Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-156/2025 06.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2- 1(118)-2722/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı məxsus SX № ******* saylı hərbi biletdən görünür ki, 14-cü qrafada “N saylı hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən Füzuli–Cəbrayıl–Şuşa istiqamətində olan döyüşlərdə, radiotelefonçu vəzifəsində iştirak etmişdir” qeyd edilmişdir. Eyni zamanda “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarla təltif olunmuşdur. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinin icrasından imtina etmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı eyni iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə e-2-1(112)-15430/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə aidiyyətinə əməl edilmədiyinə görə iddianı mümkün saymamış, iddia tələbini, cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyini göstərməklə yaşayış yeri üzrə Sumqayıt İnzibati Məhkəməsinə iddia tələbi ilə iddiaçının müraciət etməli olduğunu göstərmişdir (QƏRARDAD ərizəyə əlavə olunur). İddiaçı İİ Qarabağ müharibəsində iştirak etmişdir. Dəfələrlə etdiyi müraciətlərinə müxtəlif bəhanələr gətirməklə, iddiaçıya “müharibə veteranı” statusu verilmir. Nazirliyin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına etdiyi müraciətə verilmiş xx.xx.2022-ci il tarixli 4/310520 saylı cavab məktubunda komissiyanın tələb etdiyi sənədləri komissiyaya göndərmişdir. Eyni zamanda bildirmişdir ki, N saylı hərbi hissənin komandiri cənab Firdovsi Bəyov, iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədləri Sizin rəhbərlik etdiyiniz komissiyaya göndərəcəyi barədə iddiaçıya xx.xx.2022-ci il tarixli 2576 saylı cavab məktubu yazmışdır. MN-nin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin Hərbi rütbələr və təltiflər şöbəsinin rəisi Günel xanım Abbasova iddiaçıya yazdığı xx.xx.2022-ci il tarixli 1/VƏM/D-1273 saylı məktubda “müharibə veteranı” adının verilməsi üçün, “onların xidmət etdikləri hərbi hissə komandirləri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırdıqları və yuxarı qərargahlarda müsbət qərar qəbul edilmiş təltif sənədləri əsasında baxılır” ifadəsi yazılmışdır. Artıq hamıya məlumdur ki, iddiaçı hazırda hərbi qulluqçu deyil və bu qayda iddiaçıya şamil edilə bilməz. Bundan əlavə, Komissiyanın katibi cənab Elbrus Mehdixanov N saylı hərbi hissənin komandirinə iddiaçıya münasibətdə zəruri sənədlərin (nizami hissə üzrə əmrlərdən çıxarışları, arayış-məlumatı və s.) qısa müddətdə Komissiyaya təqdim edilməsi üçün xx.xx.2022- ci il tarixli 4/3-12755 saylı sorğu məktubu vermişdir. Lakin, iddiaçının haqlı tələblərinin təmin olunması üçün qərar qəbul olunmamışdır. b) İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2-1(118)-2722/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. (Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı iddianın təmin edilməsi iə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Fərmandan da görünür ki, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etməlidir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. b) İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etməklə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasının "İnzibati icraat haqqında" Qanunn 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə iddiaçı tərəfin təqdim etdiyi sübutları təkzib edən sübutlar təqdim etməlidir. Cavabdeh Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmənin son iki iclasında iştirak etməmiş, sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə" medallarının əsasnamələrinin 1-ci Təltif edilən şəxslər maddələrində göstərilir ki, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medalları ilə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Həmin Əsasnamələrin 2-ci təltif edən orqan maddələrində isə "Cəbrayılın azad olunmasına görə” "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə' Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə (yəni ölkə Prezidenti tərəfindən) uyğun olaraq təltif edilirlər. "Veteranlar haqqında" AR Qanunun 3-cü maddəsinə əsasən AR ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Yuxarıda göstərildiyi kimi, ölkə Prezidenti - Ali Baş Komandanın iddiaçının 3 medalla təltif edilməsi Sərəncamları, həmin medalların statusu, hərbi biletindəki qeydlər iddiaçının ölkəmizin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını tam təsdiq edir. Heç mübahisə yoxdur ki, qeyd olunmuş təltiflər üçün təqdimatlar da. iddiaçının hərbi biletində aparılmış müvafiq qeydlər də inzibati orqan-cavabdeh təşkilat - Müdafiə Nazirliyinin tabeliyində olan müvafiq bölmə, müəssisə və təşkilatları tərəfindən həyata keçirilmişdir. Bu faktların mötəbərliyini yoxlamaq "İnzibati icraat haqqında" Qanunun 19-cu maddəsinə əsasən cavabdeh - Müdafiə Nazirliyinin vəzifəsi olaraq müəyyən edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçınən vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi və apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə": 1-ci bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 2-ci bəndinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. Belə ki, işə baxan məhkəmə iddiaçının iddiasını təmin edərkən onun hərbi biletinə istinad edərək medallarla təltif olunmasına istinad etmişdir. Apellyasiya şikayətinin dəlilinə görə, iddiaçının medalla təltif olunması ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas sayıla bilməz. Lakin məhkəmə araşdırması zamanı iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar məhkəmə tərəfindən müəyyən edilərək tədqiq edilmişdir. Belə ki, iddiaçıya məxsus SX № ******* saylı hərbi biletdən görünür ki, o, xx.xx.2020ci il tarixdə həqiqi hərbi xidmətə çağırılaraq, hərbi hissəyə göndərilmiş, həmçinin xx.xx.2022-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin 14-cü qrafada “N saylı hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən Füzuli–Cəbrayıl–Şuşa istiqamətində olan döyüşlərdə, radiotelefonçu vəzifəsində iştirak etmişdir ” qeyd edilmişdir. Eyni zamanda 17-ci qrafada “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarla təltif olunması öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə ilə də müəyyən olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıya məxsus SX № ******* saylı hərbi biletin 7-ci səhifəsində iddiaçının xx.xx.2020-ci il tarixdən Vətən müharibəsində iştirak etməsi barədə qeydlər icra edilmişdir. Həmin qeydlər hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus SX № ******* saylı hərbi biletlə onun İİ qarabağ müharibəsində iştirak etməsi (iddiaçının 3 medalla təltif edilməsi, həmin medalların statusu, hərbi biletindəki qeydlər və s.) öz təsdiqini tapır. İddiaçının “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallar ilə təltif olunmasına istinada gəldikdə, cavabdeh nəzərə almalıdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”medalları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının məzmununa görə, sözügedən medallarla məhz Azərbaycan Respublikasının Xocavənd, Cəbrayıl, Şuşa rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular təltif edilmişlər. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi həmin Sərəncamların məzmunu ilə təsdiq edilir. Apellyasiya şikayətinin bir dəlili də ondan ibarətdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu və 10-cu yarımbəndlərində (yeni redaksiyada: onuncu və on birinci abzaslarında) nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Şikayətin həmin dəlilinə münasibətə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil də birinci instansiya məhkəməsinin qərarının ləğvinə və iddianın rədd edilməsinə əsas vermir. Belə ki, cavabdehin istinad etdiyi həmin müddəanın məzmunundan göründüyü kimi, həmin müddəa “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə münasibətdə müəyyən etdikləri siyahıların razılaşdırılmasını nəzərdə tutur, lakin Əsasnamənin 1-ci hissəsinin həmin abzaslarında təsbit olunmuş şəxslərə müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin verilməsi, hər bir halda Müdafiə Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının "İnzibati icraat haqqında" Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki işdə iddiaçı iddianın təmin edilməsi iə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Odur ki, kollegiya sadalanan qanunvericilik aktlarını təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunan normalara əsasən cavabdeh orqan tərəfindən iddiaçıya veteran statusunun və bununla bağlı vəsiqənin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, e-2-1(118)-2722/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-156/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-156/2025
06.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver