Məhkəmə qərarları › İş №2-1(105)-155/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-155/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-155/2023 16.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1966-1970-ci il tarixədək təhsil aldığı dövrlərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2359/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1966- 1970-ci il tarixədək təhsil aldığı dövrlərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1949-cu ildə Zəngilan rayonu, Cahangirbəyli kəndində anadan olmuş, 1966-ildə Zəngilan rayonu Mincivan qəsəbəsi orta məktəbini bitirmiş, orta məktəbi bitirdikdən sonra elə həmin il yəni,1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstutituna daxil olmuş, 1970-ci ildə institutu bitirmiş və ona riyaziyyat müəllimi ixtisası verilmişdir. Əmək fəaliyyətinə isə 1970-ci ildə İmişli rayonu Ağammədli kənd orta məktəbində ixtisas üzrə müəllim kimi başlamış və 2019-cu ilə kimi əmək fəaliyyətini davam etdirmişdir. 2019-cu ildə isə 65 yaşı tamam olduğu üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda ona yaşa görə 349.87 manat əmək pensiyası təyin edilmişdir. Lakin əmək pensiyası təyin edilən zaman onun 1966-cı ildən 1970-ci ilə kimi təhsil aldığı təhsil illəri hesablanmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubda aşağıdakılar qeyd edilmişdir: “Əmək pensiyaları haqqında” Qanuna müvafiq olaraq xx.xx.2012-ci il tarixdə İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində İddiaçı pensiyasının məbləği xx.xx.2021-ci il tarixdən 349,87 manata çatdırılmışdır. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixli **********6 nömrəli yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarında İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən, əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1966 - xx.xx.1970-ci illər ərzində əyani təhsil aldığı dövr eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla 37 il 07 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 4553.28 manat pensiya kapitalı əsasında xx.xx.2012-ci il tarixdən yaya görə əmək pensiyasının təyin edildiyi bildirilmişdir. İddiaçı Zəngilan rayon şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixdə təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə filiala müraciət etmişdir. Filial tərəfindən xx.xx.2021-ci il tarixdə təhsil aldığı illər onun sosial sığorta stajına daxil edilmişdir. Daha sonra İddiaçı yenidən xx.xx.2021-ci il tarixdə təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə filiala müraciət etmişdir. İşin faktiki hallarından və pensiya alt sistemindən çıxarışdan göründüyü kimi İddiaçı xx.xx.1966-xx.xx.1970-ci illər ərzində “Azərbaycan Dövlət Pedeqoji İnstitutun”da təhsil aldığı dövr onun sosial sığorta stajına daxil edilmişdir. Bu səbəbdən də onun xahişi təmin edilməmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2359/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilməmişdir.

5. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarın əsaslandırma hissəsində məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş iddiaçının pensiya işindən müəyyən olundu ki, təhsil illəri cavabdeh təşkilat tərəfindən onun pensiya stajı yenidən hesablanması zamanı şamil olunduğundan, iddiaçı tərəfindən artıq qazanılmış hüququn yenidən məhkəmədən tələb edilməsi yolverilməzdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Hansı ki, məhkəmə burada pensiya işində onların dediklərinə deyil də, əsas olan həmin təhsil müddətinin daxil edilməsi təqdirdə pensiyanın məbləğinin həqiqətən də artması məsələsini də araşdırmalı, həmin sübuta istinad edərək ədalətli və qanunauyğun olan qərar qəbul etməli idi. Qərarda məhz hansı sübutla pensiyanın məbləğinin artması, təhsil stajının nə vaxt hesablanması, nəzərə alınması, bu səbəblə də nə vaxt artımın olması barədə heç bir sübut öz əksini tapmır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Əsas anlayışlar (...) 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; (...) 1.0.2. sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (...)

Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.

Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (...) 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; (...)

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır.

14. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir.

15. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

16. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

17. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı 1966-1970-ci il tarixədək təhsil aldığı dövrlərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

18. İş materiallarında olan pensiya altsistemindən çıxarışdan müəyyən olunur ki, 1966-1970-ci il tarixədək təhsil aldığı dövr cavabdeh təşkilat tərəfindən onun pensiya stajının yenidən hesablanması zamanı nəzərə alınmışdır.

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın böyük mütəxəssisi X1 izahatında bildirmişdir ki, İddiaçı 34 il, 4 ay, 15 gün əmək stajına əsasən xx.xx.2012-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin dövrdə iddiaçının 1966-1970-ci illərdə təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə təhsil aldığı müddətin sığorta stajına daxil edilərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə müraciət etmişdir. İnzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixdə təhsil aldığı illər onun sosial sığorta stajına daxil edilmişdir. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixdə təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə filiala müraciət etmişdir. Yenidən hesablanma zamanı müəyyən edilmişdir ki, iddiaçı 1972-ci ildən 1993-cü ilə kimi Zəngilan rayonunda müəllim kimi əmək fəaliyyəti göstərmişdir. İddiaçının əmək kitabçası çox güman ki, işğal zonasında qaldığı üçün sonradan onun əmək kitabçası 1994-cü ildə qaydalara zidd şəkildə, yəni şahid ifadələrinə əsaslanmaqla doldurulmuşdur. Əmək kitabçasında 4 və 5-ci bəndlərdə bu barədə müvafiq qeydlər vardır. DSMF-nin Zəngilan rayon şöbəsi 2014-cü ildə həmin illəri əsassız olaraq sığorta stajına daxil etmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçının 1966-1970ci illərdə təhsil aldığı müddətin sosial sığorta stajına daxil edildiyi müəyyən olunur.

21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hüquqi marağının təmin edilməsi məqsədilə iddiaçı cavabdehin nəzərə almadığı həmin dövrü məhkəmə qaydasında mübahisələndirərək sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması tələbi ilə məhkəməyə müraciət edə bilər.

22. Hazırkı mübahisənin predmetini iddiaçının 1966-1970-ci illərdə təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi təşkil etdiyindən və qeyd edilən dövr iddiaçıya əmək pensiyası təyin edilərkən sosial sığorta stajı kimi nəzərə alındığından hazırkı iddia mümkün sayılmamalıdır.

23. Birinci instansiya məhkəməsi isə göstərilən halı nəzərə almamış, iddianın mümkünlüyünə hüquqi qiymət vermədən tələbə mahiyyəti üzrə baxmışdır. Halbuki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2359/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1966-1970-ci il tarixədək təhsil aldığı dövrlərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar