Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-160/2023 06.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçı, üçüncü şəxs Məmmədova Gülüstan Yaşar qızının iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxslər Məmmədova Gülüstan Yaşar qızının, övladları X10, X8 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı binadakı 2-ci mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2070/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. MA seriyalı, ******* saylı, qeydiyyat nömrəsi **********2, qeydiyyat tarixi xx.xx.2009-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
2. İddiaçının X1 ilə üçüncü şəxs Məmmədova Gülüstan Yaşar qızı arasında bağlanmış nikah xx.xx.2014-cü il tarixdə pozulmuş və akt qeydləri kitabında 164 nömrə ilə qeyd edilmişdir.
3. Sumqayıt şəhər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Məmmədova Gülüstan Yaşar qızının uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 39\6B saylı evin 2 saylı mənzilindən çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır.
4. İddiaçı, üçüncü şəxslər Məmmədova Gülüstan Yaşar qızının, övladları X10, X8 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı binadakı 2-ci mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 27 may 2022-ci il tarixli, 123-19565M-1222 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq Məmmədova Gülüstan Yaşar qızının, X3, X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq “üçüncü şəxslər Məmmədova Gülüstan Yaşar qızının, övladları X10, X8 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı binadakı 2-ci mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Məmmədova Gülüstan Yaşar qızı xx.xx.1982; X10 xx.xx.2007; X8 xx.xx.2009 - keçmiş gəlini və uşaqlarıdır. Bu şəxslər formal olaraq qeydiyyatda qalmışlar, bir gün də olsun bu ünvanda yaşamayıblar. ünvan 2nın xüsusi mülkiyyətinə verilmişdir. Məmmədova Gülüstan Yaşar qızı, X10, X8 həmin ünvanda yaşamırlar və faktiki olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdır. Dəfələrlə bu barədə xəbərdarlıq etsə də, onlar buna məhəl qoymur. Bu səbəbdən onların mənzilə olan istifadə hüququna xitam verilməsi məqsədi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdikdə şəxs qeydiyyatdan çıxarılmalıdır. Beləliklə də hazırda üçüncü şəxslərin mənzildə qeydiyyatda olması mənim mülkiyyət hüququma müdaxilə kimi qiymətləndirilməlidir. Cavabdeh (inzibatı orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2070/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Məmmədova Gülüstan Yaşar qızı, X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
8. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2070/2022 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, üçüncü şəxs Məmmədova Gülüstan Yaşar qızının Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 39\6B saylı evin 2 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Lakin, məhkəmə hesab etmişdir ki, iddia tələbi X10, X6 münasibətdə təmin edilməməlidir. Belə ki, onlar iddiaçının nəvələridir. Uşaqların atası, iddiaçının oğlu-X9 da həmin ünvanda qeydiyyatdadır. Uşaqların anası Məmmədova Gülüstan Yaşar qızının yaşayış yeri olmadığına və atalarının yaşayış yeri iddiaçının mülkiyyətində olduğuna görə məhkəmə hesab edir ki, bu halda inzibati orqanın X10, X7 qeydiyyatdan çıxarmaq hüququ yoxdur və iddia qismən təmin edilməlidir.
10. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. İddiaçı apellyasiya şikayətində göstərir ki, xx.xx.1982-ci il təvəllüdlü Məmmədova Gülüstan Yaşar qızı onun keçmiş gəlini, xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X8 isə nəvələridir. Cavabdehlər formal olaraq qeydiyyatda qalmışlar, bir gün də olsun bu ünvanda yaşamayıblar. AR Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı, reyestr nömrəsi **********63-05101-093027, **********2 qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Sumqayıt şəhəri, 5-ci mkr, 39/6B saylı binadakı 2-ci mənzil onun xüsusi mülkiyyətinə verilmişdir. X1 ilə keçmiş gəlini Məmmədova Gülüstan Yaşar qızı rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı iki övladları olmuşdur. xx.xx.2014-cü il tarixdə nikahları pozulmuşdur. Sumqayıt şəhər məhkəməsinin 2(060)-3050/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Məmmədova Gülüstan Yaşar qızının uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 2 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-1413/2018 nömrəli qətnaməsi ilə cavabdeh Məmmədova Gülüstan Yaşar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq Sumqayıt şəhər məhkəməsinin 2(060)-3050/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsinin 2(102)-5483/18 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Məmmədova Gülüstan Yaşar qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-1413/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Keçmiş gəlini Məmmədova Gülüstan Yaşar qızı və nəvələri həmin ünvanda yaşamırlar və faktiki olaraq mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdır. Dəfələrlə cavabdehlərə bu barədə xəbərdarlıq etsə də, onlar buna məhəl qoymurlar.keçmiş gəlini hər vəclə ona mülkiyyət hüquqlarını həyata keçirməyə mane olur. Sumqayıt İnzibati Məhkəməsi isə keçmiş gəlinini qeydiyyatdan çıxartsa da, nəvələri faktiki olaraq qeydiyyatda qalmışlar. Onlar yetkinlik yaşına çatmadıqları və analarının yanında qaldıqları üçün onların adından keçmiş gəlini çıxış edir, faktiki olaraq yenidən ona maneə yaradır. Belə ki, o, mülkiyyətində olan mənzili satmaq istəyir, lakin notariat orqanları ondan mənzildə qeydiyyatda olan şəxslərin yazılı razılığını tələb edir. Nəvələri isə yetkinlik yaşına çatmadıqları üçün həmin ərizə onların himayədarı keçmiş gəlini tərəfindən yazılmalıdır. O, isə bundan imtina edir. Yəni, Sumqayıt İnzibati Məhkəməsinin qərarı yenə də eyni vəziyyəti həll etməyə imkan vermir. O, mülkiyyət hüquqlarını həyata keçirə bilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəxsin olduğu yer- onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və s.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin –müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bildirmişdir ki, böyük nəvəsi X10 xx.xx.2007-ci il təvəllüdlüdür və 15 yaşı var, kiçik nəvəsi X8 isə xx.xx.2009-cu il təvəllüdlüdür və bu işə apellyasiya məhkəməsi baxdığı müddətdə onun da 14 yaşı tamam olacaqdır (xx.xx.2023-cü il tarixdə). Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Üçüncü şəxs, habelə iş üzrə digər üçüncü şəxslər X10, X3 qanuni nümayəndəsi Məmmədova Gülüstan Yaşar qızı apellyasiya şikayətinə etiraz edirək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdeh və iş üzrə digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Mülki Məcəllə Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: … 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
18. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qismən yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək yeni qərar çıxarılmalı, ləğv edilən hissədə iddia təmin edilməlidir.
21. Belə ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evində formal olaraq pasport qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, iddiaçının və üçüncü şəxsin izahatına və iş materiallarında olan sübutlara əsasən üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilməyən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(060)- 3050/2017 nömrəli qətnaməsi ilə Məmmədova Gülüstan Yaşar qızının uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 39\6B saylı evin 2 saylı mənzilindən çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-1413/2018 nömrəli qətnaməsi ilə cavabdeh Məmmədova Gülüstan Yaşar qızının apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt şəhər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(060)- 3050/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 2(102)- 5483/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Məmmədova Gülüstan Yaşar qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-1413/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Bundan əlavə, Sumqayıt şəhər Məhkəməsinin 17 mart 2014-cü il tarixli, 2(060)-119/2014 nömrəli qətnaməsindən görünür ki, X4 cavabdeh Məmmədova Gülüstan Yaşar qızına qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, X9 ilə Məmmədova Gülüstan Yaşar qızı arasında 14 dekabr 2002-ci ildə Sumqayıt şəhər nikah evində 2146 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 08 avqust 2007-ci il təvəllüdlü X10 və 03 yanvar 2009-cu il təvəllüdlü X3 anaları Məmmədova Gülüstan Yaşar qızının himayəsində saxlanılması, X2 26 fevral 2014-cü ildən başlayaraq hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında və hər uşağa 35 (otuz beş) manat olmaqla ümumilikdə 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq 08 avqust 2007-ci il təvəllüdlü X10 və 03 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Məmmədova Gülüstan Yaşar qızına verilməsi qət edilmişdir.
24. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
25. Bu səbəbdən də kollegiya qeyd edir ki, üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eləcə də üçüncü şəxslərin iddiaçıya məxsus evə dair hər-hansı hüquqlarının olmadığı və hazırda həmin ünvanda yaşamadığı halda onların həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir.
26. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2020-ci il tarixli qərarında da göstərildiyi kimi, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.
27. İşin yuxarıda qeyd edilən hallarına əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın qismən ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının qismən ləğvi üçün əsasdır.
28. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)- 2070/2022 nömrəli qərarı qismən ləğv edilərək yeni qərar qəbul edilməli, ləğv edilən hissədə iddia təmin edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2070/2022 nömrəli qərarı qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilərək yeni qərar qəbul edilsin. Həmin hissədə iddia təmin edilsin. Üçüncü şəxslər X5 və X3 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 39\6B saylı evin 2 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.