Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-154/2024 23.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı onun “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsində çalışdığı əmək stajına daxil edilməyən xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün əmək stajına daxil edilməsi ilə 05 mart 2022-ci il tarixindən ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)- 1048/2023 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. HЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçı məxsus 27 oktyabr 1975-ci il tarixdə qeydə alınmış əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək, xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 25 avqust 2022-ci il tarixli bildirişlə iddiaçıya yaşa görə pensiyanın təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Metallurgiya Dövlət Şirkəti 08 noyabr 1996cı il tarixindən 04 may 2000-ci il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Metallurgiya Dövlət Şirkətinin “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyəti 29 sentyabr 1996-cı il tarixində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsinə dair məlumat mövcud deyildir. Azərmetal-Ticarət Təchizat Sumqayıt Fəhlə Təchizatı Şöbəsi 03 sentyabr 1996-cı il tarixində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət reyestrində Azərbaycan Respublikası Metallurgiya Dövlət Şirkətinin xx.xx.1993-cü il tarixdə 552 nömrə ilə, Azərbaycan Respublikası Metallurgiya Dövlət Şirkətinin “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin xx.xx.1994-cü il tarixdə və “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizai Şöbəsinin xx.xx.1994-cü il tarixdə 25-1 nömrə ilə dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxslər adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Metallurgiya Şirkəti, habelə Azərbaycan Respublikası Metallurgiya Şirkətinin “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin və həmin Cəmiyyətin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsinin fəaliyyətləri ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətində məlumatlar (müraciətlər və digər) mövcud deyildir. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Metallurgiya Dövlət Şirkəti, Azərbaycan Respublikası Metallurgiya Dövlət Şirkətinin “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin və Cəmiyyətin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsinin sənədləri arxivə verilməməsi səbəbindən, İddiaçı barədə axtarış aparılması imkanımız xaricindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsinə çalışdığı əmək stajına daxil edilməyən xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün əmək stajına daxil edilmə öhəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsində çalışdığı əmək stajına daxil edilməyən xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün əmək stajına daxil edilməsi ilə 05 mart 2022-ci il tarixindən iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 5 mart 1957-ci ildə Yardımlı rayonunun Telavar kəndində anadan olmuşdur. O, 1974-cü ilin noyabr ayının 24-də əmək fəaliyyətinə başlamış, Sumqayıt Ümumqida Trestinə işə qəbul olunmuşdur. Orada qida Kombinatının işçisi qismində çalışmışdır. xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə kimi keçmiş Sovet Ordusunun sıralarında xidmət etmişdir. Hərbi xidmətini bitirdikdən sonra da, yəni xx.xx.1978-ci il tarixindən sonra da müxtəlif müəssisələrdə, müxtəlif vəzifələrdə çalışmış, əmək fəaliyyətini davam etdirmişdir. Əmək kitabçasından da göründüyü kimi xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək Azərbaycan Respublikası “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsində çalışmışdır. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Əmək kitabçasından da göründüyü kimi təqribən 30 ilə yaxın əmək stajı olduğuna və artıq 65 yaşı olduğuna görə “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən onun yaşa görə əmək pensiyası hüququ vardır. Bu əsasla Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Mərkəzi Filial tərəfindən onun ünvanladığı ərizəyə baxılaraq 25 avqust **********9 saylı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubla ona “təqdim etdiyiniz əmək kitabçanıza və hərbi biletinizin surətinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla) 18 il 5 ay 1 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq əmək kitabçanızda qeyd edilmiş xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı Regional filialının xidməti məktubuna əsasən əmək kitabçanızda xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək qeyd olunmuş Azərbaycan Respublikası “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsinin arxiv sənədləri olmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb.” qeyd etməklə əmək pensiyasının təyin edilməsinin mümkün olmayacağı bildirilmiş və yaşa görə müavinət təyin edilmişdir. Bu tamamilə yanlışdır. Çünki “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsinin arxiv sənədləri olmadığından əmək stajına daxil edilməyən xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrdə o, əmək fəaliyyətimi davam etdirərək “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsində çalışmışdır. Bu onun əmək kitabçasında da tam olaraq göstərilmişdir. Bundan başqa həmin dövrdə orada çalışdığını sübut edən faktlar vardır. Belə ki, birlikdə həmin dövrdə orada çalışdığı şəxslər, əmək haqqı aldığını görən və bilən şəxslər vardır. “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsində çalışdığım yalnız şahidlər dindirildikdən sonra sübut oluna bilər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı 23 iyun 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəçinin müraciətinə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən baxılaraq cavanblandırılmışdır. İddiaçı pensiya yaşına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq- xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. X5 filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubuna əsasən xx.xx.1993- cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası “Azərmetalticarəttəchizat” SC-nin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsinin arxiv sənədlərinin olmaması səbəbindən vətəndaş İddiaçı iş stajının yoxlanılması mümkün deyildir. İddiaçının əmək kitabçasında müvafiq qeydlər olsa da, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması arxiv sənədləri ilə öz təsdiqini tapmır. Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 7 ay 2 gün sığorta stajına uyğun olaraq 12675,79 manat, 01,09.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 153.51 manat olmaqla ümumilikdə 12829, 30 manat təşkil edir ki, bu məbləğ iddiaçının hüququnun yarandığı tarixə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Göründüyü kimi iddiaçının kifayət qədər sosial sığorta stajı və pensiya kapitalı mövcud deyil. Beləliklə iddiaçının təqdim etdiyi əmək kitabçası və digər sənədlərə əsasən mübahisələndirilməyən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövrlər nəzərə alınmaqla) 18 il 5 ay 1 gün təşkil edir. Belə olan halda iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-1048/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsində çalışdığı əmək stajına daxil edilməyən xx.xx.1993cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün əmək stajına daxil edilərək, 65 yaşının tamam olduğu 05 mart 2022-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh iddiaçının stajını hesablayan zaman iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrləri stajına daxil etməmişdir. Lakin iddiaçının qeyd olunan dövrlərdə əmək fəaliyyəti ilə məşğul olması ona məxsus əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, cavabdehin həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. İddiaçıya ona yaşa görə pensiya təyin edilməsi üçün, qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan yaş həddinə çatdığından və 25 ildən artıq iş stajına malik olduğundan, cavabdehin ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuzdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birininci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddı hüquq normaları pozulduğundan qərar ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan,-pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı mübahisələhdirilən ümumi iş stajı xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Azərmetalticarəttəchizat” SC-də əmək fəaliyyəti məşğul olduğunu iddia etdiyi dövrlərdir. Qeyd edilən dövrün arxiv sənədləri olmadığından araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İş üzrə icraat materiallarında olan AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İş üzrə icraat materiallarında olan H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olmuşdur. Fondun Abşeron-Xızı filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubuna əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası “Azərmetalticarəttəchizat” SC-nin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsinin arxiv sənədlərinin olmaması səbəbindən vətəndaş İddiaçı iş stajının yoxlanılması mümkün deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-129190/2023 nömrəli məktubda verilmiş xx.xx.2023cü il tarixli cavabda Azərbaycan Respublikası “Azərmetalticarəttəchizat” SC-nin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası Milli Arxiv idarəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-126937/2023/2023 nömrəli məktuba verilmiş xx.xx.2023-cü il tarixli cavabda Azərbaycan Respublikası “Azərmetalticarəttəchizat” SC-nin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsinin arxiv materialları Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmədiyindən iş stajı barədə məlumatları təqdim edilməmişdir. İddiaçıya xx.xx.2004-cü il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi halda həmin müəssisənin qeydiyyata alınması barədə məlumatların olmaması qeyd edilən dövrlərin mötəbərliyini şübhə altına alır. Qanunvericiliyə əsasən, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. Döviət vergi xidməti tərəfindən verilmiş cavabda qeyd olunur ki, “Azərmetalticarəttəchizat” SC-nin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək məhz həmin müəssisədə işlədiyini iddia edirsə, həmin müəssisənin həmin ildən faktiki fəaliyyət göstərdiyi, iddiaçının həmin tarixədək orada işlədiyi şübhələrdən azad sübutlarla təsdiq olunmalıdır. Belə ki, təkcə iddiaçının deyil, həm də ümumiyyətlə müəssisənin fəaliyyətinə dair məlumatların iddiaçının onun əmək fəaliyyətinə dair təqdim etdiyi sənədlərdəki məlumatların mötəbərliyinin yoxlanılmasını zəruri edir. Yəni iddiaçının işlədiyini idda etdiyi illər şübhədən azad sübutlarla təsdiq olunmalıdır. İnzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz. Məhkəmənin funksiyası inzibati orqanlar tərəfindən aparılmış icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini həyata keçirməkdən ibarətdir. Eyni zamanda ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, zərurət yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edəri sənədlər (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı) əsli və lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Məhkəmələr iş yerlərindən təqdim edilmiş arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır, inzibati prosessual məcəllənin 86-cı maddəsinə əsasən sübutların araşdırılması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamalaya bilər. Məhkəmələr zərurət olduqda müəssisənin iddiaçının işlədiyi dövrlərdə mövcud olub-olmamasını yoxlamalı, bununla bağlı müvafiq sorğular verməlidir. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, onun 65 yaşının tamam olduğu tarixə qədər, yəni 05 mart 2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı 65 yaşının tamam olduğu tarixə qədər, yəni 05 mart 2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarına dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının 25 ildən az iş stajına malik olması, xx.xx.2006-xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması halı təşkil etmiş, habelə iddiaçının sığorta stajının hesablanması zamanı əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Azərbaycan Respublikası “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsinin arxiv sənədləri olmadığından nəzərə alınmasının mümkün olmaması halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına-65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 18 il 5 ay 1 gün iş stajına malik olması halını qəbul edərək, məhz əmək kitabçasında qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Azərbaycan Respublikası “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin Sumqayıt Təsərrüfat Hesablı Fəhlə Təchizat şöbəsində işlədiyi dövrləri sosial sığorta stajının hesablanması zamanı nəzərə almamış, bunun səbəbi kimi isə arxiv sənədlərin olmaması halına istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Metallurgiya Dövlət Şirkətinin “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyəti 29 sentyabr 1996cı il tarixində, Sumqayıt Fəhlə Təchizatı Şöbəsi 03 sentyabr 1996-cı il tarixdə statistik vahidlərin Dövlət Reyestrində qeydiyyata alınmışdır (statsitik vahidlərin dövlət reyetri 1996-cı il tarixdə yaradılmışdır). Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 1993-cü il tarixli 345 saylı qərarı ilə təsdiq edilmiş Qara və əlvan metalların emalı üzrə Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin tərkibinə daxil olan birlik, müəssisələrin və təşkilatların siyahısı təsdiq edilmiş, həmin siyahıda “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin adı qeyd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, “Azərmetalticarəttəchizat” Səhmdar Cəmiyyətinin və Cəmiyyətin Sumqayıt Təəssürfat Hesablı Fəhlə Təchizat Şöbəsinin sənədləri arxivə təhvil verilmədiyindən, iddiaçı barəsində arxiv sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin müvafiq sənədlərinin arxiv idarəsinə təhvil verilməməsi halı özlüyündə iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Belə olan halda isə həmin əsasa istinad edilməklə, iddiaçının pensiya hüququnun məhdudlaşdırılması halı konstitisuion hüququn pozulması kimi çıxış etməklə, qanunvericiliyin tələbinə zidd olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən sosial sığorta stajının hesablanması zamanı nəzərə alınmayan (mübahisələndirilən) dövrlərə dair qeydlər məhz iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmış və inzibati orqan tərəfindən həmin qeydlərin mötəbər olmaması halı ilə bağlı heç bir dəlilə istinad edilməmişdir. Nəticə etibarilə cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, indiki halda iş materialları əsasında iddiaçının 25 ildən artıq sosial sığorta stajına malik olması öz təsdiqini tapmışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, apellyasiya məhkəmə icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, 65 yaşı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsini tələb etdiyindən, həmin ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Odur ki, hazırki iş üzrə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-1048/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı onun 65 yaşının tamam olduğu, yəni 05 mart 2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.