Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-156/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 1 saylı regional ərazi filialına qarşı “ailə başçısını itirdiyinə görə atasının pensiyasının ona təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1069/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. iddiaçı xx.xx.1968-ci il tarixdə Ağdam rayonunun Qurdlar kəndində anadan olmuşdur. Onun 18 yaşı xx.xx.1986-cı il tarixdə tamam olmuşdur.
2. 08.05.2006-cı il tarixli, 093810 nömrəli və xx.xx.2019-cu il tarixli, 027737 nömrəli vəsiqələrə əsasən İddiaçı uşaqlıqdan 3-cü qrup əlil olduğu qeyd edilmişdir.
3. AZ-İİ 074638 saylı ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının atası X3 xx.xx.2016-cı il tarixdə ölmüşdür.
4. SSRİ Səhiyyə Nazirliyi Bakı şəhər TTYX-nin Ambulator, Stasionar Xəstəsinin 20 yanvar 1982-ci il tarixli Xəstəlik Tarixindən çıxarışa əsasən İddiaçı ambulatoriya üzrə xəstələnmə vaxtı xx.xx.1981-ci il qeyd edilmişdir.
5. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh 12 mart 2021-ci il tarixli **********5 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsin ailə başçısını itirməyə əmək pensiyası hüququ vardır. Ona əlillik dərəcəsi 18 yaşdan sonra təyin olunduğu üçün ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yoxdur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 yaşına qədər uşaqlıqdan əlil olduğuna görə ailə başçısını itirdiyinə görə atasının pensiyasının ona təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 13 yaşında uşaq olarkən 1981-ci il yanvar ayının 6-da çox ağır vəziyyətdə 4-cü dərəcəli yanıq xəsarəti almışdır. Bununla əlaqədar 1 il iki ay xəstəxanalarda arxası üstə hərəkətsiz yataq xəstəsi olmuşdur. Həkimlər sağalmasını mümkünsüz hesab etdiyindən Semaşko xəstəxanasının uşaq yanğın şöbəsində 4 dəfə əməliyyat edilmişdir (həyati əhəmiyyətli). Özündən dəri alınmaq və köçürülməsi ilə onu həyata qaytarıblar. Bundan sonra düz bu vaxta qədər onda ağır travmalar, dartqılar qalmaqdadır, əvvəllər gənc olduğundan bunlara orqanizmi tab gətirirdi. Lakin, indi yaşa dolduğundan ağrıları da çoxalıb, əlil olduğundan valideynləri 1982-ci ilin ortalarında ona əlillik pensiyası düzəltdilər (3-cü qrup). O tam şəkildə 1983-cü ildən indiyənə kimi 3-cü qrup əlillik pensiyası alır. Bir sözlə uşaqlıqdan əlillik pensiyası alır. Bunların hamısı pensiya işində və əlillik vəsiqəsində uşaqlıqdan sözü yazılıb. İddiaçı həmişə valideynlərinin himayəsi və qayğısında yaşamışdır. Rəhmətə gedənə qədər də onların aldıqları məvacib və pensiya ilə bir yerdə yaşayır və dolanırdı. Atası özü 40 ilə yaxın müddət təhlükəli, yüksək gərginlikli elektrik enerjisində çalışıb. Oradan da pensiyaya çıxmışdır. Anası 2006-cı ildə, atası isə 2016-cı ildə rəhmətə gediblər. Rəhmətə gedəndən sonra onun demək olar ki, sosial vəziyyəti acınacaqlı duruma düşmüşdür. Çünki indiki halında fiziki gücü yoxdur. Aldığı 3-cü qrup 110 manat puldur. Onun qayğılarını, təlabatını ödəmir. Ancaq qaz, işıq puluna çatır. 4 baş külfətdirlər. Əvvəllər yenə cavan olduğuna görə birtəhər çətin olsa da idarələrdə, təşkilatlarda işləyirdi. Kənddə üzümçülük sovxozunda, sonrada köçkün düşəndən sonra yaşadığı yerə yaxın ixtisas kənd tikinti idarəsində işləmişdir. 19 il rəsmi stajı var. İndi artıq yaşla, travmalarla əlaqədar ağrıları çox olduğundan işləyə bilmir. Demək olar ki, taqətdən düşmüşdür. Sinirləri normal deyil, yanıqdan qalma travmalar onu incidir. Buna görə yaddaş və ürək problemləri var. Onun əlilliyi 18 yaşına qədər-uşaqlıqdan yaranıb. Bu rəsmi sənədlərdə də öz əksini tapır. Semaşka xəstəxanasının 1982-ci ildə verdiyi tibbi arayış (Epikriz) var. Bunun əsasında əlillik işinin içində və Binəqədi, Abşeron rayonlarının verdiyi əlillik vəsiqələrinin içində uşaqlıqdan sözü xüsusilə yazılıb. xx.xx.2021-ci ildə Abşeron rayonunun DSMF-na bununla əlaqədar ailə başçısını itirdiyinə görə atasının pensiyasının onun pensiyası ilə əvəzlənməsi barədə ərizə ilə müraciət etmişdir. Poçt vasitəsilə xx.xx.2021-ci ildə ona gəlib çatan cavabında 1 saylı regional ərazi filialının direktor müavini Ramiz Gülməmmədov ona əlillik dərəcəsi 18 yaşdan sonra təyin olunduğuna görə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yoxdur- imtina cavab məktubunu yazmışdır. Bu nə dərəcədə qanunidir? Məgər onun əlillik işinin içində və əlillik vəsiqələrində uşaqlıqdan sözü elə-belə təsadüfdən yazılıb? Bunu o, hüquqlarının pozulması hesab edir. Hətta hər il tibbi komissiyadan 1987ci ilə kimi keçmişdir. 1987-ci ildən sonra birdəfəlik (ömürlük) təyin edilmişdir. Bəlkə o tarixə istinad edib imtina qərarı verilmişdir.
8. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsi ilə “18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil" övlad ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olünması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə görə “əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur”. Həmin qərarın 1.5-ci bəndinə əsasən “tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur”. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci 'bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxanda qeyd olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən göründüyü kimi, iddiaçıya yaşa görə müavinətin təyin edilməsi üçün onun səkkiz yaşınadək tərbiyə etdiyi uşağın əlil şəxs kimi sağlamlıq imkanlarının məhdudluqunun müəyyən edilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış mövcud olmalıdır. Lakin iddiaçı A.Abişovun iddia ərizəsindən göründüyü kimi ona 1987-ci ildən - on səkkiz yaşı tamam olduqdan sonra ömürlük əlillik müəyyən edilmişdir. Belə olan halda 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması istisna olunur. Bu səbəbdən də iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmadığından iddia təmin edilməməlidir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(118)-1069/2021 nömrəli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X8 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(118)- 1069/2021 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşi etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari
12. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun, “Dövlət Tibbi- Sosial Ekspertiza və X1”, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə və “Əlilliyin qiymətləndirilməsi” Qaydasının qeyd edilmiş müddəalarının təhlilindən görünür ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonar qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonar müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər- 1.anadangəlmə, 2.xəstəlikdən və ya 3.xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, social-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və ya fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, social-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonar müvafiq səlahiyyətli orqan tərəfindən qərar veriləbilər. çünki belə qiymətləndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və social uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestic məlumatlar əsasında obyektiv dəyərləndirir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, social uyğunlaşma (adaptasiya) imkanları, social yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Buna görə də bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi social ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin “anadangəlmə”, yaxud “uşaqlıq əlil” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab edilməsinə əsas vermir. Çünki bu halda, belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur.
13. İddiaçı məhkəməyə apellyasiya şikayətinə dair yazılı etiraz ünvanlayaraq və etirazı iddia ərizəsində göstərilən hallarla əsaslandıraraq cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; …
17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə 1. Əsas anlayışlar 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə Ümumi müddəalar 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur.
20. İnzibati Prosessual Məcəllə: Maddə 14. Sübutetmə vəzifəsi Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.
Apellyasiyanin mümkünlüyü, apellyasiya baxişinin hədləri
22. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
25. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsin ailə başçısını itirməyə əmək pensiyası hüququ vardır. Ona əlillik dərəcəsi 18 yaşdan sonra təyin olunduğu üçün ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yoxdur.
26. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyi ilə bağlı məlumatların tam olmaması inzibati orqanların məsuliyyətidir və mövcud məlumatlar İddiaçı yanıq xəsarəti aldığı tarixdən əlil olmasını və bu halın iddiaçının 18 yaşına çatana kimi müəyyən olunmasını istisna etmir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya 18 yaşına çatana kimi əlilliyin müəyyən edilməməsi faktını sübut etmək cavabdehin üzərinə düşür.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:
28. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə görə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdir. Beləliklə, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş şərtin mövcudluğu tələb olunur.
29. Hazırkı qərarın 17-19-cu bəndlərində qeyd olunan normaların təhlilindən görünür ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətdəndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi tibbi sənədlərdə və əlilliyə dair vəsiqələrin surətlərində, habelə tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "uşaqlıqdan" sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur.
31. İşə apellyasiya qaydasında baxılarkən dövlət arxivinə, cavabdehə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğular verilərək İddiaçı 1982ci ildə üçüncü qrup əlillik təyin edilməsi ilə bağlı sənədlərin olub-olmaması, əlilliyin iddiaçıya ilkin olaraq nə vaxt təyin edilməsi barədə məlumat verilməsi və bununla bağlı mövcud digər sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğulara verilmiş cavablarda müvafiq sənədlərin arxivdə mövcud olmadığı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda isə İddiaçı xx.xx.1989-cu il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin olunduğu, İddiaçı 1982-ci il tarixində üçüncü dərəcə əlilliyin təyin olunub-olunmaması barədə məlumat aşkar edilmədiyi bildirilmişdir.
32. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə əslinə baxış keçirilərək iş materiallarına əlavə edilmiş iddiaçıya aid “müavinət alanın şəxsi işi”nin materillarından (müavinət işinin içində olan iddiaçıya aid 13202 saylı pensiya işinin 16-18-ci vərəqləri) görünür ki, iddiaçının şəhadətləndirilməsinə dair TSEK-in aktından 012507 nömrəli çıxarış (arayış) ilə onun uşaqlıqdan 3-cü qrup əlilliyi xx.xx.1987-ci il tarixdə, yəni 18 yaşı tamam olduqdan sonra müəyyən edilmiş, növbəti müayinənin tarixi xx.xx.1988-ci il müəyyən edilmişdir. İddiaçı daha sonra xx.xx.1988-ci ildə təkrar müayinə edilmiş və yenidən 3-cü qrup əlillik müəyyən edilərək növbəti müayinənin tarixi xx.xx.1989-cu il qeyd edilmişdir (041722 saylı arayış). Nəhayət, 046972№-li arayışla müəyyən olunur ki, iddiaçı xx.xx.1989-cu il tarixdə təkrarən şəhadətləndirilmiş və ona daimi uşaqlıqdan 3-cü qrup əlillik təyin edilmişdir (diaqnoz: termiki yanıqdan sonrakı döş qəfəsinin ön divarında, qarında, boyun və çiyində kobud qalıqlar, boyun fəqərəsində hərəkətin çətinləşməsi).
33. Kollegiya qeyd edir ki, iddiaçı surətini iddia ərizəsinə əlavə etdiyi, əslini isə məhkəmə kollegiyasına təqdim etdiyi və iş materiallarına əlavə edilmiş xx.xx.1982-ci il tarixli “xəstəlik tarixindən çıxarış”a, xx.xx.1988-ci il tarixli “xəstəlik tarixindən çıxarış”a və xx.xx.1988-ci il tarixli “xəstəlik tarixindən çıxarış”a istinad etməklə onun əlillik dərəcəsinin əslində daha əvvəllər, yəni 18 yaşına çatanadək müəyyən edildiyini bildirsə də, həmin sənədlər onun əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı deyil, xəstəliyi və aldığı müalicələr ilə bağlıdır. Bununla belə, iddaçı apellyasiya şikayətinə etirazda göstərdiyi həmin dəlillə əlaqədar məhkəmə kollegiyası tərəfindən cavabdeh inzabati orqana məhkəmə iclasında iştirak edən nümayəndə vasitəsi ilə iddiaçının 18 yaşı tamam olanadək onun mərhum atasına və ya anasına onun əlilliyi ilə əlaqədar müavinətin verilibverilməməsi ilə bağlı şifahi sorğular edilmiş, cavabdehin nümayəndəsinin təqdim etdiyi cavablarda iddiaçının mərhum valideyinlərinə hər hansı növ müavinət təyin edilməsi barədə məlumat aşkar edilmədiyi göstərilmişdir.
34. Azərbaycan Respublikası Konstitusiyada təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə özü həmin qiymətləndirməni inzibati orqanın əvəzinə apara bilməz. Məhkəmə yalnız həmin qiymətləndirməni aparmış inzibati orqanın gəldiyi nəticənin qanuniliyini və əsaslılığını diskresion səlahiyyətlərin həyata keçirilməsinin yoxlanılması qaydasında qiymətləndirə bilər. Beləliklə, hazırkı qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz. Hazırkı iş üzrə iddiaçının da əlilliyi 18 yaşından sonra müəyyən edildiyindən yuxarıda qeyd olunan normaların məzmunu ona da şamil edilməlidir.
35. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
36. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçıya ailə başçısını itirdiyinə görə atasının pensiyasının ona təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi rədd edilməlidir
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1069/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.