Məhkəmə qərarları › İş №2-1(105)-158/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-158/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-158/2021 04.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə qarşı “onun yenidən tibbi müayinədən keçilərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 568/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı xx xxxxxxxx 1998-ci ildə Xaçmaz şəhərində anadan olmuş və 16 yaşı tamam olanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. 25 aprel 2017-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-həkim komissiyasının rəyinə əsasən “Alementar piylənmə, 4-cü dərəcə (boy 179/çəki 140 kq)” diaqnozu qoyulmuş və o dinc və müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Lakin, bundan sonra o uzun müddət idmanla məşğul olmuş və çəkisi 92 kq düşdüyündən 2019-cu ilin sentyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə müraciət edərək onu yenidən müddətli həqiqi hərbi xidmətə göndərmələrini xahiş etmişdir. Bundan sonra Xaçmaz rayon şöbəsinin göndərişinə əsasən o yenidən yoxlanılmaq üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına göndərilmiş, onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda və Akademik C.M.Abdullayev adına X1 yoxlandıqdan sonra, tam sağlam olduğu barədə rəy verilmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilmişdir. Lakin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi 25 dekabr 2019-cu il tarixli 1396 saylı məktubu ilə onu yenidən tibbi müayinədən keçirərək müddətli həqiqi hərbi xidmətə göndərilməyi barədə ərizəsini təmin etməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi imtina məktubu verməklə onun hüquqları kobud şəkildə pozulmuşdur. Çünki, o, halhazırda tam sağlamdır və müddətli həqiqi hərbi xidmətə tam yararlıdır. Bundan əlavə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin imtina məktubunda istinad etdiyi "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda və digər normativ-hüquqi aktlarda müəyyən edilmişdir ki, sağlam şəxslərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi məcburidir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu səbəbdən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verən şəxs olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, iddianın inzibati icraat çərçivəsində baxılmalı olub-olmaması və İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş digər şərtlər yoxlanılmalıdır. Müəyyən olunmuşdur ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı 2017-ci ilin aprel çağırışına hazırlıq məqsədilə, 07.02.2017-ci il tarixdə 36 nömrəli göndərişlə M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndəriş verilmiş, müayinənin nəticəsinə əsasən, “Alimentar piylənmə İV (dörd) dərəcə” (boyu 176 sm, çəki 146 kq) diaqnozu qoyulmuşdur. Rayon çağırış komissiyasının qərarı ilə “dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Xidmətin Mərkəzi hərbi həkim komissiyasının 25.04.2017-ci il tarixli 13a/4 nömrəli protokolu ilə, Xidmətin Xaçmaz rayon çağırış komissiyasının 13.04.2017-ci il tarixli 5-32/161 nömrəli qərarı ləğv edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “a” bəndinin İ qrafasına əsasən, “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilmişdir. Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən vətəndaşa 30.05.2017-ci il tarixdə SX ******* nömrəli hərbi bilet verilmişdir. İddiaçı müraciəti əsasında, 02.10.2019-cu il tarixdə 850 nömrəli göndərişlə Akademik C.M.Abdullayev adına X2 müayinəyə göndərilmiş və “ürək-damar sistemində patologiya aşkarlanmadı” (10.10.2019- cu il N-7/9-4674) diaqnozu qoyulmuş, 14.10.2019-cu il tarixdə 1373 nömrəli göndərişlə M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müayinəyə göndərilmiş və “Alimentar piylənmə İ (birinci) dərəcə” (16.10.2019-cu il N-8498) diaqnozu qoyulmuş və 15.11.2019-cu il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müayinə göndərilmiş və “Pəncələrin birinci dərəcəli yastı pəncəliyi funksiyanın pozulması təyin olunmur” (04.12.2019-cu il tarixli N-8541) diaqnozu qoyulmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Qanunvericiliyin tələbinə uyğun olaraq “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun təkrar tibbi müayinədən keçirilməsindən imtina olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-568/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25.04.2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-həkim komissiyasının rəyinə əsasən qoyulmuş diaqnoza əsasən hərbi xidmətə həm “müharibə”, həm də “dinc” dövrdə yararsız hesab edildiyi vaxtdan sonra uzun müddət idmanla məşğul olmuş və çəkisi 92 kq düşmüşdür. 2019-cu ilin sentyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə müraciət edərək onu yenidən müddətli həqiqi hərbi xidmətə göndərmələrini xahiş etmişdir. Bundan sonra Xaçmaz rayon şöbəsinin göndərişinə əsasən o yenidən yoxlanılmaq üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında göndərilmiş, onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda və Akademik C.M.Abdullayev adına X1 yoxlandıqdan sonra, tam sağlam olduğu barədə rəy verilmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilmişdir. Lakin cavabdeh onu yenidən tibbi müayinədən keçirərək müddətli həqiqi hərbi xidmətə göndərilməyi barədə ərizəsini təmin etməmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X7 məhkəmə kollegiyasına iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı yenidən tibbi müayinədən keçirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 izahatında bildirmişdir ki, cavabdeh orqan iddiaçının yenidən tibbi müayinədən keçirilməsinə etiraz etmir. Qanunvericilikdə yenidən tibbi müayinədən keçməklə bağlı müddəalar olmadığından, iddiaçının yenidən tibbi müayinədən keçirilməsi məhkəmə qərarı ilə mümkündür. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilməklə apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı yenidən tibbi müayinədən keçirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, AR İPM-in 13cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək, inzibati orqanın imtinasını əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0-2.0.1 və 2.0.8-ci maddələrinə əsasən, hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. Çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Həmin Qanunun 12.2 və 12.2.1-ci maddələrinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları həqiqi hərbi xidmətlərə çağırılırlar. “Hərbi-Həkim Ekspertizası haqqında” Əsasnaməsinin 2.1-ci bəndinə əsasən, ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Hazırkı işin hallarından görünür ki, Xalıq X5 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-həkim komissiyası tərəfindən 25.04.2017-ci il tarixdə şəhadətləndirilmiş və “Alementar piylənmə, İV dərəcə” diaqnozu ilə “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. Həmin qərar əsasında hərbi qeydiyyatda olduğu cavabdeh inzibati orqan iddiaçının hərbi biletində və qeydiyyat kartasında müvafiq qeydlər aparmış, iddiaçı hərbi vəzifəli olmayan vətəndaşlar kateqoriyasına daxil edilmişdir. Hazırda iddiaçı hesab edir ki, o, çəkisinin artıq olması ilə əlaqədar olaraq hərbi xidmətə yararsız hesab edilsə də, hal-hazırda çəkisi aşağı düşməklə sağlamlıq vəziyyəti normaldır. 2019-cu ilin sentyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin göndərişinə əsasən yenidən müayinə olunmuşdur. İş materiallarında olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 16.10.2019-cu il tarixli, 8498 №-li sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, iddiaçının çəkisi 92 kq olmuş və normativə uyğun olmuşdur. Diaqnoz isə “Alimentar piylənmə İ (birinci) dərəcə” göstərilmişdir. Qeyd olunanlara əsasən iddiaçı, hazırda təkrar hərbi həkim komissiyasından keçərək, həqiqi hərbi xidmət keçmək istəyir. Cavabdeh inzibati orqan isə hesab edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun, 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Qanunvericiliyin tələbinə uyğun olaraq “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də, onun təkrar tibbi müayinədən keçirilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin qanunvericilikdə “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış vətəndaşların təkrar tibbi müayinədən keçirilməsinin nəzərdə tutulmaması ilə bağlı dəlili ilə bağlı aşağıdakıları qeyd edir: İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “Hərbi-Həkim Ekspertizası haqqında” Əsasnamənin 6-cı bəndində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsi ilə bağlı müddəalar əks olunmuşdur. Əsasnamənin 6.3-cü bəndinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. İstinad olunan normadan göründüyü kimi qanunverici hərbi xidmətə yararsız hesab edilərək ehtiyata keçirilmiş şəxslərin diaqnozu dəyişildiyi və ya sağlam hesab edildiyi halda təkrar şəhadətləndirilməsinin mümkün olduğunu təsbit etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış ehtiyata keçirilmiş vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi mümkün olduğu halda, tibb müəssisələrində müayinəsi nəticəsində onda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyindən və sağlam hesab edildiyindən iddiaçı da yenidən tibbi müayinədən keçə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-568/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı yenidən tibbi müayinədən keçirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-568/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı yenidən tibbi müayinədən keçirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar