Məhkəmə qərarları › İş №2-1(105)-16/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-16/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-16/2023 11.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X8 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X2 və onun azyaşlı övladları 11 iyun 2008-cı il təvəllüdlü X5, 12 may 2009-cu il təvəllüdlü X3 ona məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 35H saylı evin 66-cı mənzilindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(118)-1007/2022 nömrəli qərarından üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 35H saylı evin 66 saylı mənzilə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20 avqust 2018-ci il tarixdə qeydiyyata alınmışdır.

2. X9 iddiaçının keçmiş gəlinidir. Belə ki, X9 iddiaçının oğlu Vasif Abbasovla xx.xx.2007-ci il tarixdə evlənmiş, həmin nikahdan onların iki uşaqları - 11 iyun 2008-ci il təvəllüdlü X11 və 12 may 2009-cu il təvəllüdlü X10 doğulmuşdur. X12 ilə X2 arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar ananın yanında saxlanmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və onun azyaşlı övladları 11 iyun 2008-cı il təvəllüdlü X5, 12 may 2009-cu il təvəllüdlü X3 ona məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 35H saylı evin 66-cı mənzilindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən 35H saylı evin 66-cı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə verilmiş RX seriyalı ******* nömrəli çıxarış təsdiq edir. Mənzildə oğlunun keçmiş həyat yoldaşı X9, azyaşlı övladları 11 iyun 2008-ci il təvəllüdlü X11 və 12 may 2009-cu il təvəllüdlü X10 pasport qeydiyyatındadırlar. A.Abbasova, oğlu və 2 azyaşlı övladları mənzildə qeydiyyatda 2018-ci ildən olmaqla həmin ünvanda yaşamışlar. X4 2018-ci ildə ipoteka krediti əsasında Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən ev 35H, mənzil 66-ni almışdır. Bunu xx.xx.2018-ci ildə verilmiş RX Seriyalı ******* saylı çıxarış təsdiq edir. Onlar 2018-ci ildə 67 saylı mənzili alsa da, mülkiyyətçi olduğu 66 saylı mənzildə yaşamışlar. 67 saylı mənzil oğlu ilə keçmiş gəlini Arzu Abbasova ilə birgə nikahda olduğu dövrdə alınmışdır və A.Abbasovanın 67 saylı mənzildə yaşamasına heç bir maneçilik yoxdur. Həmin şəxsləri qeydiyyatdan çıxarmaq üçün cavabdeh polis idarəsinə müraciət etmiş, onun müraciəti təmin edilməmişdir.

5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(118)-1007/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim Ceyhun Məmmədov)

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1 mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil Aİddiaçı övladı olan X7 mülkiyyətində olduğu tədqirdə 3-cü şəxs olan Arzu Abbasovanın həmin mənzildə istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranmış olardı. X17 pasport qeydiyyatına düşdüyü mənzil qaynatasının mülkiyyətində olduğuna görə onun həmin mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X2 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir.

8. Həmin qərardan üçüncü şəxs X9 apellyasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci ildə iddiaçının X4 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları var. Məhkəmənin qətnaməsi ilə aralarında olan rəsmi nikah 2021-ci ildə pozulmuşdur. 3 ildən çoxdur ki, mübahisəli mənzildə qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Mübahisəli mənzildə istifadə hüququ var. Lakin iddiaçı ona qarşı əsassız iddia qaldırmış və məhkəmə də heç bir araşdırma aparmadan iddia tələbini təmin etmişdir. Məhkəmə iclaslarında iştirakı təmin olunmadığından iddia tələbinə etirazını bildirə bilməmişdir. Himayəsində iki uşağı var və uşaqları ilə həmin ünvanda yaşayır. Yaşayacaq başqa yeri yoxdur. İddiaçı ona 50000 manat kompensasiya verərsə mənzildən qeydiyyatdan çıxmağa razı olar. Əks halda iddia tələbi ilə razılaşmır və qərardan narazıdır. Belə ki, hazırkı mənzil məhz keçmiş yoldaşı ilə birlikdə birgə nikah dövründə əldə etdikləri mənzilin satışından əldə olunmuş pul vəsaiti ilə alınıb. Həmin mənzil 120000 manata satılıb və hazırkı mənzil 140000 manata alınıb. Satılan mənzil həyat yoldaşının adına olmuşdur. Yuxarıda qeyd etdiyi kimi onun hazırkı mənzildə yaşayış hüququ var. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmamışdır. Ona görə də hesab edir ki, qərar ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İnzibati məhkəmə icraatının digər iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.

Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. (...)

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3- cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

19. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki,”...şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

20. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.

21. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.

22. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.

23. Hazırki iş üzrə iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyə edilmişdir.

24. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və sonuncunun övladları - xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X3 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 66-dan çıxarılıb mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5193/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər xx.xx.2018-ci il tarixində (iddiaçının adına mübahisə predmeti olan yaşayış sahəsinə dair çıxarış verildiyi, cavabdehin məskunlaşdığı tarixdən) yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh iddiaçının ailə üzvü və digər qohumu olmadığından, onun mübahisəli yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Odur ki, cavabdeh mübahisəli evdə heç bir hüquqi əsas olmadan yaşadığından iddia əsaslıdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı cavabdehin mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-239/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-239/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə üçüncü şəxsin mübahisəli mənzildən istifadə hüququnun olmaması, onun Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 66dan çıxarılıb mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildə əmlak hüququnun və istifadə hüququnun olmaması hazırkı vəziyyətdə işdə olan sübutlarla təsdiq olunduğundan kollegiya hesab edir ki, yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxsin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır.

28. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərə yuxarıda qeyd edilən məhkəmə aktları ilə qiymət verilmişdir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(118)-1007/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar