Məhkəmə qərarları › İş №2-1(105)-155/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-155/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-155/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-108/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “xxxx” MMC-nin təsisçisi və qanuni təmsilçilik funksiyasına malik direktoru İddiaçı adının hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişiklik aparılaraq faktiki rəhbər X1 adı ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən 20.05.2008-ci il tarixdə "xxxx" MMC (VÖEN **********) təsis edilmiş və vergi orqanından qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC bir müddət iddiaçı tərəfindən idarə edilsə də, 2009-cu ilin mart ayında X7 adlı bir şəxs həmin hüquqi şəxsi ondan almaq istədiyini bildirmiş, iddiaçı isə həmin hüquqi şəxsin adına hər hansı iş üzrə müqavilə olmadığından, Xəyalın qeyd olunan təklifinə etiraz etməmişdir. Aralarında yaranan razılaşmanı rəsmiləşdirmək üçün iddiaçı 30.03.2009-cu il tarixdə X4 Bakı şəhəri 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş etibarnamə vermiş və aralarında həmin tarixli təhvil-təslim aktı tərtib edilmişdir. Həmin təhvil-təslim aktına əsasən cəmiyyətə məxsus bütün təsis sənədləri, möhür və digər sənədlər idiaçı tərəfindən X4 təhvil verilmişdir. Eyni zamanda, həmin aktda qanunvericiliyə əsasən "xxxx" MMC-ni vergi orqanında öz adına qeydiyyatdan keçirmək öhdəliyi X2 üzərinə qoyulmuşdur. Həmin tarixdən sonra iddiaçının "xxxx" MMCnin, o cümlədən X2 fəaliyyətindən xəbəri olmamışdır. Lakin, daha sonra, "xxxx" MMC-nin rəhbərinin ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulmasına dair vergi orqanı tərəfindən məhkəməyə müraciət edilən zaman, cəmiyyətin hələ də iddiaçının adında qeydiyyatda qaldığı və X2 üzərinə götürdüyü öhdəliyi icra etmədiyi məlum olmuşdur. "xxxx" MMC 30.03.2009-cu il tarixdən etibarən iddiaçı tərəfindən idarə edilmədiyindən, cəmiyyətin fəaliyyətindən hər hansı gəlir götürmədiyindən və ümumiyyətlə həmin cəmiyyətlə hər hansı əlaqəsi olmadığından, bununla bağlı hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişiklik edilməli və cəmiyyətin təsisçisi və qanuni təmsilçilik funksiyasına malik direktoru kimi faktiki rəhbərin adı rəsmiləşdirilməlidir. Belə ki, Mülki Məcəllənin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasənhüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Vergi Məcəlləsinin 78.3-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.09.2013-cü il tarixli qərarında qeyd edilir ki, "Göstərilənlərlə əlaqədar, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər". Qeyd olunanlardan aydın olduğu kimi, hüquqi şəxsin cari fəaliyyətinə faktiki rəhbərlik edən şəxs həmin hüquqi şəxsin bütün öhdəliklərini, o cümlədən vergi öhdəliklərini icra etməyə cavabdehdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28.10.2015-ci il tarixli 1(004)-13/2015 nömrəli hökmünə əsasən X1 "xxxx" MMC-nin faktiki rəhbəri olduğu müəyyən edilmiş və cəmiyyətin vergi öhdəliklərini icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-108/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim İsmayıl Quliyev) Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı “xxxx MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyini 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyarkən qanunvericiliyin tələblərini nəzərə almamış, vergi orqanının üzərinə onun səlahiyyətlərinə aid omayan vəzifə qoymuşdur. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Qanunun istinad edilən normalarından göründüyü kimi, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatını həyata keçirən vergi orqanına müraciət edilməlidir. Belə bir müraciət isə “xxxx” MMC-nin təsisçisi (təsisçiləri) və ya qanuni təmsilçisi tərəfindən kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatını həyata keçirən vergi orqanına edilməmişdir. Qanunla müəyyən edilmiş qaydada müraciət edilmədiyi halda vergi orqanı hansı əsasa görə qeydiyyat aparmalıdır. İstinad edilən qanunun heç bir normasında kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatını həyata keçirən orqanın təşəbbüsü və ya məhkəmənin qərarı əsasında qeydiyyatın aparılması nəzərdə tutulmamışdır. Əlavə olaraq, məhkəmə iddianı mümkün sayarkən inzibati orqanın qanunla müəyyən edilmiş hansı hərəkətə (hərəkətsizliyə) yol verməsini, səlahiyyətindən irəli gələrək hansı inzibati qərarı qəbul edibetməməsini, bu zaman iddiaçının hansı hüquq və vəzifələrinin pozulmasına səbəb olmasını əsaslandırmamışdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə baxılır. İnzibati icraat qaydasında baxılmalı olan yuxarıda sadalanan hallardan görünür ki, İddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxsin təsisçisi və ya qanuni təmsilçisi tərəfindən müraciət edilmədiyi halda dövlət reyestrindən silinməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulması inzibati mübahisə predmetinə aid deyildir. Vergi orqanı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatını həmin hüquqi şəxslərin təqdim etdiyi qanunla müəyyən edilmiş təsis sənədləri və eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi təsdiq edən sənədlər əsasında həyata keçirir, təqdim edilmiş sənədlərin qanunun tələbinə uyğun olmasını yoxlayır və qanunun tələbinə uyğun olmayan məlumat və sənədləri geri qaytarır, sənədlər qanunvericiliyin tələbinə uyğun olduqda dövlət qeydiyyatını həyata keçirir. İş materiallarında dövlət qeydiyyatını həyata keçirən vergi orqanının göstərilən hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməsinə dair hər hansı bir sübut mövcud deyildir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddəsinə istinad edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28.10.2015-ci il tarixli 1(004)-13/2015 nömrəli hökmünü hazırkı işə münasibətdə düzgün olmayaraq preyudisial əhəmiyyət daşıması nəticəsinə gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28.10.2015-ci il tarixli 1(004)-13/2015 nömrəli hökmünün predmetini “vergi ödəməkdən yayınma ilə əlaqədar olaraq “xxxx” MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etmiş X3 və digərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi” təşkil etdiyi halda, hazırkı işin predmetini isə “İddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması” təşkil edir. Göründüyü kimi, burada predmet eyniliyi yoxdur, “qanuni təmsilçi” ilə “faktiki rəhbərlik etmiş şəxs” anlayışları tamamilə fərqli məzmuna malikdirlər. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 2.0.14-cü maddəsinə əsasən nizamnaməsinə müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər qanuni təmsilçi hesab edilirlər. Məhkəmənin istinad etdiyi 30.03.2009-cu il tarixli etibarnamədə İddiaçı ona məxsus olan təsisçi və direktor hüquqlarına dair sərəncam verməyi, vergi orqanında nümayəndə olmağı, alğı-satqı müqaviləsini qeydiyyatdan keçirməyi X5 etibar etmişdir. Etibarnamənin 20 il müddətinə qüvvədə olması nəzərdə tutulmuşdur. Göründüyü kimi, X8 etibar edən İddiaçı adından təsisçi və direktor hüquqlarına dair sərəncam verməyi həyata keçirmiş və bu zaman vergi ödəməkdən yayınma cinayət əməlini törətmişdir. İddiaçı ilə X8 arasında hüquqi şəxs “xxxx” MMC-nin alğı-satqısına dair notarial qaydada təsdiq edilmiş müqavilə olmamışdır. Bu səbəbdən də, İddiaçı dövlət qeydiyyatı məlumatlarında “xxxx” MMC-nin təsisçisi və qanuni təmsilçisidir. Məhkəmə işə baxarkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, inzibati icraat qaydasında baxılmalı olmayan iddia ərizəsini icraata qəbul edərək düzgün olmayan qərar qəbul etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.14-cü maddəsinə əsasən, qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Sadalanan normalardan görünür ki, hüquqi şəxsin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatını həyata keçirən vergi orqanına müraciət edilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunan normaları nəzərə almayaraq iddia tələbini təmin edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-13/2015 saylı hökmünə istinad etmiş, həmin hökmə əsasən X1 “xxxx” MMC-nin faktiki rəhbəri olduğunu və vergi öhdəliklərini icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir... Göründüyü kimi, həmin hökm vergi ödəməkdən yayınma ilə əlaqədar olaraq “xxxx” MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədədir. Mövcud iddianın predmetini isə İddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması təşkil edir. İddiaçı kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatını həyata keçirən vergi orqanına kommersiya qurumunun dövlət qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müraciət etsə də, “xxxx” MMC-nin məlumat dəyişikliyi ərizəsinə rəhbər və təsisçinin dəyişilməsi ilə bağlı təsisçinin qərarı, nizamnaməyə dəyişiklik layihəsi, yeni təsisçi və rəhbərin şəxsiyyətini təsdiq edən sənədlər əlavə edilməmişdir. Bu səbəbdən, cavabdeh vergi orqanı “xxxx” MMC-nin təsisçi və direktor dəyişikliyi faktının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində göstərmişdir ki, təhvil-təslim aktına əsasən cəmiyyətə məxsus bütün təsis sənədləri, möhür və digər sənədlər iddiaçı tərəfindən X4 təhvil verilmişdir. Həmin aktda qanunvericiliyə əsasən "xxxx" MMC-ni vergi orqanında öz adına qeydiyyatdan keçirmək öhdəliyi X2 üzərinə qoyulsa da, o, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. 30.03.2009-cu il tarixli etibarnamədə İddiaçı ona məxsus təsisçi və direktor hüquqlarına dair sərəncam verməyi, vergi orqanında nümayəndə olmağı, alğı-satqı müqaviləsini qeydiyyatdan keçirməyi X4 etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, etibarnamə əsasında təsisçi və direktor hüquqlarına dair sərəncam vermək, vergi orqanında nümayəndə olmaq, alğı-satqı müqaviləsini qeydiyyatdan keçirmək hüquqlarının başqa şəxsə etibar edilməsi etibar edilənin hüquqi şəxsin qanuni təmsilçisi olması demək deyil. Odur ki, İddiaçı tərəfindən X4 təsisçi və direktor hüquqlarına dair sərəncam vermək barədə etibarnamənin verilməsi hüquqi şəxsin qanuni təmsilçisinin dəyişməsi anlamına gəlmir. Qanunvericilikdə hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması ilə bağlı konkret qaydalar nəzərdə tutulmuşdur ki, iddiaçı tərəfindən həmin qaydalara riayət edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslıdır, iddiaçının dəlilləri isə onun təsisçisi olduğu lakin faktiki olaraq idarə etmədiyi "xxxx" MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-108/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-108/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar