Məhkəmə qərarları › İş №2-1(105)-158/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-158/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-158/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “29.10.1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1945/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “29.10.1993-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı izahatında bildirmişdir ki, o müharibə veteranı vəsiqəsi almaq istəyir, lakin arxiv arayışı verilmədiyi üçün veteran vəsiqəsini ala bilmir. Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1945/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İsmayıl Quliyev) Qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi iddianın mümkün sayılmaması barəsində qərardadında göstərmişdir ki, guya iddiaçı tələbini düzgün qoymamışdır. Halbuki, məhkəmənin hüquqi yardımı əsasında iddia tələbində dəqiqləşdirmə apararaq Müdafiə Nazirliyi ilə birlikdə Arxiv İdarəsini də cavabdeh kimi qoymuşdur. Bütün bunlardan sonra məhkəmə tərəfindən belə bir əsasla iddianın mümkün sayılmaması absurddur. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin hallarından görünür ki, iddiaçı 29.10.1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş edir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-731/2021 saylı, 03.05.2021-ci il tarixli qərardadının və 2-1(118)-1289/2021 saylı, 09.08.2021-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “29.10.1993-ci il tarixdən 12.05.1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır. Göründüyü kimi, iddiaçı daha əvvəl eyni tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş və onun iddiası mümkün sayılmamışdır. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçıya ehtiyata buraxılmaq barədə arxiv arayışının verilməsi ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün lazımdır. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-431/2020 saylı, 20.05.2020 tarixli qərarının surətindən isə görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddia tələbi rədd edilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə müraciət etmiş və onun barəsində arxivdə olan məlumatlar üzrə iddiaçıya cavab verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apellyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2- 1(118)-1945/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar