Məhkəmə qərarları › İş №2-1(105)-156/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-156/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-156/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2189/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.1-ci, 22-1.2-ci və 22-1.2.1-ci maddələrinə əsasən xx.xx.2021-ci il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək “Əmək pensiyaları haqqında" Qanunun 22- 1.3-cü maddəsinə müvafiq olaraq onun 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı 25 ildən artıq, yəni 31 il 2 ay 15 gün olduğundan arzusuna əsasən həmin tarixədək faktiki sığorta stajı nəzərə alınmaqla, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan 23 noyabr 2021-ci il tarixli, **********8 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2021-ci il tarixində avtomatlaşdırılmış qaydada 243,78 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22.1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qeyd olunan maddələrin tələblərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi 17 il 3 ay 2 gün sosial sığorta stajına (Qanunun 22.1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinə kimi iddiaçıya 25 il sığorta stajı hesablanmışdır) və xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranan tarixədək (xx.xx.2021-ci il) fərdi heabının sığorta hissəsində qeydə alınan 16053,32 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmış və pensiya məbləği dəyişməmişdir. Təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Zəngilan rayon İstehlak Cəmiyyətindəki fəaliyyət dövrü xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixinə kimi AR ƏƏSMN-nin X1 Sisteminin Pensiya altsistemində məcburi dövlət sosial sığorta haqları qeydə alınmadığı üçün qeyd edilən dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən bildirir ki, iddiaçının yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin olunmuş əmək pensiyasının bütün əmək stajı nəzərə alınmaqla yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin düzgün indeksləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1974-cü il tarixdən başlamış, 1 il 2 ay 15 gün işlədikdən sonra, 1975-ci ilin noyabr ayında hərbi xidmətə getmiş, 2 il hərbi xidmət müddətindən sonra 1977-ci ilin dekabr ayında yenidən əmək fəaliyyətinə davam etmiş və xx.xx.2021-ci il tarixdə qanunla tələb olunan əmək pensiyası yaşına çatdığına görə işdən azad edilmişdir. Qeyd edir ki, işlədiyi müddət ərzində xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək müddətdə 20 gün və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 3 ay 18 gün müddətində olmaqla ümumilikdə 4 ay 7 gün əmək fəaliyyəti ilə məşğul olmamışdır. Belə ki, 2006-cı ilin yanvar ayının 1-dək olan dövr üçün ona 25 il staj hesablanması ilə razı deyil. Onun həmin dövr ərzində 31 il 2 ay 15 gün əmək stajı olmuşdur. Cavabdehin imtina məktubunda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında" Qanunun 22-1.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxlsərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 və 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. O, belə bir arzunu ifadə etməmiş və onun fikri nəzərə alınmadan əmək stajı 25 il hesablanmışdır. O, həmin dövr üçün faktiki olaraq 31 il 2 ay 15 gün staj müddətinin hesablanmasını tələb edir. Həmçinin, sosial sığorta haqlarının köçürülməməsi iddiaçının səhvi və ya vəzifəsi deyildir. O, həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur, bu onun əmək kitabçası ilə təsdiq olunur. Sözügedən Qanunun 29-cu maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Hesab edir ki, cavabdeh onun fəaliyyət dövrünü hissələrlə bölməklə düzgün indeksləşdirməmiş, yuxarıda qeyd etdiyi dövrlər də nəzərə alınarsa, onun üçün müəyyən edilmiş pensiya kapitalı kifayət qədər azdır. Ona görə də hesab edir ki, əmək stajı düzgün hesablanmaqla və əmək pensiyasının sığorta hissəsi düzgün indeksləşdirilməklə yenidən hesablanmalıdır. Yuxarıda qeyd etdiyi səbəblərdən təyin olunmuş pensiya məbləği ilə razı deyil və hesab edir ki, əmək pensiyası yenidən hesablanmalıdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Zəngilan rayon İstehlak Cəmiyyətində işlədiyini iddia edir və həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı dondurulmuş əmək haqqı verilməsini iddia edir, lakin xx.xx.2006-xx.xx.2008-ci illər ərzində onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Sözügedən müəssisənin xx.xx.1992-xx.xx.2008-ci illər ərzində sığortaedən kimi DSMF-də qeydiyyata alınmasına dair hər hansı məlumat əldə edilməmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********872300 nömrəli məktubunda “Zəngilan rayon İstehlak Cəmiyyəti” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə hər hansı məlumatın mövcud olmaması qeyd edilmişdir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyasının hesablanması qanunamüvafiq deyildir. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-4480/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2189/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında verilən suallara cavab olaraq xx.xx.1992-ci il tarixdə xx.xx.2008-ci il tarixə kimi Zəngilan Rayon İstehlak Cəmiyyətində işlədiyi dövrlərdə əmək haqqı almadığını bildirmişdir. Qeyd edir ki, o, belə bir ifadə işlətməmiş, bildirmişdir ki, xx.xx.1992-ci il tarixdə Zəngilan rayonu işğal olunan xx.xx.1992ci il tarixədək həmin rayonun özündə fəaliyyət göstərərək rəsmi əmək haqqı almışdır. Məlum olduğu kimi müəssisələr tərəfindən vergi və digər ödənişlər, əmək haqqı cədvəlləri müvafiq qurumlara 5 ildən bir göndərilir. Həmin vaxt müharibə ərəfəsində olduğu üçün sənədlər, hesabatlar aidiyyatı üzrə göndərilə bilməmişdir. Müharibədən sonrakı ərəfədə yəni, xx.xx.2008-ci il tarixədək isə iddiaçı əmək haqqını bir növ natura formasında almışdır. Belə ki, məcburi köçkünlərin kompakt məskunlaşdığı yerdə ona kiçik "çörək" köşkü həvalə edilmiş və işlədiyi müəssisə tərəfindən əmək haqqını həmin köşkdən gələn gəlirlərin hesabına almışdır. Ümumilikdə, əmək stajının nəzərə alınması üçün əsas sənəd əmək kitabçası hesab edilir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq qeyd etdi ki, 1994-cü il tarixədək Zəngilan rayonunda işləmiş, rayon işğal olunduqdan sonra isə Azərittifaq İstehlak Cəmiyyətində çörək dükanı işlətmişdir. İşlədiyi müddət ərzində ona əmək haqqı satılan mallardan əldə olunan gəlirdən verilirdi. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. (-) Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. (-) 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşdən görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında" Qanunun 22-1.1-ci, 22-1.2ci və 22-1.2.1-ci maddələrinə əsasən xx.xx.2021-ci il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya “Əmək pensiyaları haqqında" Qanunun 22-1.3-cü maddəsinə müvafiq olaraq 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası təşkil edir. İddiaçı tələbində bütün əmək stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hüquqi marağı və tələbi “Əmək pensiyaları haqqında" Qanunun 22-1.3-cü maddəsinə müvafiq olaraq onun arzusuna əsasən 2006-cı il yanvarın 1-dək 25 ildən artıq faktiki sığorta stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədədir. Cavabdehin imtinasının əsası iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Zəngilan rayon İstehlak Cəmiyyətindəki fəaliyyət dövrünün xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixinə kimi AR ƏƏSMN-nin X1 Sisteminin Pensiya altsistemində məcburi dövlət sosial sığorta haqları qeydə alınmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməməsidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, Zəngilan rayon İstehlak Cəmiyyəti adlı hüquqi şəxsin dövlət reyestrində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Sığortaolunanın hesabından xx.xx.2006-xx.xx.2008-ci illər ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınması müəyyən edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qeyd edilən dövrləri nəzərə almaması, pensiyanın yenidən hesablanaraq indeksasiya olunması tələbindən imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanununun yuxarıda qeyd edilən 22-1.1-ci, 22-1.2.1-ci maddəsinin tələblərindən görünür ki, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Normanın tələbindən göründüyü kimi 2019-cu il yanvarın 1-dən etibarən təyin edilmiş əmək pensiyalarına münasibətdə sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 ildən az olduğu halda belə 25 il nəzərə alınır. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya münasibətdə də həmin normanın tələblərinə uyğun olaraq güzəştli sosial təminat hüququ təmin edilərək cavabdeh tərəfindən ona xx.xx.2006-cı il tarixinə kimi 25 il sığorta stajı hesablanmaqla xx.xx.2021-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş, eləcə də xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranan tarixədək (xx.xx.2021-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı isə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində həmin Qanunun 22-1.3cü maddəsinə istinad edərək əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1dək faktiki sığorta stajı 25 ildən çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajının nəzərə alınmalı olduğunu, onun da xx.xx.1974-cü il tarixindən xx.xx.2006-cı il tarixədək Zəngilan rayon İstehlak Cəmiyyətində işlədiyini, bununla da həmin tarixədək faktiki sığorta stajının 25 ildən çox, yəni 31 il 2 ay 15 gün olduğunu, lakin cavabdeh tərəfindən onun belə bir istəyinin nəzərə alınmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı işin faktiki halları ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci tarixdən xx.xx.2008-ci il tarixədək Zəngilan rayon İstehlak Cəmiyyətində (РАЙПО) işlədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırda araşdırılmalı olan məsələ iddiaçının 01 yanvar 2006-cı il tarixədək iddia etdiyi kimi, 25 ildən artıq faktiki sığorta stajına malik olubolmamasıdır. Bununla bağlı məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Zəngilan rayon İstehlak Cəmiyyətinin sədri X5 ifadəsində bildirmişdir ki, Zəngilan rayonundan məcburi köçkün düşənə qədər Zəngilan rayon İstehlak Cəmiyyətində (РАЙПО) kadrlar üzrə sədr müavini işləmiş, məcburi köçkün kimi gəldikdən sonra isə 1993-cü il tarixdən Bakı şəhəri, Maştağa rayonu ərazisində yerləşən РАЙПО–ya sədr təyin edilmişdir. Həmin ildən Zəngilan rayon İstehlak Cəmiyyətinin (РАЙПО) fəaliyyəti dayandırılmış, hətta “Azərittifaq” adlı qurum tərəfindən 1993-cü ildən Zəngilan rayon İstehlak Cəmiyyətinin fəaliyyətinin dayandırılması və işçilərinin əmək haqqı ödənilməməklə, sərəncamda saxlanılması barədə müvafiq əmr verilmişdir. Cəmiyyət 1993-cü ildən fəaliyyətini dayandırsa da, işçiləri işdən azad edilməmişdir. Belə ki, onların əmək müqaviləsində işdən azad edildikləri tarix əmək kitabçasını əldə etmək üçün məhz müəssisəyə gəldikləri tarixdir. Şahidin ifadəsindən məlum olur ki, cəmiyyət Zəngilan rayonu işğal olunduğu 1993-cü il tarixdən fəaliyyətini dayandırmış, cəmiyyətin işçilərinə əmək haqqı ödənilməmiş, sadəcə heç kim həmin vaxt işdən çıxarılmamış, iddiaçı da daxil olmaqla, cəmiyyətin işçilərinin əmək kitabçasında onların işdən azad edilmə tarixi olaraq sonuncuların əmək kitabçalarını əldə etmək üçün müraciət etdikləri tarix yazılmışdır. Eləcə də, Zəngilan rayon İcra Hakimiyyətinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq 06 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Zəngilan rayon İstehlak Cəmiyyətinin fəaliyyəti işğalla bağlı dayandırılmış, lakin ləğv olunmamışdır. Zəngilan rayon İstehlak Cəmiyyəti (PAYPO) “Azərittifaq” adlı quruma daxildir, onun tabeçiliyində təsərrüfathesablı müəssisədir. Həmin müəssisə isə dövlət qeydiyyatına alınmışdır və halhazırda fəaliyyət göstərir. Həmçinin, kollegiyanın sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin 03 mart 2023-cü il tarixli məktubunda Zəngilan rayon İstehlak Cəmiyyəti barədə ƏMDX-də hər hansı məlumat olmadığı bildirilmişdir. Digər tərəfdən kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən sonra əgər iddiaçı həqiqətən də, bildirdiyi kimi xx.xx.2008-ci il tarixədək Zəngilan rayon İstehlak Cəmiyyətində işləmişdirsə, onun həmin müəssisədəki sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsində sosial sığorta stajının anlayışı verilmişdir. Həmin maddəyə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 21.2-ci və 21.2.1-ci maddələrində qeyd edilir ki, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.6-cı maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İstinad olunan normalardan göründüyü kimi qanunverici xx.xx.2006-cı il tarixdən etibarən sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğunu təsbit etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının xx.xx.2006-xx.xx.2008-ci illər ərzində fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını qeyd etmişdir. Belə ki, iş materiallarında olan iddiaçıya münasibətdə sığortaolunanın hesabından görünür ki, o, ilk dəfə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin SOCAR Ekologiya İdarəsində əmək fəaliyyətinə başlayarkən sığortaedən kimi Dövlət Sosial Müdafiə Fondunda uçota alınmış və 2008-ci ilin mart ayından başlayaraq məcburi dövlət sosial sığorta haqları ödəmişdir. Həmçinin, şahid də ifadəsində əlavə olaraq cəmiyyətin işçilərinə əmək haqqı ödənilmədiyini, nə onun tərəfindən cəmiyyətin sədri kimi, nə də işçilər tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyini bildirmişdir. Bununla da müəyyən edilir ki, iddiaçının xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2008ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilməmiş, ümumiyyətlə, iddiaçı işəgötürən Zəngilan rayon İstehlak Cəmiyyəti tərəfindən sığorta olunan kimi qeydə alınmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı həm şahid ifadəsindən, həm kollegiyanın sorğusuna cavab olaraq verilən sənəddən, eləcə də iş materiallarından göründüyü kimi Zəngilan rayon İstehlak Cəmiyyətinin fəaliyyəti həmin rayonun işğalı ilə əlaqədar 1993-cü ildən dayandırılmış, yəni həmin tarixdən sonra sözügedən müəssisə fəaliyyətdə olmamış, eləcə də, xx.xx.2006-cı il tarixdən etibarən müəssisənin işçisi olaraq iddiaçının əmək haqqından sığorta ödəmələri tutulmamışdır. Bu baxımdan, kollegiya qeyd edir ki, iddiaçının həmin müəssisədə xx.xx.1974-cü il tarixindən əmək fəaliyyətinə başlayaraq, xx.xx.1975-ci il tarixədək və xx.xx.1977-ci tarixdən müəssisənin fəaliyyətinin dayandırıldığı 1993-cü il tarixədək işlədiyi nəzərə alınarsa, onun 1993-cü il tarixədək ümumilikdə, 15 il 13 ay 22 gün, yəni 25 ildən az faktiki sığorta stajı vardır. Həmçinin, 1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək iddiaçının hər hansı digər müəssisə və ya orqanda işlədiyi müəyyən edilmədiyindən onun həmin tarixədək 25 ildən artıq faktiki sığorta stajına malik olmadığı müəyyən edilir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh iddiaçıya Əmək pensiyaları haqqında" Qanunun 22-1.1-ci, 22-1.2-ci və 22-1.2.1-ci maddələrinə əsasən 25 il sığorta stajı nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edərkən haqlı olmuşdur. Hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, işin qeyd olunan xüsusatlarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2189/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar