Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-16/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” və “pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərarların ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-24/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC-də iyul 2015 -iyun 2018-ci illəri əhatə edən dövr üçün vergi orqanı tərəfindən növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama 28.08.2018-ci il tarixdən başlayaraq 29.04.2019-cu il tarixdə başa çatmışdır.
2. Vergi yoxlaması nəticəsində 02.05.2019-cu il tarixli, **********161557 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuş və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən vergi ödəyicisinin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 iyun 2020-ci il tarixli **********185923 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsasında vergi orqanı tərəfindən İddiaçı MMC-yə əsas borc üzrə 900108,68 manat, maliyyə sanksiyası üzrə 3030942,48 manat vergi borcu hesablanmışdır.
3. Cavabdehin 01.07.2019-cu il tarixli, **********442100 saylı qərarı ilə İddiaçı MMCnin ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. Məsuliyyətə cəlb etmə qərarı ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28 iyun 2019-cu il tarixli **********185923 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” və 01 iyul 2019-cu il tarixli **********442100 saylı “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərarların ləğv edilməsi, qərarı qəbul etmiş və verginin hesablanmasında iştirak edən vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq araşdırma üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 10.06.2008-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınaraq qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərir. Müəssisə 2014-cü ildən tikinti materiallarının idxalı və topdansatışı ilə məşğuldur. Yoxlanılan dövr ərzində yalnız tikinti materiallarını xaricdən idxal etmiş və Azərbaycan Respublikası ərazisində topdan satışını həyata keçirmişdir. 2 saylı Ərazi Vergilər Departamentinin “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 13.08.2018-ci il tarixli qərarına əsasən müəssisədə yoxlama aparılmışdır. Yoxlama 28.08.2018-ci il tarixdən başlayaraq 29.04.2019-cu il tarixdə başa çatmışdır. 02.05.2019-cu il tarixdə yoxlamanın nəticələrinə görə akt tərtib edilmiş və surəti 04.05.2019-cu il tarixdə tanış olmaq üçün müəssisəyə təqdim edilmişdir. Aktla tanış olduqdan sonra 15.05.2019-cu il tarixli məktubla vergi orqanına səyyar vergi yoxlaması aktına etiraz təqdim edilmişdir. 18.06.2019-cu il tarixdə aktın müzakirə olunması üçün müəssisənin rəhbərliyi vergi orqanına dəvət edimişdir. Müzakirə zamanı müəssisənin nümayəndələri aktın tərtib olunması üçün əsas olmuş sənədlərin təqdim edilməsini xahiş etmişlər. Lakin vergi orqanının əməkdaşları həmin sənədləri təqdim etməmişlər. Beləliklə, vergi orqanı tərəfindən 28.06.2018-cu il tarixdə qanunsuz qərar qəbul edilmişdir. Yoxlama müddəti ərzində bir neçə dəfə yoxlamanın dayandırılması barədə qərarlar qəbul edilsə də, həmin qərarlar barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. Bundan başqa yoxlamanın əsasən ekspert rəyinin alınması ilə bağlı olduğu qeyd edilsə də, ekspert rəyindən istifadə edilməmişdir. Bundan başqa iddiaçı vergi orqanının 14.08.2018-ci il tarixli tələbnaməsinə cavab olaraq sənədlərin ünvan 1 ünvanında olmasını bildirmişdir. Lakin vergi orqanı aktda yalnız baza sənədlərinin və YGBlərin müəssisə tərəfindən təqdim edildiyini qeyd etmişdir. Sənədlərin təqdim olunmaması ilə bağlı vergi orqanı heç bir irad bildirməmiş və yeni tələbnamə göndərməmişdir. 13.03.2019-cu il tarixdə operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi haqqında qərar və sənələrin götürülməsi haqqında tələbnamə müəssisəyə təqdim edilmişdir. Həmin gün də sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə qərar təqdim edilərək qanunsuz olaraq sənədlər və elektron avadanlıqlar məcburi şəkildə götürülmüşdür. Aktda mənfəət vergisinin hesablanması Nazirlər Kabinetinin 01.03.2011-ci il tarixli 55 saylı qərarını əsas gətirərək 20% rentabellik götürülmüşdür. Lakin bu hesablamanın tətbiqinin zəruri edən hallar aktda qeyd edilməmiş və əsassız olaraq mənfəət vergisi şişirdilmişdir. Operativ vergi yoxlamasından sonda hər bir anbar üzrə ayrıca akt və həmin günə qalıqda olan malların siyahısı çıxarılmış, lakin yoxlamanın nəticələrinə dair akt tərtib edilməmişdir. Vergi orqanı müəssisənin balansında olmayan kompüterin yaddaşnda aşkar edilmiş fayla əsaslanaraq vergi borcu hesablamışdlr. Halbuki, müəssisənin kassa sənədləri, alqı-satqı müqavilələri, yük gömrük bəyannamələri, mədaxil və məxaric orderlərinin hamısının mövcud olduğu halda "xxxx"dan söhbət gedə bilməz. Müəssisədə dəfələrlə xronometraj qaydasında yoxlamalar keçirilmiş və nağd əməliyyatların aparılması aşkar edilməmişdir.
6. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanının 13.08.2018-ci il tarixli **********159963 saylı qərarına əsasən iddiaçı müəsisədə 01.07.2015-ci il tarixdən 30.06.2018-ci il tarixədək olan dövrləri əhatə etməklə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Lazımi sənədlərin təqdim edilməsi ilə bağlı iddiaçıya 14.08.2018-ci il tarixdə tələbnamə verilmişdir. İddiaçı 29.08.2018-ci il tarixli məktubla vergi orqanına müraciət edərək tələbnamədə göstərilən sənədlərin yoxlamaya təqdim edilməsi üçün tam hazır olduğunu və sənədlərin müəssisənin faktiki fəaliyyət göstərdiyi ünvan 1 ünvanında olduğunu bildirmişdir. İddiaçı tərəfindən yoxlamaya yalnız baza sənədləri və YGB-lər təqdim edilmişdir. Qalan sənədlər, o cümlədən bazada olmayan ilkin mühasibat sənədləri, uçot registrləri, dövriyyə cədvəlləri, gəlir və xərclərin təsdiqedici sənədləri, qaimələr, təhvil-təslim aktları, bank, kassa sənədləri, ödəniş sənədləri və əmək haqqı cədvəlləri, aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər, forma 2-lər (aktlar), müqavilələr (əmək müqavilələri, iş xidmət müqavilələri və s., nəzarət kitabı,nəqliyyat və digər xərc sənədləri yoxlamaya təqdim edilməmişdir. Vergi ödəyicisi həmin sənədlərdən hər hansının olub-olmaması barədə vergi ödəyicisi tərəfindən yazılı və yaxud elektron qaydada müraciət olunmaqla heç bir münasibət bildirilməmişdir. Vergilər nazirliyi tərəfindən müəssisəyə məxsus obyektlərdə keçirilən operativ vergi nəzarət tədbirləri ilə əlaqədar 13.03.2019-cu il tarixli “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında”, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara və “Sənədlərin təqdim olunması haqqında” tələbnamə çıxarılaraq vergi ödəyicisinə təqdim olunmuşdur. Tələbnamədə göstərilən, o cümlədən elektron daşıyıcılarda olan iddiaçıya məxsus bütün sənədlər götürülərək 13.03.2019-cu il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib olunmuşdur. Götürülmüş sənədlərin 10.04.2019-cu il tarixdə müəssisəyə qaytarılması təmin olunmuşdur. Sənədlər qaytarılarkən müəssisənin direktoru X5 götürülmüş sənədlərin iddiaçı müəssisəyə məxsus olduğunu tərtib olunmuş 10.04.2019-cu il tarixli akta imza edərək təsdiqləmişdir. Götürülmüş sənədlərdə yoxlama dövrünə aid olan vergilərin hesablanması üçün əsaslı faktlar aşkar edilmişdir. Vergilərin hesablanması həmin sənədlər əsasında həyata keçirilmişdir. Yoxlama müddəti ərzində iddiaçının 2016 və 2017- ci illər üzrə mənfəət vergisi müvafiq olaraq 88551.15 manat və 211784.88 manat, cəmi 300336,03 manat və 50 % miqdarında, yəni 150168,02 manat maliyyə sanksiyası; ödəmə mənbəyində tutulan vergi üzrə əlavə 42806,67 manat məbləğində vergi, həmin məbləğin 50 % miqdarında maliyyə sanksiyası - 21403,34 manat hesablanmışdır. Bundan başqa iddiaçı tərəfindən 563754,80 manat ƏDV-nin azaldılması və 31877,81 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Bununla bağlı azaldılmış məbləğin 50 % həcmində, yəni 281877,40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-24/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova)
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti, daha sonra apelyasiya şikayətinin əsaslandırılması ilə bağlı əlavə verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Məhkəmənin qənaətinə görə iş materiallarına əlavə edilmiş 10.04.2019-cu il tarixli aktda cəmiyyətin direktoru R.Hacıyev aktda göstərilən sənədlərin və əşyaların müəssisəyə məxsus olmasını öz imzası ilə təsdiq etmişdir. Həmin sənədlərin müəssisəyə məxsus olmaması və ya başqa bir qeyd akta əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, bu hal həmin sənədlərdə aşkar edilmiş məlumatların vergi orqanı tərəfindən mənbəyi bəlli olan məlumatlara aid edilməsi üçün əsasdır.
10. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz olduğundan ləğv edilməlidir :
11. İş materiallarından görünür ki, cavabdeh vergi orqanının 13.08.2018-ci il tarixli **********159963 nömrəli qərarına əsasən İddiaçı MMC-də növbəti səyyar vergi yoxlaması həyata keçirilmiş və yoxlamanın nəticəsi 02.05.2019-cu il tarixli **********161557 nömrəli akt ilə rəsmiləşdirilmişdir. Aktda qeyd edilənlərə əsasən, yoxlama iyul 2015-iyun 2018 hesabat dövrünü əhatə etmişdir. Vergi ödəyicisi 29.08.2018-ci il tarixli **********257400 nömrəli məktubla vergi orqanına müraciət edərək Tələbnamədə göstərilən sənədlərin yoxlamaya təqdim edilməsi üçün tam hazır olduğunu və sənədlərin müəssisənin faktiki fəaliyyət göstərdiyi ünvan 2 ünvanında olduğunu bildirmişdir. “Sənədlərin təqdim edilməsi haqqında” Tələbnamədə (13.03.2019-cu il tarixli **********00874 nömrəli) olan, o cümlədən elektron daşıyıcıda olan İddiaçı MMC-ə məxsus olan sənədlər götürülərək 13.03.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib edilmişdir. Götürülmüş sənədlərin 10.04.2019-cu il tarixdə cəmiyyətə qaytarılması təmin edilmişdir...Götürülmüş sənədlərdən yoxlama dövrünə aid olan vergilərin hesablanması üçün əsaslı faktlar aşkar edilmiş və Vergilər Nazirliyi tərəfindən həmin kənarlaşmalar qruplaşdırlaraq (cədvəl şəklində - vergi növləri üzrə) həmin sənədləri 26.04.2019-cu il tarixli **********094400 nömrəli məktubla 2 saylı ƏVD-nə təqdim etmişdir. Vergilərin hesablanması həmin sənədlər əsasında həyata keçirilmişdir.
12. Hesab edir ki, işə baxan məhkəmə operativ vergi nəzarəti nəticəsində götürlüdüyü iddia olunan və vergilərin hesablanması zamanı istifadə olunan elektron faylların cəmiyyətə məxsus olub-olmamasını araşdırmazdan qabaq, ilk öncə İddiaçı MMCdən sənədlərin götürülməsi ilə nəticələnən operativ vergi nəzarəti tədbirinin əhatə etdiyi məsələni və vergilərin hesablanması zamanı istifadə edilən sənədlərin götürülmə və tətdiq edilmə qaydasını araşdırmalı idi. Belə ki, qanunsuz yolla əldə edilmiş sübut vergilərin hesablanması zamanı mötəbər sübut qismində istifadə edilə bilməzdi. Səyyar vergi yoxlaması aktının 6-7-ci səhifələrindən görünür ki, cavabdeh vergi orqanı vergi ödəyicisinə 14.08.2018-ci il tarixli **********160097 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim etmiş və vergi ödəyicisi 29.08.2018-ci il tarixli **********257400 nömrəli məktubla vergi orqanına müraciət edərək, tələbnamədə göstərilən sənədlərin yoxlamaya təqdim edilməsi üçün tam hazır olduğunu və sənədlərin müəssisəyə məxsus ünvan 2 ünvanında olduğunu bildirmişdir. Bundan 7 ay sonra vergi orqanı tərəfindən 18.03.2019-cu il tarixli **********79071 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmış və nəticəsi barədə 28.08.2018-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsindən imtina” haqqında Akt tərtib edilmişdir. Eyni zamanda həmin aktın 6-cı səhifəsinin sonuncu paraqrafından görünür ki, Vergilər Nazirliyi tərəfindən müəssisəyə məxsus obyektlərdə keçirilən operativ vergi nəzarəti tədbirləri ilə əlaqədar 13.03.2019-cu il tarixli **********871 nömrəli “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında”, 13.03.2019-cu il tarixli **********00881 nömrəli, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara və 13.03.2019-cu il tarixli **********0874 nömrəli “Sənədlərin təqdim olunması haqqında” Tələbnamə vergi ödəyicisinə təqdim olunmuş, Tələbnamədə olan, o cümlədən elektron daşıyıcılarda olan İddiaçı MMC-yə məxsus bütün sənədlər götürülərək 13.03.2019-cu il tarixli “Sənədlərin və əşyaların götürülməsi haqqında” Protokol tərtib edilmişdir. Götürülmüş sənədlərin 10.04.2019-cu il tarixdə cəmiyyətə qaytarılması təmin edilmişdir.
13. Yuxarıda qeyd olunanlarla bağlı bəzi suallar ortaya çıxır: a. Vergi orqanı sənədlərin təqdim edilməsi barədə tələbnaməni 14.08.2018-ci il tarixdə təqdim etdiyi və həmin sənədlərin olduğu ünvan barədə məktub isə 29.08.2018-ci il tarixdə vergi orqanına təqdim edildiyi halda, cavabdeh vergi orqanı sənədlərin götürülməsi barədə qərarı hansı səbəbdən 7 ay sonra qəbul etmişdir? b. **********79071 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar 18.03.2019-cu il tarixdə qəbul edildiyi halda, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsindən imtina” haqqında Akt hansı səbəbdən əvvəlki tarixdə - 28.08.2018-ci il tarixdə tərtib edilmişdir? c. Səyyar vergi yoxlamasının predmeti olan sənədlər hansı səbəbdən Vergilər Nazirliyi tərəfindən 13.03.2019-cu il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüşdür? Həmin sənədlərin operativ vergi nəzarəti tədbirinin əhatə etdiyi məsələ ilə əlaqəsi nə olmuşdur? d. Operativ vergi nəzarəti tədbiri zamanı 13.03.2019-cu il tarixli **********0874 nömrəli “Sənədlərin təqdim olunması haqqında” Tələbnamə həmin tarixdə vergi ödəyicisinə verilsə də, həmin sənədlərin təqdim edilməsi üçün VM-nin 42.1-ci maddəsində nəzərdə tutulan 1 iş günü müddəti hansı səbəbdən gözlənilməmiş və sənədlərin götürülməsi həmin gün 13.03.2019-cu il tarixdə həyata keçirilmişdir?
14. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan cavabsız suallar barədə əlavə araşdırma aparmadan iş üzrə yekun nəticəyə gəlmişdir. Belə ki, vergi orqanı həyata keçirdiyi operativ vergi nəzarəti tədbiri zamanı yoxlamanın əhatə etdiyi məsələ ilə əlaqədar olmayan, səyyar vergi yoxlamasının predmetinə aid olan sənədləri götürmüşdür. Halbuki, VM-nin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir.
15. Göründüyü kimi, operativ vergi nəzarəti zamanı vergi orqanı vergi qanunvericiliyinin tələblərini pozaraq vergi ödəyicisindən tədbirin predmetinə aid və zəruri olmayan sənədləri və komputer prosessorlarını və s. götürmüş və bunun zəruri olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, görülmüş tədbirlərin səbəbini əsaslandıra bilməmişdir. Bundan başqa, Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədlərin və ya elektron faylları təqdim edilməsi üçün müəyyən edilmiş müddət 1 iş günü olduğu halda, vergi orqanı həmin müddəti gözləmədən tələbnamənin verildiyi gündə sənədlərin götürülməsini həyata keçirmişdir. Eyni zamanda, işə baxan məhkəmə vergi orqanının vergi ödəyicisinə məxsus komputer prosessorlarını və digər avadanlıqları götürmək hüququnun olub-olmamasını araşdırmamışdır. Halbuki, vergi orqanı vergi ödəyicisindən yalnızca vergilərin hesablanması ilə bağlı sənədləri və elektron faylları götürə biləcəyi halda, vergi ödəyicisinə məxsus olan komputer prosessorlarını və digər avadanlıqları da götürmüşdür ki, bu da vergi orqanının vergi ödəyicisinə qarşı qanunsuz hərkətlərinin digər bir nümunəsidir.
16. Bütün qeyd olunanlar vergi orqanının vergi ödəyicisinə qarşı qərəzli və qeyriobyektiv olmasını sübuta yetirən əsaslı faktlardır. Vergi orqanının əməkdaşlarının qanunsuz hərəkətləri barədə iddiaçı dəfələrlə yuxarı vergi orqanına şikayətlər etsə də, həmin şikayətləri faydasız, vergi orqanın əməkdaşlarının qanunsuz hərkətləri isə cəzasız qalmışdır. Bir sözlə desək, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı vergiləri qanunsuz yolla əldə edilmiş məlumatlara əsaslanaraq hesablamış və işə baxan birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Vergilərin hesablanması zamanı istinad edilən elektron faylların və digər sənədlərin İddiaçı MMC-yə məxsus olmasına dair məhkəmənin qənaətinə münasibətdə qeyd edir ki, məhkəmə müəssisənin rəhbərinin götürülmüş sənədlərin və komputer prosessorlarının cəmiyyətə məxsus olması barədə aktı imzalamasını əsas götürərək hesab etmişdir ki, vergi orqanı səyyar vergi yoxlaması zamanı əlavə vergi məbləğlərini və maliyyə sanksiyalarını cəmiyyətə məxsus olduğu sübuta yetirilmiş məlumatlara əsasən hesablamışdır. Halbuki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən işin faktiki və hüquqi hallarını və iş üzrə sübutları tam və hərtərəfli araşdırmamışdır.
17. Belə ki, iş materiallarından görünür ki, vergi orqanı operativ vergi nəzarəti tədbiri çərçivəsində cəmiyyətə məxsus sənədləri və komputer prosessorlarını götürmüş və daha sonra iddia etdkilərinə görə həmin komputer prosessorlarını tədqiq edərək bir sıra elektron fayllar əldə etmişlər. Lakin, İddiaçı MMC-nin direktoru R.Hacıyevin imzaladığı aktdan görünür ki, müəssisənin rəhbəri komputer prosessorundan çıxarılmış elektron faylların deyil, məhz həmin prosessorların cəmiyyətə məxsus olduğunu etiraf etmişdir. Elektron faylların cəmiyyətə məxsus olmasına münasibətdə isə qeyd edir ki, həmin komputer prosessorları və oradan çıxdığı iddia edilən elektron fayllar tədqiq edilərkən İddiaçı MMCnin nümayəndələrinin iştirakı təmin edilməmişdir. Bundan başqa, komputer prosessorlarının tədqiqi xüsusi bilik tələb edən sahə olduğundan, həmin proses mütəxəssisin iştirakı ilə həyata keçirilməli olduğu halda, vergi orqanı həmin tədqiqatı iddiaçıya məlum olmayan şəraitdə, üsulda və zamanda öz təşəbbüsü ilə həyata keçirmişdir. Bütün bunlar isə dolayısı ilə o deməkdir ki, cəmiyyətə məxsus komputer prosessorlarından çıxarıldığı iddia edilən elektron faylların cəmiyyətə məxsus olmasına dair hər hansı əsaslı dəlil mövcud deyil və bu da həmin sənədlərin mötəbərliyini ciddi şəkildə şübhə altına alır.
18. Həmçinin qeyd etmək lazımdır ki, cavabdeh vergi orqanı elektron fayllarda öz əksini tapmış vergitutulan əməliyyatların faktiki olaraq baş tutmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qərar qəbul edərkən əsas olaraq götürdüyü dəlil – elektron faylların cəmiyyətə məxsus olmasına dair qənaəti tamamilə əsassızdır və məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan iş üzrə yekun nəticəyə gəlmişdir. Səyyar vergi yoxlaması aktından bəlli olur ki, cavabdeh vergi orqanı keçirilmiş səyyar vergi yoxlaması nəticəsində vergilərin hesablanması zamanı operativ vergi nəzarəti tədbiri çərçivəsində götürüldüyü iddia olunan sənədlərə və ya elektron fayllara istinad etmişdir. Lakin səyyar vergi yoxlaması zamanı vergilərin faktiki və konkret olaraq hansı sənədlərin (və ya elektron faylların) əsasında və hansı qaydada hesablanması (ayrı-ayrılıqda hansı sənəddən hansı göstəricilərin əldə edilməsi və həmin göstəricilərin hansı hesabat dövrünü əhatə etməsi) qeyri-müəyyəndir və bu da aparılan hesablamaların mötəbərliyini və düzgünlüyünü şübhə altına salır. Belə ki, mənfəət vergisi hesablanan zaman cəmiyyətin vergi tutulan ümumi gəliri 2016-cı il üzrə 2846428.77 manat, 2017-ci il üzrə isə 6716850.77 manat təsbit edilsə də, səyyar vergi yoxlaması aktında həmin göstəricinin necə və konkret olaraq hansı sənədlər və ya elektron fayllar əsasında müəyyən edilməsi barədə hər hansı qeyd mövcud deyil.
19. Eyni halı ƏDV məqsədləri üçün vergiyə cəlb edilən dövriyyəyə və “Nağdsız hesablaşmalar haqqında” AR Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmaqla aparıldığı iddia edilən nağd ödənişlərə də aid etmək olar. Bu 2 halda da vergi orqanı tərəfindən müəyyən edilmiş göstəricilərin hansı qaydada və sənədlər əsasında aşkar edilməsi qeyrimüəyyəndir. Vergi orqanı səyyar vergi yoxlaması aktında yuxarıda qeyd olunan göstəricilərin Vergilər Nazirliyi tərəfindən qruplaşdırılaraq təqdim edilmiş cədvəl əsasında müəyyən edildiyini qeyd etsə də, həmin cədvəlin konkret olaraq hansı sənədlər və ya elektron fayllar əsasında və hansı qaydada tərtib edilməsinə (ayrı-ayrılıqda hansı sənəddən hansı göstəricilərin əldə edilməsinə və həmin göstəricilərin hansı hesabat dövrünü əhatə etməsinə) aydınlıq gətirməmişdir. Səyyar vergi yoxlaması aktından aydın olur ki, vergi orqanı səyyar vergi yoxlamasının müddətini iş günləri ilə hesablamışdır. Lakin Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Maddənin məzmunundan aydın olduğu kimi, vergi qanunvericiliyinin tələbinə əsasən səyyar vergi yoxlamasının müddəti təqvim günü ilə hesablanmalı və ümumilikdə 90 gündən artıq davam edə bilməz.
20. Lakin səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama 28.08.2018-ci il tarixdə başlamış və qanunla müəyyən edilmiş 30 gün müddəti 28.09.2018-ci il tarixdə bitdiyi halda, yoxlama birinci halda 05.10.2018-ci il tarixdə 30 gün müddətinə uzadılmışdır. Daha sonra həmin müddət 05.11.2018-ci il tarixdə bitməli olduğu halda, yoxlama 19.11.2018-ci il tarixdə ikinci dəfə yenidən 30 gün müddətinə uzadılmışdır. Bir sözlə desək, 2 halda 60 gün müddətinə uzadılma halını nəzərə alsaq, yoxlamanın müddəti 28.11.2018-ci il tarixdə bitdiyi halda, yoxlama vergi orqanı tərəfindən yekunlaşdırılmamış və 1 ay sonra qəbul edilmiş 28.12.2018-ci il tarixli qərara əsasən müvəqqəti olaraq dayandırılmışdır. Göründüyü kimi, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən müddətlərə bağlı vergi qanunvericiliyinin tələbləri də kobud şəkildə pozulmuşdur. Səyyar vergi yoxlaması aktında qeyd olunanlara əsasən, yoxlama nəticəsində İddiaçı MMC tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxslərə göstərdiyi xidmətlərə görə nağd qaydada 130643,03 manat ödəniş edilmiş və bu səbəbdən cəmiyyətə Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, 18290.02 manat ÖMV hesablanmışdır.
21. Lakin iş materiallarında həmin fiziki şəxslərin kim olması, onlara ayrı-ayrılıqda hansı tarixlərdə (hesabat dövrlərində) və hansı məbləğdə ödəniş edilməsinə dair hər hansı sübut mövcud olmamış və işə baxan məhkəmə bununla bağlı əlavə araşdırma aparmadan, zəruri sübutları toplamadan iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Bundan başqa, səyyar vergi yoxlaması aktının 16-cı səhifəsindən aydın olur ki, yoxlama zamanı beynəlxalq daşımalara görə İran vətəndaşına 407494.15 manat ödəniş edildiyi aşkar edilmiş və bununla əlaqədar iddiaçıya VM-nin 125.1.4-cü maddəsinə əsasən 24449.65 manat ÖMV hesablanmışdır. Lakin iş materiallarında həmin İran vətəndaşının kim olması, ona hansı tarixlərdə (hesabat dövrlərində) və hansı məbləğdə ödəniş edilməsinə dair hər hansı sübut mövcud olmamış və işə baxan məhkəmə bununla bağlı əlavə araşdırma aparmadan iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı MMC-dən götürüldüyü iddia olunan elektron fayllara əsasən başqa bir vergi ödəyicisi – "xxxx" MMC-yə vergi orqanı tərəfindən səyyar vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunan vergi ödəyicisi vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticələrini məhkəmə qaydasında mübahisələndirmiş və Bakı İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli 2-1(112)- 623/2021 nömrəli qərarı ilə təmin edilmişdir. Həmin məhkəmə qərarında qeyd edilənlərə əsasən, “əlavə vergilərin hesablanmasının əsası kimi mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, istər münahisələndirilən inzibati aktda, istərsə də cavabdehin iddiaya qarşı etirazında Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatların məzmununun nədən ibarət olması, bu məlumatların hansı rəsmi maliyyə uçot sənədləri ilə təsdiq olunması qeyd edilməmiş, ümumiyyətlə iddiaçı tərəfindən həmin məlumatlarda göstərilən əməliyyatların aparılması, eləcə də həmin məlumatların mənbəyi barədə hər hansı rəsmi təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir....Məhkəmə hesab edir ki, səyyar vergi yoxlaması zamanı Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş elektron məlumatların mənbəyinin məlum olub-olmaması, bu məlumatların vergi ödəycisinin sahibkarlıq və maliyyə fəaliyyətlərini əks etdirən məlumatlar kimi qiymətləndirilə bilinməsi, eləcə də əlavə vergi öhdəliyinin müəyyən edilməsi üçün bu məlumatların əsas təşkil edib-etməməsi müəyyən edilmədiyindən, həmin məlumatlar əsasında cavabhdeh vergi orqanı tərəfindən əsassız olaraq iddiaçı barəsində əlavə vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir.”
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verdi, həmçinin izahatında bildirdi ki, səyyar vergi yoxlaması aktının 12-13-cü səhifələrindəki “Əlavə dəyər vergisinin müqayisəli cədvəli”ndən aydın olur ki, İddiaçı MMC tərəfindən 2015-ci ilin avqust ayı üzrə 21771.22 manat, noyabr ayı üzrə 3321.77 manat, 2016-cı ilin oktyabr ayı üzrə 6784.82 manat ƏDVnin artıq hesablanması müəyyən edilmişdir ki, iddiaçı səyyar vergi yoxlamasının bu hissədə gəldiyi nəticə ilə razılaşır. Odur ki, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, apelyasiya şikayətinin təmin edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş 28.06.2019-cu il tarixli **********185923 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın, 2015-ci ilin avqust, noyabr ayları və 2016-cı ilin oktyabr ayı üzrə ümumilikdə 31877.81 manat ƏDV-nin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.4 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
28. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1.6 Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Maddə 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Maddə 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
31. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
33. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2-1(118)-24/2021 saylı qərarı ləğv edilməli, iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
34. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
35. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.
36. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
37. Mübahisənin mahiyyəti ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, 13.08.2018-ci il tarixli **********821200 nömrəli qərara əsasən İddiaçı MMC-də iyul 2015-iyun 2018 hesabat dövrlərini əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 28.08.2018-ci il tarixdə başlamış, 29.04.2019-cu il tarixdə bitmişdir. Vergi ödəyicisinə 14.08.2018-ci il tarixli **********160097 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə” təqdim edilmişdir. Vergi ödəyicisi 29.08.2018-ci il tarixli **********257400 nömrəli məktubla vergi orqanına müraciət edərək, Tələbnamədə göstərilən sənədlərin yoxlamaya təqdim edilməsi üçün tam hazır olduğunu və sənədlərin müəssisənin faktiki fəaliyyət göstərdiyi ünvan 2 ünvanında olduğunu bildirmişdir.
38. Vergilər Nazirliyi (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən müəssisəyə məxsus obyektlərdə keçirilən operativ vergi nəzarəti tədbirləri ilə əlaqədar 13.03.2019-cu il tarixli **********0871 nömrəli “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında”, 13.03.2019-cu il tarixli **********00881 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarlar və 13.03.2019-cu il tarixli **********00874 nömrəli “Sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılaraq vergi ödəyicisinə təqdim olunmuşdur. Tələbnamədə olan, o cümlədən elektron daşıyıcılarda olan İddiaçı MMC-yə məxsus bütün sənədlər götürülərək 13.03.2019-cu il tarixli “Sənədlərin və nümumə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib edilmişdir. Götürülmüş sənədlərdən yoxlama dövrünə aid olan vergilərin hesablanması üçün əsaslı faktlar aşkar edilmiş və Vergilər Nazirliyi tərəfindən həmin kənarlaşmalar qruplaşdırılaraq (cədvəl şəklində - vergi növləri üzrə) 26.04.2019-cu il tarixli **********094400 nömrəli məktubla 2 saylı Ərazi Vergilər Departamentinə təqdim edilmişdir. Vergilərin hesablanması həmin sənədlər əsasında həyata keçirilmişdir.
39. Cavabdeh vergi orqanının 27.12.2018-ci il tarixli **********172974 nömrəli, 18.01.2019-cu il tarixli **********174609 nömrəli və 28.02.2019-cu il tarixli **********177734 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarlarına əsasən ekspertiza təyin edilmiş və bununla bağlı olaraq “Azərekspertiza” Birliyinə müraciət olunsa da Birlik tərəfindən ekspert rəyinin təqdim edilməsi təmin edilməmişdir. Yoxlamanın nəticəsində İddiaçı MMC-yə yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə 300336.03 manat mənfəət vergisinin, 531876.99 manat Əlavə dəyər vergisinin, 42806.67 manat Ödəmə mənbəyində tutulan verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (bəyannamədə göstərilməli olan məbləğin göstərilməməsinə görə) 453446,76 manat, 58.7-1-ci maddəsinə əsasən (“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə) 2577455.72 manat, 57.1-ci maddəsinə əsasən (hesabatın vaxtında təqdim edilməməsinə görə) 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir.
40. İş materiallarına əlavə edilmiş 28.06.2019-cu il tarixli **********185923 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya Mənfəət vergisi üzrə 2016-cı ilə 88551,15 manat, 2017-ci ilə 211784,88 manat, ƏDV üzrə 2016-cı ilə 72682.74 manat, 2017-ci ilə 305869.76 manat, 2018-ci ilə 178417.48 manat, Ödəmə mənbəyində tutulan vergi üzrə 2017-ci ilə 26059.01 manat, 2018-ci ilə 16743.66 manat, ümumilikdə 900108.68 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (bəyannamədə göstərilməli olan məbləğin göstərilməməsinə görə) 453446.76 manat, 58.7-1-ci maddəsinə əsasən (“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə) 2577455.72 manat, 57.1-ci maddəsinə əsasən (hesabatın vaxtında təqdim edilməməsinə görə) 40 manat, ümumilikdə 3030942.48 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
41. Bu qərarla razılaşmayan vergi ödəyicisi həmin qərarı mübahisələndirmiş, birinci instansiyası məhkəməsi iddiaçının mövqeyini əsassız hesab edərək iddianı təmin etməmişdir. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir.
42. İddiaçı öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı MMC-də aparılmış səyyar vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını iddiaçıya məxsus olmayan və mötəbərliyi şübhə doğuran sənədlər və elektron daşıyıcıda olan məlumatlar təşkil etmişdir.
43. Cavabdeh isə qəbul etdiyi qərarı belə əsaslandırmışdır ki, səyyar vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını vergi ödəyicisinin təsərrüfat subyektindən götürülmüş mənbəyi bəlli sənədlər və eletron daşyıcıda olan məlumatlar təşkil edir və bu məlumatlar əsasında iddiaçıya vergilərin hesablana bilməsi vergi qanunvericiliyində birbaşa nəzərdə tutulmuşdur.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmadığından, qərar ləğv edilməlidir.
45. Mübahisələndirilən 28.06.2019-cu il tarixli qərar ilə vergilərin hesablanmasının əsasının Vergilər Nazirliyi (hazırkı İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidməti) tərəfindən qruplaşdırılaraq cavabdeh vergi orqanına cədvəl şəklində təqdim edilmiş elektron daşıyıcıda olan məlumatların olması işin mübahisəsiz hallarındandır.
46. İşin mübahisəli halı həmin məlumatların iddiaçıya məxsus olmaqla onun real dövriyyəsini əks etdirib-etdirməməsi və vergilərin hesablanması zamanı mənbəyi bəlli məlumat qismində istifadə edilməsinin vergi qanunvericiliyinin tələblərinə uyğun olubolmamasıdır.
47. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Bundan əlavə, yuxarıda qeyd edilmiş maddənin məzmunundan həm də o müəyyən olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. (Vergi Məcəlləsinin 67.1, 67.2, 67.3 və 67.4-cü maddələri).
48. İş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı vergiləri Vergi Məcəlləsinin 67.1-67.4-cü maddələrinin tələblərinə müvafiq olaraq rəsmi əlaqəli məlumatlara və ya analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatlarına əsasən deyil, vergi ödəyicisinin obyektindən götürüldüyü iddia olunan elektron daşıyıcıda olan məlumatlara əsasən hesablamışdır.
49. İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş 10.04.2019-cu il tarixli aktda İddiaçı MMC-nin direktoru R.Hacıyev aktda göstərilən sənədlərin və əşyaların İddiaçı MMC-yə məxsus olmasını öz imzası ilə təsdiq etmişdir ki, bu da həmin sənədlərdə aşkar edilmiş məlumatların vergi orqanı tərəfindən mənbəyi bəlli olan məlumatlara aid edilməsi üçün əsasdır.
50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, sənədlərin və əşyaların geri qaytarılması barədə aktın direktor Rafiq Hacıyev tərəfindən imzalanması Vergilər Nazirliyi (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən qruplaşdırılaraq cədvəl şəklində cavabdeh vergi orqanına təqdim edilmiş və vergilərin hesablanması zamanı istifadə edilmiş məlumatların mötəbərliyinə dəlalət etmir.
51. Belə ki, iş materiallarına əlavə edilmiş 13.03.2019-cu il tarixli **********0871 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən İddiaçı MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən obyektində pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə 13.03.2019-cu il tarixdən 11.04.2019-cu il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.
52. İş materiallarına əlavə edilmiş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 13.03.2019-cu il tarixli **********0881 nömrəli Qərara əsasən iddiaçıya məxsus 3 ədəd prosessorun, 1 ədəd notbukun, 17 ədəd qovluğun, 2 ədəd yaddaş qurğusunun, 2 ədəd hesabat kitabının götürülməsi təmin edilmiş və bununla bağlı olaraq 13.03.2019-cu il tarixli Protokol tərtib edilmişdir. Protokol müəssisənin direktoru Rafiq Hacıyev tərəfindən imzalanmışdır. Nəzarət tədbiri zamanı götürülmüş sənədlər 10.04.2019-cu il tarixdə iddiaçıya qaytarılmış və bununla bağlı tərtib edilmiş həmin tarixli akt direktor Rafiq Hacıyev tərəfindən imzalanmışdır.
53. Məhkəmə kollegiyası vergilərin hesablanması zamanı istifadə edilən məlumatların mötəbərliyi ilə bağlı aşağıdakıları qeyd edir.
54. Kollegiya ilk öncə qeyd edir ki, 13.03.2019-cu il tarixli qərara əsasən təyin edilmiş operativ vergi nəzarəti tədbiri pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələlərini əhatə etdiyi halda, tədbiri həyata keçirən vergi orqanı tədbirin əhatə etdiyi məsələlərə aidiyyəti olmayan sənədlərin, o cümlədən komputer prosessorlarının və notbukun götürülməsini həyata keçirmişdir.
55. Halbuki, Vergi Məcəlləsinin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir.
56. Göründüyü kimi, operativ vergi nəzarəti zamanı cavabdeh vergi orqanı vergi qanunvericiliyinin tələblərini pozaraq iddiaçıdan tədbirin predmetinə aid və zəruri olmayan sənədləri, eləcə də komputer prosessorlarını və notbuku götürmüş və bunun zəruri olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə və görülmüş tədbirlərin səbəbini əsaslandıra bilməmişdir.
57. Eyni zamanda, qeyd olunan operativ vergi nəzarəti tədbirinin sonunda pul vəsaitlərinin uçotdan gizlədilib-gizlədilməməsi və malların qanunla müəyyən edilimiş qaydada alınıb-alınmaması ilə bağlı hər hansı yekun akt tərtib edilməmişdir ki, bu da göstərilən nəzarət tədbirinin qanuniliyini və obyektivliyini şübhə altına alır.
58. Bundan başqa, cavabdeh vergi orqanı 13.03.2019-cu il tarixdə iddiaçıya məxsus obyektdən götürülmüş sənəd və əşyaların tədqiqini, o cümlədən elektron məlumatların elektron daşıyıcılardan emal edilməsini iddiaçının nümayəndəsinin iştirakı olmadan həyata keçirmişdir. Cəmiyyətin direktoru Rafiq Hacıyev tərəfindən geri qaytarılan sənədlərin və əşyaların cəmiyyətə məxsus olmasına dair aktı imzalamasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, direktor Rafiq Hacıyevin geri qaytarılan əşya və sənədlərin cəmiyyətə məxsus olmasını təsdiq etməsi həmin sənəd və əşyalardan qruplaşdırılaraq götürülüdüyü iddia olunan məlumatların da cəmiyyətə məxsus olmasını etiraf etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, həmin əşyalar və sənədlərin tədqiqi və məlumatların emalı Rafiq Hacıyevin iştirakı olmadan həyata keçirilmiş və vergilərin hesablanması zamanı istifadə edilən məlumatlar (cədvəllər) tanış olmaq üçün sonuncuya təqdim edilməmişdir. Bu isə o deməkdir ki, Rafiq Hacıyev aktı imzalamaqla notbuk və prosessorlardan emal edilmiş məlumatların deyil, məhz həmin əşyaların cəmiyyətə məxsus olduğunu etiraf etmişdir.
59. Bundan başqa, cavabdeh vergi orqanı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 15.03.2021-ci il tarixli qərardan aydın olur ki, cinayət təqibi nəticəsində İddiaçı MMC-nin faktiki rəhbərlərinin X4 və X2 olduğu müəyyən edilmiş və bu səbəbdən, yəni əməlində cinayət tərkibi olmadığından, cinayət təqibinin başlanması X3 münasibətdə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bu isə o deməkdir ki, bir haldaki cinayət prosesini həyata keçirən orqan Hacıyev Rafiqin İddiaçı MMC-nin cari fəaliyyətinə faktiki olaraq rəhbərlik edən şəxs olmadığını müəyyən etmişdir, bu halda vergi orqanının onun tərəfindən imzalanan sənədlərə (protokol və akta) mötəbər sübut qismində istinad etməsi ağlabatan deyildir.
60. Həmçinin kollegiya qeyd edir ki, iddiaçıdan götürülmüş komputer prosessorlarından və noutbukdan elektron məlumatların emal edilməsi xüsusi bilik tələb edən sahə olduğu halda, vergi orqanı həmin prosesi hər hansı mütəxəssisin iştirakı olmadan həyata keçirmiş və buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir ki, bu da emal prosesinin və həmin prosesin sonunda əldə edilmiş məlumatların obyektivliyini şübhə altına alır.
61. Bundan başqa kollegiya qeyd edir ki, Vergilər Nazirliyi (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən qruplaşıdılaraq cədvəl şəklində cavabdehə təqdim edilmiş və sonuncu tərəfindən vergilərin hesablanması zamanı istifadə edilən məlumatlar (cədvəllər) iş materiallarına əlavə edilmiş, lakin həmin məlumatların hansı sənəd və ya elektron daşıyıcıda olan məlumatlar əsasında tərtib edilməsini müəyyən etmək mümkün olmamışdır. Hansı ki, həmin cədvəllərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real satış dövriyyəsini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs.: alqı-satqı, təhvil-təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür.
62. Həmçinin, cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı ekspert və mütəxəssis dəvət edilsə də, sonradan onların yardımından istifadə edilməmişdir (halbuki, bu əsasla yoxlama 6 dəfə dayandırılmış və 2 dəfə uzadılmışdır). Belə olan halda, iddiaçının dövriyyəsinin necə hesablanması (əsas borc üzrə 900108.68 manat, maliyyə sanksiyası üzrə 3030942.48 manat, ümumilikdə 3931051.16 manat vergi borcu) ilə bağlı əsaslı suallar ortaya çıxır. İş materiallarında isə iddiaçının real satış dövriyyəsinin hesablanması qaydasına (konkret sübutlara istinad etməklə) dair hər hansı məlumat yoxdur. Səyyar vergi yoxlamasındakı qeyd olunan məlumatları da təhlil etdikdə görünür ki, yoxlama aktında cavabdeh hesablamanın riyazi əsasını konkret mötəbər sübutlara istinadla göstərməmişdir. Cavabdeh inzibati orqan kimi yoxlama zamanı mötəbərliyi şübhə doğuran üsulla əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən cədvələ istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir.
63. Halbuki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri)
64. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.
65. İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
66. Cavabdeh iddiaçının elektron daşyıcıda olan sənədlər əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi məlumatların (cədvəllərin) mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir.
67. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi)
68. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15.01.2021-ci il tarixli 9/1733 saylı rəydən görünür ki, 02.05.2019-cu il tarixli **********161557 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilər (ƏDV, mənfəət və ÖMV) üzrə yoxlama ilə aparılmış əlavə hesablamarın düzgünlüyü müəyyən edilməmişdir. Həmçinin təqdim edilmiş iş materialları ilə vergi ödəyicisinin bəyannamə məlumatları arasında fərq olmadığı üçün hazırkı ekspertiza tədqiqatı zamanı yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergilərin az hesablanması müəyyən edilməmişdir.
69. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında göstərilən ekspert rəyindəki məlumatları şübhə altına almağa əsas verən heç bir sübut olmadığı halda, aşağı instansiya məhkəməsi həmin rəylə razılaşmamış və qərarda bununla bağlı hər hansı əsaslandırma aparmamışdır.
70. Bundan başqa, cavabdeh vergi orqanı 15.03.2021-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı məhkəməyə təqdim edərək səyyar vergi yoxlaması nəticəsində aparılmış hesablamanın əsaslı olduğunu sübut etməyə çalışmışdır.
71. Qeyd olunan qərarın məzmunundan aydın olur ki, ibtidai istintaqı həyata keçirmiş orqan – Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi cinayət prosesi üzrə istintaq hərəkətlərini əsasən İddiaçı MMC-dən götürüldüyü iddia olunan üzərində “Auto Azerbaijan” yazısı olan qara rəngli bloknotun üzərində təşkil etmiş, həmin bloknotda olan məlumatların həqiqiliyi üzrə araşdırma aparmış və bununla bağlı bir neçə şəxsi şahid qismində dindirmişdir.
72. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan “Cinayət işi üzrə icraat xitam verilməsi haqqında” 15.03.2021-ci il tarixli qərar iddiaçı tərəfindən mübahisələndirilən 28.06.2019-cu il tarixli **********185923 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə hesablanmış vergilərin və tətbiq edilmiş maliyyə sanksiyalarının əsaslı olduğu qənaətinə gəlinməsi üçün kifayət qədər mötəbər sübut deyil.
73. Belə ki, “Cinayət işi üzrə icraat xitam verilməsi haqqında” 15.03.2021-ci il tarixli qərarın 21-ci səhifəsində qeyd edilənlərə əsasən ibtidai istintaq zamanı əsas araşdırma predmeti olmuş üzərində “Auto Azerbaijan” yazısı olan qara rəngli bloknot və digər sənədlər 29.08.2019-cu il tarixli qərar ilə başlanmış ********* nömrəli cinayət işi çərçivəsində həyata keçirilmiş axtarış zamanı götürülmüşdür ki, bu da həmin bloknotun mübahisələndirilən səyyar vergi yoxlamasından sonrakı tarixdə əldə edildiyini və səyyar vergi yoxlaması çərçivəsində aparılan hesablamalar zamanı həmin bloknotun və digər sənədlərin mənbə qismində istifadə edilmədiyini göstərir. Başqa sözlə desək, ibtidai istintaq zamanı mübahisələndirilən səyyar vergi yoxlaması çərçivəsində vergilərin hesablanması zamanı istifadə edilən məlumatlar (komputer və prosessorlardan əldə edildiyi iddia olunan elektron cədvəllər) deyil, məhz yoxlama bitdikdən sonra cinayət işi zamanı əldə edilmiş üzərində “Auto Azerbaijan” yazısı olan bloknot və digər sənədlər araşdırılmışdır.
74. Bundan başqa, “Cinayət işi üzrə icraat xitam verilməsi haqqında” 15.03.2021-ci il tarixli qərarın 21-ci səhifəsində qeyd edilənlərə əsasən ibtidai istintaq zamanı İddiaçı MMC-nin 01.01.2017-ci il tarixdən 31.12.2017-ci il tarixədək olan fəaliyyəti araşdırılmışdır. Halbuki, mübahisələndirilən səyyar vergi yoxlaması 01.07.2015-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan hesabat dövrlərini əhatə etmişdir.
75. Göründüyü kimi, ibtidai istintaq zamanı səyyar vergi yoxlaması çərçivəsində vergilərin hesablanması məqsədilə istifadə edilmiş sənədlər və məlumatlar deyil, sonrakı tarixlərdə əldə edilmiş sənədlər tədqiq edilmişdir ki, bu da cinayət işinə xitam verilməsi haqqında qərarın səyyar vergi yoxlaması zamanı istifadə edilən məlumatların mötəbərliyini sübut edən dəlil qismində qiymətləndirilməsini istisna edir.
76. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdehin 28.06.2019-cu il tarixli **********185923 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qara mühasibatlıq sənədləri əsasında hesablanmış -300336,03 manat mənfəət vergisi və onun 50 % miqdarında 150168,02 manat maliyyə sanksiyası; 42743.67 manat ödəmə mənbəyində tutulan vergi və həmin məbləğin 50 % miqdarında, yəni 21371.83 manat maliyyə sanksiyası, 563754,80 manat əlavə dəyər vergisi və həmin məbləğin 50 % miqdarında, yəni 281877,40 manat məbləğində maliyyə sanksiyası, həmçinin Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən, 2577455.72 manat maliyyə sanksiyasının hesablanması hissəsində əsassız olduğundan ləğv edilməlidir.
77. Bununla yanaşı kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş 02.05.2019cu il tarixli səyyar vergi yoxlaması aktının 12-13-cü səhifələrində öz əksini tapmış əlavə dəyər vergisinin müqayisəli cədvəlindən görünür ki, yoxlama zamanı iddiaçı tərəfindən 2015-ci ilin avqust ayı üzrə 21771,22 manat, noyabr ayı üzrə 3321,77 manat və 2016-cı ilin oktyabr ayı üzrə 6784.82 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizədə iddiaçı 28.06.2019-cu il tarixli qərarla həmin hissədə razı olduğunu bildirmiş, cavabdeh vergi orqanı isə həmin artıq hesablamaların əsaslı və qanuni olduğunu qəbul etmişdir. Ona görə də, qərarın ƏDV-nin artıq hesablanmasına dair hissəsi hazırkı mübahisənin predmeti deyildir.
78. Eyni zamanda, kollegiya qeyd edir ki, səyyar vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən 2018-ci ilin 2-ci rübü üzrə ödənilmiş 450 manat icarə haqqı ilə bağlı ÖMV bəyannaməsinin təqdim edilmədiyi aşkar edilmiş, nəticədə iddiaçıya 63 manat ÖMV hesablanmış və onun 50 faizi məbləğində maliyyə sanksyası, həmçinin 2018-ci ilin İİ rübü üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
79. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə araşdırması nəticəsində iddiaçı tərəfindən 2018-ci ilin 2-ci rübü üzrə ödənilmiş 450 manat icarə haqqı ilə bağlı vergi orqanına ÖMV bəyannaməsini təqdim edilmədiyi və 63 manat verginin hesablanmadığı müəyyən edilmişdir. İddiaçı bu halı təkzib edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də kollegiya hesab edir ki, bu hissədə məsuliyyətə cəlb etmə qərarı qanunidir və ləğvinə əsas yoxdur.
80. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarına əsasən hesab edir ki, iddiaçıya səyyar vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği və maliyyə sanksiyası (63 manat ÖMV, 31.5 manat və 40 manat maliyyə sanksiyası hissəsində istisna olmaqla) hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
81. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
82. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2-1(118)-24/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. 2 saylı Ərazi Vergilər Departamentinin 28.06.2019-cu il tarixli **********185923 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən – 63,0 manat Ödəmə mənbəyində tutulan verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 31.50 manat və 57.1-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi və 31877.81 manat ƏDV-nin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.