qeyd olunan dövlət aktının nüsxəsi DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə təhvil verilməmişdir. Ona görə də hesab olunur ki, dövlət aktının nüsxəsinin DƏDRX-nin 5 saylı ərazi İdarəsinə təhvil verilməməsinə görə İddiaçı günahı yoxdur. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında torpaq sahəsinin ona Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 04 saylı qərarına əsasən ayrıldığını bildirmişdir. Bununla əlaqədar, qərarın arxiv surətinin əldə edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən dövlət arxivinə, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğular edilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq, Şabran rayon Dövlət Arxivinin 12 aprel 2021ci il tarixli, 12 saylı məktubundan görünür ki, Dəvəçi (indiki Şabran) rayon Aqrar İslahat Komissiyası fəaliyyəti dövrü toplanmış sənədlərini rayon arxivinə təhvil verməmişdir. Odur ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 04 saylı qərarı barədə rayon arxivində heç bir məlumat yoxdur. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 26 may 2021-ci il tarixli, **********07 saylı məktubla kollegiyanın sorğusuna cavab olaraq bildirmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində aparılan araşdırma zamanı məlum olmuşdur ki, Şabran rayonu Uzunboyad kəndinin (Rəhimli təsərrüfatı) 1998-ci il üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında vətəndaş İddiaçı və ailəsinin adları qeyd edilmişdir, lakin Dəvəçi Rayon Aqrar İslahat Komissiyasının 25 mart 2021-ci il tarixli, 02 saylı qərarı ilə torpaq sahəsində bəzi dəyişikliklər edilməsinə dair X1 islahat Komissiyasının 16 mart 2021-ci il tarixli, 02 saylı qərarı nəzərə alınmış və sözügedən qərarda Uzunboyad kənd sakini 106 saylı mülkiyyətçi İddiaçı ərizəsinə əsasən ona verilmiş 3,09 ha torpaq sahəsinin ləğv edilməsi barədə qeyd mövcuddur. Dəvəçi rayon Aqrar islahat Komissiyasının 25 mart 2001-ci il tarixli 02 saylı iclas protokolundan çıxarışdan görünür ki, tərtib olunmuş pay bölgüsü xəritəsinə əsasən mülkiyyətçilərə məxsus torpaq sahələrində bəzi dəyişikliklər edilməsinə dair Rəhimli YAİKnın 16 mart 2001-ci il tarixli 02 saylı iclas qərarı nəzərə alınmış, qərarın təsdiqi Respublika Dövlət Torpaq Komitəsindən xahiş edilmişdir. X1 İslahatı Komissiyasının 16 mart 2001-ci il tarixli, 2 saylı iclas qərarından isə görünür ki, Uzunboyad kənd sakini 106 saylı mülkiyyətçi İddiaçı ərizəsinə əsasən ona verilmiş 3,09 ha torpaq sahəsinin ləğv edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə kollegiyası tərəfindən sübutların tədqiqi nəticəsində müəyyən edildi ki, Dəvəçi(indiki Şabran) rayonu Uzunboyad kəndində(Rəhimli təsərrüfatı) 1998-ci ildə keçirilmiş aqrar islahat zamanı iddiaçıya və ailəsinə 3,09 ha torpaq sahəsi ayrılsa da, torpaq sahəsində bəzi dəyişikliklər edilməsinə dair X1 islahat Komissiyasının 16 mart 2001-ci il tarixli, 02 saylı qərarı ilə Uzunboyad kənd sakini 106 saylı mülkiyyətçi İddiaçı öz ərizəsinə əsasən, ona verilmiş 3,09 ha torpaq sahəsinin ləğv edilməsi qərara alınmış və Dəvəçi Rayon Aqrar İslahat Komissiyası tərəfindən 25 mart 2001-ci il tarixdə 02 saylı qərar ilə Rəhimli YAİK-nın 16 mart 2001-ci il tarixli, 02 saylı qərarı təsdiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, torpaq sahəsinə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Başqa sözlə, iddiaçı aqrar islahat zamanı ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasını tələb edərkən sözügedən sahənin qanunvericiliyin bununla bağlı tələblərinə əməl etməklə əldə etdiyini və hazırkı vaxtadək qanuni əsaslarla ona məxsus olduğunu sübut etməlidir. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Lakin işin hallarının araşdırılması zamanı bunun əksinə olaraq, müəyyən edildi ki, iddiaçının öz ərizəsinə əsasən, aqrar islahat zamanı ona ayrılmış 3.09 ha torpaq sahəsinin ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi isə iddia tələbinin tam olaraq təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Göstərilənlərə nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-631/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin . İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-154/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-154/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver