Məhkəmə qərarları › İş №2-1(105)-154/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-154/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-154/2023 17.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(118)-754/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 xx.xx.2021-ci il tarixində ərizə ilə DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət edərək Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 16 ünvanında yerləşən 7 nömrəli mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 16 dekabr 2021-ci il tarixli **********65 saylı məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş Mənzil kommunal kontoru tərəfindən verilmiş 37 nömrəli, xx.xx.1994-cü il tarixli order mənzil üzərində hüququn qeydiyyatı üçün əsas deyil. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununun 6-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 16 ünvanında yerləşən 7 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzilin yerləşdiyi yataqxanada yerləşən digər mənzillərdən bəziləri üzərində hüquq cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Hər bir halda mənzil sahəsinin tutulmasına görə verilmiş order həmin mənzilin tutulmasına hüquq verən sənəddir. Mənzildə iddiaçıdan başqa şəxslər qeydiyyatda yoxdur. Mənzilin yerləşdiyi Sumqayıt şəhərində mənzilə dair kirayə müqaviləsinin bağlanması praktikası demək olar ki, mövcud olmamışdır. Hal-hazırda belə bir praktikanın olması halında belə yeni kirayə müqaviləsinin bağlanması qanunvericiliklə mümkün deyildir. Qanunvericiliyin tələbinə görə mənzil sahəsinin orderinin ancaq olmaması (itirilməsi və ya yararsız vəziyyətə düşməsi) halında mənzil kirayə müqaviləsi və yaxud onun verilməsinə dair sərəncam hüququn qeydiyyatı üçün verilən ərizəyə əlavə olunması tələb olunur. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(118)-754/2022 nömrəli qərardadı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti, 25 aprel 2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(118)-754/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Qeyd edir ki, cavabdeh mənzilin yerləşdiyi binanın yataqxana olmasını qeyd edərək qanunvericiliyə əsasən yataqxanalarda yerləşən mənzillərin özəlləşdirilməsinə yol verilmədiyini bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, yataqxanalar icra hakimiyyətinin balansına verildikdən sonra özəlləşdirilə bilər. İş üzrə məhkəmə prosesi zamanı məhkəmənin verdiyi sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 20 aprel 2022-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 200 nömrəli Qərarı ilə Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən 16 saylı yataqxana Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Həmin cavabda qeyd edilən binanın Sumqayıt Şəhər İH-nin Mənzil-Kommunal Təsərrüfatı İstehsal Birliyinin balansında olan əmlak kimi dövlət əmlakının registrində qeydə alındığı bildirilmişdir. Göründüyü kimi qeyd edilən mənzilin yerləşdiyi binada yerləşən mənzillərin özəlləşdirilməsi artıq qanunvericiliyə uyğun olmuşdur. İddiaçının istifadəsində olan mənzilə münasibətdə isə orderin Mənzil Kommunal Kontoru tərəfindən verilməsi əsasına istinad etməklə özəlləşdirilə bilən mənzil olmamasını irəli sürmək əsassızdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə əsasən mənzilə dair order mənzil üzərində hüququn qeydiyyatı üçün əsasdır. Qeyd edir ki, istifadəsində olan mənzil sahəsinə dair order İcra Hakimiyyəti tərəfindən verilə bilməzdi. Belə ki, hər bir halda mənzilin yerləşdiyi binanın İcra Hakimiyyətinin balansına verilməsi ilə qanunvericiliyin tələbinə əsasən həmin mənzilin özəlləşdirilməsi hüququ əmələ gəlmişdir ki, hal-hazırda da bu hüququn reallaşdırılmasına cavabdeh əsassız olaraq mane olmuşdur. Mənzil yataqxanada yerləşdiyi üçün hər bir halda mənzilin tutulmasına dair order İcra Hakimiyyəti orqanı tərəfindən verilə bilməzdi. Mənzil xidməti mənzil olaraq qiymətləndirilə bilməz. Hər bir halda mənzilin istifadəçisi olaraq iddiaçı halhazırda hər hansı bir qurumda xidmət göstərmir, həmin mənzildə daimi qeydiyyatdadır. Hesab edir ki, mənzil sahəsinin tutulmasına görə verilmiş order hüquq verən bir sənəddir ki, onun bu hüququnun məhdudlaşdırılmasına maneçilik törədilməsi qanunvericiliyə ziddir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi izahatında bildirdi ki, mübahisələndirilən məzilin yerləşdiyi yataqxana xidməti yataqxana olmuş, daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin balansına qəbul edilmişdir. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; ... Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 1994-cü ildən qeyd edilən mənzildə yaşaması mübahisə olunmur və mənzilin balansında olduğu dövlət qurumunun mənzillə bağlı hər hansı bir tələbi olmamışdır. Sumqayıt şəhəri, 15-ci məhəllə ünvanında yerləşən 16 saylı yataqxana Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Bu halda iddiaçının digər hüquq müdafiə vasitələrindən istifadə etmək imkanı olsa da, uğurlu olmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 16 ünvanında yerləşən 7 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı mənzil üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh imtinasında qeyd etmişdir ki, ərizəyə əlavə olunmuş Mənzil kommunal kontoru tərəfindən verilmiş 37 nömrəli, xx.xx.1994-cü il tarixli order mənzil üzərində hüququn qeydiyyatı üçün əsas deyil. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununun 6-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Belə ki, işdən görünür ki, Mənzil Kommunal Kontoru tərəfindən verilmiş xx.xx.1994cü il tarixli 37 nömrəli orderə əsasən müəssisədə işlədiyi müddət ərzində yataqxanada yaşayış sahəsi ilə təmin olunması üçün iddiaçıya Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 16 ünvanında yerləşən 7 saylı mənzil ayrılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 200 nömrəli qərarı ilə 16 saylı yataqxana Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilmiş və hal-hazırda qeyd edilən bina Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan əmlak kimi daşınmaz əmlakın registrində qeydə alınmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində yataqxanaların özəlləşdirilməsinin xüsusi qaydası müəyyən edilmişdir. Belə ki, həmin maddənin ikinci cümləsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Qeyd edilməlidir ki, həmin qanunun müvafiq maddəsinin xx.xx.2006-cı il tarixədək olan redaksiyası, ümumiyyətlə, yataqxanalarda yaşayış sahələrinin özəlləşdirilməsini qadağan edirdi. Hazırkı halda isə istinad edilən normaya əsasən iddiaçının faktiki yaşadığı və qeydiyyatda olduğu yaşayış sahəsi yalnız onunla Sumqayıt şəhər İcra Hakimiyyəti arasında bağlanmış mənzil kirayə müqaviləsi əsasında özəlləşdirilə bilər. İddiaçının təqdim etdiyi Mənzil Kommunal Kontoru tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 37 nömrəli order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının orderi kimi qəbul edilə bilməz. Çünki, həmin normada nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı yerli icra hakimiyyəti orqanlarını nəzərdə tutur. İddiaçı qeyd edilən yaşayış sahəsinə dair mənzil kirayə müqaviləsini nə cavabdeh inzibati orqana, nə də məhkəmə araşdırması zamanı məhkəməyə təqdim etməmiş, belə bir müqavilənin mövcudluğuna istinad etməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, istinad edilən maddədə qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Bu səbəbdən də iddiaçı üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hər hansı birini təqdim etmədiyindən cavabdeh inzibati orqan həmin qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə, birinci instansiya məhkəməsi isə bu əsasla iddianı rədd etməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(118)-754/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar