Məhkəmə qərarları › İş №2-1(105)-156/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-156/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-156/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin iddiaçının əmlakının siyahıya alınması haqqında 03 avqust 2018-ci il tarixli **********0 saylı qərarın və bu qərar əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2-1(118)-189/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Sumqayıt Apelyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq, əmlakının siyahıya alınması haqqında cavabdehin **********0 saylı 29 may 2019-cu il tarixli protokolunun və həmin Protokola 1 saylı əlavənin ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək iddiaçının əmlakının siyahıya alınması haqqında cavabdehin 03 avqust 2018-ci il tarixli **********0 saylı qərarın və bu qərar əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 03.08.2018-ci il tarixinə 4829664,45 manat məbləğində dövlət büdcəsinə ödənilməmiş vergi borcu vardır. 29.05.2019-cu il tarixində vergi orqanı tərəfindən İddiaçı ASC-nin ünvan 1 ünvanında yerləşən əmlakının siyahıya alınması həyata keçirilmiş və bu barədə **********0 saylı protokol tərtib edilmişdir. Həmin protokola 1 saylı əlavədə göstərilmiş 4834587,36 manat dəyərində 49 adda daşınmaz (istehsal və inzibati binalar) siyahıya alınmışdır. Lakin siyahıya alma vergi qanunvericiliyinin tələblərinə zidd şəkildə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.5-ci maddəsinə əsasən əmlakın siyahıya alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri, bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyriistehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair), hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər, istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Göründüyü kimi, əmlakın siyahıya alınması növbəliliyi qanunvericiliklə birbaşa müəyyən olunsa da, əmlak siyahıya alınarkən vergi məmurları tərəfindən bu qaydalar pozulmuşdur. Belə ki, bilavasitə istehsalda iştirak edən əmlak-istehsal binaları (boruyayma sexinin binası, boruyayma sexinin 3 saylı məişət binası, tökmə sexinin binası, mexaniki təmir sexinin binası və s.) siyahıya alınmışdır. Əmlakın siyahıya alınmasının bu qaydada həyata keçirilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, borclu təşkilatın istehsal fəaliyyətinə mənfi təsir göstərir. 18.09.2019-cu il tarixində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə 29.05.2019-cu il tarixində İddiaçı ASC-nin həyata keçirilmiş siyahıya almanın 2 gün müddətində ləğv edilməsi və Vergi Məcəlləsinin 89.5-ci maddəsinin tələblərinə uyğun yeni siyahıya alma keçirilməsi barədə rəsmi müraciət etsələr də, müraciətlərinə cavab verilməmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə iddiaçıya 23.07.2018-ci il tarixli **********909200 saylı bildiriş təqdim edilməsinə baxmayaraq, vergi öhdəliyi icra edilmədiyinə görə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi cavabdeh tərəfindən iddiaçının əmlakının siyahıya alınması barədə 03.08.2018-ci il tarixli **********0 saylı qərar (qərara 30.11,2018-ci il tarixli **********620800 saylı, 14.05.2019-cu il tarixli **********406400 saylı və 16.05.2019-cu il tarixli **********76300 saylı qərarlarla əlavə və dəyişikliklər edilmişdir) qəbul edilmişdir. Qərar əsasında iddiaçının 4.829.664,45 manat məbləğində əmlakı İddiaçı ASC-nin baş direktorunun iştirakı ilə siyahıya alınmış və bu barədə 29.05.2019-cu il tarixli **********0 saylı Protokol və həmin Protokola 1 saylı əlavə tərtib edilmişdir. Protokol və Protokola 1 saylı əlavə cəmiyyətin baş direktoru tərəfindən imza edilmişdir. Eyni zamanda, İddiaçı ASC-nin baş direktorunun Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə təqdim etdiyi 29.05.2019-cu il tarixli AZB 01/70 saylı arayışda siyahıya alınmış əmlakların İddiaçı ASC-nin balansında olduğu və cəmiyyətə məxsus olduğu bildirilmişdir. Bundan başqa, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 03.06.2019-cu il tarixli **********036100 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün 23.07.2019-cu il tarixli **********900800 saylı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məlumat üçün cavabdeh bildirir ki, əmlakın siyahıya alınması Vergi Məcəlləsinin 89.6-cı maddəsinin müdəaları, o cümlədən, iddiaçının kassasında pul vəsaitləri, qiymətli kağızları, istehsal prosesində iştirak edən xammal və materiallar, istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər və hazır məhsul anbarında hazır məhsul qalığının olmadığı haqqında 29.05.2019-cu il tarixli AZB 01/73 a saylı arayış nəzərə alınmaqla həyata keçirilmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi nəzərdə tutulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(118)-189/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, əmlakın siyahıya alınması növbəliliyi qanunvericiliklə birbaşa müəyyən olunsa da, əmlak siyahıya alınarkən vergi məmurları tərəfindən bu qaydalar pozulmuşdur. Belə ki, bilavasitə istehsalda iştirak edən əmlak - istehsal binaları (Boruyayma sexinin binası, Boruyayma sexinin 3 saylı məişət binası, Tökmə sexinin binası, Mexaniki Təmir sexinin binası və s.) siyahıya alınmışdır. Daha əvvəl iddia ərizələrində qeyd etdikləri kimi, onların iddia tələbləri əmlakın siyahıya alınmasından deyil, siyahıya almanın Vergi qanunvericiliyinin tələblərinə zidd şəkildə, yəni Vergi qanunvericiliyi ilə birbaşa şəkildə müəyyən edilmiş ardıcıllığın pozulması ilə həyata keçirilməsindən ibarətdir. Çünki, birbaşa istehsalat binalarının siyahıya alınması və onların açıq hərracda satılması müəssisəmizin istehsal fəaliyyətinə mənfi təsir göstərir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı əmlakın siyahıya alınması haqqında 03 avqust 2018-ci il tarixli **********0 saylı qərarın ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, bu hissədə iddia tələbi mümkün hesab edilməmiş, iddiaçının apelyasiya şikayəti isə təmin edilməmişdir. Odur ki, məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı -03.08.2018-ci il tarixli qərar əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilməsinə dair iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidır. Cavabdeh tərəfindən həyata keçirilmiş siyahıya almanın ləğv edilməsinə dair iddianın mümkünlüyü ilə bağlı kollegiya qeyd edir ki, inzibati orqanların fəaliyyəti inzibati aktların qəbul edilməsi ilə yanaşı, həmçinin faktiki xarakterli hərəkətlər və onların nəticəsində qəbul edilmiş hüquqi aktlarla da əhatə olunur. “İnzibati icraat haqqında” Qanununun 1-ci maddəsinə əsasən, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. AR İPM-nin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırda, iddiaçıya məxsus əmlakın siyahıya alınması inzibati orqanın faktiki xarakterli hərəkəti sayılır və iddiaçı, öhdəliyin icrası haqqında iddia qaldıraraq, siyahıya alma ilə bağlı cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirir. Öhdliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana müraciətin olmasıdır. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən şərtə əməl etmiş, 18 sentyabr 2019-cu il tarixli, AZB 01/125 saylı məktubla cavabdehə müraciət edərək, 03.08.2018-ci il tarixli **********0 saylı qərara əsasən, keçirilmiş siyahıya almanın Vergi Qanunvericiliyinin tələblərinə zidd şəkildə həyata keçirildiyini bildirərək, siyahıya almanın 2 gün müddətində ləğv edilməsini və Vergi Məcəlləsinin 89.5-ci maddəsinin tələblərinə uyğun yeni siyahıya alma keçirilməsini xahiş etmişdir. Beləliklə kollegiya hesab edir ki, verilmiş iddia mümkün olsa da, əsassızdır və birinci instansiya məhkəməsi bu hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 03 avqust 2018-ci il tarixli, **********0 saylı qərarına əsasən, iddiaçının əmlakının siyahıya alınmasının həyata keçirilməsi dövlət vergi müfəttişləri X4 və X2 tapşırılmışdır. Cavabdehin **********620800 saylı, 30 noyabr 2018-ci il tarixli qərarına əsasən, iddiaçının əmlakının siyahıya alınması barədə qəbul edilmiş 03.08.2018-ci il tarixli və **********0 saylı qərarın icrası dayandırılmış, **********406400 saylı, 14 may 2019-cu il tarixli qərara əsasən isə, icrası dayandırılmış 03.08.2018-ci il tarixli və **********0 saylı qərar üzrə icraat təzələnmişdir. Əmlakın siyahıya alınması haqqında 23 may 2019-cu il tarixli, **********0 saylı protokoldan görünür ki, vergi ödəyicisi İddiaçı ASC-nin rəhbəri X1 iştirakı ilə vergi orqanın vəzifəli şəxsləri tərəfindən protokola 1 saylı əlavədə qeyd edilən iddiaçıya məxsus əmlakların siyahıya alınması həyata keçirilmiş, siyahıya alma zamanı vergi ödəyicisinin nümayəndəsi heç bir iradını bildirməmiş, vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 23 may 2019-cu il tarixli akta əsasən, siyahıya alınmış əmlaklar cəmiyyətin rəhbəri X3 təhvil verilmişdir. Vergi orqanı tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə öhdəliklərini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 23 may 2019cu il tarixli protokola 1 saylı əlavədən görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı ASCnin əmlakları aşağıdakı qaydada siyahıya alınmışdır: 1.İnzibati bina №3-192325,89 manat; Texniki peşə məktəbi №49-15440,49 manat; Material anbarı 2-3881,44 manat; 7-y Prolet Boruyayma sexi -178870,99 manat; Boru yayma sexinin binası-2.860654,13 manat; Boru yayma sexinin 3№li məişət binası-19752,21 manat; 4№li məişət binasının 12-li sahəsi- 71047,87 manat; Boru mufta emalı sexinin məişət binası-15665,45 manat; Boru mufta emalı sexi-452571,15 manat; Nəzarət ölçü cihazları laboratoriyası-4054,89 manat; Yanacaq sürtgü yağları anbarı-2617,60 manat; İnzibati bina və yeməkxana-49596,81 manat; QPP-1 binası-16611,15 manat; QPP-2 binası-16606,07 manat; Elektro sexdə el.təmir sahəsinin binası-13221,34 manat; Su təsərrüfatı işçilərinin emalatxanası-782,47 manat; Su və qaz təminatlı sexin binası-3 774.50 manat; Su və qaz təminatlı sexin məişət binası-5581,62 manat; Obyekt №-8 -22132,08 manat; Qaz paylayıcı №3 binası-672,40 manat; Qaz paylayıcı №2 binası-606,69 manat; Qaz paylayıcı №1 binası-537,98 manat; Kompresor stansiyası binası-12019,37 manat; Kompresor stansiyası binası-11651,16 manat; Tökmə sexi binası-319438,57 manat; Model anbarı-9818,57 manat; Tökmə sexinin məişət binası-10673,94 manat; Yarımstansiya binası-484,92 manat; Tökmə sexinin qəlib sahəsi-94780,52 manat; Mexaniki alət şöbəsinin binası-135167,75 manat; Mexaniki təmir şöbəsinin məişət binası-8636,98 manat; Mexaniki alət sexinin binası-87136,12 manat; Dəmirçi-qazanxana sahəsinin binası-16785,51 manat; Mexaniki avadanlıqlarının xidməti və təmir sexi-45204,65 manat; İnzibati-məişət binası-7945,85 manat; Dəmir yolu sexinin inzibati-məişət binası-22842,91 manat; Laboratoriya binası-19286,02 manat; Mexaniki emalatxana-2844,26 manat; Trolleybus dayanacağı-12939,29 manat; Taxta-şalban anbar binası-2419,80 manat; Təmir-tikinti sexinin binası-5956,08 manat; Şimal keçid binası- 467,27 manat; 150 maşın saxlanan dayanacağı-5612,86 manat; İş paltarlarının bərpa emalatxanası-6663,60 manat; Model sex binası-10203,06 manat;Baş.mex.şöbəsinin anbarı-7786,06 manat; 7№li körpələr evi binası-6663,47 manat; 29№li uşaq baxçası- 21001,48 manat; Yanacaqdoldurma məntəqəsi-3145,07 manat. Birinci instansiya məhkəməsi siyahıya almanın ləğv edilməsi hissəsində iddianı rədd edərkən mövqeyini onunla əsaslanmışdır ki, iddiaçı ərizəsində inzibati orqanın siyahıya alınma ardıcıllığını pozaraq, bilavasitə istehsalda iştirak edən əmlak-istehsal binalarının siyahıya alınması nəticəsində qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, borclu təşkilatın istehsal fəaliyyətinə mənfi təsir göstərdiyini bildirsə də, iddiaçı qanunvericilikdə qeyd edilən ardıcıllığa uyğun əmlaklar təqdim edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İnzibati orqan əmlakın siyahıya alınmasını Vergi Məcəlləsinin 89.6- cı maddəsinin müdəaları, o cümlədən, iddiaçının kassasında pul vəsaitləri, qiymətli kağızları, istehsal prosesində iştirak edən xammal və materiallar, istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər və hazır məhsul anbarında hazır məhsul qalığının olmadığı haqqında 29.05.2019-cu il tarixli AZB 01/73 a saylı arayış nəzərə alınmaqla həyata keçirilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 89-cu maddəsinə görə: 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; • bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); • hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Göründüyü kimi qanunvericiliyin sadalanan normalarına əsasən vergi öhdəliyinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakı siyahıya alına bilər. Hazırkı iş üzrə iddiaçı siyahıya alınmanın həyata keçirilməsi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirsə də, kollegiya qeyd edir ki, İddiaçı ASC tərəfindən Vergilər Nazirliyindən Milli Gəlirlər Departamentinə ünvanlanmış 29 may 2019-cu il tarixli, AZB01/73a saylı arayışdan görünür ki, 03.08.2018-ci il tarixli **********0 saylı “əmlakın siyahıya alınması” qərarının icrası ilə iddiaçı cavabdehə bildirmişdir ki, 29 may 2019-cu il tarixinə İddiaçı ASC-nin kassasında nəğd pul vəsaitləri, qiymətli kağızları, istehsal prosesində iştirak edən xammal və materiallar, istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər və hazır məhsul anbarında hazır məhsul qalığı yoxdur. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 29 may 2019-cu il tarixli, AZB01/70 saylı arayışda bildirilmişdir ki, 03.08.2018-ci il tarixli, **********0 saylı əmakın siyahıya alınması haqqında akt əsasında 29.05.2019-cu il tarixdə siyahıya alınmış əmlaklar İddiaçı ASC-nin balansındadır və Cəmiyyətə məxsusdur. Eləcə də, əmlakın siyahıya alınması haqqında 23 may 2019-cu il tarixli, **********0 saylı protokoldan göründüyü kimi, siyahıya alma zamanı vergi ödəyicisinin nümayəndəsi heç bir iradını bildirməmiş, siyahıya alınmış əmlakının iddiaçıya məsul saxlanmaya verilmişdir. Belə olduğu halda kollegiya hesab edir ki, cavabdehin hərəkətlərində qanun pozuntusu müşahidə olunmur. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin siyahıya alma ilə bağlı hərəkətləri iddiaçının hüquqlarını pozmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “03 avqust 2018-ci il tarixli **********0 saylı qərar əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilməsinə dair” iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğu üçün qanuni məhkəmə qərarının bu hissədə ləğvi üçün əsas ola bilməz. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2-1(118)-189/2020 saylı qərarı “03 avqust 2018-ci il tarixli **********0 saylı qərar əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş siyahıya almanın ləğv edilməsinə dair” iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar