Məhkəmə qərarları › İş №2-1(105)-159/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-159/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-159/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinə qarşı “cavabdehin iddiaçıya hesabladığı 10.349,27 manat məbləğində dəbbə pulu borcunun ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-422/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/110 nömrəli sərəncamına əsasən Sumqayıt Baş Gömrük İdarəsinin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə fəaliyyətinin audit nəticələrinə dair ödəniş cədvəlində müəyyən olunmuş GB-də qeyd olunan malların XİFMN kodu düzgün bəyan edilmədiyi üçün borc yaranmış, 10349.27 AZN dəbbə pulu hesablanmışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmiş, cavabdehin iddiaçıya hesabladığı 10.349,27 manat məbləğində dəbbə pulu borcunun ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən iddiaçı "İddiaçı" MMC-yə 1500- 012/0xx-xx/000964 saylı xx xxxxxx 2019-cu il tarixli məktub daxil olmuşdur. Məktubda qeyd olunur ki, Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/110 nömrəli sərəncamına əsasən Sumqayıt Baş Gömrük İdarəsinin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticələrinə dair ödəniş cədvəlində müəyyən olunmuş gömrük bəyannamələrində qeyd olunan malların XİFMN kodu düzgün bəyan edilmədiyi üçün 10.349,27 AZN məbləğində dəbbə pulu borcu yaranmışdır və qısa müddət ərzində ödənilməsi tələb olunur. **********5447 saylı xx.xx.2017-ci il tarixli və **********2500 saylı xx.xx.2017-ci il tarixli gömrük bəyannamələrindən göründüyü kimi tərəflərindən xx.xx.2017-ci il və xx.xx.2017ci il tarixlərdə "kanepox lining free 3430" adlı mallar istehsal məqsədi ilə ölkəyə idxal edilmişdir. Bununla bağlı olaraq müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş və "kanepox lining free 3430" adlı mallara gömrük orqanları tərəfindən 320890 təsnifat kodu verilərək idxal rüsum dərəcəsi 0,5% olmaqla hər bəyannamə üzrə 414.08 manat məbləğində rüsum hesablanmış və hər iki gömrük bəyannamələri üzrə iddiaçı tərəfindən cəmi 828.16 manat idxal rüsumu ödənilmişdir. Daha sonra, təxminən 2019cu ilin iyul aylarında cavabdehin məsul şəxsləri tərəfindən iddiaçıya verilən məlumata əsasən daxili gömrük auditi tərəfindən aparılmış yoxlamaların nəticəsi olaraq əvvəllər **********5447 saylı və **********2500 saylı gömrük bəyannamələrində idxal olunmuş malların idxal rüsumu dərəcəsi 15% əvəzinə 0.5% kimi rəsmiləşdirilmişdir. Nəticədə, 24.028,88 manat idxal rüsumu və 4.325,20 manat ƏDV, cəmi 28.354,08 manat gömrük ödənişləri az hesablanmışdır və həmin məbləğin də ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı da öz növbəsində buna razılıq verərək gömrük orqanları tərəfindən vaxtında az hesablanmış qalıq məbləği ödəmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya yuxarıda qeyd olunan əməliyyatların nəticəsi olaraq əlavə 10.349,24 manat məbləğində dəbbə pulu hesablaması ilə iddiaçı qətiyyən razı deyildir. Çünki ölkəyə idxal olunan bütün mallar məhz gömrük orqanları tərəfindən gömrük yoxlamasından və laboratoriyadan keçirilir, təsnifat kodu verilir və dövlət rüsumları təyin olunaraq sahibkara bu barədə məlumat verilir. Sahibkar da öz növbəsində tələb olunan rüsumları ödəməklə gətirdiyi malları ölkəyə idxal edir. Yuxarıda adıçəkilən mallar iddiaçı tərəfindən ölkəyə idxal edilərkən gömrük orqanı tərəfindən idxal rüsum dərəcəsi 0,5% olaraq hesablanmışdır və müəssisə də öz növbəsində həmin ödənişləri vaxtında və lazımi qaydada icra etmişdir. Həmin ərəfələrdə gömrük orqanları tərəfindən idxal rüsum dərəcəsi 0,5% deyil, 15% həddində hesablansa idi, müəssisə təbii ki, həmin ödənişləri də lazımi qaydada icra edəcəkdi və indiki kimi süni dəbbə pulu borcu yaranmamış olacaqdı. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.12-ci maddəsinə görə, gömrük dəyəri - malların "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyər deməkdir. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə görə, idxal gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük Məcəlləsinin 247.1-ci maddəsində deyilir ki, gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Qanunvericilikdə dəbbə pulu, müqavilə və ya qanuna əsasən yaranmış öhdəliyin yerinə yetirilməsinin gecikdirilməsi əsasında yaranır. Yuxarıda da qeyd olunduğu kimi gömrük borcunun ödənilməsi ilə bağlı tərəflərindən heç bir gecikməyə yol verilməmişdir. İstər ilkin gömrük rəsmiləşdirilməsi zamanı, istərsə də, sonradan keçirilən audit yoxlaması nəticəsində iddiaçıya bildirilən gömrük ödənişləri dərhal ödənilmiş və heç bir gecikmə yaranmamışdır. Belə olan halda iddiaçı hesab edir ki, cavabdeh tərəfindən hesablanmış dəbbə pulu tam əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-422/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim İsmayıl Quliyev) Qərardan İddiaçı MMC apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya qeyd olunan əməliyyatların nəticəsi olaraq əlavə 10.349,24 manat məbləğində dəbbə pulu hesablaması ilə qətiyyən razı deyil. Çünki ölkəyə idxal olunan bütün mallar məhz gömrük orqanları tərəfindən gömrük yoxlamasından və laboratoriyadan keçirilir, təsnifat kodu verilir və dövlət rüsumları təyin olunaraq sahibkara bu barədə məlumat verilir. Sahibkar da öz növbəsində tələb olunan rüsumları ödəməklə gətirdiyi malları ölkəyə idxal edir. Yuxarıda adıçəkilən mallar iddiaçı tərəfindən ölkəyə idxal edilərkən gömrük orqanı tərəfindən idxal rüsum dərəcəsi 0,5% olaraq hesablanmışdır və müəssisə də öz növbəsində həmin ödənişləri vaxtında və lazımi qaydada icra etmişdir. Həmin ərəfələrdə gömrük orqanları tərəfindən idxal rüsum dərəcəsi 0,5% deyil, 15% həddində hesablansa idi, müəssisə təbii ki, həmin ödənişləri də lazımi qaydada icra edəcəkdi və indiki kimi süni dəbbə pulu borcu yaranmamış olacaqdı. Bundan başqa, bəyannamələrin sahibkar tərəfindən doldurulmağı yekun olaraq hüquqi baxımdan təsdiqlənməsi deyil, sadəcə olaraq sahibkar gətirdiyi malları adını və digər parametrlərini ilkin olaraq özü doldurur ki, mallar ölkəyə daxil olan zaman gömrük orqanı xəbər tuta bilsin. Lakin sahibkar tərəfindən bəyannamədə göstərilmiş bütün məlumatların doğruluğunun yoxlanılması birbaşa gömrük orqanının səlahiyyətində və vəzifəsindədir. Əks halda ölkədə bu əməliyyatlar yalnız sahibkarların ümidinə qalmış olsaydı, bütün ölkədə sahibkarlar bu imtiyazdan özbaşına istifadə etmiş olardı və ölkədə ümumi iqtisadi sabitliyin pozulmasına gətirib çıxardardı. Bundan başqa gömrük orqanının laboratoriya mərkəzləri mövcuddur. Həmin laboratoriya ölkəyə ilk dəfə daxil olan bütün spesifik, əvvəldən təsnifatı məlum olmayan malların ekspertizasını təşkil edir və laboratoriyanın rəyinə əsasən həmin mallara təsnifat kodu verilməklə tariflər müəyyənləşdirilir. Həmin tariflərin müəyyən olunması üçün gömrük orqanına qanunvericiliklə bağlı bütün səlahiyyətlər verilmişdir. Əlavə olaraq, qanunvericilikdə dəbbə pulu, müqavilə və ya qanuna əsasən yaranmış öhdəliyin yerinə yetirilməsinin gecikdirilməsi əsasında yaranır. Göründüyü kimi gömrük borcunun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən heç bir gecikməyə yol verilməmişdir. İstər ilkin gömrük rəsmiləşdirilməsi zamanı, istərsə də, sonradan keçirilən audit yoxlaması-nəticəsində iddiaçıya bildirilən gömrük ödənişləri dərhal ödənilmiş və heç bir gecikmə yaranmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı MMC-nin vəkili X2 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-422/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı cavabdehin ona hesabladığı 10.349,27 manat məbləğində dəbbə pulu borcunun ləğv edilməsini xahiş etmişdir. Hazırki iddia tələbindən də göründüyü kimi qaldırılmış iddia növü öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3.-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İstinad olunan qərarda qeyd edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Lakin işin hallarından iddiaçının hazırki iddia üzrə məhkəməyə müraciət etməmişdən öncə eyni tələbi əks etdirən müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. Belə ki, cavabdeh iş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli iddia ərizəsinə dair etirazında göstərmişdir ki, iddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdeh tərəfindən MMC-yə ünvanlanmış 1500-012/0xx-xx/000964 saylı məktubla qeyd olunan 10349,27 manat dəbbə pulunun ləğv edilməsinə dair cavabdehə müraciət etməmişdir. Göründüyü kimi, hazırki halda iddiaçı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə tərəfindən isə cavabdeh tərəfindən bu barədə etiraz verilsə də iddianın mümkünlüyünə hüquqi qiymət verilməmişdir. Məhkəmə iddianın mümkünlüyünü yoxlamadan, mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-422/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinə qarşı “cavabdehin iddiaçıya hesabladığı 10.349,27 manat məbləğində dəbbə pulu borcunun ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar