Məhkəmə qərarları › İş №2-1(105)-158/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-158/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-158/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Üçüncü şəxs X6, Üçüncü şəxs X13, Üçüncü şəxslərin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinin etibarsız sayılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1318/2022 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2011-ci il tarixli, 2(060)-2287/2011 nömrəli qətnaməsi ilə Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair İddiaçı ilə cavabdeh Sumqayıt Bələdiyyəsi arasında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, həmin torpaq sahəsinə dair plan və ölçünün verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilmiş, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2011-ci il tarixli, 2(105)-1062/2011 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2011-ci il tarixli qətnaməsi qismən - Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasına aid hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2012-ci il tarixli, 2(102)-850/2012 nömrəli qərarı ilə Sumqayıt Bələdiyyəsinin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2011-ci il tarixli, 2(060)-2287/2011 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra iddiaçı həmin 1200 kv.m bağ torpaq sahəsinin sxeminin verilməsi ilə bağlı 01 mart 2016-cı il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 2 saylı Ərazi İdarəsi 01 mart 2016-cı il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edərək qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən Sumqayıt Bələdiyyəsinin 28 dekabr 2004-cü il tarixli, 151 saylı qərarına əsasən iddiaçıya satılmış torpaq sahəsinə yerində baxış keçirilmiş və çöl-ölçmə işləri aparılarkən müəyyən edilmişdir ki, həmin torpaq sahəsi hər birinin payı 1/3 hissə olmaqla X7, X13 və X8 adlarına daşınmaz əmlakın dövlət reyestrində 2282 saylı bağ sahəsi kimi qeydiyyata alınmışdır. Bu səbəbdən də Sumqayıt şəhəri, Corat bağları massivi ünvanında yerləşən 2265 saylı, sahəsi 1200 kv.m olan bağ torpaq sahəsinin sxeminin verilməsi mümkün olmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Sumqayıt şəhər X21 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi ilə X17 arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 1684 saylı, 15 iyul 1978-ci il tarixli müqaviləyə əsasən Corat bağ massivi ünvanında yerləşən 2282 saylı 0,25 ha-dan ibarət olan bağ torpaq sahəsi X9 icarəsinə verilmişdir. Bundan sonra iddiaçı cavabdeh qismində X9 qanuni vərəsələri, üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri Corat bağlar massivi 2282 saylı bağ sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(060)-35/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Sumqayıt şəhəri Corat bağlar massivi 2282 saylı bağ sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ torpaq sahəsinə dair bağlanmış 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldikdən sonra qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində X15 tərəfindən apellyasiya şikayəti verilmişdir. C.Novruzovun şikayəti əsasında işə apellyasiya qaydasında baxılarkən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2(105)-409/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2(102)-4128/2019 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İkinci apellyasiya icraatı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(105)-3458/2019 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-cu il tarixli, 2(102)-2901/2020 nömrəli qərarı ilə, iş üzrə apellyasiya instansiya məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Üçüncü apellyasiya icraatı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-220/2021 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilmiş və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(102)-5448/2021 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Corat bağları ərazisində yerləşən 2282 saylı bağ sahəsinə dair X17 ilə Sumqayıt şəhər X21 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, “Corat” bağları ərazisində yerləşən sahəsi 1200 kv.m olan 2265 saylı bağ torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 28 dekabr 2004-cü il tarixli, 151 saylı iclasının qərarı ilə onun mülkiyyətinə verilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı digər şəxsin hüququnun olmadığı və onun adına rəsmiləşdirilərkən həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu tam şəkildə sübuta yetirilmişdir. İddiaçı torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsi üçün DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə həmin torpaq sahəsinin mərhum X9, daha sonra isə onun vərəsələri X19, X20 və X8 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı məlum olmuşdur. Daha sonra həmin torpaq sahəsi adıçəkilən şəxslərin adına verilmiş çıxarışlar əsasında sonradan X1. Bu səbəbdən iddiaçı cavabdehlər R.E.Quliyeva, E.E.Quliyev və M.E.Quliyevə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçünün etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2282 saylı bağ torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həyata keçirilərkən cavabdehlər tərəfindən DƏDRX-in 2 saylı Ərazi İdarəsinə Sumqayıt bələdiyyəsinin bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi tərəfindən tərtib edildiyi göstərilən torpağın Texniki Pasportu və sxemi təqdim olunmuşdur. Həmin sənədlərin bələdiyyə tərəfindən hazırlanmadığı və sənədlərdəki imzaların və möhürün saxtalaşdırıldığı birinci instansiya məhkəməsində tam sübuta yetirilmişdir. Belə ki, bununla bağlı təyin olunmuş məhkəmə ekspertizasının nəticəsi olaraq ekspert tərəfindən 09 iyun 2017-ci il tarixli, 13930/13941 saylı rəy məhkəməyə təqdim olunmuşdur ki, həmin rəydə də bələdiyyə qulluqçuları S.S.Əsədullayev, U.B.Əliyev və T.S.Əhmədov yazılarının qarşısında əks olunmuş imzaların həmin şəxslər tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi bildirilmişdir. Həmin rəy birinci instansiya məhkəməsində işə baxılarkən adı çəkilən bələdiyyə işçilərinin hər birinin üç vərəqdə imza nümunələri alınmaqla, habelə əsilləri DƏDRX-in 2 saylı Ərazi İdarəsində saxlanılan bələdiyyənin hazırladığı kimi təqdim olunan Texniki Pasportun və torpağın sxeminin məhkəməyə təqdim olunmuş surətləri əsasında aparılmış tədqiqat nəticəsində verilmişdir. Eyni zamanda iş materallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 27 aprel 2016-ci il tarixli 24 saylı arayışdan da görünür ki, Sumqayıt şəhər ZDS İK-nin 1968-ci ilə olan iclas protokollarında X9 adına torpaq sahəsinin ayrılması barədə hər hansı məlumat mövcud deyildir. Həmçinin, Sumqayıt Bələdiyyəsinin məhkəməyə təqdim etdiyi 13 iyun 2017-ci il tarixli, 1559 saylı arayışı əsasında müəyyən edilmişdir ki, hüququn qeydiyyatı üçün əsas götürülmüş torpaq icarə müqaviləsinin hüquqi əsasları və arxivi mövcud deyildir. Məhkəmə aradırmaları zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin adına olduğu iddia edilən 2282 saylı bağ torpaq sahəsi bələdiyyədə olan arxiv sənədlərinə əsasən 1965-ci ildə başqa bir şəxsin, yəni X3 icarəsinə verilmiş bağ torpaq sahəsi kimi qeydə alınmışdır. Nəzərə alınsa ki, bağ sahələrinin nömrələri 1965-ci ildən etibarən sıra sayları ilə nömrələnmişdir və eyni nömrə altında iki bağın mövcudluğu istisna olunur, arxivi olmayan və X9 adına yazılmış icarə müqaviləsinin saxta olduğu sübuta yetirilir. Bunu məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş 22 may 2017-ci il tarixli, 8187 saylı rəyində ekspert də vurğulamışdır. Belə ki, həmin rəydə 1 vərəqdən ibarət olan 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsində çap olunmuş mətnlərin rəngləyici maddələrinin kimyəvi tərkibinə görə texniki qurğularda (surətçıxaran, çoxaldıcı aparat və sairə) istifadə olunan rəngləyici maddələrə aid olduğu qeyd edilmişdir. Nəzərə alınsa ki, 1978-ci ildə adı çəkilən texniki qurğular, o cümlədən surətçıxaran, çoxaldıcı aparat və s. avadanlıqlar mövcud deyildi, aydın olur ki, həmin müqavilə Sumqayıt Bələdiyyəsinin Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi tərəfindən hazırlandığı iddia edilən Texniki Pasport kimi saxtalaşdırılmışdır. Həmçinin, DƏDRX-in 2 saylı Ərazi idarəsi tərəfindən X9 adına hüquqmüəyyənedici sənəd verilərkən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Məhkəmə araşdırmalarının nəticəsində kassasiya instansiya məhkəməsi həqiqiliyi onun tərəfindən mübahisələndirilən 15 iyul 1978-ci il tarixli,1684 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqaviləni inzibati akt hesab etdiyindən, bu mübahisənin mülki deyil, inzibati məhkəmə icraatı qaydada baxılmalı olması qənaətinə gəlmişdir. Sözügedən torpaq icarə müqaviləsi keçmiş Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağ təsərrüfatı İdarəsi tərəfindən balanıldığından və həmin orqanın hüquqi varisi hal-hazırda Sumqayıt şəhər İcra Hakimiyyəti olduğudan, o müqavilənin ləğv edilməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsə də, sonuncu bunun səlahiyyətlərində olmadığını bildirərək imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1318/2022 nömrəli qərardadı ilə X17, 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə X15 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmənin 28 sentyabr 2022-ci il tarixli protokolu ilə X17 öldüyündən sonuncu prosessual hüquqi varisi X20 ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1318/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhərinin Corat bağları ərazisində yerləşən 2282 saylı bağ sahəsinə dair X17 ilə Sumqayıt şəhər X21 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsi etibarsız sayılmışdır. (hakim C.Məmmədov). Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-cı il tarixli rəyinə əsasən mübahisə predmeti olan icarə müqaviləsinin surətində aparılan tədqiqat zamanı müəyyən edilmişdir ki, müqavilədə çap olunmuş mətnlər texniki qurğularda istifadə olunan rəngləyici maddələrdən istifadə olunaraq yazılmışdır. 1978-ci ildə surətçıxaran aparatın mövcud olmaması həmin müqavilənin sonrakı tarixlərdə tərtib edilməsinə dəlalət edir. Bundan əlavə, digər ekspert rəyi ilə 2282 saylı bağ torpaq sahəsinə bələdiyyə tərəfindən tərtib edilmiş sxemin bələdiyyənin əməkdaşları tərəfindən imzalanmaması, ümumiyyətlə, həmin sxemin bələdiyyə tərəfindən tərtib edilməməsi müəyyən edilmişdir. Göründüyü kimi icarə müqaviləsinin hansı qurum tərəfindən rəsmiləşdirilməsi məhkəməyə məlum deyildir. Üçüncü şəxslər X15 və X20 həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Sumqayıt Bağlar İdarəsinin rəisi tərəfindən imzalanmış 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsinə əsasən Corat bağlar massivindən 2282 saylı 0.25 ha torpaq sahəsi X14 icarəyə verilmişdir. E.Quliyev xx.xx.2015-ci ildə vəfat etmişdir. Elçin, Rəna və Müşfiq Quliyevlər həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün DƏDRX-ə müraciət etdikdə müəyyən edilmişdir ki, qonşular tərəfindən zaman-zaman torpağın bir hissəsi zəbt edilmiş, 0.25 ha-dan 0.1823 ha torpaq sahəsi qalmışdır. Bundan sonra qalan 0.1823 ha sahəyə dair xx.xx.2016-cı il tarixdə hər birinə 1\3 hissə olmaqla, Müşfiq, Rəna və Elçin Quliyevlərə “Hüquqların dövlət qeydiyyatı haqqında” dövlət reyestrindən çıxarışlar verilmişdir. xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncular tərəfindən həmin sahədən 0.10 ha torpaq sahəsi Cabir Novruzova satılmışdır. İş üzrə əvvəlki məhkəmə çəkişmələri zamanı aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Corat bağlar massivində iddiaçıya bələdiyyə tərəfindən satılmış 2265 saylı 0.12 ha torpaq sahəsi və onun adına rəsmiləşdirilmiş 2265 G saylı bağ sahəsi ilə icarə müqaviləsinə əsasən Eldar Quliyevə verilmiş və sonradan onun övladları tərəfindən özəlləşdirilmiş 2282 saylı 0.25 ha torpaq sahəsi üst-üstə düşmür. İşdə Sumqayıt şəhər 2 saylı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyi vardır ki, 2265 və 2282 saylı torpaqlar GPS aləti ilə ölçülərkən üst-üstə düşmür. Bundan başqa işdə olan DƏDRX-nin 01 mart 2016-cı il tarixli məktubundan görünür ki, 2265 saylı sahə mövcud olmadığından ona dair sxemin verilməsi mümkün deyildir, həmin idarənin 05 mart 2016-cı il tarixli məktubundan isə 2265 saylı sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi görünür. İddiaçıya 0.12 ha olan 2265, sonradan isə 2265 G saylı torpaq sahəsi üçün müvafiq sənədlər verilməsinə baxmayaraq, o, 0.1823 ha olan 2282 saylı bağ sahəsini zəbt edərək həmin sahəyə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini, həmin bağ torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.1978-ci il tarixli 1684 saylı bağ icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 10 fevral 2016-cı il tarixli və 19 fevral 2016-cı il tarixli çıxarışların, tərtib edilmiş plan və ölçü sənədlərinin etibarsız hesab edilməsini xahiş etmiş və həmin məhkəmə çəkişmələrinin son nəticəsi olaraq Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Hesab edir ki, birinci instansiya,məhkəməsinin qərarı qanunsuz və əsassızdır. X14 15 iyil 1978-ci il tarixdə Sumqayıt Bağlar İdarəsi ilə bağladığı icarə müqaviləsi əsasında 0.25 ha torpaq sahəsi icarəyə verilməsinə baxmayaraq məhkəmə qərarında əsassız olaraq Dövlət Arxivinin Sumqayıt filialının Sumqayıt şəhər XDS İK-nin 1968-ci ilə olan iclas protokollarında Eldar Quliyevin adına torpaq sahəsinin ayrılması barədə məlumatın olmaması barədə məktubuna əsaslanmışdır. Əlbəttə ki, 1968-ci il tarixdə olan protokollarda Eldar Quliyevin adına torpağın mövcud olmadığı müəyyən ediləcəkdir. Çünki, həmin torpaq sahəsi ona 1978-ci ildə verilmişdir. Bundan başqa məhkəmə qərarını onunla əsaslandırmışdır ki, E.Quliyevin adına torpaq sahəsinin olmasına dair Sumqayıt bələdiyyəsində Eldar Quliyevlə bağlanmış icarə müqaviləsinin hüquqi əsasları və arxivi mövcüd deyildir. Qeyd edir ki, 1978-ci ildə bağlar idarəsi tərəfindən bağlanmış icarə müqaviləsinin Sumqayıt bələdiyyəsinin arxivində olmayacağı bəllidir. Çünki, bağlar idarəsinə aid olan torpaqların Sumqayıt bələdiyyəsinə heç bir aidiyyatı olmamışdır. Məhkəmə qərarında E.Quliyevə verilmiş 2282 saylı bağ sahəsinin 1965-ci ildə Məmməd Qasımova icarəyə verilməsi kimi qeydə alındığını, eyni bağ sahəsinin 1978-ci ildə E.Quliyevə verilməsi barədə müqavilənin saxta olduğunu bildirmiş, lakin M.Qasımova 1965-ci ildə 2282 saylı bağ sahəsinin hansı müddətə verilməsini, həmin sahənin Bağlar İdarəsi tərəfindən 1978-ci ildə E.Quliyevə icarəyə verilməsinin qanunauyğun olubolmamasını, bağ sahəsinin, ümumiyyətlə, Sumqayıt Bələdiyyəsinə aidiyyatı olubolmamasını araşdırmamışdır. Məhkəmə bütün sənədlərə əsaslanaraq 2265G saylı bağ sahəsi ilə 2282 saylı bağ sahələrinin üst-üstə düşmədiyi qənaətinə gəlsə də, 2282 saylı bağ sahəsinə dair xx.xx.1978-ci il tarixli müqavilənin etibarsız sayılması barədə qərar qəbul etmişdir. Məhkəmə qərarını onunla əsalandırmışdır ki, 2282 saylı bağ sahəsinə dair icarə müqaviləsi 1 vərəqdən ibarət olmaqla surətçıxaran aparat vasitəsi ilə çıxarılmış, torpağa dair sxemdə olan imzalar bələdiyyə işçilərinə aid olmayan imzalardır. 2265G saylı və 2282 saylı bağ sahələrinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də məkkəmə müvafiq orqanlardan CPS vasitəsilə həmin sahələrin yerləşdiyi yeri dəqiqləşdirməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin müqavilə möhür vurulmuş müqavilədir. Məhkəmə iddiaçıya verilmiş 2265 saylı bağ sahəsinin 0.12 ha olduğu halda Eldar Quliyevə verilmiş 0.25 ha, sonradan 0.1823 ha qalan hissəni tam zəbt etməklə ona verilmiş 2265G kimi qeydiyyata alınmış bağ sahəsinin həmin sahə olub-olmamasını araşdırmadan iddiaçının hansı hüquq və qanunla qorunan mənafelərinin pozulduğunu aydınlaşdırmamışdır. Hesab edir ki, iddiaçının mübahisələndirilən 0.12 ha torpaq sahəsinin sahibi kimi qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığından o, hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X20 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı tərəf Sumqayıt şəhər ZDS İKnin 1968-ci ilə olan iclas protokollarında X9 adına torpaq sahəsinin ayrılması məlumat mövcud olmaması barədə AR Dövlət Arxivinin arayışına istinad etsə də, Sumqayıt şəhər X21 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi ilə mərhum atası X17 arasında Azərbaycan SSRİ dövründə qanunvericiliyin tələbinə uyğun olaraq Corat bağ massivi ünvanında yerləşən 2282 saylı 0,25 ha-dan ibarət olan bağ torpaq sahəsinin sonuncunun icarəsinə verilməsi ilə bağlı 15 iyul 1978-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Üçüncü şəxs şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X15 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisələndirilən icarə müqaviləsi ilə icarəyə verilmiş torpaq sahəsinin 10 sot hissəsini X9 vərəsələrindən notarial qaydada alqısatqı müqaviləsinə əsasən satın almışdır, həmin torpaq sahəsinin vicdanlı alıcısıdır. Lakin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri ilə əlaqədar alqı-satqı əsasında əldə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı dayandırılmışdır. Üçüncü şəxs şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işi məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmiş, işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalıdır. İşin yuxarıda sadalanan hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 24 may 2011-ci il tarixli, 2(060)-2287/2011 nömrəli qətnaməsi ilə Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair iddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və həmin torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra 2016-cı ildə iddiaçı qeyd edilən torpaq sahəsinin sxeminin verilməsi məqsədilə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinin müayinəsi zamanı müəyyən edilmişdir ki, həmin ərazi daşınmaz əmlakın dövlət reyestrində 2282 saylı bağ sahəsi olaraq 15 iyul 1978-ci il tarixli, 1684 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə əsasında E.S.Quliyevin, daha sonra isə vərəsəlik şəhadətnaməsinə əsasən, vərəsələri X19, X20 və X8 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflər arasında həmin icarə müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinə dair mülki məhkəmə icraatı qaydasında mübahisə olmuş, məhkəmə araşdırması zamanı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə iş üzrə icraata xitam verilmiş, iddiaçıya inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir. İddiaçı da bundan sonra hazırkı tələblə məhkəmədə iddia qaldıraraq, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi ilə X17 arasında 18 sot torpaq sahəsinə dair 15 iyul 1978-ci il tarixdə bağlanmış 1684 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 1684 saylı, 15 iyul 1978-ci il tarixli müqavilədən görünür ki, Corat bağ massivi ünvanında yerləşən 2282 saylı 0.25 ha-dan ibarət olan bağ torpaq sahəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi tərəfindən X9 icarəsinə verildiyi qeyd edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası mübahisənin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında qaldırılmalı olan iddia bağ sahəsinin icarəyə verilməsinə dair 1684 saylı, 15 iyul 1978-ci il tarixli müqaviləyə əsasən, daşınmaz əmlakın dövlət reyestrində X9 adına aparılmış qeydiyyatın ləğvi barədə iddia ola bilərdi. Belə ki, tərəflər arasında həmin icarə müqaviləsinin etibarsız sayılmasına dair mülki iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilən hallardan görünür ki, torpaq icarə müqaviləsinin hüquqi əsasları və arxivi mövcud olmamış, X17 və onun qanun üzrə vərəsələri tərəfindən Corat bağları massivində yerləşən 2282 saylı torpaq sahəsinə dair sxemin tərtib edilməsi barədə Sumqayıt Bələdiyyəsinə rəsmi qaydada müraciət edilməmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xətşünaslıqekspertizasının həmin mülki iş üzrə verdiyi 22 may 2017-ci il tarixli rəyi ilə 15 iyul 1978-ci il tarixli icarə müqaviləsində çap olunmuş mətnlərin rəngləyici maddələrinin kimyəvi tərkibinə görə texniki qurğularda (surətçıxaran, çoxaldıcı aparat və s.) istifadə olunan rəngləyici maddələrə aid edildiyi müəyyən edilmişdir. Eləcə də, həmin iş üzrə keçirilmiş 09 iyun 2017-ci il tarixli, 13930/13941 saylı məhkəmə-xətşünaslıq ekspertizası rəyinə görə ekspertizaya təqdim olunmuş X9 adına olan 2282 saylı Bağ torpaq sahəsinə dair sxemin kserosurətinin aşağı hissəsində “S.S.Əsədullayev”, “U.B.Əliyev” və “T.S.Əhmədov” yazılarının qarşısında əks olunmuş imzalar - X4, X11 və X12 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Həmçinin, iş materiallarında olan Sumqayıt Şəhər İHB tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2022-ci il tarixli, 447 nömrəli məktubdan görünür ki, Corat bağları ərazisində yerləşən 2282 saylı bağ torpaq sahəsinə dair X17 ilə Sumqayıt şəhər XDS İK-nin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsi Sumqayıt Şəhər İcra Hakimiyyəti və onun tabeli qurumu olan Memarlıq və Şəhərsalma İdarəsinin arxivlərində aşkar edilməmişdir. Habelə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 20 aprel 2022-ci il tarixli məktubdan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Sumqayıt şəhər bələdiyyəsi tərəfindən verilmiş təhvil-təslim aktına əsasən Corat bağları ərazisi, 2282 nömrəli bağ torpaq sahəsinə dair 1684 nömrəli icarə müqaviləsinin arxiv qovluğu aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan respıublikası Qanunun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı halda da işin yuxarıda qeyd edilən xüsusatlarından göründüyü kimi mübahisəli torpaq sahəsinə dair Eldar Quliyevin adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat arxiv əsasları mövcud olmayan icarə müqaviləsi əsasında, yəni hər hansı mülki-hüquqi əqdə əsaslanmadan aparıldığından, Plenum Qərarında qeyd edildiyi kimi, aparılan qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir və həmin qeydiyyatın mübahisələndirilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlarla yanaşı, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.(7-ci bənd). Hazırkı işdən görünür ki, iddiaçının reyestrdə qeydiyyatın ləğvinə dair iddianı qaldırmağa hüquqi marağı aradan qalxmış, konkret halda reyestrdə qeydiyyatın mübahisələndirilməsinə dair hüquqi müdafiəyə ehtiyacı yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(060)-35/2017 nömrəli qətnaməsi əsasında 14 avqust 2017-ci il tarixdə icra vərəqəsi yazılaraq qətnamə icraya yönəldilmiş, icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən 20 sentyabr 2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və həmin qərar icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə göndərilmişdir. İşdən görünür ki, qeyd edilən icra vərəqəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində 0.1823 ha torpaq sahəsinə dair X17 və onun vərəsələrinin adına aparılmış qeydiyyat ləğv edilmişdir. Bundan sonra iddiaçının hazırda mübahisələndirdiyi, bələdiyyə tərəfindən ona ayrılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2265G nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınaraq, bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Eyni zamanda işdən görünür ki, 0.1823 ha torpaq sahəsinin qalan 0.06 ha hissəsi isə iddiaçının həyat yoldaşı X5 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Belə olan halda kollegiya hesab edir ki, daşınmaz əmlakın dövlət reyestr məlumatlarına əsasən, hazırda mübahisəsi gedən ərazi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan həm hazırkı iddia, həm də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsinə dair iddia iddiaçının hüquqi marağına uyğun iddia deyildir. Ona görə də, iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1318/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar