Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-16/2021 24.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)-1560/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı( bundan sonra iddiaçı) onun adına Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli 28 №li qərarı ilə Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 34-cü məhəllə ərazisindən ticarət sahəsi layihələşdirilməsi və quraşdırılması məqsədilə ayrılıb rəsmiləşdirilmiş 39 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqanın xx xxxxxx 2019-cu il tarixli, **********10 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, müraciətə əlavə edilmiş sənədlərin ekspertizası və müayinəsi zamanı torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə Dövlət mülkiyyətinə məxsus olduğu aşkar edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Bundan başqa, müayinə zamanı torpaq sahəsinin faktiki olaraq 0,0078 ha olduğu, üzərində icazəsiz tikilinin olduğu, tikiliyə dair sənədlərin müraciətinə əlavə edilmədiyi aşkar edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq xx xxxxxx 2019-cu il tarixində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun adına Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli 28 №li qərarı ilə Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 34-cü məhəllə ərazisindən ticarət sahəsi layihələşdirilməsi və quraşdırılması məqsədilə ayrılıb rəsmiləşdirilmiş 39 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının torpaq sahəsinin ayrılması haqqında x xxxx 2000-ci il tarixli 452 saylı sərəncamı ilə “Ruslan-Ş” kiçik müəssisəsinin xx xxxx 2000-ci il tarixli müraciəti nəzərə alınaraq, həmin müəssisəyə ticarət sahəsi layihələndirilməsi və quraşdırılması məqsədilə Sumqayıt şəhərinin 34-cü məhəllə ərazisindən 39 kv.metr torpaq sahəsi ayrılaraq verilmişdir. Sumqayıt şəhər Bələdiyyəsi “Ruslan-Ş” kiçik müəssisəsinin razılığı nəzərə alınaraq Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının x xxxx 2000-ci il tarixli, 452 saylı sərəncamı ilə 34-cü məhəllə ərazisində “Ruslan-Ş” kiçik müəssisəsinə ticarət sahəsi layihələndirilməsi və tikinti-quraşdırılması məqsədilə ayrılmış 39 kv.metr torpaq sahəsini xx xxxx 2005-ci il tarixli 28 №li qərarı ilə eyni məqsədlə iddiaçının adına rəsmiləşdirilmişdir. Eyni zamanda bələdiyyənin icra aparatının memarlıq və tikinti şöbəsinə tapşırılmışdır ki, müvafiq sənədləri (mətn, çizgi, inşaat pasportu və.s ) hazırlasın və rəsmiləşdirilmiş torpaq sahəsini İddiaçı təhvil versin. Qanunvericilik tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq bütün müvafiq sənədlər (mətn, çizgi, inşaat pasportu və.s ) hazırlanmış, Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən xx xxxx 2005-ci il tarixli, 28№li qərarla iddiaçının adına rəsmiləşdirilmiş torpaq sahəsi ilə bağlı 20 yanvar, 34-cü məhəllə ərazisində yerləşən həmin ticarət obyektinin eskiz layihəsi, mövqe planı tərtib olunmuşdur. İddiaçı sənədləşmə işlərinin aparılması üçün aidiyyatı qurumlara qanunla müəyyən edilmiş qaydada pul ödəmişdir. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə sənədləri aidiyyəti üzrə təqdim edərkən iddiaçıya qeyri-rəsmi qaydada bildirmişdirlər ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının x xxxx 2000-ci il tarixli 452 saylı sərəncamı verilməmişdən qabaq, yəni 2000-ci ilin may ayında “Ruslan-Ş” kiçik müəssisəsinə mağaza tikintisi məqsədilə ayrılan torpaq sahəsinin mövqe planında ayrılmış torpaq sahəsinin ölçüsü 42 kv.metr (7X6) göstərilmişdir. İddiaçı bu cavabla razılaşmasa da heç nə edə bilməzdi. Halbuki bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsinin ölçüsü mövqe planında göstərildiyi kimi faktiki vəziyyətdə də 39 kv.metrdir, yəni ona verilmiş torpaq sahəsinin ölçüsünün “Ruslan-Ş” kiçik müəssisəsinin mövqe planına heç bir aidiyyatı yoxdur. Sərəncamla kiçik müəssisənin özünə də Sumqayıt şəhərinin 34-cü məhəllə ərazisindən 42 kv.metr deyil, 39 kv.metr torpaq sahəsi verilmişdir. Bu uyğunsuzluq bəhanəsi ilə iddiaçı qanuni istifadəsində olan daşınmaz əmlaka dövlət reyestrindən çıxarış ala bilmədi. Qeyd etdiyi ünvanda yerləşən 39 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə alıb Dövlət Reyestrindən Çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsini DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən xahiş etsə də, torpağın dövlət mülkiyyəti olması əsası ilə imtina cavabı verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)- 1560/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) Həmin qərardan narazi qalan iddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)-1560/2019 saylı qərarının ləğv edilməsini və iş üzrə iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə mübahisələndirilən torpaq sahəsinin dövlət və ya bələdiyyə fondu torpaqlarına aid olub-olmamasını ətraflı araşdırmamış, yalnız cavabdehin nümayəndəsinin heç bir sübuta söykənməyən izahatına istinad etmişdir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, kadastr baza məlumatlarına əsasən torpaq dövlət mülkiyyətindədir. Hesab edir ki, məhkəmə yalnız cavabdehin mövqeyi ilə kifayətlənməməli, həmin nümayəndədən rəsmi sənədlər tələb etməli, müvafiq ekspertiza təyin edib rəy almalı, torpaq sahəsini ayıran müvafiq qurumların - Sumqayıt İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin nümayəndələrini, habelə kiçik müəssisənin nümayəndəsini məhkəməyə dəvət edib dindirməli idi. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazla eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının torpaq sahəsinin ayrılması haqqında x xxxx 2000-ci il tarixli 452 saylı sərəncamı ilə ticarət sahəsi layihələşdirilməsi və quraşdırılması məqsədilə “Ruslan-Ş” kiçik müəssisəsinə Sumqayıt şəhərinin 34-cü məhəllə ərazisindən 39 kv.metr torpaq sahəsi ayrılaraq verilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli 28 nömrəli qərarı ilə İddiaçı adına “Ruslan-Ş” kiçik müəssisəsinin razılığı nəzərə alınaraq Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının x xxxx 2000-ci il tarixli, 452 saylı sərəncamı ilə 34-cü məhəllə ərazisində “Ruslan-Ş” kiçik müəssisəsinə ticarət sahəsi layihələşdirilməsi və tikinti-quraşdırılması məqsədilə ayrılmış 39 kv.metr torpaq sahəsi eyni məqsədlə vətəndaş İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı bələdiyyənin qərarına əsasən ona ayrılmış 39 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu iddia edərək imtina cavabı vermişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən:
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 2.Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, bələdiyyə, yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. Hazırkı iş üzrə isə məhkəmə araşdırması zamanı bələdiyyə tərəfindən iddiaçıya ayrılan torpağın bələdiyyə mülkiyyətində deyil, cavabdehin imtinasında qeyd edildiyi kimi dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi torpağın dövlət mülkiyyəti olması əsası iddia tələbini rədd etsə də, torpağın hüquqi statusu ilə bağlı araşdırma aparmadığından ilk öncə, kollegiya tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinə müraciət ünvanlanaraq, yerində baxış keçirilməklə torpaq sahəsinin hüquqi statusuna görə (dövlət, bələdiyyə, xüsusi mülkiyyət) hansı növ torpaqlara aid olması barədə mütəxəssis rəyinin verilməsi tələb edilmişdir. Lakin yerli baxış iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, iddiaçı yerli baxışda iştirak etmədiyinə görə, Xidmət tərəfindən torpağa baxışın keçirilməsi və rəyin verilməsi mümkün olmamışdır. Mütəxəssis rəyinin alınması mümkün olmasa da, cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına sübut qismində mübahisəsi gedən torpağın dövlət mülkiyyətində olmasına dair baza məlumatlarından çıxarış təqdim edilmişdir. Həmin sənəddən görünür ki, əvvəllər “Ruslan-Ş” KM-nə məxsus (hazırda Sumqayıt Bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış) ticarət obyektinin yerləşdiyi torpaq sahəsi 00186003 registr nömrəsi ilə dövlət mülkiyyəti kimi qeydə alınmışdır. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilmiş və edilmiş sorğuya cavab olaraq xx xxxxxx 2020-ci il tarixli, **********25 saylı məktubla bir daha təsdiqlənmişdir ki, həqqətən də, Sumqayıt Bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış 39 kv m torpaq sahəsi torpaqların elektron kadastr bazasında dövlət mülkiyyətində olan torpaq kimi qeyd edilmişdir. Beləlilklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının torpaq sahəsinin ayrılması haqqında 2 iyun 200-ci il tarixli 452 saylı sərəncamı ilə “Ruslan-Ş” kiçik müəssisəsinə ayrılmış 39 kv torpaq sahəsi dövlət mülkiyyətində olmasına baxmayaraq, Sumqayıt bələdiyyəsi qanunsuz olaraq həmin torpaq sahəsi üzərində sərəncam verərək, torpağı iddiaçının adına rəsmiləşdirmişdir. İşin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, cavabdeh iddiaçının müraciətindən imtina etməkdə haqlı olmuşdur. Bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Başqa sözlə, torpağı əldə etmiş şəxs həmin sahə üzərində mülkiyyət hüququnun tanınmasını tələb edərkən sözügedən sahəni qanunvericiliyin bununla bağlı tələblərinə əməl etməklə əldə etdiyini sübut etməlidir. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə bunu sübut edə bilməmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aparılarkən, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Eyni zamanda kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)- 1560/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.